Yaşar Qarayev idrakının üfüqlərində

 

Əminliklə demək olar ki, nadir istedada və geniş erudisiyaya malik olan Yaşar Qarayev ədəbiyyatşünaslıq elmimizin son mogikanıdır. Bu qənaəti doğuran alimin ədəbi-elmi arsenalımızı təşkil edən əsərləri – “Faciə və qəhrəman”, “Səhnəmiz və müasirlərimiz”, “Tənqid: problemlər, portretlər”, “Realizm: sənət və həqiqət”, “Ədəbi üfüqlər”, “Meyar-şəxsiyyətdir” və s. kimi polifonik spektrli, müxtəlif mövzulu tədqiqat istiqamətlərini ehtiva edən kitabları deyil. Y.Qarayevin Azərbaycan humanitariyasına gətirdiyi özəllik ilk növbədə, bənzərsiz zəkaya, fərqli düşüncə mədəniyyətinə qadir olması və bu mədəniyyətin bütün çalarlarını ədəbiyyatımıza ötürə bilməsi oldu. İçinin möhtəşəm ədəbiyyat sevdası sayəsində o, tədqiqata cəlb etdiyi məsələləri, ədəbiyyat tariximizdə hər birinin məzmun yükü olan problemləri yeni əsaslar üzərində təşəkkül tapan ümumi düşüncə sistemimizin mühüm tərkib hissəsinə çevirə bildi, ən yeni milli ədəbiyyat tarixinin əsasını qoydu. Özəl düşüncədən qidalanan özəl üslub, qanadlı romantikaya bürünmüş fikrin ifadə tərzindəki elmilik, ədəbi fakta, prosesə yanaşmada nümayiş etdirdiyi obyektivlik, elmi-analitik təhlil bacarığı sayəsində bütün yaradıcılığı boyu Y.Qarayev bədii-estetik fikri pozitiv ədəbi meylləri və axtarışları ilə zənginləşdirdi. Sözün yaddaş sirri”nə (K.Vəliyev) daim sadiq Yaşar Qarayevin özünəməxsus düşüncə hüdudları, qeyri-adi fəhminin gücü ona təqib qıldığı məsələlərə vüsətli məqamlardan- hadisələrin üfüqündən, pik nöqtəsindən nəzər yetirməyə imkan verdi. Dramdan danışanda dramaturgiyanın, tənqiddən bəhs edəndə tənqidin problemlərini yüksək elmi-nəzəri-metodoloji mövqedən təhlilə çəkdi, realizmin estetik prinsiplərindən, “renessans romantizminin varlığından” (N.Konrad) milli ədəbi-mədəni şüurun spesifik hadisəsi kimi bəhs etdi. Kim olursan ol, öncə insan olmağı bacar- aksiomasını təlim, platforma səviyyəsində ədəbiyyata, humanitar elmə gətirib şəxsiyyəti meyar elan edən də Yaşar Qarayev oldu.. Bəlkə ona görə ki, bir çox başqa nəsnələr kimi uca Yaradanımızın seçilmişlərdən saydığı alimlik missiyasının da ilk öncə, insani sevgidən mayalandığını dərk etmişdi. “Kim ki, insanı sevər, aşiqi hürriyyət olur. Bəli, insanlıq olan yerdə də hürriyyət olur”- Sabirin insanlıq fəlsəfəsindən yoğrulmuş bu misralarının Yaşar Qarayevin yaradıcı milli dühasının hər hüceyrəsinə hakim kəsildiyini duymaq çətin deyildi. Alimin 1996-cı ildə nəşr olunan “Tarix:yaxından və uzaqdanfundamental toplusu bu fikirlərin ən bariz sübutudur. Bu kitab yalnız ədəbiyyatın tarixini deyil, həm də insanlığın tarixini, onun mənəvi –ədəbi irsdə kodlaşan dəyərlərini milli sərvət kimi reablitasiya edib xalqa, yaddaşa ötürmək missiyasına xidmət edirdi. Diqqət etsək, alimin son yazılarının, məruzə mətnlərinin, hətta müsahibələrinin məğzinin belə bu ritmə, insan dəyərlərinin önə çəkilməsinə kökləndiyini görərik. Bu, ədəbiyyatımızın hər zaman qayəsi olmuş insanşünaslıq, xalqşünaslıq kimi mənəvi keyfiyyətlərin təbliği istiqamətinin yeni modifikasiyada təqdimi deyildi. Bu, subardinasiyası pozulmuş cəmiyyətin, yeni başlanan postmodern epoxasının və qloballaşma nəhrinin dəhşətləri önündə heyrətdə qalan ruhun huzur, dinclik naminə etdiyi   çabaların peyğəmbərsayağı ifadəsi idi.

