Şeiri ürəyində
ağlayan şair
Tələbəlik illərində mənə elə gəlirdi ki, Fikrət Qoca yalnız gəncliyin, eləcə də sevən insanların şairidi. Bu, yalnız onun məhəbbət ruhlu şeirlərinin ahəngi ilə bağlı deyildi. Fikrət Qocanın poeziyasına həmişəlik olaraq gənclik həvəsi, təravəti həkk edilib. Bu şeirləri oxuduqca insanın ruhu təzələnir, varlığında xoş emosiyalar doğulur, dərd-kədərdən xilas edilir, həyat eşqi artır. Onun şeirlərində duyulan nikbinlik bulaq səsinə, yarpaq rənginə bənzəyir. Özünü qoca çinarların pöhrəsinə oxşadan Fikrət Qoca haqlı olaraq yazır ki, sakitliyi dənizin sahilinə sərmişəm, bağrında isə dalğalar yatır. İnsan, xüsusilə də şair ömrü belədir. İlk baxışda sakit təbiətli, mehriban xasiyyətli Fikrət Qocanın sinəsində uyumuş dalğaların mürgüsü bir gün yaman tərpəndi... Bu tərpənişin tufanından isə yurd itkisi boylandı, Vətən həsrəti dil açdı, şəhidlərin al qanı ruhumuza çiləndi. Boynubükük qaçqın anaların dərdi könlümüzə şığıdı.
Mən səsi, sözü, anlayandan Fikrət Qocanın şeirlərinə musiqi libası biçilmiş mahnılarını dinləməyi çox sevərdim. Həyat eşqi, asimana ucalmaq, coşqunluq, bulaq təmizliyi, səhər mehi, gənclik arzuları, sevib-sevilmək istəyi duyulurdu o nəğmələrdə. Bəzən də pünhan bir yerə çəkilərək öz-özümə zümzümə etməyi də çox sevərdim. Fikrət Qocanın bütün şeirlərində ürəyi görünürdü. Bu səbəbdən də qəlblərə çox asan yol tapa bilirdi. Kimlərin nəfəsində onun sözünə məftun kəsilməmişdik ki?! Bu sıra çox genişdir.
Özünü “sözün fəhləsi”
adlandıran Fikrət Qoca mənim aləmimdə nəğməkar
bir şair idi. Onun şeirlərini oxumaqdan çox dinləməyi
xoşlardım. Hətta haqqında “Nəğmə
ömrü” adlı bir məqalə də
yazmışdım. Günlərin birində bədii qiraət
ustası, əməkdar artist Ağalar Bayramovun ifasında
şairin “Qaçqın gəlinə” şeirini eşitdim.
Keçirdiyim hisslərin ifadəsinə çox acizəm. Bu şeir məni dirigözlü öldürdü.
Gözlərim qarşısında canlanan mənzərədə
evindən qaçqın düşən anamın,
bacımın ağır günləri canlandı. Axıra qədər
qulaq asa bilmirəm o şeirə. Başımıza gəlmiş
o ağır hadisələr neştər olub ürəyimə
sancılır:
Yayda yaylağa gedərlər,
Səni sürdülər arana.
Yayın cırcırama çağı
Mən də duz vurdum yarana.
Xəyalın dağlar qoynunda
Yarpızlı dovğa bulayır,
Dağda sənsiz qalan
Yurdun axşam qurd olub ulayır.
Evi viran
qalan bacım,
Gözü-könlü
talan bacım...
Sanki o gündən Fikrət Qoca mənim
üçün tamam başqa bir aləmin – elə pəjmürdə
ruhumun şairi oldu. Nöqtə-nöqtə oxudum onun
ilhamından gələn misraları. Əslində
olduğu kimi tanımadığım köhnə
tanışımın – Azərbaycanın böyük
şairinin könül dünyası məni odlara yaxdı.
İçimdə bir fəxrli duyğu da
keçdi ki, nə yaxşı millətimin böyük
şairlərinin bəzilərini şəxsən
tanımışam. Onların çoxundan
müsahibə almışam, söhbətləşmişəm.
