Eybəcərləşmiş
kapitalizm və “izm”lərə əlvida
XX əsrin son onilliyində Avrasiya qitəsində
yeni dövlətlər meydana gəldi. Onlar sosializm
quruluşunun süqutu hesabına yaransa da, öz sələfinin
irsi əlamətlərindən bütünlüklə imtina
etdilər. Dialektikanın inkarı inkar qanunun tələblərinə
əsaslanaraq, vaxtilə sosializmin inkar etdiyi quruluşu yeni
keyfiyyətdə həyata gətirmək istəyirdilər.
Balıq nəsil vermək üçün şirin sularda
kürü tökəndə özünü məhvə
atdığı kimi, SSRİ-nin dağılması ilə
çoxlu müstəqil dövlətlər həyat səhnəsinə
çıxdı. Ana termitin yumurtasından əmələ gələnlər
nə qədər ona bənzəyirlərsə,
keçmiş fövqəldövlətin bətnindən
çıxanlar da o qədər ona bənzəyirdilər.
Keçmiş SSRİ-nin ərazisində
baş qaldıran, ərazi və əhali ölçüləri
və iqtisadi potensialları ilə bir-birindən fərqlənən
dövlətlər dünya birliyi ailəsinə daxil oldu. Yeni
dövlətlər elə bil ki, sosializm quruluşuna nifrət
ruhu ilə bir-birilə yarışa girişmişdi. Köhnə
cəmiyyətin ən qiymətli mirası olan sosial ədalət
prinsipi də yaramaz bir xüsusiyyət kimi rədd edildi. Təknədən
çirkli su ilə birlikdə uşağın
atılması variantı da hakimiyyət nümayəndələrində
təəssüf hissi yaratmırdı, guya yeni cəmiyyət
sosial məsələlərə tam biganəlik göstərməklə
özünün kapitalizmə sədaqətini nümayiş
etdirəcəkdir. Əvvəlkindən tam fərqli olan
quruluşu yaratmaq həvəsi altında, köhnə cəmiyyətin
daşı üzərində daş qalması
ehtimalının özü qəbahət hesab edilirdi.
Aparılan özəlləşdirmə çox hallarda
quldurluq xarakteri daşıyırdı. Xalq müstəqilliyə
və totalitar cəmiyyətdən qurtulmağa can
atırdı, lakin böyük ümidlər bəslədiyi
bu metamorfozadan ilk növbədə özü əziyyət
çəkməli oldu. Nisbətən çətinliklərsiz,
daha doğrusu ən azı çörək qazanmaq barədə
problemi olmadan yaşamağa adət etmiş kütlə birdən-birə
görünməmiş ehtiyac girdabına yuvarlandı,
yoxsulluğun, aclığın sərt sifəti ilə
üzləşməli oldu. Əhalinin xeyli hissəsi, yoxsul həyat
tərzinin nə olduğunu anlamağa başladı. Bu
ölkələrdə mübadilədə tətbiq edilən
pulların denominasiyası əhalinin əmanətlərini,
ehtiyatlarını heçə endirdi. İnflyasiya dördnala
çalırdı. Rusiyada inflyasiya 1000 faizdən yuxarı
qalxmışdı. Keçmiş fövqəldövlətin
varisi olan nəhəng bir ölkə 90-cı illərdə
iqtisadi, sosial və psixoloji fəlakəti yaşamalı oldu.
Yeni dövlətlər özünü
iqtisadi cəbhədə sınamaq, əhalinin ümidlərini
doğrultmaq əvəzinə, elə bil ki, öz vəzifəsini
iqtisadiyyatı dağıtmaqda görürdü.
İqtisadiyyata, birinci növbədə istehsala dəyən
böyük ziyan hesabına həmin ölkələrin
müstəsna qaydada hamısında gur işsizlər ordusu
yarandı. Elə bil ki, insanların yaşaması üçün
vacib şərt olan əmək hüququ da yeni quruluş tərəfindən
ləğv edilmişdi. Təkcə Rusiyada 12 milyon nəfərlik
iş yeri bağlandı, başqa ölkələrdə də
müvafiq mütənasiblik mövcud idi.
