Təhsil sahəsində beynəlxalq
əlaqələr: Azərbaycanın milli mənafeyi naminə
Azərbaycanda təhsil sahəsində
beynəlxalq əlaqələr ölkəmizin milli
maraqlarına və mənafeyinə müvafiq olaraq qurulub. Beynəlxalq
əməkdaşlıq, əsasən, ölkələrarası
müqavilələrə əsasən təhsillə
bağlı birgə tədbirlərin həyata keçirilməsi,
təhsil sahəsində beynəlxalq proqram və layihələrin
reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla
əməkdaşlıq, təhsil müəssisələri
arasında birbaşa əlaqələr, şagird, tələbə
mübadiləsi, müəllimlərin ixtisasının
artırılması, staj keçməsi, müxtəlif təhsil
mübadilə proqramlarını həyata keçirən təşkilat
və digər donor qurumların təqaüdləri
hesabına xaricdə təhsil, dövlət xətti ilə, yəni
təhsil sahəsində əməkdaşlıq haqqında
ikitərəfli razılaşmalar əsasında Azərbaycan
vətəndaşları üçün ayrılan təqaüdlər
hesabına həyata keçirilən xaricdə təhsil və
sair istiqamətləri əhatə edir.
Göründüyü kimi, beynəlxalq əlaqələr
inkişaf və rəqabət üçün əlverişli
imkanlar yaratmaqla yanaşı, son nəticədə təhsilin
keyfiyyət səviyyəsinin yüksəldilməsi vasitəsilə
ölkənin tərəqqisinə gətirib
çıxarır. Bu mənada ölkəmizin müxtəlif
inkişaf mərhələlərində təhsil sahəsində
beynəlxalq əlaqələrə yanaşma da müxtəlif
olub. Təhsil naziri Misir Mərdanovun sözlərinə
görə, müasir dövrdə beynəlxalq əlaqələrin
vacib istiqamətlərindən biri ali məktəblərə əcnəbi
tələbələrin cəlbidir. Təsadüfi deyil ki,
universitetlərin reytinqi müəyyənləşdirilərkən
əsas göstəricilərdən biri orada təhsil alan əcnəbi
tələbələrin sayıdır. Əcnəbi tələbələr
əlavə maliyyə mənbəyi olmaqla yanaşı,
universitetlərdə mədəniyyətlərin rəngarəngliyi
ilə fərqlənən intellektual mühitin yaranmasına
kömək edir, bu isə bütün dünyada inkişaf,
yaradıcı və yenilikçi fəaliyyətin əsasını
təşkil edir. Eyni zamanda bu prosesdə ölkələr
arasında əlaqələr, o cümlədən təhsil əlaqələri
formalaşır. Təhlil göstərir ki, dünyanın ən
yaxşı universitetlərinin reytinq cədvəlində
ön yerləri tutan ali təhsil müəssisələrində
tələbələrin böyük əksəriyyətini məhz
əcnəbi tələbələr təşkil edir: “Azərbaycanda
təhsil sahəsində beynəlxalq əlaqələr, tələbə
və müəllim mübadiləsi Sovetlər Birliyi
dövründə təşəkkül tapsa da, bu əlaqələrin
tarixi XVIII-XIX əsrlərə təsadüf edir. Belə ki, həmin
dövrdə xeyli sayda azərbaycanlılar öz təşəbbüsləri
ilə Avropanın, Rusiya və digər ölkələrin
aparıcı ali təhsil müəssisələrində təhsil
almışdılar. Xüsusi vurğulamaq lazımdır ki, həmin
dövrdə xaricdə təhsil almış mütəxəssislər
sonradan Azərbaycanda ali təhsilin təşəkkülündə
misilsiz xidmətlər göstərmişlər. XIX əsrin
ikinci yarısında və XX əsrin əvvəllərində
Azərbaycanda elmin, mədəniyyətin və məktəb təhsilinin
inkişafında böyük xidmətləri olan Həsən
bəy Zərdabi 1865-ci ildə Moskva Universitetinin
fizika-riyaziyyat şöbəsinin təbiət şöbəsini
əla qiymətlərlə bitirib və ona Universitetin Elmi
Şurası tərəfindən əxlaqına və təhsildə
uğurlarına görə namizədlik dərəcəsi
verilib. Əlifba islahatı sahəsində böyük xidməti
