Cəfər Cabbarlı” kitabının Türkiyə tanıtımı

 

Bu yaxınlarda Türkiyənin Elazığ Valiliyinin, Bələdiyyə Başkanlığının, Xaricdə Yaşayan Türklər və Qohum Toplular Başkanlığınin, Avrasiya Yazarlar Birliyinin, Türk Ədəbiyyatı Vaqfının və Fırat Universitetinin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə “Elazığ – Bakı: Mədəniyyət və incəsənət görüşləri” adlı layihə çərçivəsində tanınmış tədqiqatçı-alim, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Asif Rüstəmlinin Türkiyənin nüfuzlu nəşriyyatlarından olan “Manas Yayıncılık”da yenicə işıq üzü görmüş “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” (Türkiyə, Elazığ, “Manas Yayıncılık” nəşriyyatı, noyabr 2011) adlı monoqrafiyasının təqdimat mərasimi keçirildi. Kitab Azərbaycanın müstəqilliyinin 20 illiyinə həsr olunub, cilddə hər iki dövlət bayrağının rəsmləri yer alıb. Tanıtım mərasimi Fırat Televiziyasının toplantı salonunda Bakı – Elazığ ədəbi-mədəni əlaqələrindən bəhs edən sənədli filmin nümayişi ilə başladı. Təqdimat mərasiminin aparıcıları – Fırat Universitetinin müəllimi Əhməd Tofiq Ozan və Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ölkələrimiz arasında çağdaş ədəbi əlaqələrdən, A.Rüstəmlinin “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” monoqrafiyasının elmi-ədəbi məziyyətlərindən, müəllif haqqında tədbiri canlı izləyən Türkiyə tamaşaçıları üçün ətraflı məlumat verdilər. Qeyd olundu ki, əsər giriş, müqəddimə 17 fəsil və yarımfəsildən ibarətdir. Kitab 1000 tirajla (birinci nəşr) Ankaranın “Sistem Ofset ve Matbaacılık” mətbəəsində çap edilib, əsərin sonunda müəllif və tərcüməçi haqqında qısa bioqrafik məlumat verilib.

KitabaGirişsözü yazmış Fırat Universitetinin türk dili və ədəbiyyatı bölümünün müdiri, professor Əhməd Buran çıxışında böyük Azərbaycan sənətkarı Cəfər Cabbarlının yaşadığı dövrə, mühitə yaxşı bələd olduğunu, xüsusilə sovet dönəmi haqqında özününKurşunlanan Türkoloji” əsərində yer ayırdığını bildirərək dedi: “Türk dünyasında yaşanan olayları və çəkilən acıları dilə gətirən tək əsər, əlbəttə, bizimki deyildir. Bu mövzuda müxtəlif yazarlar, araşdırmaçılar və elm adamları bir çox əsərlər yazmışlar. Bunlardan biri də dəyərli dostum və məsləkdaşım Asif Rüstəmlinin Azərbaycanın önəmli yazarlarından biri olan Cəfər Cabbarlı haqqında yazdığı “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” adlı əsəridir...

BizimKurşunlanan Türkoloji” adlı kitabımızın “Azerbaycanlı Şair, Yazar ve Türkoloqlar” bölümündə qısaca bəhs etdiyimiz və əsərlərinin Sovetlər Birliyi dönəmində qurulan “ədəbi məhkəmə”lərdə necə gözdən salındığını anlatdığımız Cəfər Cabbarlını Asif Rüstəmli bütün yönləriylə tədqiq etmiş və dəyərləndirmişdir. Rüstəmli əsərində Azərbaycan ədəbiyyatının və özəlliklə Azərbaycan teatrosunun güclü yazarlarından biri olan Cəfər Cabbarlının həyatını, əzablı mücadiləsini, əsərlərini və əsərlərindəki mesajlardan yola çıxaraq o dönəmin siyasi və sosial-mədəni mühitiniortaya qoymağa çalışmışdır. Bu əsər sadəcə bir nəfərin tanıtımı, bir bioqrafiq əsər deyil, eyni zamanda Azərbaycanın müstəqillik mücadiləsinin tarixi dönəmlərini və mərhələlərini anladan bir əsərdir.”

Professor Əhməd Buran çıxışın sonunda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin inkişafında böyük payı olan, milliyyətçi və vətənsevər türk aydını Cəfər Cabbarlının Türkiyədə tanıdılmasında xidmət göstərmiş monoqrafiyanın müəllifi Asif Rüstəmliyə, əsəri Türkiyə türkcəsinə çevirmiş Süleyman Kaan Yalçına və “Manas Yayıncılık” nəşriyyatına təşəkkürlərini bildirmişdir.