Əgər SSRİ işsizliyin ləğvi
ilə öyünürdüsə, hətta vaxtilə
İtaliyan kommunist partiyasının lideri Palmiro Tolyatti (indi
onun adını Rusiyanın nəhəng avtomobil zavodu yerləşən
şəhər daşıyır) təklif etmişdi ki,
sosializmin təbliğində işsizliyin ləğvi ön
plana çəkilsə, onda digər cəzbedici xüsusiyyətləri
axtarmağa da elə bir ehtiyac olmayacaqdır. Həmin geniş
ərazidə artıq işsizlik tufanı tüğyan edirdi.
Əlbəttə, işsizliyin ləğvini
mütləq nailiyyət hesab edən quruluş belə
münasibətin özündən həm də əziyyət
çəkməli olurdu. Cüzi rentabelliklə, hətta
ziyanla işləyən çox sayda müəssisələrin
mövcudluğuna dözülürdü ki, onların yerləşdiyi
yaşayış məntəqələrində əmək
qabiliyyətli əhali işlə təmin edilsin. Ona görə
də əmək məhsuldarlığı səviyyəsi
qabaqcıl ölkələrdən çox-çox geri
qalırdı, bu isə iqtisadi irəliləyişin tormozuna
çevrilirdi.
Yeni dövlətlər əsasən təkcə
aqrar sahədə sosializmin varlığının elementləri
olan kolxoz və sovxozları ləğv etmək işini həyata
keçirməklə kifayətlənməyib, işləyən
fabrik və zavodların bağlanmasına, ləğv
olunmasına girişdi. Sonralar səbəb kimi onların
istehsal etdiyi məhsulların rəqabətə davam gətirməməsi
irəli sürülsə də, bu yolla əhalinin tələbatının
bütünlüklə idxal girovu altına düşməsinə
heç cür haqq qazandırmaq olmazdı. Çünki
iqtisadi asılılıq çox hallarda siyasi
asılılığa da yol açır. Axı Böyük
Britaniyanın “İst İndiya” şirkəti Hindistanı
iqtisadi buxova salmaqla, iri subkontinentin həmin dövlətin
müstəmləkəsinə çevrilməsinə şərait
yaratdı.
Müstəqil dövlətlərdəki
iri sənaye şəhərlərinin bir hissəsi az vaxt ərzində
istehsal qəbiristanlığına çevrildi. Təkçə
Rusiyada 1992-1998-ci illərdə ölkəyə dəyən
maddi ziyan bütün Böyük Vətən müharibəsi
illərində dəyən ziyandan 2,5 dəfə çox idi.
Fabrik və zavodların fəaliyyət göstərməməsindən
əhali həm işçi qüvvəsi, həm də
istehsalçı kimi ziyan çəksə də, bu tədbirin,
qəribə görünsə də, bircə şeydə
faydası oldu – həmin şəhərlərin ekoloji şəraiti
xeyli yaxşılaşdı. Çünki ağzı
göylərə dikilmiş uca zavod borularından artıq
havanı çirkləndirən qazlar
çıxmırdı.