olan Məhəmməd ağa Şahtaxtlı 1879-1880-ci illərdə
Almaniyada Şərq tarixinə dair tədqiqatlara
başlamış, 1898-1902-ci illərdə Parisdə Fransa
kollecində və Ali təcrübə təhsil məktəbində
Şərq dillərindən dərs demiş, Sorbonna
Universitetində fonetika sahəsində tədqiqat
aparılıb. XIX əsrin böyük alimi Mirzə Məhəmməd
Əli Hacı Qasım oğlu Kazım bəy – Mirzə
Kazımbəy 40 ildən çox müddətdə Kazan və
Peterburq universitetlərində professor olaraq dərs demiş, əsərləri
London və Parisdə çap olunmuşdur. XIX əsrdə
Rusiyada şəqşünaslıq elminin inkişafında
ciddi rol oynamış Əbu Turab Vəzirov, Mirzə Məhəmməd
Şəfi, Sadıx bəy Cəfərov, Mirzə Abdulla Vəzirov,
Mirzə Həsən Tahirov, Məhəmməd Əliyev, Mirzə
Abdulla Qafarov, Mirzə Cəfər Rizayev, Ruhulla Əli Axundov,
Mirzə Cəfər Topçubaşov (London Kral Asiya Cəmiyyətinin
üzvü) Rusiyada müəllim və tərcüməçi
kimi fəaliyyət göstəriblər. 1880-1890-cı illərdə
Strasburq Universitetində təhsil almış kimya doktoru
Mövsüm bəy Xanlarov Bakıda üzvi kimya üzrə tədqiqatlara
başlayıb. 1879-cu ildə onun təşəbbüsü
ilə qabaqcıl rus və azərbaycanlı alimləri birləşdirən
Rus Texniki Cəmiyyəti Bakı Şöbəsinin
yaradılması Azərbaycanda kimya və kimya sənayesinin
inkişafına böyük təkan verib. Təsadüfi deyil
ki, təhsil tariximizdə sistemli şəkildə beynəlxalq
əlaqələrin təməli də məhz azərbaycanlıların
xaricdə təhsili vasitəsilə qoyulub, Azərbaycan Xalq
Cümhuriyyəti dövründə ilk dəfə olaraq azərbaycanlıların
dövlət hesabına xaricdə təhsil almağa göndərilməsi
təcrübəsindən istifadə olunub”. Nazirin dediyinə
görə, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti
Parlamenti tərəfindən 100 nəfər azərbaycanlı
gəncin xaricə ali təhsil almağa göndərilməsi
ilə bağlı qərar qəbul edilmiş, onlar
üçün yol xərci və təqaüdlər müəyyənləşdirilib.
Göndərilən tələbələrin 49-u Almaniya, 27-si
Fransa, 4-ü İtaliya, 1-i İngiltərə, 6-sı
Türkiyə və digər ölkələrin ali məktəblərinə
yola salınmışdı. Rusiyada vətəndaş
müharibəsi başladığına görə 13 nəfəri
həmin ölkəyə göndərmək mümkün
olmayıb. Parlament komissiyası tərəfindən 31 nəfər
də əlavə olaraq seçilib ki, onların da
böyük əksəriyyəti öz hesabına, yaxud xeyriyyəçilərin
maliyyə dəstəyi ilə Qərbi Avropa ölkələrinin
ali məktəblərinə göndərilib.
Lakin Azərbaycan Demokratik Cümhuriyyəti
süquta uğrayıb, xalqımız xaricdə təhsil
almağa göndərilən bu soydaşlarımızdan yetərincə
bəhrələnə bilməyiblər. Belə ki,
bolşeviklər hakimiyyəti ələ aldıqdan sonrakı
ilk illərdə xaricə göndərilən azərbaycanlı
gənclərin təhsili barədə Xalq Komissarları
Sovetinin sədri Nəriman Nərimanov tərəfindən
“Xaricə oxumağa göndərilən azərbaycanlı tələbələrə
yardımın davam etdirilməsi haqqında” xüsusi dekret
imzalanıb, ilk vaxtlar onların ali təhsili başa
vurmalarına şərait yaradılsa da, bu iş sonadək
başa çatdırılmayıb. Bu səbəbdən də
onların bəziləri getdikləri ölkələrdə
başqa sahələrdə işləməyə
başlamış, bəziləri isə öz təhsillərini
yarımçıq qoyub vətənə qayıdıblar.