 

lll

 

Tarixi nöqteyi-nəzərdən keçmiş adlandırılan şey-bizim arxada qoyduğumuzun ölçüsüdür, o şeydir ki, indi ilə kəsişmir, ona müdaxilə etmir və məhz bu şərt daxilində, bilik kimi istifadə oluna bilir, o şeydir ki, obyektiv təcrübə məxəzi tək ona əsaslanıb, İndi, bu dəm gələcəyə yönəli qərarlar verir, fəaliyyətimizi qururuq”(Hans-Ulrix Humbrext.Müasir tarix” dəyişən xronotopun indisində. “Novoye literaturnoye obozreniye” jurnalı, 2007, N-1, (N-83) Deməli, “bütün həyatımız boyu bizim “indi”dən başqa heç nəyimiz yoxdur” (Artur Şopenhauer). Amma bu günküindisabah üçün keçmişə dönəcək (keçmiş elə gələcəkdədir) və bizdən yaşanan bu gün-indi üçün hesabat sorulacaq. Y.Qarayev tarixin indi adlanan zaman kəsimindən dünəninə, uzaq keçmişinə rakurs etdi. ”...qədimdən indiyə qədər, mifdən, folklordan müasir günlərə qədər Azərbaycan xalqı dünya ədəbi-bədii fikrinə hansı yenilikləri gətirib, hansı mənəvi, əxlaqi, bədii dəyər və sərvətlərlə onu zənginləşdirib?” “Tarix: yaxından və uzaqdan” kitabında Y.Qarayev bu suallara cavab aramaq məqsədi ilə bədii-mədəni keçmişimizin bütün dövrlərini tədqiqat obyektinə çevirdi.

Tarix yalnız yaddaşaidraka çökəndə (yalnız onda!) şüuru manqurtluqdan, sklerozdan xilas etmək mümkün olur. “...ərazinin bütövlüyü də, hər şeydən əvvəl, yaddaşın böyüklüyü, qədimliyi və bütövlüyü ilə qorunur.” Y.Qarayevin yaradıcı milli dühasında zaman kökünə və bütövlüyünə boylanaraq dildə daşlaşanyaddaşlaşan tarixə döndü, öz rişəsini Dədə Qorqud müdrikliyi, Nizami humanizmi, Nəsimi dözümüFüzuli eşqindən alaraq poetik ifadəsini “Poeziyanın Araz ağrısı və yaddaşı-Şəhriyar”da, “Romantizmin Cavid yaddaşı”nda, “Nəsrin və səhnənin ağrı yaddaşı- Cəlil Məmmədquluzadə”də , “Özünü satirada dərk edən- Sabir”də tapdı. 1990-cı illərin xaotik prosesləri önündə çaşqın qalmış humanitar elmə Yaşar Qarayevin gətirdiyi yeni konsepsiya-yaddaş konsepsiyası bir sillə kimi səsləndi, alim başımıza açılan bütün fəci və gərgin olayların nədənini yaddaşsızlıq, yaddaşdan məhrumluqla əlaqələndirib çıxış yolu kimi nicatı da elə ona-yaddaşa dönüşdə gördü.

Tarixsə nəinki “müəllim olmaqdan qalır”(Alber Kamyu), əksinə ondan dərs götürməyənlərə bu dərsi dəfələrlə təkrar etmiş olur. Hər halda XX əsrin əvvəli və sonu arasında harmoniya, hadisə və proseslərin adekvat səslənişi və oxşar təzahürü sübut etdi ki, tarixdən heç kəsin heç bir dərs götürməməsi bizi yaşanmışları biryaşamağa, görülmüşləri bir də görməyə vadar edir. Və yenə də bir halda ki, tarixin dərslərindən ibrət götürməyəndə günahkar zaman yox, şüur olur, o zaman şüuru naqis stixiyadan, yad düşüncədən və sönük təfəkkürdən təmizləmək lazımdır. Y.Qarayev əsaslandırdı ki, indi təfəkkürdə məhz belə katarsis işinə ehtiyac var, milli ruhun yenidən bərqərar olması, milli şüurun, yaddaş kultunun dirçəldilməsi üçün elmi konsepsiyalar, doktrinalar, təlimlər işlənib hazırlamaq zamanın tələbidir.. “Vahid, yekparə və bütöv bir təlim olan Azərbaycançılığ”ı alim dövrün ən vacib, ən zəruri ideyası kimi yenidən xalqa qaytardı.

Xalqın milli mənlik şüurunu dirçəltmədən, ona böyük əxlaqi keyfiyyətlər-milli vətənpərvərlik, milli ovqat, mili ləyaqət hissi aşılamadan vahid ortaq məxrəcə-milli birliyə səsləmək müşkül məsələdir. Azərbaycançılıq ideyalarının təşəkkül tapması və praktiki surətdə həyata keçirilməsi uğrunda mübarizənin beşiyi başında həmişə Azərbaycanın sağlam ziyalıları və milli münəvvərləri durublar. Belə bir tarixi-mənəvi missiyanın fəal və layiqli daşıyıcısı olmaq prioritetini Yaşar Qarayev qələmi də nümayiş etdirdi.