Rusiyada, Ukraynada, Belorusiyada qara və əlvan
metallurgiya, alüminium zavodları, bir sıra
maşınqayırma müəssisələri əsasən
yeni texnologiyalar cəlb edilməklə işləməkdə
davam etsə də, başqa ölkələrdə onların
bağlanma prosesi davam etdi. Hətta elmi-texniki tərəqqiyə
xidmət edən, müasirləşməmiş
texnologiyaları tətbiq etmək potensialını itirməmiş
müəssisələr də belə kor-koranə siyasətin
qurbanlarına çevrildi. Bir sıra müasir zavodlar tikinti
üçün dəmir materiallar hazırlayan primitiv
emalatxanalara, sexlərə çevrildi. Hasilat sənayesinə
xidmət edən zavodlar da məhsullarına tələbatın
davam etməsinə baxmayaraq, istehsalı dayandırmaq aqibəti
ilə üzləşməli oldu. Etiraf etmək
lazımdır ki, köhnə müəssisələrin xeyli
hissəsi öz məhsullarının keyfiyyəti ilə
öyünə bilməzdi, onlar sürətlə mənəvi
aşınmalara məruz qalırdılar. Lakin texniki təkmilləşmə
və yeni texnologiyaların tətbiqi hesabına, onlara,
heç şübhəsiz, yeni nəfəs vermək
olardı. Buna iradə və maliyyə resursları lazım
idi, bunları isə dövlət öz üzərinə
götürməli idi. Təəssüf ki, bu işə
cavabdeh olan yüksək vəzifəli məmurlar vaxtilə
partiya tədbirlərində böyük şövqlə
oxuduqları “İnternasional” himninin vacib tələbi olan
“Bütün zor dünyasını biz dağıdacaq,
bünövrəsinə qədər, sonra isə biz yeni dünyamızı
quracağıq” prinsipinə başqa rakursda olsa da, təəccüb
doğuran bir dəqiqəliklə əməl etdilər. Yeni
dünya yaratmaq məqsədi altında hər cür
avantüralara da haqq qazandırmaq mümkündür.
Aqrar sahədə isə iri kollektiv təsərrüfatlar
dağıdıldıqdan sonra yaranan fermer təsərrüfatları
texnika və maliyyə ehtiyatlarına malik
olmadıqlarından, bitkiçilikdə və heyvandarlıqda
vaxtilə qazanılmış az-çox nailiyyətlər
tezliklə sıradan çıxdı, məhsuldarlıq
biabırçı şəkildə aşağı
yuvarlandı, ümumi istehsal yarım əsr əvvəl
mövcud olmuş səviyyəyə düşdü. Onsuz da
təbiətdən asılılığına görə
risq tələb edən kənd təsərrüfatı əməyi
çox hallarda rentabelliyini itirdiyindən, aqrar bölmə
ümidin itirildiyi bir istehsal sahəsinə çevrildi. Vaxtilə
hər qarışından istifadə edilən əkin sahələri,
münbit torpaqlar becərilmədiyindən,
baxımsızlıq ucbatından ölü kapitala
çevrildi. Bir vaxtlar kənd təsərrüfatı
istehsalındakı, şübhəli də olsa böyük
nailiyyətləri ilə öyünən aqrar respublikalar bu
sahədə acınacaqlı iqtisadi geriliklə, əhalinin
rifahının kəskin surətdə aşağı
düşməsi ilə fərqlənən məkanlara
çevrildilər. Sosializmin ən eybəcər qalıqlarından
biri olan statistika, uçot rəqəmləri yenə də
köməyə gəldi, mühüm kənd təsərrüfatı
məhsulları istehsalı barədəki saxta rəqəmlərin
dilə gətirilməsi, əslində idxal hesabına yaranan
bolluq görünüşünün mühüm mənbəyi
kimi qəbul olunmaqla, “Potyomkin kəndləri” effekti yaratdı.
Bütün yeni dövlətlər
kapitalizm istehsal üsuluna keçdiklərini bəyan etsələr
də, həmin ölkələrdə bu quruluşa xas olan bəzi
cəhətlər –torpağın və istehsal vasitələrinin
özəlləşməsi özünü
bütünlüklə biruzə versə də – digər
mühüm amillər heç də ənənəvi
kapitalizmin xüsusiyyətlərinə uyğun gəlmirdi, ona
başucalığı gətirmirdi. Sənaye inqilabından
start götürən kapitalizm quruluşu bu yeni dövlətlərin
çoxunda demək olar ki, öz mahiyyətindən – geniş
istehsalın təşkilindən aralı düşdü.