Sonradan onların əksəriyyəti repressiya qurbanı olub:
“Keçmiş Sovetlər Birliyi dövründə Azərbaycanın
xarici ölkələrlə birbaşa təhsil əlaqələri
yaratması imkanları məhdud idi. Bir qayda olaraq həmin
dövrdə əlaqələr ittifaq respublikaları
arasında yaradılırdı. Ümumi orta təhsil sahəsində
belə əlaqələr daha çox
qardaşlaşmış məktəblər, ümumittifaq səviyyəli
bilik və idman yarışları, müsabiqələr vasitəsilə
təşkil edilirdi. Eyni zamanda şagirdlərin və müəllimlərin
ittifaq respublikalarına səfərləri və təcrübə
mübadiləsi formalarından da istifadə edilirdi. Belə əlaqələr
daha çox ali və orta ixtisas təhsili sahəsini əhatə
edirdi. Azərbaycanın ali təhsil müəssisələrinin
beynəlxalq əlaqələrinin tarixi ötən əsrin əvvəllərinə
təsadüf edir. Belə ki, həmin illərdə
yaranmış ali təhsil müəssisələri xaricdə
təhsil almış azərbaycanlı mütəxəssisləri
dəvət etməklə müəllim heyətinin tərkibini
keyfiyyətcə yüksəltmişdilər. Eyni zamanda
yarandıqları ilk vaxtlardan ali təhsil müəssisələrimiz
həm qonşu respublikalar, həm də Asiya, Afrika və ərəb
ölkələri üçün kadr
hazırlığını həyata keçiriblər.
1921-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığı Sovet
Rusiyasının Xalq Maarif Komissarlığına müraciət
edərək ölkədə ali təhsilin təşkilinə
kömək göstərilməsini xahiş edib. Müraciətə
əsasən Azərbaycanın ali məktəblərinə və
elmi-tədqiqat müəssisələrinə daimi işləmək
üçün Rusiyadan görkəmli alimlər göndərilmişdi,
onlar ali təhsil müəssisələrinə tədris-təşkilati
işlərdə böyük yardım göstəriblər.
Azərbaycanlı alimlərlə yanaşı, həmin alimlərin,
eləcə də İstanbul Universitetindən dəvət
olunan Mehmet Fuad Köprülüzadənin Azərbaycan Dövlət
Universitetinin elm və təhsil ocağı kimi
inkişafında əvəzsiz xidmətləri olub. 20-ci illərin
ortalarından azərbaycanlı gənclərin ali təhsil
almaq üçün Moskva, Leninqrad və Rusiyanın digər
iri şəhərlərində yerləşən ali məktəblərə
göndərilməsinə başlanıb. Təkcə
1925-26-cı tədris ilində Rusiyanın ali məktəblərində
120 azərbaycanlı gənc təhsil alırdı. Beynəlxalq
əlaqələrdən danışarkən 60-cı illərdən
Azərbaycanda təqaüd proqramlarını həyata
keçirməyə başlamış Alman Akademik Mübadilə
Xidmətinin (DAAD) fəaliyyətini xüsusi qeyd etmək
lazımdır. Belə ki, DAAD təhsil tariximizdə azərbaycanlıların
Almaniya universitetlərində təhsilini təşkil edən
ilk beynəlxalq təşkilat olmuş və bugünədək
uğurlu əməkdaşlığını davam etdirməkdədir.
Azərbaycanın görkəmli maarif və ictimai xadimi
akademik Mehdi Mehdizadə təhsil sahəsində beynəlxalq əlaqələrin
inkişafında böyük xidmətlər göstərib.
