Məhəmməd Əmin Rəsulzadə

 

Nəşrin redaktorları:prof. Şamil Vəliyev  və elmi işçiSamir Mirzəyevdir.

 

Əsərləri Üçüncü cild (1915-1916)

 

Ön söz

 

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Qurama

 

Ah, bir Allah bəndəsi tapılmazmı ki, bu dövlətləri barışdırsın? – deyə ah çəkənlər, yəqin amerikalı Fordun başına bir sülh cəmiyyəti yığıb da Avropaya gəldigini və bütün bitərəf müharib dövlətlərin paytəxtlərini gəzmək fikrində olduğunu oxuyunca sevinmişlər.

Əlbəttə, bu sevinclərinin içində:

Ford kimdir?

Sualı da xatirlərinə gəlmişdir.

Doğrudan da bu Allahın rəhmli bəndəsi Ford kimdir?

Ford avtomobil taciridir, tacirimi?! Yəqin oxucular arasında heyrət edənlər vardır.

Biz görmüşdük ki, padşahları padşahlar barışdırar. Tacirin belə işlərə nə münasibəti. Həm də nə ağzı!

Deyə yəqin bəziləri bir tacir ilə hasil olan barışıqdansa. Bu dünyanın qiyamətə qədər müharibə halında olmasını istərlər.

Fəqət maraq edilməsin. Ford da “padşah”dır. Avtomobil padşahı!

Avtomobil padşahı, baxmış ki, yox yalnız avtomobil satıb da “avtomobil padşahı” adını qazanmaq bir şey degil. Zaman öylə bir zamandır ki, bir az maya ilə daha böyük ad qazanmaq olar.

Avtomobilçiliklə böyük ad qazanmaq mümkün degil. Bir avtomobil yarışı (skaçka) düzəltməkmi?

İmdi avtomobil yarışına baxan kim?

Top yarışı olsa, yenə ha!...

Forda nə var, pulu çox.

Papaq elə, sülhiyyun gəlsin.

Pul ver natiqlər konuşsun. Çağır sovrancetlər yügürsün. Xərc elə, yazıçılar tökülüşsün.

Hamısı hazır.

Ford təşkil elədigi sülh qafiləsi ilə Amerikadan çıxdı.

Teleqraflar aləmə yayıldı.

Ford qafiləsi Stokholma gəldi.

Ford filankəslə görüşdü.

Birisi Forda belə dedi:

Hər kəs Forddan bəhsə başladı.

Çünki Ford hər kəsin sevdigi bir yola girmişdi.

Az qalmışdı ki, avtomobil padşahı padşahların hamısından sevimli olsun.

Nədənsə iş dəgişdi.

Günün bir günündə sülh heyəti baxdı gördü ki, Ford yoxdur.

Ford qaçmış.

Ford azarlamış – deyə teleqraflar təkrar bütün iktari-aləmə guruldadı.

Yerlərindən – yurdlarından olmuş sülh heyətinin əzaları qaldılar Stokholmun küçələrində.

Axırı rəvayət edirlər ki, – Amerika səfarəti pul tədarük etdi, bunları qoydu baqaca, göndərdi gəldikləri yerə.

Fordun bu hərəkəti zənn etmiyək ki, faidəsiz qaldı. Xeyr, Kopenhagen qəzetələrinə gözəl bir mizah mövzusu verdi.

Ərəblinski başda olmaq üzrə bir dəstə bakılı aktyorları Ford macəralarından birini bir vəqt imdi İskandinaviya yarım cəzirəsində heyran və sərgərdan qalan Amerika sülh heyətinin gününə salmışdı.

Aktyorları yığıb Dərbəndəmi, Dağıstanın hankı şəhərinə isə aparıb pulları yığdıqdan sonra Qafqasiya Fordu özü qeyb olmuşdu.

O zaman bundan bəhs edənlər:

Ah, müsəlmanın işi helə belədir – diyordular.

Görünüyor ki, yalnız müsəlmanın degil, Amerikanın da işi belə imiş.

Lap helə belə imiş!