İndi bu ölkələr dünyanın əksər guşələrində
istehsal edilən malların vitrini rolunu oynayır və idxal
hesabına, həqiqətən də əvvəllər
mövcud olan total defisitdən əsər-əlamət
qalmamışdır. Ticarət obyektlərindəki
çeşid rəngarəngliyi izafi bolluqdan xəbər
verir. Lakin bu bolluqda öz sənaye istehsalının payı
olduqca cüzidir. Bəzən hətta hansısa yerli bir əmtəə
nümunəsini tapmaq da müşkül bir işə
çevrilir. Bu ölkələrdə kommersiya, geniş ticarət
və ictimai iaşə şəbəkələri sürətlə
inkişaf etmiş və işçi qüvvəsini absorbsiya
etmək sahəsində mühüm vasitəyə
çevrilmişdir. İstehsalatda məşğulluğa
şərait yarada bilməyən ölkələr xidmət
sahələrinin uğurla öz torunu hörməsi
hesabına çox sayda iş yerləri yaratmağa müvəffəq
olmuşlar. Ehtiyac girdabında boğulanlar üçün
ailəyə qazanc gətirmək naminə zəhmətin hara
sərf edilməsi elə bir əhəmiyyət kəsb etmir.
Fərdlər öz yaşayış tələbatlarını
ödəmək üçün bunu məqbul ayırlar.
Sotsium isə bütövlükdə təkcə ticarət və
iaşə xidməti işçilərindən və
musiqiçilər kastasından ibarət ola bilməz. Əgər
belə olsaydı, onda bu böyük sotsiumu qaraçı
taboru ilə müqayisə etmək olardı.
Bütün bunlar belə bir rəyə gəlməyə
əsas vermir ki, guya ənənəvi kapitalizm ideal bir sistem
olub, problemlərlə üzləşmir. Bu qətiyyən belə
deyildir. Son illərdə kapitalizmin son həddə
çatdığı mənzərəsi görünür.
O ya dalanla üzləşmişdir, yaxud da böhran
çıxılmazlığında ilişib
qalmışdır. Obrazlı desək, kapitalizm karvanı səhrada
azmışdır, səhrada azmaq isə karvan
üçün ən dəhşətli bəladır.
Kapitalizm ümumiyyətlə tamahkarlıqla ekiz qardaşdır.
Pul hərisliyi, daha çox sərvətə sahib olmaq həvəsi
kapitalizmin daim böhranlarla üzləşməsində
mühüm amillərdən biri olaraq qalmışdır.
Lakin kapitalizm müəyyən qorxu ilə
üzləşdikdə özünü müdafiə etmək,
öz varlığını qoruyub saxlamaq üçün
yollar axtarmağa başlayır. Almaniyanın görkəmli
siyasətçisi, kansler Otto fon Bismark Avropanın ilk dövlət
xadimi idi ki, sosial müdafiənin anlaşılan sistemini icad
etmişdi – faciəli hadisəyə, xəstəliyə və
qoca yaşa görə fəhlələrə sığorta təklif
etmişdi. Bismarkın “sosializmi” sonralar Avropanın digər
dövlətləri üçün bir nümunəyə
çevrildi. Heç şübhəsiz, bunların
başlıca təsir gücü inqilaba
çağırış mənbəyi olan sosial-demokratlara
qarşı silah rolunu oynaması idi. Bismarkın uzaqgörənliyi
1918-ci ilin ölümcül böhranı vaxtı
özünü doğrultdu, artıq inqilabi partiya
olmasını dayandıran sosial-demokratlar Bismarkın
yaratdığı imperiyanı qoruyub saxladılar. Bu Bismark
siyasətinin axırıncı və ən gözlənilməyən
nailiyyəti idi.
Kapitalizm XX əsrin əvvəllərindən
proletar inqilabları qorxusu altında sosial güzəştlərə
getməli oldu, əmək haqqı xeyli yüksəldi, iş
günü qısaldıldı, istehsal şəraiti
yaxşılaşdırıldı. Həmin tədbirlər
proletariatın – məfhumun qədim dünyadakı ilkin mənasında
olduğu kimi “övladlarından başqa heç bir
mülkiyyəti olmayanların” bir sinif kimi tədricən
sıradan çıxmasına gətirib çıxardı.