1961-1964-cü illərdə UNESCO-nun təhsil üzrə komitələrindən
birinin üzvü olub, Polşa, Hollandiya, Fransa və bir
neçə Afrika ölkəsində pedaqoji elmin nailiyyətləri
barədə məruzələrlə çıxış
edib. 1970-1980-ci illərdə Azərbaycanda ali təhsilin
inkişafı, o cümlədən ölkədən kənarda
kadr hazırlığı ümummilli lider Heydər Əliyevin
fəaliyyəti ilə bilavasitə bağlıdır. Həmin
dövrdə ölkədən kənarda sistemli şəkildə
kadr hazırlığına başlanıb. Məhz Heydər Əliyev
1970-80-ci illərdə keçmiş SSRİ-nin 50-dən
artıq böyük şəhərinin 170-dən çox ən
məşhur ali məktəbində respublikamızın xalq təsərrüfatı,
elm, təhsil və mədəniyyətinin 80-dən artıq
sahəsini əhatə edən və zəruri ehtiyac duyulan
250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı
gəncin ali təhsil almasına, yüksək ixtisaslı
mütəxəssis kimi hazırlanmasına imkan və şərait
yaradıb”. Təhsil naziri bildirib ki, o illərdə
görülən işlərin millətin mənəvi təkamülündəki
rolunu, dövlətçilik baxımından miqyasını,
mahiyyətini və perspektivlərini dərk etmək
üçün bəzi statistik məlumatları yada salmaq
yerinə düşərdi. 1969-70-ci tədris ilində
respublikadan kənara 60 nəfərlik plana qarşı cəmi
47 nəfər təhsil almağa göndərilmişdisə,
1975-ci ildə bu rəqəm 14 dəfədən çox
artaraq 700 nəfərə çatıb, 1978-ci ildən bu
proses daha intensiv xarakter alıb, respublikadan kənara hər il
800-900 tələbə göndərilməsinə nail olunub.
1969-70-ci tədris ilində ölkədən kənarda təhsil
alanların 40 faizi azərbaycanlı idisə, 1970-80-ci illərdə
bu rəqəm 97.6 faizə yüksəlib. 70-ci illərin
sonundan başlayaraq hər il 800-900 nəfər, 80-ci illərin
əvvəllərindən isə hər il 1000-1400 nəfərədək
gənc Azərbaycandan kənara təhsil almağa göndərilirdi.
Ulu öndər Heydər Əliyevin əsasını
qoyduğu bu ənənəyə əsasən həmin illərdə
Azərbaycan üçün ümumilikdə 15 mindən
artıq mütəxəssis hazırlanıb: “O illəri
çox yaxşı xatırlayıram. Azərbaycanlı gənclərin
SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil
almasına çox ciddi və məsuliyyətlə
yanaşılırdı. Hər il dərs ilinin
başlanmasına bir neçə gün qalmış, indiki
Heydər Əliyev Sarayında onların yolasalma mərasimi
keçirilirdi. Bu tədbirdə o dövrdə ölkəyə
rəhbərlik edənlərin hamısı, o cümlədən
Heydər Əliyev şəxsən iştirak edirdi. Hər il
ali məktəblərə qəbul ərəfəsində
xaricdə təhsil üzrə qəbul planı təsdiq
olunurdu və ali məktəblərin rektorları bu planın
yerinə yetirilməsi üçün məsuliyyət
daşıyırdılar. Təhsil almağa gedənlərin
xüsusi istedada malik olması və onlar arasında azərbaycanlıların
çoxluq təşkil etməsi daim diqqət mərkəzində
saxlanılırdı. Bu hadisələri ona görə dəqiqliklə
xatırlayıram ki, 1984-1985-ci illərdə Azərbaycan
Dövlət Universitetində xaricdə təhsillə
bağlı məsələlərə mən rəhbərlik
edirdim və bu iş üçün məsuliyyət
daşıyırdım. Sovetlər Birliyi dövründə
ölkəmizin ali təhsil müəssisələrində
xarici ölkələrdən olan tələbələrin təhsili
sahəsində də müsbət təcrübə
toplayıb. 1970-1980-ci illərdə Azərbaycanın ali məktəblərində
təhsil alan əcnəbi tələbələrin sayı
artmış, onların əhatə etdiyi ixtisasların
coğrafiyası genişlənib. Əgər 1961-1970-ci illərdə
respublikanın ali məktəblərində 300, 1971-ci ildə
43 ölkədən 943 əcnəbi tələbə
oxuyurdusa, 1979-cu ildə bu tələbələrin sayı 70
ölkədən olmaqla 1915 nəfərə çatıb.