Niş

“Açıq söz”, 20 dekabr 1915, ¹65

Blok və fraksiya məsələsi

Möhtərəm Sədri Əfəndinin “Yulduz” vasitəsilə nəşr etmiş olduğu ilk məqaləyi-tənqidiyyəsi ilə başlayan bu məsələ münaqişə edildikcə başqa daha mühüm məsələlərin çıxmasına səbəb oluyor.

Sədri Əfəndi fraksiyamıza fəzlə xudpəsəndlik etdi, nahaq yerə bloka girmədi, bununla siyasi bir xəta işlədi, iddiasında bulundu.

Məhəmməd Yusif cənabları buna cavab olaraq fraksiya xudpəsəndlik və fəzlə izzəti-nəfs iddiasında bulunmadı, bloka girmək istədi, fəqət blokçular ona iltifat etmədilər. İfrat sollarla ifrat sağlar kibi onun arzularını da barışılmaz bir şey tələqqi etdilər – dedi.

Məhəmməd Yusif cənablarının izahından “müsəlman fraksiyası bloka girmədi degil, blok müsəlman fraksiyasını qəbul etmədi” keyfiyyəti aşkar olur. həm həqiqətən də vaqe olan izah və bəyanlarından burası aşkar görülüyor.

Blok dumadakı ən çox nüfuzlu fraksiyaları bir yerə yığıb da qüvvətli bir duma əksəriyyəti vücudə gətirmək, eyni zamanda Dövlət şurasındakı əyanlardan da hissəsini öz məramlarına şərik etmək niyyətilə bittəbii daha mötədil bir proqram düzəltmək məcburiyyətində qalmış, bir “etidal” xatirəsi üçün də “kadet” firqəsi kibi müxalif firqəsi belə məsuliyyəti – vüzəra kibi ən böyük əsasını fəda etmişdir.

Müsəlman vəkilləri məlum olduğu üzrə ayrı bir milli heyət təşkil ediyorlar. Buna görə bloka girincə blokun kəndilərinə bir şey verdigini bilməli idilər. Blok proqramında müsəlmanlar üçün ciddi bir şey olmadığı şübhəsiz ki, arkadaşlarımız Faiq Əfəndinin dedigi kibi, “layla” degil, həqiqətdir. Bu həqiqəti blokçular müxtəlif milli heyətlər naminə təklif olunan zərərsiz qətnamənin də rədd etməsi ilə də isbat etmişlərdir.

Polyaklarla yəhudilər həqqində nədən naşi və nə dərəcə blok proqramında birər maddə vəz olunub da, onların bloka nə surətlə daxil olduqları Məhəmməd Yusif cənablarının məqaləsində əsbabi-mövcubəsi ilə bəyan edilmişdir. Bu əsbabi-mövcubədən anlaşılan odur ki, polyaklar həqqində blokun istədigini hökumət özü elan etmişdir. Yəhudilərə gəlincə, onlara gərək Rusiya və gərək bitərəf və müttəfiq dövlət mətbuatındaki mövqelərinə və bu vasitə ilə dünya əfkari-ümumiyyəsi üzərindəki təsirlərinə qarşı adətən bir “rüşvət” verilmişdir.

Polyaklardan başqa milli heyət naminə “tərəqqipərvər blok” xaricində qalan yalnız müsəlmanlar degil, bütün milli heyətlərdir. Yəhudilər kadet firqəsinin əzası olmaq surətilə bloka daxil olmuşlardır, yəhudi olmaq sifətilə degil.

Bu əsaslar nəzərdə tutulunca bənə öylə gəliyor ki, müsəlman fraksiyasını “tərəqqipərvər bloka” girmədigi üçün siyasi bir xəta işləməklə ittiham etmək olmaz. Arada Məhəmməd Yusif Cəfərov cənablarının bu mövzuda vermiş olduğu vəqəələri çürüdəcək yeni vəqəələr olmadıqca, başqa cür düşünməgə səbəb də yoxdur.

Demək ki, müsəlman fraksiyası “Duma tərəqqipərvər blok”una girməmişsə, bunda kəndisi degil, dumadaki milli heyətlərin məzhəb və milliyyət üzündən hasil olan qanuni və hüquqi hüdud və təzyiqlərin qaldırılmasını istəyən müttəhid və şərikli təkliflərini rədd edən tərəqqipərvər blok ərkanıdır.

Burası böylə.

