YAŞAMAQ
ASANDIR, XATIRLAMAQ
YOX!
Gözlərim ən yaxşı şəkilçəkəndi,
Çəkir, yaddaşına yığır,
saxlayır...
Qaytar xatirəni, yad et, çək
indi
Yaddaş ağrısından ruhum ağrayır...
Dözürük günləri yaşayan anda,
Ölürük qayıdıb
xatırlananda.
BƏRABƏR DEYİL QADIN, KİŞİ
Bərabər deyil qadın,
kişi
Hərəsinin öz işi,
öz vərdişi....
fərqlidi oturuşu, duruşu,
baxışı, yerişi.
Yüz iyirmi dörd
min
peyğəmbərdən heç biri qadın olmayıb.
Bu ocaqda odun olmayıb,
Heç olmayacaq da!
Qadın evdə işıqdı,
Ailədə ocaqdı.
Müqəddəs anadı adı!
Hüququmuz bərabər deyil,
Ana bütün hüquqlardan yuxarıdadı.
O dən göyərdən,
İnsan yetirəndi.
Qadın peyğəmbər deyil!
O peyğəmbərləri dünyaya
gətirəndi!
İÇƏRİ ŞƏHƏR
İçəri şəhər,
ərəb əlifbası kimi
əyri-üyrü küçələr.
Küçədən qaçıb, azıb qalanlar,
Kor-kar dalanlar...
Bir-birinə qısılmış
damlar,
Pillə-pillə qır basılmış damlar,
Yayda damların üstündə,
Qışda damların altında
adamlar, adamlar...
Təsbehlər səsləşirdi hər tində,
Şimal küləkləri yorulub təslim olurdu
küçələrin labritində,
“Mən təslim oldum” deyirdi.
Zirvədən asılmış paltarları
Ağ bayraq kimi
yelləyirdi.
Bəzi küçələr
sahildən
Göyə dirənən nərdivandı.
Bir də gördün
göy ağladı,
Küçələr sinəsini açıb
Yağışın altına uzandı...
Hər səhər
Quyular yuxu yozandı.
Hər axşam
Ulduzlar tale yazandı.
Günəş dənizdən doğan azandı,
Hər səhər uçub mənbərə
qonur.
Axşam azan səsi
Günəş olub öz yatağına dönür.
İçəri şəhərin başına dolanır
zaman, ömür...
əvvəli, sonu görünmür.
Xəzərin ilk sonası
İçəri şəhər.
Böyük Bakının
Həvva anası
İçəri şəhər.
ÖLÜ DƏNİZ
Sənə ölü dəniz deyənlərin
Başına gün vurub
Sarsaqlayıblar.
Dəniz ölü ola bilməz!
Bu dənizi duza qoyub
Gələcək üçün
saxlayıblar.
SƏNSƏN
Sənsiz yaşayaram, sənsiz ölmərəm,
Sənsiz ağlamaram, sənsiz gülmərəm.
Sənsiz bu dünyanı
dünya bilmərəm
Dünya məhəbbətdi, sevgidi, sənsən.
Quşlar sənin üçün gəlir hər bahar,
Güllər səni
görüb gülür
hər bahar.
Bulaqlar bilir ki,
səni sevən var
Küləklər bilir ki, tez-tez küsənsən.
Ömrümə işıqdır qara gözlərin,
Ruhumu titrədir şirin sözlərin.
Yaraşığı sənsən gülər üzlərin,
Bağlarda qərənfil, nərgiz, süsənsən.
Baxtım, varım-yoxum, qismətim mənim,
Hökmüm, ərkim,
canım, ismətim mənim.
Səndədir hər sözüm, söhbətim
mənim
Sən mənim sözümü tez-tez kəsənsən.
MƏN OLACAQDIM
Günəbaxan kimi mən
sənə baxdım,
Ulduzam şığıdım
qoynuna axdım.
Hansı səyyarədə doğulsa idin
Onu kəşf eləyən mən olacaqdım.
Fikrət QOCA
525-ci qəzet.- 2012.- 2 mart.- S.7.