Düşünürəm ki, ali məktəblərimizdə
təhsil alan əcnəbi tələbələrin
sayının artmasında 1962-ci ildə Azərbaycan Ali və
Orta İxtisas Təhsili Nazirliyində xarici əlaqələr
şöbəsinin yaradılmasının, 1971-ci ildə əcnəbi
tələbələrlə iş üzrə katibliyin təsis
edilməsinin də rolu olub. Həmin dövrdə Azərbaycanın
ayrı-ayrı ali məktəbləri ilə keçmiş
İttifaqın ali məktəbləri arasında tələbə
mübadiləsi, professor-müəllim heyətinin
ixtisasının artırılması, elmi-pedaqoji kadr
hazırlığı sahəsində əhəmiyyətli əməkdaşlıq
əlaqələri də yaradılıb. Azərbaycan Dövlət
Universitetinin qiyabi şöbəsində 1943-cü ildə 230
qiyabiçi təhsil alırdı ki, onların arasında
Gürcüstan, Ermənistan, Özbəkistan, Türkmənistan
və digər sovet respublikalarının nümayəndələri
də var idi. 1986-87-ci tədris ilində Universitetdə
dünyanın 61 ölkəsindən 500 əcnəbi tələbə
təhsil alırdı. Onu da yaxşı xatırlayıram,
biz Universitetdə təhsil alarkən burada Çin, Vyetnam və
ərəb ölkələrindən çoxsaylı tələbə
və aspirantlar təhsil alırdılar. 1970-1990-cı illərdə
Universitetin 40-dan artıq müəllimi Asiya və Afrika
ölkələrinə pedaqoji işə göndərilmişdi.
30 nəfər müəllim və elmi işçi isə
inkişaf etmiş Avropa ölkələrində, ABŞ-da və
Yaponiyada uzunmüddətli elmi ezamiyyədə olublar. Azərbaycan
Neft və Kimya İnstitutunda xarici ölkələr
üçün mütəxəssis hazırlığına
başlanması ilə əlaqədar əcnəbi tələbələrə
rus dilini öyrətmək məqsədi ilə 1961/62-ci tədris
ilində regionda ilk hazırlıq fakültəsi və
ümumi institut fakültəsi yaradılmışdı.
Sonradan bu fakültə əcnəbi tələbələrlə
iş üzrə dekanlıq adlandırıldı. Fakültənin
yarandığı ilk illərdə institutda 300-350 xarici vətəndaş
təhsil alırdısa, onların sayı ilbəil artaraq
1980-ci ildə 1200 nəfərə çatmışdı ki,
onlardan 600 nəfərdən çoxu əsas ixtisas fakültələrində
təhsil alırdılar. Bu illər ərzində
hazırlıq fakültəsini Asiya, Afrika və Latın
Amerikası ölkələri olmaqla, dünyanın 83 ölkəsindən
5500 nəfər bitirmişdi. İnstitutu bitirən xarici
ölkə vətəndaşlarından bir çoxu öz
ölkələrinin dövlət və elm xadimləri kimi
yetişiblər. Neft və Kimya İnstitutunda xarici ölkələrdən
kadr hazırlanması ilə yanaşı, bu ali məktəb
tərəfindən 1983-cü ildə 249, 1984-cü ildə
269, 1985-ci ildə 259 nəfər SSRİ-nin müxtəlif ali
təhsil müəssisələrinə təhsil almağa
göndərilib. Bu illərdə İnstitutun 178 nəfər əməkdaşı
elmi stajirovkalarda, konqreslərdə, konfranslarda və
simpoziumlarda iştirak etmək üçün ABŞ,
İngiltərə, Fransa, Almaniya Federativ Respublikası,
İtaliya, Hollandiya, Finlandiya, Yaponiya, Kanada, Polşa,
Macarıstan, Çexoslaviya və Tunisə ezam olunublar. 1970-ci
ildə İnstitutdan 108 nəfər əməkdaşı Əlcəzair,
Tunis, Həbəşistan, Tanzaniya, Nigeriya, Mali, Qvineya, Əfqanıstan,
Pakistan, Hindistan, Livan, Kuba, Şri-lanka, Monqolustan və
Yuqoslaviyaya pedaqoji işə göndərilmişdi.