Fəqət məsələ bununla bitmiş olmuyor.

Yəhudilərin könüllərini almaq üçün bir çox səbəblər mülahizə edib də, surəti-zahir üçün də olsa, onlar həqqində proqlamlarında bir maddə bulunduran blokçular bilxassə Rusiya tərəqqipərvər məarifməndlərinin partiyasını təşkil edən məşrutiyyun – ammiyun (kadet) firqəsi nə üçün 25 milyonluq bir kütlənin nümayəndələrinə onların ehtiyac və əməllərinə qarşı laqeydlik, etinasızlıq göstərsinlər?

Bunun qüsuri kimdə?

Sədri Əfəndi bu qüsuri fraksiyada görüyor. Fraksiya hər bir fürsətdən istifadə etməli, ehtiyaclarımızı söyləməlidir. Söz söyləyəcək hər hanki bir kürsüdən istifadə etməlidir.

Məhəmməd Yusif cənabları bu ehtiyacların çox deyilib, yazıldığını, keçmiş və indiki vəkillər tərəfindən Düma kürsüsündən dəxi çox çağrılıb – bağrıldığını, fəqət nədənsə, bu sədaların unudulub getdigini, kimsənin ona əhəmiyyət vermədigini söyləyir. Bunun da səbəbini onda görüyor ki, bizdə müntəzəm bir surətdə fraksiyaya kömək etmək, onunla dərdləşmək və öz vəkillərilə “şirin-şirin çalışmaq” həvəsi yoxdur. Başbilənlərimiz atil və batildirlər, ancaq tənqidə yarıyor, müsbət bir iş üçün çalışdıqları yoxdur.

Məbusun bu fikrilə Ömər Faiq Əfəndi arkadaşımız iştirak etmiyor. O, tənqidi bizzat faidəli görüyor, cəmaət arasıdakı həvəssizligi də fraksiyanın, Duma üzvlərinin “müəddəratı – milləti əllərində tutan böyük cəmaət xadimlərinin” ruhsuzluqlarında, hərəkətsizliklərində və fədakar olmadıqlarında arayır.

Bu xüsusda “Vəqt” rəfiqimiz də, F.K. cənabları da bir növ Faiq Əfəndi ilə iştirak etmiş oluyor.

F.K. cənabları da Duma fraksiyasını hünərsizlikdə, sükutda, ətalət və bəltalətdə görüyor, “tərəqqipərvər blok”un təşkilindən 3-4 ay sonra o da fraksiyanın özü degil, Məhəmməd Yusif cənabları naminə onda da qəzetələrdə bir çox istezahlar nəşr edildigindən sonra, vaqe olan bir izah nəticəsində bu kibi böyük və tarixi vaqeədə millət vəkillərimizin nə kibi bir mövqe və halda olduqlarını ögrənmiş oluyoruz – diyor.

Şübhəsiz ki, müsəlman ehtiyacat və əməllərini yazmaq, demək, bağırmaq, çağırmaq vəqti keçməmişdir. Çünki bu ehtiyaclar həqqində Məhəmməd Yusif cənablarının mülahizəsinə rəğmən deməliyiz ki, çox az yazılmış, çox az deyilmiş, hətta o qədər az ki, özgələr degil, özümüz də onları lazım olduğu kibi əzbərləməmişik. Şübhəsiz ki, dumadaki vəkillərimiz 25 milyonluq böyük bir millətin, hüquq və ixtiyarına təzyiq olunmuş bir kütlənin nümayəndələrinə yaraşar bir surətdə mövqelərini istifadə etməmişlər və başqa əməlpərvər vəkillər kibi duma səqfini titrədəcək atəşin nitqlərilə bizə nisbət etinasız olan Rusiya əfkari – amməsinin laqeydliyini pozmamışlardır.

Əlbəttə arabir yaşayan təqdir və bilnisbə arzu və əməllərimizi oxşayan nitqlər olmuşdur. Fəqət bunlar böyük millətimizin böyük dərdlərinə nisbətən o qədər kiçik, o qədər azdır ki, nə bizdə, nə də sair vətəndaşlarımız üzərində silinməz bir təsir icra edə bilmişdir

Şübhəsiz ki, məbusun vəzifəsi həm əfkari – ammiyə, seçkiçilərinin əməl və arzularına müməssil olmaq, həm də mənsub olduğu millət və ya sinif arasında qüvvətli bir əfkari – ammə təvəllüdü ilə ideallar tərbiyə etməkdir. Bizim məbuslar birinci vəzifənin ifasında olduca zəif, ikinci mənəvi vəzifələrinin ifasında isə sıfra müqabildirlər.