Y.Qarayev üçün Azərbaycançılıq- ilk növbədə milli birlik, milli-mənəvi dəyərlərə hörmət, milli ideyaya sadiq qalmaq idi. Düşünürdü ki, “onun etnik arxetipi də, bədii estetik kodu da, ilkin mifik-fəlsəfi şifrəsi də milli yaddaş özüdür”. Keçmiş ancaq unudulmayanda tarixə dönür, yəni yaddaşdan silinməyəndə. Yaddaşını qoruyub hifz edən, onu bütün tarixi epoxalardan bütövsalamat çıxardan xalq birliyini yaratmağa nail olur. Y.Qarayev milli birliyin üç səviyyəsini göstərirdi. Birincisidaxili-milli həmrəylik”dir. Hələ əsrimizin əvvəllərində türkçülüyün banilərindən və ideoloqlarından olan Ə.Hüseynzadə “nə başqa-başqalarız, nə ittihad edəriz” deyərək vətənin halına təəssüf edir, milli birliyin yoxluğundan ürək ağrısı ilə danışırdı. Başqa bir dahi- Cəlil Məmmədquluzadə “sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım” xitabı ilə milləti bir kitaba, bir amala tapındırmaq istəyirdi və bu kitabı-millətin “ana kitabı”nı özü yaradırdı. Çünki bir kitaba, bir ideala tapınmayan xalq sadəcə kütlədir, xalq deyil. Y.Qarayevə görə, yalnız milli məslək, milli məfkurə kütləni xalqa çevirir. Əgər xalqı asanlıqla kütləyə, kütləni əziyyətsiz fərdə parçalamaq mümkündürsə, o zaman milli birlik ideyası yalnız iddiliyautopiya olaraq qalacaq. Amma “elə bir utopiya yoxdur ki, həyata keçirilməsi mümkün olmasın”(Elias Kanetti). Xalqı birliyə səsləməzdən əvvəl onu düşüncədə, idrakda bu birliyə hazırlamaq lazımdır. Y.Qarayev keçmişə rakurs etdi, xalqın düşüncəsində dərin iz qoyan məqamları, tarixin Azərbaycan üçün görk etdiyi mühüm anları əks etdirməyə çalışdı. Tarixi faciələrimizin, düçar olduğumuz amansız bəlalarımızın başlıca səbəbini indiyə kimi milli mənafe üçün yox, ayrı-ayrı siniflər üçün çalışmağımızda gördü. Həqiqətən də məhz “məndən ötdü, qardaşıma dəydi” biganəliyinin nəticəsi idi ki, Azərbaycanı parçalanmalardan, bölünmələrdən qoruya bilmədik. Məhz bir bayraq altında birləşməyi, eyni hədəfə vurmağı bacarmadığımız üçün Qarabağ kimi məmləkətimizi qorumağa bütün gücümüz və qeyrətimizlə atılmadıq. “Əvvəl sözlər, sonra adamlar, lap axırda torpaq azadlığını itirdi”. İdrak yaddaşdan xali olanda daxili harmoniyanı xaos əvəz edir, tarix “sapı özümüzdən olan baltalar”ın zərbəsinə hədəf olur. Və bəlkə də bu zərbələrin fiziki ağırlığından daha çox, mənəvi ağırlığından əzab çəkir, yanıb-yaxılır.

Y.Qarayev mənəvi birliyin ikinci səviyyəsi kimi “Cənubi Azərbaycan, türk xalqları arasında mədəni, ədəbi-mənəvi birlikyaratmaq təlimini irəli sürürdü. Yalnız öz irsinə, milli mədəniyyətinə arxa çevirmədən, ümumtürk kontekstində inkişaf etmək, ümumdünya mədəniyyətindən bəhrələnmək olar. Ümumiyyətlə, Yaşar Qarayevdə milli bədii təcrübənin imkanlarına, milli təfəkkür mədəniyyətinin zənginliyinə inam, etimad böyük idiböyük alim üzün illərin müşahidə və tədqiqat bacarığından sonra sələflərinin vurğuladığı məqamlara israrlı idi:   Soy, qangen birliyini hər şeydən uca tutub “elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmış elə bir millət çıxardaq” ki, bizə baxıb “türklər və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar denilsin, yoxsa türklər və müsəlmanlar ittihad ediyor və firəngləşiyorlar denilməsin”. İrəli getməyi bacaraq, amma milli varlığımızı unutmayaq, milli dəyərlərimizi inkar etməyək, milli düşüncəmizə xələl gətirməyək. Unutmayaq ki, “bəşərilik səviyyəsinə qalxan milliliyin beynəlmiləlliklə vəhdəti, sintezi o zaman təmin olunur ki, ortaq genetik müstəvidə, mənəvi məkanda yaşayan digər etnik vahidlər də hamısı Azərbaycan xalqını bir millət, Azərbaycan torpağını isə bir vətən kimi qəbul edirlər”.

