Yazıçı
Şahlar Həsənoğlunun yeni kitabı – “Beşyüzevli”
romanı işıq üzü görüb
“Ala
buludlar”, “Yaxan düymələ” kitabları, povest və hekayələrilə
ədəbi mühitin, oxucuların diqqətini çəkmiş
yazıçı Şahlar Həsənoğlunun yeni əsəri
– “Beşyüzevli” adlı romanı çapdan
çıxıb. İxtisasca tarixçi olan, alim-pedaqoq, tarix
elmləri namizədi Ş.Həsənoğlunun bu romanında
tarixi-etnoqrafik elementlər mühüm yer tutur, burada
“Beşyüzevli” adlanan tərəkəmə icmasının
ötən əsrin 10-20-ci illəri arasındakı həyatından
bəhs edilir. Əsərdə adları çəkilən qəhrəmanların
bir qismi real-tarixi simalar olsalar da, bir qismi də
yazıçı təxəyyülündən yaranan
obrazlardır. Romanda yazıçı tamamilə sərbəst
hərəkət edərək, qəhrəmanların hətta
qohumluq əlaqələrini də öz istədiyi kimi qurub. Hər
şey romanın daha da oxunaqlı olması, tərəkəmə
icmasının həyatının, təfəkkürünün,
yaşam tərzinin daha dolğun əks etdirilməsi məqsədinə
tabe etdirilib.
Romandan
bəlli olur ki, tərəkəmə icması otuzdan artıq
tirədən – soyad toplusundan ibarətdir. Əsərdə
Hümbətallar, Pəsəndallar, Mollalar, Nurular, Culfalar,
Qazdılar, Papaqçılar, Gönçülər və
başqa tirələrin bir-birilə münasibətləri,
xeyir-şər mərasimlərində iştirakı, məişət
məsələlərində bir-birinə yanaşması, hətta
zarafatları təbii və səmimi şəkildə qələmə
alınıb. Romanın qəhrəmanlarından olan
Yüzbaşı Hacı Mustafanın var-dövləti
başdan aşsa da, oğlu Əmiri evləndirmək
üçün dayısı oğlu Mirqasımın
“gözünün ağı, qarası bircə qızı”
Baharı seçməsi onun mal-dövlətə həddindən
artıq meyilli olmasını göstərir. Bu fikri onun
oğluna dediyi: “Beşyüzevlidə beş kişidən
biridir, min baş qoyunu, bir qatar dəvəsi, iyirmi baş
mal-qarası, bir kapal atı var. Həm qızını
alırsan, həm də vərəsəsi olub mal-dövlətinə
sahib olursan” sözlərindən də anlamaq
mümkündür. Dövrünün
sayılıb-seçilən adamlarından olan Hacı
Mustafanın fikrincə, “dünyada ən ədalətli, ən
aqil padşah varsa, o da Nikolay padşahdır”. Ona görə də
Beşyüzevlinin, öz mal-mülkünün vergilərini
son qəpiyinə kimi yığıb verirdi Nikolay hökumətinə.
Əsərdə Hacı Mustafanın mənfi və müsbət
xasiyyətləri xarakterizə olunub. Romanda həmçinin
Hacı Mustafanın oğlu Əmirin sevgi macəraları,
onun beşyüzevli cavanları ilə münasibəti,
böyük-kiçiyə hörməti, şücaəti
dolğun və inandırıcı formada verilib. Ərkəsöyün,
çılğın bir gənc olan Əmir atası Hacı
Mustafanın onu evləndirməsi fikrinə laqeyd
yanaşır. İyirmi beş yaşı olsa da, evlənmək
istəmir, sərbəst gəzib-dolanmaq istəyir:
“Qadından-qızdan utanan da deyildi ki, qəlbinin bir məhəbbət
eşqilə dolub-daşmadığını
utancaqlığına, qadın xeylağından çəkinməyinə
yoza. Novruz bayramlarında nə pəstahalar
çıxarırdı! Harda gözəl bir qız
görürdü, qoltuğuna vurub hay salırdı ki,
qaçırıram. Qızların kasa içində iynə
hərlədib baxta baxdıqları dama girib, ordakı
özündən deyən qəşəng qızlarla bir-bir
fallarına baxdırırdı. Baxtına düşən
qızı qolları üstünə götürüb damdan
çıxarır, hay salırdı ki, aparıram.
Bütün bunlar bir bayram zarafatı idi”.
Müəllif
əsərdə Azərbaycanın gözəl guşələrindən
olan Kəlbəcərin – Dəlidağın füsunkar
gözəlliyi, Beşyüzevli tirələrinin yaylaq yerlərinin
– Qoçaların, Ağçayın, Nuru dərəsinin,
Mıxtökənin, Dörbənd bulağının, Lilpar
zirvəsinin, İstisuyun, Qaranlıqdakı Hul qayanın və
başqa məskənlərin təsvirini təbii boyalarla
verib. Müəllif Qoduğölən-Qaranlıq dərəsi
adlanan məkanın adının niyə bu cür deyildiyinə
də aydınlıq gətirib: “Hacı Mustafa
yüzbaşının dediyi kimi, Qodugölən-Qaaranlıq
dərəsinin ən soqqa yurduydu. Yurda bu adı da Hacı
Mustafanın dədə-babası qoymuşdu, orda bir qoduğu
ildırım vurub öldürdüyünə görə. Elə
bil Qaranlığın bu yerində yamaclar bir səs gücləndiricisiydi.
Burda ildırım çaxıb göy guruldayanda handa qorxmaz
adam başını əyib yapıncısının
altına soxurdu”.
Romanda
Beşyüzevli tərəkəmələrinin arandan
yaylağa, yaylaqdan arana köçdükləri vaxt ruslar tərəfindən
Qarabağa köçürdülmüş ermənilərin
onların mal-qarasını əlindən alması, rus
pristavının erməniləri müdafiə etməsi maraq
doğuran məqamlardandır.
Romanda
Hacı Mustafa oğlu Əmirin öz dövrünün parlaq
simalarından olan Həmdəm (Həmidə) xanımla, Cəlil
Məmmədquluzadə ilə, Əhməd bəy Ağayev və
başqaları ilə görüşü də var.
“Beşyüzevli”
danışıqlarında qanadlı ifadələrdən, bənzətmələrdən
bol-bol istifadə edilib. Romanda yeri gəldikcə bu deyimlərə
səxavətlə yer verilib. Bu mənada, roman
“Beşyüzevli”nin təkcə tikililərinin,
damlarının, alaçıqlarının, muxrularının,
keçələrinin, geyim-kecimlərinin,
xalça-palazlarının, məişətdə işlətdikləri
əşyaların təsviri ilə deyil, danışıq
dilinin əks etdirilməsilə də əlamətdardır.
GÜNEL
525-ci qəzet.- 2012.- 3 mart.- S.21.