Hər bir millət malik olduğu hökumətə layiqdir – deyə məşhur bir söz vardır. Bu sözü məbuslar həqqində daha səlahiyyətlə söyləmək olar. Məbuslarımızın vəzifələrində qüsur varsa, bilməliyiz ki, bunlar bizim seçdigimiz adamlar, mühitimiz yetişdirdigi nümayəndələrdir.

Hər hankı bir zaman ki, bizdə mütəşəkkil bir əfkari-ammə, oyanıq bir mətbuat, diri bir cəmiyyət, həssas bir cəmaət olursa, o zaman heç şübhə edilməsin ki, arzu etdigimiz vəkilləri, könlümüz istəyən cəmaət xadimlərini də taparız.

Biz bu gün araya çıxıb da fraksiya bloka girməliydi – degildi – deyə mütaliələr yürüdürüz. Fəqət hanı mətbuatın avqust ayında bu xüsusdakı nəşriyyatı. Əcəba, bu nəşriyyat duma fraksiyamızın nə surətlə rəftar edəcəginin səlah olduğu həqqində mütəşəkkil bir əfkari-ammə vücudunu göstərə biləcək parçalara malikmi?

Misal üçün soralım: blok xaricində qalmağı böyük bir xəta sayanlar vaxtında bu xətanın önünü almaq üçün cüzi bir ixtarda bulunmuşlarmı?

Etiraf edəlim, boynumuza alalım – dənində də var, suyunda da.

Madam ki, bizdə müəyyən bir ideal, müəyyən bir məslək və məram sahibi təşkilat yoxdur və madam Duma seçkilərinə iştirak edən qüvvət müəyyən bir təşkilat olunmayıb da, təsadüflə, kiçik qərəzlərlə bir araya gələn mənasız və şəkilsiz adamlardır. Dumadaki nümayəndələrimiz gördügümüzdən artıq olmazlar, olarsa istisna təşkil edər. Dumadaki nümayəndələrimizi iş bilən, söz söyləyən və qəlbi sızlayan görmək istərsək, bütün iş bilənlərimizi, söz söyləyənlərimizi və qəlbi sızlayanlarımızı bir yıldıza tərəf getmək və bir yol ilə yürümək üzrə birləşdirməli, milli qüvvətlərimizi, ürfani təşəbbüslərimizi, cəmaət xadimlərimizi bir-birinə bağlamalıyız.

Məhəmməd Yusif cənablarının cəmaət xadimlərimizi Duma fraksiyası ilə bərabər çalışmaya vaqe olan dəvətlərini bən bu surətlə anlıyoram. Ona gögrə təqdir ediyoram.

Ehtiyaclarımızı, dərdlərimizi demək, yazmaq, bağırıb çağırmaqla bərabər, bu işlərdən səmərə almaq üçün nəzəriyyat və idealca birləşmiş xəyallar vücuduni arzu etməliyiz.

Böylə müttəhid bir ziyalı qisminə malik olar və hamımıza yol göstərən işıqlı bir yıldız tapılarsa, o zaman Dumaya göndərdigimiz məbuslar özləri ilə seçiciləri arasında maddi və mənəvi bir rabitə hiss edib, söyləyəcəkləri nitqlərlə qəlblərimizə rəşə verdikləri kibi, Rusiya əfkari-ümumiyyəsi üzərinə də şübhəsiz ki, icrayi-təsir edərlər.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 22 dekabr 1915, ¹67

Əsbab – səbəblər

Mövcubə – lüzum, zərurət

Çürüm – maddi sübut, dəlil

Atil – tənbəl, ətalətli, işsiz

Batil – yalan, boş, doğru olmayan

Müməssil – təmsil edən

Səlah – yaxşılıq

Ərz – istək, dərdini söyləmə

Rəşə – titrəyiş

Qafqasiya millətləri

münasibatından

Erməni qəzetələri ilə gürcü qəzetələri arasında çoxdan bəri davam edən milliyyət münaqişələri son zamanlara yeni bir səfhəya girmişdir.