Nəhayət Y.Qarayev “yaxın Şərq, islam miqyasında ədəbi-mədəni və dini-mənəvi birlik” ideyasını irəli sürürdü.

Hələ XX əsrin əvvəllərində Ə.Ağayev yazırdı: “Müsəlmanların dirçəlməsi və tərəqqisi ümumiyyətlə mümkündürsə, bu hökmən onların arasında yeganə fəal qüvvə olan din vasitəsilə olmalıdır”. Din özündə təkcə şəriət məsələlərini və etik-əxlaqi keyfiyyətləri birləşdirmir. Ondan siyasi təlimlər, doktrinalar kimi də istifadə etmək mümkündür. Bu gün dünyada baş verən “İslam partlayışı” dinin nə qədər sosial-siyasiideoloji əhəmiyyətə malik olduğunu büruzə verdi. Sübut olundu ki, ümumi səfərbərliyin, mənəvi birliyin yaradılmasında din fəal və intensiv, aparıcı amil ola bilər.

Böyük alman filosofu Hegelə görə “mütləq ideyaözünü dindən və fəlsəfədən əvvəl sənətdə dərk edir. İctimai şüur özü də sənətdən güc alır. Sənətin nəyi təlqin edib-etməməsinin şüura böyük və əvəzsiz təsiri var. Bədii-estetik düşüncənin, onun elmi-tənqidi dərkinin meyarlarının əsaslı təbəddülata məruz qaldığı keçid dövrü kimi xarakterizə olunan 90 –cı illərdə Yaşar Qarayevin təlqin etdiyi konsepsiyanın keyfiyyət göstəriciləri elmi-nəzəri fikrin potensial imkanlarının real və əyani təzahürü, ondakı hərəkətin, yeni elmi-estetik əməldə dirçəlişin təsdiqi kimi mənalana bildi. O, böyük bir imperiyanın çökümündən şaşıran ədəbiyyatşünaslıq elminin sütunlarının çökməsinə imkan vermədi, çiyinlərini çox ağır yüklər altına verməyin sizif əzabı isə onunla sonuclandı ki, bizdə həm milli bədii təcrübənin imkanlarına, həm də bu təcrübəni ümumiləşdirən milli elmi-nəzəri fikrin qənaətlərinə, mühakimə tutumluluğuna inamsızlığı aradan qaldırmaq üçün tək Yaşar Qarayev adı kifayət etdi.  

                                     

lll

 

Yaşar Qarayevin ölümündən on ilə yaxın bir vaxt keçir. Bu on ildə çox şey, bəlkə də hər şey dəyişib, dəyişməyən isə bircə şey olub. Bu böyük şəxsiyyətin hələ sağlığında qazandığı adın hörmətlə yad edilməsi qədirşünaslığı, bir də əvəzedilməz   alim dühasının hələ ki, onun adı ilə bağlılığı həqiqəti. Bu yetirmi? Təbii ki. yox. Vaxtilə Yaşar Qarayevin ədəbiyyatımızın tarixi ilə bağlı səsləndirdiyi sual indi onun öz irsinə münasibətdə qoyulan məqsədin məramına çevrilməlidir: Bütün yaradıcılığı boyu Yaşar Qarayev Azərbaycan ədəbi-bədii, elmi-nəzəri fikrinə hansı yenilikləri gətirib, hansı mənəvi, əxlaqi, bədii dəyər və sərvətlərlə onu zənginləşdirib? Əlbəttə, bu suala cavab vermək bir neçə məqalənin, yaxud ustadın irsini tədqiqat predmetinə çevirəcək monoqrafiyaların işi deyil. O zamandan və sözdən uca olmağın şərəf simvoludur. Hər gələn nəsil tarixi yenidən oxuduğu kimi, hər gələn zamanYaşar Qarayev dühasının açılmayan hüdudlarını, gizlinlərini bəlli etməyə gücü çatacaq hünərməndlər yetirəcək. Hələliksə, ədəbiyyatımızın əbədiyaşar Yaşarının ruhuna, imzasına sayğımız obyektivliyi meyar edən qələmlərimiz və içimizdən bir ömür kimi keçirə biləcəyimiz ədəbiyyat sevdamızdır.

 

 

Elnarə AKİMOVA

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2012.- 3 mart.- S.18.