QAX MƏZARLIĞI
2011-ci ilin 9 apreliydi. Qəbulzadələrin
tarixini dəqiqləşdirmək üçün onların məzar
daşlarını araşdırmaqdan ötrü
Abdürrəhman bəy Qəbulzadənin dəvətiylə onunla birgə Bakıdan Qax
şəhərinə yola düşdük.
Vaxtımız dar olduğundan
burada cəmi bircə gün
qalmalıydıq, o üzdən də
şəhərə çatan kimi birbaşa qəbiristanlığa
yollandıq.
Qaxdakı
bu məzarlıq çox
qədim olsa da onun yaşını dəqiq müəyyənləşdirmək
indi mümkün deyil, çünki əski
çağlarda islamın istəyinə uyğun olaraq qəbir
üstündə dəbdəbəli başdaşları qoymurdular ki, məzarın
yeri itsin, ona görə də bu qəbiristanlıqda yaşı bir neçə yüzillə
ölçülən, üstü
yazılı qədim məzar daşları qalmayıb.
Elə ilkin görünüşündən bu məzarlığın üç
bölümdən ibarət olduğu
aydınlaşır. Aşağı hissə nisbətən
köhnə qəbirlərdən, orta hissə
yeni qəbirlərdən, yuxarı hissə
isə əski qəbirlərdən ibarətdir. Hər hissədəki
başdaşlarının və məzarüstü
daşların hazırlanma texnologiyası, yazıların biçimi və naxışlama sistemi bir-birindən kəskin fərqlənir.
100-150
yaşlı məzarların bulunduğu
aşağı hissədəki başdaşlarının, demək
olar ki, hamısı sal çay
daşlarından hazırlanıb. Onların üzərindəki
yazılar ərəb dilindədir. Bir çox başdaşları sınıb və
məzarlığın girəcəyinə yaxın yerdə
baxımsız halda atılıb. Adi çay daşı üzərində yüksək
sənətkarlıqla qazılmış yazılar və
naxışlar onları dəyərli sənət əsərinə
və tarixi vəsiqəyə çevirsə
də, təəssüf ki, bu abidələr indi gərəksiz
bir şey kimi qırağa atılıb. Örnək üçün Məhəmməd
bəy Hacı Ömər bəy oğlunun
başdaşını göstərə bilərəm. Çox mahir bir sənətkarın əlindən
çıxmış bu qiymətli əsər
hansı yollasa zorla
sındırılıb və məzarından ayrı
salınıb. Biz onu
torpaqdan, zir-zibildən birtəhər təmizlədikdə
gözəlliyinə heyran qaldıq. Burada bir neçə belə
başdaşı gördük. Təbii ki, onların hamısının üstünü oxuyub qeydə
almağa vaxtımız yoxdu.
Ümumən bu məzarlıqdakı əksər əski qəbirlərin
üzərində yalnız başdaşı var.
Heç yerdə üstü
yazılı sinə daşına, yaxud sənduqəyə
rast gəlmədik, çünki
əskidən bəri bu yerlərdə məzarın
üstünü açıq saxlamağa üstünlük
verilib.
Başdaşlarındakı
yazılar və naxışlar müxtəlif rənglərlə
boyadılıb. Xeyli
başdaşının ətrafı qızıl kərpiclə
hörülüb. Görünür,
bu, çay
daşından hazırlanmış başdaşının
üstündəki yazıların qar-yağışdan və
başqa təbii təsirlərə uğrayaraq qopmaması üçün
edilib. Xatırladım ki,
bu üsul Oğuz – Balakən bölgəsi qəbirləri
üçün səciyyəvidir. Bəzi
məzarların üstündə günbəzvari tikililər
var, ancaq onların çoxu artıq uçulub
və yarımxaraba haldadır.
Orta hissədəki çağdaş
qəbirlərin üzərində qoyulmuş,
əsasən mərmərdən hazırlanan və mərhumun
fotosu həkk olunmuş,
ad-soyadı və doğum-ölüm
tarixləri yazılmış (türkcəmizdə əski
latın, kiril və yeni
latın qrafikalarında) hündür
başları üstünlük təşkil edir. Bu hissə səliqəli və təmizdir. Çox yerdə güllər əkilib və alaq otlarından, kol-kosdan əsər-əlamət
yoxdur, çünki burada basdırılanların ailə üzvləri
hələ sağdır və bu qəbirləri
tez-tez ziyarət edirlər.