Xəyalıma onların möhtəşəm adları gəlir:
Bəxtiyar Vahabzadə, Məmməd Araz, Cabir Novruz, Nəbi Xəzri,
Qabil, Mədinə Gülgün, Balaş Azəroğlu,
Şahmar Əkbərzadə, Söhrab Tahir, Məmməd
Aslan, Nəriman Həsənzadə... nəhayət, Fikrət
Qoca!
Şeir də şairin özünə bənzəyir,
doğulur, böyüyür, yaşlaşır, müdrikləşir,
ucalır. Fikrət Qocanın dağlara üz tutaraq söylədiyi
“Qoynun elin qaçqın yeri” ifadəsi namərd
qonşularımızın xəyanəti ucbatından düzlərə
səpələnmiş ellərimizin
ağrılı-acılı günlərini yada saldı.
Bir xiffətini də ürəyimizə çəkməli
olduq:
Xəbərin
olmayacaq
ürəyim güleyşə narı kimi
partlayıb parçalananda.
Sinəmdə
ürəyim
daha dəf
çalmayanda.
Bu şeirin yaratdığı düşüncələr
qoynunda fikirlərə qərq olursan. Bir şairin başqa misrası
ürəyimizə köz kimi sıxılır: “Bilən
olmayacaq nə idi dərdim”. Əslində Fikrət
Qoca şeirlərində dərdin adını tez-tez çəkmir.
Di gəl ki, sözü olmayanın özü çox böyükdür:
“Fələk yolum üstə səni gətirdi”; “Yazıq
gününə nadana əyilənin, sonra ömrü boyu qəddi
düzülməyəcək”; “Şaxtada donmaqdan
qorxmamışam, göz yaşı adlı yağış
qorxudur məni”; “Yüz dostun, yüz tanışın
arasında təkliyə öyrənəsən indidən” və
s.
Fikrət Qocanın şeirlərində Azadlıq bir
yaralı quş kimi çırpınır. Bu ağır
yolun əzabını və bu əzabdan doğan fərəhi
çox xəfif bir gileylə bildirir. Bu
mövzuda qələmə aldığı şeirlərinin
hamısı bir-birindən gözəl və mənalıdır.
Bu şair adamı düşündürməyi
bacarır. Şeir insanı heyrətləndirirsə,
dondurursa, səni uzaqlara apara bilirsə, səni özünə
qaytarırsa, deməli, tapıntıdır. Fikrət Qocanın poeziyası tapıntılarla zəngindir.
Sadəliklərin içində qeyri-adilikləri
görmək və onu oxucuya dolğun şəkildə təqdim
etmək qabiliyyəti hər kəsə nəsib olan istedad
deyil. Şair nə vaxtsa keçirdiyi
sarsıntıdan, kədərdən şeir yazıb. Onu da oxucu qarşısında oxuyub.
Qarşılaşdığı alqışlardan bir daha pəjmürdəlik
keçirib: “Dərdimi danışıram adamlara, əl
çalırlar”.
Bu şeirin ruhu məni yaman tutdu. Həqiqətən
də dərddən libas geymiş bir musiqiyə, muğamata,
şikəstəyə, həzin bir şeirə, bayatıya,
ağıya necə əl çalmaq olur?! Çalırlar ki?!
Şairin “Qara” adlı bir şeiri də çox mətləblərdən
xəbər verir. Allah insaf versin müəllifə! Necə
tapıb bu yozumu?
Qara rəngin
hər
yerdə üzü ağdı.
Yalandan, böhtandan uzaqdı.
Qara deyəndə
Bilirsən
ki, qaradan o yana rəng yoxdu.
Qarada nə
varsa göz qabağındadı
Başqa
çalar, ahəng yoxdu
Nə
altında zirzəmisi,
nə
üstündə mərtəbəsi var.
Öz sanbalı, ləngəri, səsi var.
Qara tabut
da ola bilər,
Qara duvaq
da ola bilər
Qara tale də
Qara baxt
da ola bilər.
Gözəldir, deyilmi? Mənim də xəyalımdan
başqa bir alqış keçdi. Qara
xalın olsun, halın olmasın sənin.
Şairin
bir misrası da məni yaman düşündürür:
“Ürəyimdə bir şeir ağlayır...” Nədən?
