Şərəflə
yaşanan şair ömrü
Eldar
İsmayıl-70
Martın 10-da tanınmış şair, istedadlı yazıçı-publisist, “Qızıl qələm” mükafatı laureatı, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Əməkdar jurnalist Eldar İsmayılın 70 yaşı tamam olur.
Bu illər ərzində narahat, qəlbi daim yazmaq-yaratmaq əzmi ilə döyünən bir şair ömrü yaşadı Eldar İsmayıl. Bu günədək 40-a yaxın irili-xırdalı kitabın müəllifinə çevrildi. Yaradıcılığının sorağı yaxın-uzaq ellərdən gəldi. Türkiyədə, İranda, İraqda sevilə-sevilə oxundu, Eldar İsmayıl poeziyası. Bir sözlə, müəllifinə şöhrət gətirdi bir-birindən dəyərli sənət əsərləri. Könlünü sözə, ürəyini közə verən şair o zaman başını qaldırdı ki, yaş ömrün ixtiyar çağını-70-i haqlayıb.
Ədəbi fəaliyyətə Eldar Ağbulaqlı imzası ilə başlayan gənc şairin “Kəndimiz” adlı ilk şeiri 1961-ci ildə rayon qəzetində dərc olundu. Bundan sonra dövri mətbuatda müəllifin müxtəlif səpkili yazıları görünməyə başladı. Yuxarıda qeyd etdiyim kimi E.İsmayıl yaradıcılığa çox gənc yaşlarından başlasa da, onun ilk kitabı “Ulu Göyçə” adı ilə 1990-cı ildə “Yazıçı” nəşriyyatında işıq üzü gördü.
Görkəmli folklorşünas alim Yaşar Qarayev və Azərbaycanın böyük şairi Bəxtiyar Vahabzadənin xeyir-duası ilə ədəbiyyata vəsiqə alan bu kitab az bir zamanda ədəbi ictimaiyyətdə böyük marağa səbəb oldu. Bu kitabdan sonra Ulu Göyçənin həsrət alovunu qəlbində yandıran şairin ürəyində sanki sözlə dolu açılmamış gizli bir xəzinə yatırmış:
İçim kürə, Eldar, çölüm ayazdı,
Tanrı dedim, taleyimi o yazdı.
Məni məndə
tapmısansa o azdı,
Məndən
yana bir dünya var, o mənəm.
Bəli, Vətənin hər qarışına, qədim
tarixinə, soy-kökünə dərindən bələd
olan sənətkar qürbətdə qalan ellərimizi
kitabların daş yaddaşına həkk etməyi
qarşısına bir vəzifə kimi qoydu.
Müəllifin narahat günlərinin, yuxusuz gecələrinin
hesabına bir-birinin ardınca sıralanan şeir, poema, roman və
publisistikadan ibarət olan kitablarının hər biri həyatımızın
reallıqlarını özündə əks etdirən yeni
tapıntı kimi canlı salnaməyə çevrildi. Tanınmış
ədəbiyyatşünaslar, tarixçilər bu əsərləri
öz-özlüyündə təhlil edib
ayrı-ayrılıqda bir-birindən dəyərli fikirlər
söylədilər. Yaşar Qarayev, Nizami Cəfərov,
Hüseyn Əhmədov, Teymur Bünyatov, Mürsəl Həkimov,
Qara Namazov, Hüseyn İsmayılov, Həmid Əliyev,
İsmayıl Məmmədov, Türkiyəli alim Mustafa
Özbaş, xalq şairləri Bəxtiyar Vahabzadə,
Hüseyn Arif, İlyas Tapdıq və neçə-neçə
görkəmli elm-mədəniyyət adamları dövri mətbuatda
və elmi-ədəbi monoqrafiyalarda Eldar İsmayılın Azərbaycan
ədəbiyyatındakı müstəsna xidmətindən
ürəkdolusu danışdılar, onun zəngin
yaradıcılığı haqqında geniş söhbət
açdılar.
Eldar
İsmayıl 1942-ci il martın 10-da bir
zamanlar sazımızın, sözümüzün beşiyi
sayılan, indi isə doğmalarının göz
dağına, həsrət yuvasına çevrilən ulu
Göyçədə dünyaya gəlib. İbtidai təhsilini
doğma Ağbulaq kəndində alan
E.İsmayıl 1958-ci ildə qonşu Toxluca kəndində
natamam orta məktəbi bitirərək Bakı Mədəni-Maarif
Texnikumuna daxil olur. O, texnikum təhsilini başa vurub doğma kəndə
qayıdır, əvvəlcə kənd mədəniyyət
evinə müdir təyin olunur, sonralar isə “Dostluq” rayon qəzetində
redaktor müavini vəzifəsində işləyir. O həmçinin
Bakı Dövlət Universitetində təhsilini qiyabi davam
etdirir, Ağbulaq və Şorca kəndlərinin birləşmiş
sovetliyinin sədri vəzifəsində
çalışır. Həmin illərdə Göyçəni
qarış-qarış gəzən E.İsmayıl bədii
yaradıcılıqdan da bir an belə
ayrılmır, “Ulu Göyçə” poemasını
yazır. Poema az bir zaman içərisində
cəmiyyətdə və ədəbi ictimaiyyətdə
böyük əks-səda doğurur. O dövr Azərbaycanın
ünlü şairi Hüseyn Arif yazırdı ki,
Göyçədə böyük bir şair yetişməkdədir.