Bu tərəf də, o tərəf də qatı millətçilik, fəzlə təəssübun, barışmaz bir mövqe tutub da işi ölüm-dirim dərəcəsinə qədər vardırmanın hər iki tərəf üçün məzərrətləri olduğu kibi Qafqasiyanın ümumi mənafeləri üçün də zərərli olduğunu yavaş-yavaş düşünməkdədirlər.

Erməni qəzetələri ilə gürcü qəzetələrindən bir qismi bu iki millətin barışıb da birləşmələri lüzumunu əsasən qəbul etmiş, indi isə barışığın nə surətlə həll oluna biləcəgi yollarını araşdırmaqla məşğuldurlar.

Araya barışmaq sülh ilə yola getmək məsələsi gəlincə, bittəb hər iki tərəfin demokratları üçün idealistlik etmək imkanı hasil oluyor. Erməni demokrat qəzetəsi “Paykar” Qafqasiya milliyyətlərini özündən incitməmək və qonşularının nifrətini qazanmamaq üçün erməni başbilənlərinə tamamilə həmasət siyasətindən əl çəkib də Türkiyə Ermənistanı ilə məşğul olmamayı tövsiyə ediyor. Gürcü sosialist qəzetəsi “Tanamede azrı” kibi qəzetələrdə gürcü xəlqini əsilzadələrin idealına qulaq verməməgə çağırıyorlar.

Fəqət məsələ milliyyət qovğasına aid olunca bittəb hər iki tərəfin millətçilərini dinləmək lazım gəliyor.

Bu xüsusda ən əvvəl nəzər-diqqətimizi cəlb edən rusca nəşr edilib də gürcü millətçiliyinin müməssili tanınmış “Z.Rec” qəzetəsinin “Qruzin”idir.

“Qruzin” yenə millətçi gürcü qəzetələrindən “Saxalxo purseli” qəzetəsilə münaqişə edərək diyordu ki:

“Saxalxo purseli” qəzetəsi nahaq yerə ermənilərlə barışmaq üçün çarələr, vasilələr arayır. Nahaq yerə gürcülərin təkbaşına ermənilərlə ayrı sülh imza etməyində bir faidə görüyor. Nahaq yerə müsəlman dostlarımızı unuduyor, onlardan ayrılmaq istiyor. Gürcülər ayrı olaraq ermənilərlə sülh əqd edərlərsə, müsəlmanları da, özlərini də zəif buraxmış olurlar.

Ermənilərlə sülh etmək üçün “Z.Rec”in “Qruzin”i hər şeydən əvvəl onları (yəni erməniləri) müsəlmanlara hörmət etməgə, onların (müsəlmanların) milli amallarını gözətməyə, hissiyyatlarına ehtiram qılmağa, Türkiyə hökumətinin günahını bütün müsəlmanlardan görməməyə vadar etməlidir – diyordu.

“Qruzin”in bu yazılarından aşkarən görülüyordu ki, Qafqasiyadaki milliyyətlərin münasibatı həqqində bəslənilən gürcü millətçi nəzəriyyəsində olduqca mühüm bir ixtilaf mövcuddur. Bu ixtilafın “Z.Rec”ə müxalif olan cərəyanı başında “Saxalxo purseli” qəzetəsi ilə “Maqabari” qəzetələri duruyorlar.

Baxalım bu məsələdə “Saxalxo purseli” nə yazıyor:

“Saxalxo” hər şeydən əvvəl “Z.Rec” qəzetəsinin gürcü əfkari-amməsinə tərcüman ola bilməyəcəyini şiddətli bir lisanla söyliyor, sonra əsil məsələyə keçiyor.

“Saxalxo”ca: “Z.Rec” qəzetəsi türklərlə ittifaqı ermənilərə qarşı çıxmaq üçün lüzumlu görüyor.

Halbuki, qəzetə böylə bir məqsədlə yapılacaq ittifaqda faidə degil, məzərrət görüyor və “Z.Rec”i böylə bir təklifi ilə aşkara nifaqçılıqla ittiham ediyor. “Bu öylə bir nifaqdır ki, içində təhrik də hiss olunuyor”.