Qəbiristanlığın
əski qəbirlərin yerləşdiyi yuxarı hissəsində
isə durum sözün
gerçək anlamında faciəlidir. Qaxlıların ulu babalarının əbədi uyuduğu bu müqəddəs
guşə yalnız Allahın umuduna
buraxılıb. Buranı görəndə, insanların öz ulularına necə hörmətsiz
yanaşdığının, təhqiramiz münasibət bəslədiyinin
şahidi olanda
adamın ürəyi parçalanır. Qaxın tarixinə
şərəflə daxil olmalı
neçə-neçə böyük
şəxsiyyətin dəfn edildiyi bu yer indi
əsasən mal-qara otlağına çevrilib. Neçə yerdə kəndirlə
bağlanmış inək, otlağa
buraxılmış qoyunlar gördük. Əlbəttə, onlar olan yerdə hansı
başdaşı salamat qala
bilər?! Bu ərazinin yarısında,
“xoşbəxtlikdən”, mal-qara otlaya bilmir, çünki... böyürtkən kolluğu hər yanı basıb və həmin
kolluğu nəinki insanlar,
hətta heyvanlar belə yarıb qabağa gedə bilmir.
Xatırladıram: bu kolluğun
altında onlarca qəbir qalıb! Deməli,
burada yatanlar artıq büsbütün unudulub!
Deməli, artıq neçə illərdir ki,
onları ziyarət edən, üstündə Qur’an
oxutduran yoxdur! Məzarlığın
bu sahəsinin qorunması, təmiz və abad saxlanılması üçün
heç nə edilməyib.
Başdaşlarını
yaxşı oxumaq üçün
Abdürrəhman bəylə bir neçə
üsula əl atdıq. Yazıları
aydın seçə bilmək üçün
gah daşların üzərinə tabaşir sürtdük
(Tiflisdəki məzarlıqda bu üsul mənə çox
kömək etmişdi), gah
da onları suyla
islatdıq. Gördük ki,
suyla islatdıqda yazılar daha aydın oxunur və
sonadək bu üsuldan
yararlandıq.
Təbii ki, ilk oxuduqlarımız Qəbulzadələrin
başdaşları oldu, çünki
Bakıdan onları deyib yola
çıxmışdıq. Qəbulzadələrin
şəcərəsini hazırlayan Abdürrəhman bəy bütün qohumlarının
başdaşlarındakı yazıları diqqətlə
köçürərək “Azərbaycan Tarixi
Şəcərə Cəmiyyətinin Xəbərləri” üçün hazırladığı məqaləsində
verdiyinə görə mən onlardan burada söz açmıram.
Başdaşlarını
oxumağa məzarlığın
yuxarı başından – əski qəbirlərin bulunduğu yerdən başladıq. Abdürrəhman
bəyin göstərdiyi ilk
başdaşı yuxarısında dairəvi medalyon
içərisində “Kullu nəfsin zaiqətul-mout”
(“Hər ruh ölümü
dadır”; Qur’an, 29, 57) ayəsi yazılmış, nəbati (bitkisəl)
naxışlarla bəzədilmiş “əmirəl-kərim” (kərəmlilərin
başçısı) Məhəmməd bəy Hacı Abbas bəy oğlu Qəbulov’unku
oldu. Əsas mətnin sağ
və solunda üzüaşağı iki sətirdə ərəbcə 4 misralıq
(2 beyt) şeir də yazılıb;
onları oxuya bilmədik. Mətnin rəngini daşın öz
rəngindən seçdirmək üçün
yazılar daha çox
göy və qızılı boyayla əhatələnib. Ətrafı
qızıl kərpiclə hörülmüş,
ancaq hörgüsü
artıq uçub-dağılmağa başlamış bu başdaşının da
yazısı ərəbcədir. Məhəmməd bəyin
ölüm tarixi rəbiül-axir
1342 (miladi tarixlə: noyabr-dekabr
1923) göstərilib. Doğum tarixi yoxdur.