İnstitut Əlcəzair Neft, Qaz və Kimya İnstitutuna,
Kabul Politexnik İnstitutuna (Əfqanıstan) hamilik edib. 70 nəfərədək
alim bu ölkələrdə milli kadrların yetişdirilməsində
yaxından iştirak edib. 1966-cı ildən İnstitut ADR-in
Frayberq Dağ Akademiyası ilə əməkdaşlığa
başlayıb və bu əməkdaşlıq uzun müddət
müvəffəqiyyətlə davam etmişdir.
Həmin illərdə Zigen Universiteti ilə
başlanmış əməkdaşlıq əlaqələri
indiyədək davam etməkdədir. Neft və Kimya
İnstitutu təcrübə mübadiləsi aparmaq,
ixtisasartırma və mühazirə oxumaq üçün
ABŞ, İngiltərə, ADR, Polşa, Rumıniya, Hindistan və
digər ölkələrdən 90-a yaxın mütəxəssis
qəbul etmişdi. İnstitut tələbələrinin
istehsalat təcrübəsi ADR, Macarıstan və Polşada
keçirilirdi. 1958-ci ildə Türkmənistan, Tacikistan və
Ermənistan Respublikalarının tibb kadrlarına ehtiyacının
ödənilməsinə kömək etmək məqsədilə
pediatriya, sanitariya-gigiyena, stomatologiya və əczaçılıq
fakültələrinə həmin respublikaların sakinləri
üçün plandan əlavə tələbələr qəbul
edilib”. Nazir deyir ki, 1960-1969-cu illərdə Azərbaycan Tibb
İnstitutunda ümumilikdə 149 nəfər Türkmənistandan,
20 nəfər Tacikistandan, 9 nəfər Yəməndən, 2
nəfər İraqdan təhsil alırdı. 1975-1990-cı
illərdə Türkmənistandan olan tələbələrin
sayı 130-a çatmışdı. İranlı tələbələrin
sayı isə 10 nəfər idi. 1990-cı ildə
İnstitutda 7533 tələbə təhsil alırdı ki,
onlardan da 206 nəfəri əcnəbi tələbələr
idi. 1981-1990-cı illərdə Azərbaycan Tibb İnstitutunu
bitirənlər arasında 78 nəfər başqa
respublikalardan olmuşdu. İnstitut tibbi kadrların
hazırlanması prosesində xarici təcrübədən də
yararlanırdı. Belə ki, 1959-cu ildə 15 nəfər,
1960-cı ildə 14 nəfər əməkdaş SSRİ Tibb
Elmləri Akademiyasının doktoranturasına göndərilmişdi.
Azərbaycan Politexnik İnstitutunda xarici ölkələr
üçün mütəxəssislərin
hazırlanmasının tarixi 1969-cu ildən
başlanmışdır. İnstitutda Türkiyə, Pakistan,
İran, Əfqanıstan, Misir, Vyetnam, Hindistan, Kuba, Koreya,
Suriya, Çili, Ekvador, Bolqarıstan, Efiopiya, Banqladeş,
Zambiya, Sudan, Kampuçiya, Monqolustan, Somali, Cənubi Afrika
Respublikası və digər dövlətlərdən olan tələbələr
təhsil almışlar. 1991-ci ilə qədər burada 20
xarici ölkə üçün 1350 nəfər mühəndis
hazırlanmışdır. Eyni zamanda 80-cı illərdə
İnstitutdan SSRİ-nin qabaqcıl ali təhsil müəssisələrinə
tələbələr göndərilirdi. Belə ki,
1983-cü ildə 237, 1984-cü ildə 232, 1985-ci ildə 237 nəfər
tələbə SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə
göndərilib. 1960 –1970-ci illərdə aspirantura xətti ilə
İnstitutun onlarla gənc müəllimi SSRİ-nin Moskva,
Leninqrad (Sankt-Peterburq) və başqa şəhərlərinə
göndərilmişdi: “Onlar tanınmış rus alimlərinin
rəhbərliyi ilə hazırlıq keçdikdən sonra,
elmi və pedaqoji fəaliyyətlərini davam etdirmək
üçün yenidən İnstituta qayıdıblar. Azərbaycan
İnşaat Mühəndisləri İnstitutunda 1982-ci ildə
fəaliyyətə başlayan xarici vətəndaşlar
üçün hazırlıq şöbəsi yalnız Azərbaycanın
deyil, eləcə də başqa respublikaların ali məktəblərində
oxumaq üçün tələbə hazırlayırdı.