“Saxalxo” özünün “türklərlə birləşmiyəlim” dediyini xatırlamıyor. Əlbəttə, bu birləşmək lazımdır. Çünki türklər Qafqasiyada etnoqrafik bir qüvvət təşkil ediyorlar və kimsənin həqq və səlahiyyəti yoxdur ki, Qafqasiya türklərinin mənafe və məsələlərinə əhəmiyyət verməsin. Fəqət bununla bərabər “ermənilərlə də barışıb birləşmək lazımdır”.

Ələlümüm bütün Qafqasiya millətləri ilə barışmaq və bütün qonşularla xoş keçinmək “Saxalxo purseli” qəzetəsinin arzusudur. Yalnız bu arzunun hüsuliylədir ki, Qafqasiya milliyyətlərinin istiqbalı təmin oluna bilər.

Bu mövzuda yazılmış başqa bir məqaləsində “S.P.” qəzetəsi təkrar bu məsələdən bəhs açaraq türklərlə ermənilər haqqındakı nəzəriyyəsini böylə təşrih ediyor.

“Qafqasiyada ermənilərin mövcud olduğu vaqedir. Bundan sonra da vaqe olacaq. Qafqasiya müqəddəratını düşünürkən böylə bir vaqeəni hesabdan kənar etmək olmaz; Şübhəsiz ki, bu vaqeəni hesaba almalıyız. Türklərin də mənfəət və əlaqələrini unutmaq olmaz. Fəqət eyni zamanda ermənilərin də mənfəət və əlaqələrini yaddan çıxarmaq mümkün deyildir. Bunların ikisi də Qafqasiyada möhtərəm mövqe tutmaqdadırlar. Qafqasiyada ittihadi-ənasir vücuda gətirmək istəyənlər buradakı millətlərin siyasi vəziyyətlərini nəzərə almaq məcburiyyətindədirlər. Bu birlik də ancaq o zaman hasil olar ki, arada anlaşılamaz bir məsələ qalmasın. Biri-birinin həqiqi mənfəətlərini hesaba qatmaq və bu növlə etilaf etmək – Qafqasiya millətlərinin siyasi əfkarına ancaq bu surətlə xidmət etmək olar. Bunun xaricində bir növ ittihad və məkafil (bərabərlik) vücuda gəlməz. “Z.Rec”in türk-gürcü ittifaqı isə etilaf vasitələrini kökündən kəsib atır və mümkündür ki, arzu olunmaz bir nəticə hasil etsin”.

Nə gizlədəlim, müsəlmanlar arasında “Z.Rec” qəzetəsi adətən gürcülərin naşiri-əfkarı tanınmışdır. Siyasət və cəmaət işləri ilə əlaqədar adamlarımız gürcü əfkarı həqqində bir məlumat edinmək üçün, əlbəttə, “Qruzin”ləri dinləyirlər. Çünki başqalarını dinləmək imkanı yoxudu. “Saxalxo purseli” qəzetəsi ilə vaqe olan bu münaqişəsindən sonra bu qəzetələrdən hankısının daha ziyadə gürcü əfkarına tərcüman olduğunu ciddən anlamaq lazım gəliyor.

Qafqasiyadakı millətlərin münasibatları həqqində öz mütaliəmizə gəlincə, bunu söyləyə biləriz ki, biz müsəlmanlar insanın da, millətin də hüququnu təqdis edəriz. Hər bir millətin hüququ və mənafeyinə ehtiram edilməlidir. Başqalarına qarşı özümüzü bu ehtirama məcbur bildiyimiz kimi, başqalarının bizə qarşı ehtiramkar olmalarını da tələb edəriz. Hər hankı yanda ki, bu ehtiram və riayətin səmimi nişanələrini gördük, əlbəttə, o tərəflə barışar, birləşər, qarışar-qaynarız.

Keçəndə zemstvo məsələsi münasibəti ilə yazdığımız məqalədə Qafqasiya millətlərinin ittihad və qonşuluq əsası üzərinə yaşamaq məcburiyyətində olduqlarından bəhs etmiş, “mən özümü sevərəm, ailəmi istərəm, bunun üçün də qonşularımla xoş keçinmək dilərəm” – demişdik.