Səbəbini araşdırdım. Elə cavabını da öz şeirlərində
tapdım. Əgər Fikrət Qoca üzünü
göyə tutaraq öyrənmək istəyirsə: “Niyə
yaradır, niyə yaşadır, niyə öldürür
bizi” suallarının cavabsız cavabları onu ağladacaq. Bəlkə
də ilk baxışda çox sadə və poetilikdən
uzaq bəsit fikirdi, amma müşkül, eləcə də
mümkün cavablara söykənən bu sualların ahəngində
həyatın rəngləri – olumla ölüm
arasındakı beş günlük
ömrün fəlsəfəsi boylanır.
Fikrət Qocanın həyata baxışlarındakı
orijinallıq, özünəməxsusluq şeirlərinə
cəzbedici bir möhür vurub. Nə vaxt oxusan səni
özünə çəkir. Uzun müddət
təsirindən çıxa bilmirsən. O dərdin
şəklini sözlə elə yaradıb, elə şəkildə
təqdim edib ki, ovqatında qəribəlik duyursan.
Görün şair nə deyir: “Yaxşı ki insanın dərdi
bir deyil”. Onda nə vardı ki yaşamağa?
Həyatın elə mənası da bu min dərdi
çözməkdən ibarətdir. Bəlkə də
buna görə şair “Qorxuram” adlı şeirində adi həqiqətlərə
ağılın gözü ilə baxaraq mənalar arayır:
Mərdəm
mən,
Mərddən
qorxmuram,
Allahdan gələn
bəladan,
çarəsiz dərddən qorxmuram.
Qorxuram dərdim
ola,
Çarəsi namərd əlində.
Ondansa qoyun ölüm dərd əlində.
Bu, əslində şairin özünün mənəvi
portretidir.
Allah sənə insaf versin, Fikrət Qoca! Yenə
qulağıma qaçqın gəlinə
harayladığın şeirin qəm dolu notları gəlir:
Yollar
uzun, dağlar uzaq,
Bu dərd
varaqlara sığmaz
Bu dərdi yollara yazaq.
Eyvanda
qalan kitabı
İndi külək varaqlayır.
Siz dərəyə
qaçan yerdə,
Hələ də bulaq ağlayır.
Məhlədə
qalan yüyrüyü,
Hansı xəyal yırğalayır?
Ağzı
açıq qalan evlər,
Axşam qurd olub ulayır.
Bu şeiri Fikrət Qoca yazsa da, mənim ürəyimin
harayıdır, pərən-pərən düşmüş
xəyallarımın dərdidir. Dünyanın
harasına istəsəm gedə bilərəm bircə
doğulduğum yurddan savayı. Bu şeir mənim tərcümeyi-halımdır,
Fikrət Qoca! Sənin bu şeirinlə
baş-başa qaldıqca sanki ruhum varlığımdan perik
düşür. Kimliyimi unuduram. Yenə 1988-ci ilin qarlı qışına
qayıdıram. El-obamızı qarın
içinə tökdülər. Yazıq
anam danışardı ki, bizi sonradan tapanlar əziyyət
çəkməsinlər deyə əl-ələ
tutmuşduq ki, donub ölsək də bir yerdə olaq. Xəyalım
bütün sədləri qırar qaçar, sinəmdən
ürəyim uçar, amma əlim vətənə yetişməz
Fikrət Qoca! Ehey, o oxuyan kimdir: “Yaxan düymələ-düymələ...”
Bu bir xalq mahnısından gələn yaralı haraydır! Bu Fikrət Qoca şeirinin ağlar nəqəratıdır.
Bu, mənim göz yaşlarımdır...