Burada 1991-ci ildə dünyanın 30 ölkəsindən 244 nəfər
əcnəbi tələbə təhsil alırdı: “Azərbaycan
Dövlət Konservatoriyasında digər ölkələrin
nümayəndələri – RSFSR, Gürcüstan, Ukrayna, Orta
Asiya respublikalarından, habelə Bolqarıstan, Albaniya,
Monqolustan və Suriyadan olan tələbələr də təhsil
alırdılar. 50-ci illərdə həmin ali təhsil müəssisəsinin
müəllimlərinin bir qrupu təhsillərini davam etdirmək
üçün Moskva və Leninqrad Konservatoriyalarının
aspiranturalarına göndərilmişdilər. Bunlarla
yanaşı Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu, Azərbaycan
Dövlət İncəsənət İnstitutu, Gəncə
Dövlət Pedaqoji İnstitutunda da keçmiş İttifaq
respublikaları üçün mütəxəssislər
hazırlanır, müəllimlər SSRİ-nin müxtəlif
ali məktəblərində ixtisasartırma və təkmilləşdirmə
kurslarına göndərilirdilər. Sovet hakimiyyətinin ilk
illərində Azərbaycanda fəaliyyət göstərən
texnikumlarda digər sovet respublikaları üçün, əsasən,
pedaqoji və kənd təsərrüfatı sahələri
üzrə kadr hazırlanırdı. 1922-23-cü tədris
ilində Azərbaycan Müəllimlər Seminariyasında
Türkmənistan, Gürcüstan, Dağıstan və
Tatarıstandan ümumilikdə 30 nəfər təhsil
alıb. Bu təcrübə sonrakı illərdə də
davam etdirilib, 1925-26-cı tədris ilində Zaqatala, Gəncə
və Quba Kənd Təsərrüfatı texnikumlarında
Özbəkistan, Türkmənistan və Dağıstan
üçün 9 yer ayrılıb. Həmin tədris ilində
pedaqoji texnikumlarımızda Orta Asiya, Gürcüstan, Ermənistan,
Dağıstan MSSR və Qaraçay Çərkəz Muxtar
Vilayəti üçün ümumilikdə 27 yer müəyyənləşdirilmişdi.
1927-28-ci tədris ilində Özbəkistan üçün
10 yer ayrılıb. 29 mart 1930-cu ildə Azərbaycan Xalq
Maarifi Komissarlığının Kollegiyasının qərarı
ilə Azərbaycanın orta ixtisas təhsili müəssisələrində
digər respublika və vilayətlər üçün 330
yer ayrılmışdı. Qərara uyğun olaraq
Dağıstana 172, Türkmənistana 72, Özbəkistana 36,
Tacikistana 33, Krım vilayətinə 17 yer
ayrılmışdı. 1935/36-cı tədris ilində Azərbaycanın
orta ixtisas təhsili müəssisələrində müttəfiq
respublikaların 32 nümayəndəsi təhsil
alırdı. Eyni zamanda həmin illərdə azərbaycanlılar
da digər respublikaların orta ixtisas təhsili müəssisələrində
(Moskva Dövlət Kino Texnikumu, Moskva Sirk Texnikumu, Leninqrad
(Sankt-Peterburq) Xoreoqrafiya Texnikumu və sair) təhsil
alırdılar. Bunlarla yanaşı, əlamətdar hal idi ki,
60-80-ci illərdə Azərbaycanın orta ixtisas təhsili
müəssisələrində xarici ölkələr
üçün mütəxəssislər də
hazırlanırdı. 60-cı illərdə respublikanın bəzi
texnikumları Asiya, Afrika və Latın Amerikasının bir
sıra dövlətləri üçün kadr
hazırlığına başladı. 1964-cü ildə
Bakı Energetika və Neft texnikumlarına Yəmən,
İndoneziya, Əfqanıstan və Kubadan olan ilk əcnəbi
tələbələr dəstəsi gəldi. Onlar əsasən
elektrik maşınqayırma, neft və qazın texnologiyası,
metal emalı dəzgahlarının təmiri və
quraşdırılması və sair ixtisaslara yiyələnirdilər.