Bu həm də istehsalın inkişafına şərait
yaratdı. Elmi nailiyyətlər və qabaqcıl texnologiyalar
inkişafın lokomotivi rolunu oynadı. Lakin kapitalizm öz
qüsurlarından tamamilə azad ola bilmirdi. XXI əsrin əvvəllərində
banklar, maliyyə qrupları özlərinin yaratdıqları
maliyyə cəngəllikləri, bir-birinə
ötürülən kreditlər hesabına pul bazarında
çaxnaşma yaratdı. İstehsal inkişafının zəifləməsi
və dayanması artan sosial güzəştləri qoruyub
saxlamaq, davam etdirmək imkanlarını məhdudlaşdırdı,
heçə endirdi. Əksər qabaqcıl kapitalist dövlətlərini
maliyyə və iqtisadi böhran bürüdü. Bu böhran
dalğası hələ də çəkilmək bilmir və
qorxulu perspektivlər xofu yaratmaqda davam edir.
Hər bir dövlət öz ölkəsində
sənayenin inkişafına qayğı göstərdikdə,
bunu yalnız təbii sərvətlərin hasilatı ilə məhdudlaşdırmamalıdır,
elmi-texniki tərəqqiyə və qabaqcıl
texnologiyaların tətbiqinə əsaslanan istehsal sahələrinin
yaradılmasını özünün ən vacib vəzifələrindən
biri hesab etməlidir. Ənənəvi istehsal sahələrini
də modernləşdirməklə, onları dirçəltmək
olar. Uzaq Şərqdəki və Cənubi-Şərqi
Asiyadakı dövlətlər yüksək inkişaf həddinə
məhz elmi texniki inqilabın nailiyyətlərindən
geniş istifadə hesabına çıxmışlar. Nəinki
Yaponiya, Cənubi Koreya, Çin, hətta Malayziya, Tailand,
Vyetnam kimi ölkələr də dünyadakı məhsuldar
qüvvələrin yerləşdirilməsində özlərinə
məxsus olan və hörmət hissi yaradan yerlərə
malikdirlər.
Onda bəs postsovet məkanında bərqərar
olmuş quruluşu necə adlandırmaq olar? Bəziləri
buna Rusiya politoloqlarının təbirindən istifadə edərək,
“kumovskiy kapitalizm” – “dostbazlıq kapitalizmi” adını
qoymuşlar. Doğrudan da bu ölkələrdə maddi və
maliyyə resursları xırda bir qrupun əlində cəmləşdi,
onun üzvləri də əsasən dövlət məmurları,
onların qohumları və digər yaxınları idi. Onlar
klan başçılarına çevrilmiş, rusların
ifadəsincə desək, “palçığın içindən
knyazlığa yüksəlmişdilər”. Klan
başçılarının nüfuzu artdıqca traybalizm də
bu şaxələnmiş kök rişələrindən
qidalanmağa başladı.
İlkin kapital toplanması vaxtı baş
verən qarət əməliyyatları bu adamların
böyük sərvət sahiblərinə çevrilməsi
ilə nəticələnmişdi. Asan yolla alınan və istədikləri
qaydada sərf edilən pul kreditləri hesabına yaranan maliyyə
bazası onlara öz güclü mənafe dairələrini
formalaşdırmağa şərait yaratdı. Belə şərait
həm də korrupsiya və rüşvətxorluğun
çiçəklənməsinə gətirib
çıxardı. Ənənəvi kapitalizmin təbiətinin
bəzi dəyişikliklərə məruz qalması, onun
mahiyyətinə əsaslı xələl gətirməsə
də, nisbətən dözülən xüsusiyyətlərini
eybəcərləşdirmişdir. Belə eybəcərliklər
həm də həmin dövlətlərdə avtoritar rejimlərin
bərqərar olmasında səbəb və nəticə
rolunu oynamışdır.
Avtoritar rejimlərin qvardiyası, dövlətdə
mühüm vəzifə kürsüsünə sahib olanlar,
elə bil ki, “Faust sınmasına” məruz qalmağa məhkum
edilmişdilər. Faust ruhunu İblisə
satmışdısa, həmin dövlətlərdəki
yüksək vəzifəli məmurlar buna bənzər qaydada
özlərini var-dövlət aludəçiliyi bütünə
sitayişə həsr etmişlər.
(Ardı var)
Telman ORUCOV
525-ci qəzet.-
2012.- 3 mart.- S.14.