Təqdimat mərasimində monoqrafiyanı Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə çevirən, kitaba geniş ön söz yazan Fırat Universitetinin müəllimi Süleyman Kaan Yalçın söz alaraq dedi: “Millətləri millət edən, onların tarix səhnəsindəki mücadilələridir. Bu mücadilə sadəcə cəbhədə topla, tüfənglə aparılan mücadilə deyil, eyni zamanda cəbhə arxasında sözlə və kələmlə edilən kültür, sənət və ədəbiyyat mücadiləsidir. Azərbaycan Türklərinin Azərbaycanı vətənləşdirmə, ona bağımsızlığını qazandırma cəhdləri ibrətamiz tarixi hadisələrlə zəngindir. Bu mücadilə mərhələlərindən birini də Azərbaycanın ünlü tiyatro yazarı Cəfər Cabbarlının ətrafında təşəkkül tapan müqavimət və istiqlal mücadiləsi hərəkatı təşkil etməkdədir.” Kitabın iki qardaş xalq arasında əhəmiyyətini xüsusi vurğulayan S.K.Yalçın monoqrafiya haqqında izləyicilərin diqqətinə çatdırdı ki, “Əsər, tarixin uzun yüzillərindən bəri müxtəlif sahələrdə tale ortaqlığı yaşamış iki qardaş dövlət – Azərbaycan və Türkiyə dövlətləri arasındakı sosial, ədəbi, siyasi və mədəni bağları gücləndirəcək bir körpü vəzifəsi də daşımaqdadır”.

Mütərcim S.K.Yalçın çıxışının sonunda Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin təkamülündə, türkçülüyün təşəkkülündə, müstəqillik və istiqlal mücadiləsinin dilə gətirilməsində öncül isimlərdən biri olan Cəfər Cabbarlının ədəbi şəxsiyyətinin tanıdıldığı “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” monoqrafiyasının müəllifi Asif Rüstəmliyə və “Manas Yayıncılığ”a minnətdarlığını bildirdi.

Türk Ədəbiyyatı Vakfının rəhbəri Sərvət Kabaklı, Fırat Universitetinin dosenti Ercan Alkaya, “Manas Yayıncılık” nəşriyyatının məsul əməkdaşı Bədrəddin Keliştimur və başqaları A.Rüstəmlinin “Cəfər Cabbarlı: həyatı, sənəti və mücadiləsi” əsərinin iki xalq arasında ədəbi-mədəni və mənəvi körpü missiyasını daşıdığını vurğuladılar, böyük sənətkarın həyat və yaradıcılığının Türkiyədə tanınması üçün kitabın mühüm rol oynayacağına əminliklərini bildirdilər.

Monoqrafiyanın müəllifi Asif Rüstəmli yeni arxiv materialları əsasında “Böyük Azərbaycan dramaturqu Cəfər Cabbarlının yaradıcılığında Türkiyə” mövzusunda auditoriyaya geniş məlumat verdi. Ədibin Türkiyədə olmadığı haldaBöyük türk şairi Tofiq Fikrətə”, “Turan ellərinə salam söyləyin” şeirlərini, “Trablis müharibəsi”, “Ədirnə fəthi”, “Bakı müharibəsi” tarixi dramlarını yazdığı vurğulandı. Çıxışının sonunda A.Rüstəmli monoqrafiyasının nəşr edilməsində və dövlət səviyyəsində təqdimat mərasiminin keçirilməsində Elazığ valisi Muəmmar Erola, Bələdiyyə başqanı Süleyman Salmanoğluna, “Manas Yayıncılık” nəşriyyatının kordinatoru Şener Buluda, kitabı Türkiyə türkcəsinə çevirən Süleyman Kaan Yalçına, professor Əhməd Burana səmimi duyğularını bildirdi.

Dramaturqun nəvəsi Qəmər Seyfəddinqızı babası haqqında Türkiyədə ilk dəfə kitab nəşr olunduğuna görə Cabbarlı ailəsi adından bütün zəhmətçəkənlərə razılığını çatdırdı, əsərin işıq üzü görməsində xüsusi xidmətləri olan professor Əhməd Burana, Süleyman Kaan Yalçına və Şener Buluda mükafat komissiyasının sədri Gülara xanım Cabbarlının adından “Cəfər Cabbarlı mükafatı”nı təqdim etdi.

Kitab təqdimatı Fırat TV vasitəsilə canlı yayımlanırdı və C.Cabbarlının mahnılarının da yer aldığı Azərbaycan və Türkiyə müğənnilərinin geniş konsert proqramı ilə başa çatdı.

 

 

İsmət SƏMƏDQIZI,

AMEA Nizami adına Ədəbiyyat

İnstitutunun əməkdaşı

 

525-ci qəzet.- 2012.- 3 mart.- S.15.