Gürcülərlə müsəlmanlar arasında, ermənilərlə müsəlmanlar arasında olduğu kimi, anlaşılması müşkül məsələlər, izaləsi (uzaqlaşdırılması) çətin təsirlər, nüfuzu müzürr hisslər, əlbəttə, yoxdur. Ona görə də Qafqasiyanın bu iki milləti arasında barışıq hüsulunun asan vəchlə əmələ gəlməsi mümkündür. İmkanın sühuləti, hətta, “Qruzin” cənablarını bir “ittifaqi-müsənna” təşkili xəyalına salmışdır.

Bu xəyal şübhəsiz ki, erməniləri hürküdür. Ermənilərin hürkməsi bir yanda, “Z.Rec”in bu planı, gürcü qəzetəsi “Saxalxo purseli”ni dəxi əndişələrə salıyor. Çünki milliyyət məsələlərini darıcıq prinsiplərə vəz edib də barışmaq istərkən hesab çəkmək məsələsi ortaya gələrsə, bundan hasil olan nəticə ittihad deyil, ixtilaf olur.

Qafqasiyalılar qafqasiyalı qalıb da kəndilərinə mədəni, məmur və tərəqqi bir istiqbal arzu edirlərsə, mütləqa biri-birilə anlaşıb bilişməli, barışıb görüşməlidirlər. Hər kəs öz hüquq və mənafeini gözləsin. Fəqət, əql və məntiqdən uzaqlaşmamaq şərtilə!

M.Ə.Rəsulzadə

“Açıq söz”, 23 dekabr 1915, ¹68

Məzərrət – zərər, ziyan                             

Müzərrətli – zərərli

Müsənna – ikili, ikitərəfli                        

İcmali-əhval

Neçə həftədən bəri bir intizar halında olan “sükut” bu həftə Rusiya-alman və Avstriya xəttində bəzi hərəkət əlamətləri göstərmiş oldu. Mütəxəssis əsgəri yazıçılar qış çıxmadan bu xətdə almanlar tərəfindən bir zərbə endiriləcəyi gərək Riqa tərəfində – Şimalda və gərək Bukovina tərəflərində – Cənubda bəzi müharibə hərəkətləri zühur edəcəgini söylədilər. Həm müharibə həqqində məlumat verən rəsmi təbliğlərdə bu həftə təxmin olunan hərəkətlər həqqində bəzi xəbərlər verildi.

Rumıniyanı dar yerdə sıxışdırmaq və istər-istəməz öz tərəfinə çəkərək “etilaf” dövlətlərinə qarşı elani-hərb etdirmək üçün qəzetə şayiələrinə inanılarsa, Almaniya – Avstriya dövlətləri Bessarabiya səmtinə və Bukovina tərəflərinə milyon yarıma yaxın qüvvət yığmışlar və onlar tərəfə keçərsə, Bessarabiyanı kəndisinə vəd etmişlərdir.

Bukovina tərəfindən gələn müharibə xəbərləri bizim o tərəflərdə müdafiəcə qüvvətli olduğumuzu göstərməkdədir.

Yunanıstan vəziyyətində bu həftəyə məxsus vaqe olan təzəliklərdən Selanik məsələsinin almış olduğu axırıncı səhfəyi qeyd edə biləriz. Müttəfiqlər Selaniki müdafiə halına girmək qəsdi ilə şəhəri mühasirə halında elan etmişlərdir. Almanlar isə Balkandaki qüvvətlərini Bukovinaya cəlb etdiklərindən Selaniklə işçiğalı yalnız və yalnız olmasa da, əksərən bolqarlara tapşırmışlardır. Əvvəlcə bolqarların Yunanıstan torpağına keçməsinə razı olmayacağı zənn olunan Yunanıstan dövləti isə bolqarların Selanik üzərinə yürümək qəsdilə yunan torpağına keçmələrinə rəsmən rizasını təmin etmişdir.