Texnikumlarda 1966-cı ildə 19, 1968-ci ildə 45, 1970-ci ildə
31, 1972-ci ildə 60, 1980-ci ildə 176, 1985/86-cı tədris
ilində 248 əcnəbi tələbə təhsil
almışdı. 1985/86-cı tədris ilində təkcə
Bakı Neft Texnikumunda əcnəbilərin sayı 90, Bakı
Maşınqayırma Texnikumunda 92 nəfər olmuşdu. 20 il
ərzində ölkənin orta ixtisas təhsili müəssisələrində
dünyanın 36 ölkəsi üçün 450-dən
çox ixtisaslı mütəxəssis hazırlanıb.
1971-1985-ci illərdə Azərbaycanda xarici ölkələr
üçün kadr hazırlanmaqla yanaşı, texnikum məzunlarının
bir hissəsi işləmək üçün
keçmiş ittifaqın ayrı-ayrı respublikalarına
göndərilirdi. Belə ki, həmin illərdə Kirovabad (Gəncə)
Məktəbəqədər Pedaqoji Texnikumunun 10 məzunu
Qazaxıstanın Şevçenko şəhərinə,
Sumqayıt və Mingəçevir Politexnik
Texnikumlarının məzunlarından bir qrupu Saratov, Ryazan
şəhərlərinə işləməyə göndərilmişdi.
1971-ci ildə Kirovabad (Gəncə) İnşaat Texnikumunun məzunlarından
68-i SSRİ Müdafiə Nazirliyinin, 10-u RSFSR Meliorasiya və
Su Təsərrüfatı Nazirliyinin, 8-i İttifaqın digər
nazirlik və idarələrinin sərəncamına, 5-i
Qazaxıstana göndərilmişdi. Bakı Mədəni-Maarif,
Əzim Əzimzadə adına Dövlət Rəssamlıq
texnikumlarının məzunları işləmək
üçün Gürcüstan, Ermənistan, Türkmənistan
və Dağıstana göndəriş alıblar. Əgər
1964-cü ildə texnikumların 2369 məzunundan 32 nəfəri
Azərbaycandan kənarda işləmək üçün
göndəriş almışdısa, 1979-cu ildə 7833 məzundan
429-u keçmiş ittifaqın müxtəlif şəhərlərinə
işləməyə göndərilmişdi. 1980-ci ildə
respublikadan kənarda işləməyə göndərilən
gənc mütəxəssislərin sayı daha da artdı.
Bakı Neft Texnikumunun 159, Bakı Energetika Texnikumunun 129,
Zaqatala Politexnik Texnikumunun 76 məzunu keçmiş Sovetlər
Birliyinin müxtəlif şəhərlərinə göndəriş
almışdı. Əlbəttə, bir məqalə çərçivəsində
70 illik bir dövrün təhsil əlaqələrini əhatəli
şəkildə şərh etmək çətindir. Lakin təhlil
göstərir ki, həmin dövrdə müttəfiq
respublikalar və digər ölkələrlə
yaradılmış təhsil əlaqələri müstəqillik
dövründə beynəlxalq əlaqələrin
qurulmasında etibarlı təcrübə rolunu oynadı. Təsadüfi
deyildi ki, ulu öndər Heydər Əliyev bu əlaqələrə
müstəsna əhəmiyyət verirdi”.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2012.- 3 mart.- S.10-11.