Hər bir şairin oxucu ürəyində öz yozumu
var. Bir vaxtlar Fikrət Qocanı nəğməkar şair kimi
sevirdim. Bu sevgi öz etibarını saxlayır. İndi Fikrət Qoca mənim üçün həm
də vətəndaş şairdir. O, “vətəni sev”
demir, o “vətəni sevirəm” yazmır. Onun
bütün şeirlərinin hərflərində vətən
sevgisi var. “Şəhid anaları” adlı şeirində
taleyimizin yazdığı ağır günlərin dərdini
çəkirik. Bu dərdin içindəsə
dünyaya gələn şəhid analarının
qarşısında nə vaxt başımızı dik tuta
biləcəyimiz haqqında düşünürük. Düşünürük ki, bu anaların qəmli
gözlərinə sevinc gətirək. Düşünürük
ki, bu anaların itirdikləri mərdlərin qanını
alaq. Düşünürük ki,
baxça-bağına dərd əkən anaların
qarşısında xəcalətli qalmayaq. Düşünürük ki, bəlkə daha şəhid
anası doğulmaya. Bu bayatının ahəngindəki
ruh bizi ağıya çağırır:
Dərd
daş atar, ayna sınar,
Sınar
evin sonası da;
Dönər
şəhid anasına
Dünyaya gələn analar.
Fikrət Qocanı sevdirən bir məziyyət də həqiqətə,
haqqa bağlılığıdır. Onun tərifi
gerçək, tənqidi sərrastdır. Qəlbindən keçməyənləri qələmi
kağıza naxışlamaz. Nəyi
düşünürsə, nəyi düşündürmək
istəyirsə, onu da yazır və bizi də bu ruha kökləyir.
Onun təzə şeirlərindən biri “Yuxuda
Həccə getmişdim” adlanır. Bəlkə
də elə ilk oxucusu da mən olmuşdum. Qəzetdə dərc olunmamışdan əvvəl
oxumuşdum. Heyrətlə içimi
çəkərək “yaşa, Fikrət Qoca!” demişdim.
Müqəddəs Mədinə və Məkkə
yolunun yolçusu olmaq, Kəbəni ziyarət etmək
bütün müsəlmanların yerinə yetirməli olacaq
fərz və həm də qəlblərin arzusudur. Gedən getməyənə bu ziyarəti diləyər.
Təəssüf ki, bu müqəddəs yolun
da yolçuları sırasında hamı eyni amalın, mənəviyyatın,
qəlbin, ürəyin yiyəsi olmur. Klassiklərimizin
dediyi kimi “Tülkülər də həccə gedir”. İnsandan gizlədilənlər Tanrıdan ki
pünhan deyil. Allah kimin kim
olduğunu görür. Qiyamətdə də hər
kəs öz əməlinin şərafət və əzabını
çəkir. Bu şeirdə məni tutan Fikrət
Qocanın həqiqəti bütün
çılpaqlığı ilə demək qüdrəti
idi:
Bu dünya rəngbərəng.
Adamları
növbənöv,
Əsl
insan tək-təkdi!
Eləsi
var yanında
Yazıq şeytan mələkdi.
Həcc
qismət olsa mənə,
Bir zaman
getsəm əgər,
Qorxaram
daş atmağa,
Bilmirəm kimə dəyər.
Bu qorxunu yaradan bilirsinizmi nədir? O atılan daş nəzərində
tutduğun hədəfə deyil, yan-yörəndəkilərə
dəyər, qayıdıb özünə
çırpılar. Budur, Fikrət Qocanın dediyi həqiqət!
Xalq
şairi Rəsul Rzadan sonra Azərbaycan ədəbiyyatında
sərbəst şeirin ən gözəl nümunələrini
yaradan Fikrət Qoca poeziyasında şehli çəmənlərin
ətri, işıqla qaranlığın mübarizəsi, həqiqətlə
yalanın çarpışması, bir sözlə, həyatın
bütün rəngləri var. Onu yaxından tanıyanlar
bilirlər ki, təbiətində heç zaman iddia olmayan bu
şair şeirlərində də elə sadə və təbiidir.
Mətləb, fikir aydınlığı onun
yaradıcılığının mayasıdır. Elə bu səbəbdən də yazdıqları qəlblərə
yol tapır. Çox istərdim ki,
şeiri ürəyində ağlayan şairin gözlərindən
həmişə sevinc yaşları süzülsün.
Nə vaxtsa sözlərində, misralarında qələbəmizin
müjdəsini tapa bilək... Bağlı evlərin
qapısı açılsın, yollara karvan
düzülsün, doğulduğumuz yurda dönək. Bax,
bu böyük xoşbəxtlikdən yazasınız, Fikrət
Qoca!
Flora XƏLİLZADƏ,
yazıçı-publisist
525-ci qəzet.-
2012.- 3 mart.- S.20.