Selanikdəki müttəfiq ordusunun komandanı tərəfində Selanikdəki alman, Avstriya, bolqar, türk konsullarının tutulub məchul bir səmtə göndərilməsi Yunanıstan dövlətinin protestisinə möcib olmuş, Hollan dövləti bu hərəkəti öz hüquqi-hökmraniyyəsi ilə elan etmiş olduğu bitərəfligə bir təcavüz kibi saymışdır və heç olmasa həbs olunan konsulların özünə təslim edilməsini tələb eləmişsə də, vaqe olan bu tələbinə qulaq verilməmişdir.

Bu həftənin ən əhəmiyyətli məsələlərindən birisi də İngiltərə dövlətinin qoşun yığmasıdır. Məlum olduğu üzrə ingilislərdə məcburi əsgərlik yoxdur. Onların ordusu könülli üsulidir. Son zamanlarda böyük Avropa müharibəsinin istədigi üçün ingilislər müharibə meydanlarına daha ziyadə adam göndərməli oldular. Buna görə məcburi əsgərlik qaydasını tətbiq etmək fikrinə düşənlər oldu. Fəqət ənənəçi olan ingilis mühitində bu fikrə iştirak etməyənlər çox oldu. İngilislər adət etdikləri qədim etiyadlarından ayrılmazlar – dedilər. Əsgərlik onların ruhlarına müvafiq gəlməz. Fəqət vətən xətərdə olunca bütün ingilis xəlqi könüllü olar, hərbə gedər, – deyə söyləndilər. Aradan Lord Derbi namində məşahirdən birisi çıxaraq subay ingilis cavanlarının gönüllü getmələri üçün çalışdı. Əvvəlcə lord Derbinin müvəffəqiyyəti həqqində teleqraflar aləmə yayılmışkən, bu həftə gələn xəbərlər bunun da dərdə çarə edəcək qədər də olmadığını, buna görə də tazədən məcburi əsgərlik fikrinin ortaya (buradan yenidən senzor ixtisarı başlayır – Ş.H.)

Əsgərlik layihəsi əleyhində olanlar arasında baş vəzir Askvit özü də varmış.

İran əhvalında yeni bir əhval üz verməmiş, Türkiyə meydani-hərblərində də vəqayenin güzarişi əvvəlkindən fərqli olmamışdır. (yenə ixtisar – Ş.H.)

Qafqasiya həyat idarəsində şayani-qeyd olan vəqələrdən birisi Batum Oblastına Əlahəzrət canişin həzrətləri tərəfindən göndərilən ali təhqiqat komisyonudur. Bu komisyon Acara müsəlmanları üstündə yanıb-yaxıldıqlarından, talanıb-çatıldıqlarından daha böyük bir bədbəxtlik təşkil edən “xəyanət” töhmətini arayıb araşdıracaq və şübhəsiz ki, Batum Oblastında ki, fəci hadisələri yaxından bilən və Acara müsəlmanlarının əhvalını yaxşı ögrənən bir çox rəsmi və qeyri-rəsmi adamların ümidi vəchilə Batum Oblastındaki sadiq müsəlmanları bu böyük töhmətdən xilas etməklə o zavallıların yaralı bağrına mərhəm qoyacaqdır.

Şayani-vəqələrdən ikincisi də Qafqasiya quberniyalarında bəzi idarə adamlarının dəgişilməsidir.

On ildən ziyadə Bakı quberniyasında qubernatorluq etmiş olan Alişefki cənabları Tiflis qubernatorluğuna təyin olunduğu kibi, on ildən bəri Bakı qorodonaçalniki mövqeində olan polkovnik Martınov cənabları da Çernomorski okruq qubernatorluğuna təyin olunmuşlardır.

Bakı bələdiyyəsi birca komitəsi və sovet-syezd idarələri hər nə qədər Martınovun buradan qaldırılmaması üçün təşəbbüs etmək istəməmişlərsə də, Martınov cənabları bu təbdilin bir mülahizəyi – idari ilə vaqe olduğunu nəzərə alaraq bu xüsusda təşəbbüs edilməsini özləri arzu etmişlərdir.

Bakı qorodonaçalnikliginə təyin olunacaq yeni məmurun Koralyov olacağı həqqində xəbərlər vardır.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 25 dekabr 1915, ¹69

Etiyad – adət, vərdiş

 

 (Ardı var)

 

 

Şirməmməd Hüseynov

 

525-ci qəzet.- 2012.- 3 mart.- S.26-27.