Azərbaycan
Cümhuriyyəti (1918-1920) Parlamanının üzvü
olmuş görkəmli ictimai-siyasi
xadim, böyük ruhani və el
ağsaqqalı Abdulla əfəndi Qəbulzadə’nin
(1853, Qax-1943, Qax) məzarı da Məhəmməd bəyinkiylə
yanaşı olsa da biz onun
başdaşını heç cür tapa bilmədik, halbuki nəvəsi Abdürrəhman bəy bir vaxtlar onu
burada gördüyünü
bildirdi.
Oxuduğumuz ikinci
başdaşı Qəbulzadələrdən “əz-zəki əl-aqil”
(zəkalı və ağıllı) Hacı Məhəmməd
oğlu’nunku oldu.
Bitkisəl naxışlarla süslənmiş bu
abidədə mərhumun 1341-ci ilin şəvvalında
(may-iyun 1923) öldüyü
yazılıb.
Bundan bir qədər
aralıda yerləşən başqa bir qəbirdə Hacı Baba
əfəndi Qəbulzadə uyuyur. Onun çay daşından hazırlanmış
başdaşının üzərində qazılmış ərəbcə
mətndən aydın olur ki,
“məşhur alim, təqva sahibi” Hacı Baba əfəndi
Molla Xəlil oğlu
1 cəmadiyüs-sani 1301-də (29 mart
1884-də) Allahın rəhmətinə qovuşub.
Böyürtkən
kolluğunu çətinliklə aralayaraq onun altında sağ qalmış bir
başdaşını da oxuduq.
Bu, hicri 1314-cü (miladi: 13 iyun 1896-1 iyun 1897) ildə dünyasını dəyişmiş
Hacı Yusuf Hacı Bilal
əfəndi oğlu’nun məzarının
başdaşıydı. Böyürtkən kolları onu mal-qaradan qoruduğuna görə yaxşı qalıb.
Bunlar mənim Qax
şəhərinin məzarlığı haqqında ötəri
qeydlərimdir.
Azərbaycan
xalqının tarixinin çox
önəmli bir bölümü
məzarlıqlarımızdadır, çünki
millətimizin ən dəyərli övladları onlarda əbədi uyuyur. Həmin
məzarlıqları qorumaqla, öyrənməklə
eyni zamanda tariximizi də qorumuş və
yaşatmış oluruq. XX yüzilin başlanğıcında Böyük Knyaz Nikolay Mixayloviç Romanov’un (1859-1919) təşəbbüsüylə
bütün Rusiyada, o sıradan Azərbaycanda şeyxülislam
və müfti qəbiristanlıqlarımızda
və başqa müqəddəs
ocaqlarımızda araşdırma apararaq
məzar daşları, məscid kitabələri və başqa abidələr üzərində
görkəmli soydaşlarımızla bağlı qeydlərin
üzünü köçürərək
rusca tərcüməsiylə birgə Peterburqa göndərmişdilər. Bu işdə Qafqaz müftisi, görkəmli alim
Mirzə Hüseyn əfəndi Qayıbzadə
(1830-1917) xüsusilə seçilmişdi.
Bu gün biz onun
hazırladığı materiallardan
yararlanmaqdayıq. İndi də bizə yeni bir Böyük
Knyaz gərəkdir ki,
məzarlıqlarımızı öyrənmək, onları tarixi baxımdan araşdırmaq üçün hərəkat
başlatsın.
Yeri gəlmişkən, vaxt məhdudluğuna baxmayaraq
şəhərin mərkəzində son
illərdə aparılan abadlıq və yenidənqurma işlərinə
də ötəri də olsa nəzər
saldıq. Asfaltlanmış səliqəli küçələr,
fışqıran fəvvarələr, şəhər sakinlərinin
sevimli dincəliş yerinə çevrilmiş yeni parklar, Veteranlar
bağı, xüsusilə tarixi sənət
abidələri qoruğuna çevrilmiş
İçəribazar küçəsi diqqətimizdən
yayınmadı.
İnanmaq istərdim ki,
şəhərin abadlaşdırılmasına, əhalinin
istirahəti üçün tədbirlərin
həyata keçirilməsinə əhəmiyyət verən rayon rəhbərliyi ulularının uyuduğu və gələcək nəsillər
üçün miras
qalacaq Qax şəhər
qəbiristanlığının da
abadlaşdırılması və qorunmasının təşkili ilə
yaxından maraqlanacaq.
Ədalət TAHİRZADƏ,
Bakı Avrasiya Universitetinin
Professor
525-ci qəzet.- 2012.- 3 mart.- S.24.