Çünki hələ o illərdəki bəzi şairlər
“xalqlar dostluğu”ndan dəm vurarkən Eldar İsmayıl erməninin
kim olduğunu yaxşı bilirdi və
gec-tez Göyçənin, eləcə də əzəli
türk torpaqlarının erməni məkrinin girovuna
çevriləcəyini hiss edirdi və narahat olurdu.
1988-ci ildə
Qərbi Azərbaycan torpaqlarının işğalından
sonra Bakı şəhərinə pənah gətirən
E.İsmayıl Dövlət Statistika Komitəsində iki il böyük iqtisadçı vəzifəsində
çalışdıqdan sonra 1990-cı ildə Azərbaycan
Qaçqınlar Cəmiyyəti yaradılır və o burada
ideologiya şöbəsinə müdir təyin olunur. Burada işləyə-işləyə
“Göyçə” və “Ulu Göyçə” qəzetlərinin
təsisçisi və baş redaktoru olur. Onu da qeyd edim ki, bu dövr Eldar İsmayılın bədii
yaradıcılıqla ən çox məşğul
olduğu illərdir. Onun ictimai fəaliyyətinə
diqqət yetirdikdə bir vətəndaş şair kimi
keçirdiyi yüksək səviyyəli tədbirləri qeyd
etməyə bilmərəm. “Aşıq Alı 200-ü
aşırdı”, “Bir Vətən həsrəti, bir
Göyçə qəmi”, “Dədə Ələsgərin
işığında” və bu kimi tədbirlərin
adını çəkmək yerinə düşərdi. Onun “Ələsgər” pyesi1999-cu ildə radionun
tamaşa salonunda səsləndirilir.
Eldar
İsmayılın ömür yolunun 16 ili
bizim kollektivlə bağlıdır. 1997-ci ildə
fəaliyyəti dayandırılmış “Təbib” qəzetinin
nəşri bərpa edilir və elə o vaxtan da Eldar
İsmayıl bu qəzetin baş redaktoru, mən isə məsul
katibi kimi çalışırıq. Mən
bu illəri talemə qismət olan ən dəyərli bir
tapıntı kimi qiymətləndirirəm. Çünki bu dövr ərzində onu
bötöv bir şəxsiyyət olaraq kəşf etdim.
Bəzən həyatda elə sənətkarlara
rast gəlinir ki, onun şəxsiyyəti ilə yaradıcılığı
üst-üstə düşmür. Sözün
kəsəri, fikrin qətiyyəti xarakteri ilə tamlıq təşkil
etmir. Lakin E.İsmayılı tanıyanlar
və yaradıcılığına bələd olanlar bu
xüsusiyyəti daim diqqətlə izləmişlər.
Bu baxımdan Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman
Əmiraslanovun söylədiyi fikir diqqət çəkəndir:
“Eldar İsmayıl vətənpərvər şairdir. “Təbib” qəzetinin baş redaktorudur. Ləyaqətli jurnalist kimi də fəaliyyəti
çox təqdirəlayiqdir”.
Bəli, E.İsmayıl türk dünyasına, millətinə
şərəf gətirən böyük sənətkardır. Onun bu
günümüzədək bir-birindən sanballı,
dövrümüzün, yaşadığımız həyatın
reallıqlarını özündə əks etdirən əsərləri
oxucuların dərin rəğbətini qazanıb. Yuxarıda qeyd etdiyim kimi şairin
yaradıcılığına təkcə ölkəmizdə
deyil, qardaş Türkiyədə də böyük önəm
verilir. Onun osmanlı türkcəsində işıq
üzü görən “Allah amanatı” və” Eldar
İsmayılın seçilmiş şeirləri” adlı
kitabları Türkiyə Cümhuriyyəti Atatürk
Universitetinin Kazım Qarabəkir təhsil fakültəsində
dərslik kimi hazırlanıb. Müəllifin 2005-ci ildə
Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkə
həsr etdiyi “Türkün xilaskarı” poeması qardaş
ölkədə yüksək qiymətləndirilib, Türk
Dünyası Araşdırmaları Uluslararası Elmlər
Akademiyası Yüksək Yönetim Kurulunun Qərari ilə
türk ədəbiyyatındakı xidmətlərinə
görə “Türk ədəbiyyatına hizmət”
ödülü ilə mükafatlandırılıb.
Şairin növbəti dəyərləndirilməsi
“Heyrət” ədəbi dərgisinin dövlət və cəmiyyətin
təməl prinsiplərinin qorunmasını,
inkişafını özündə ehtiva edən səmərəli
ədəbi fəaliyyətinə, ictimai vətəndaşlıq
mövqeyinə görə “Məslək-Şərəf”
diplomu ilə təltif edilib.
Eldar
İsmayılın yaradıcılığı son dövrlərdə
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi
Şurası və Mahmud Kaşğari adına Beynəlxalq
Fondun təşəbbüsü ilə keçirilən
“Soyqırım və erməni təcavüzü” müsabiqəsində
“Göyçənin qisası qalır” tarixi-sənədli
romanı xüsusi mükafata layiq görülüb.
Bütün
bu mükafatların davamı olaraq keçən il Eldar İsmayıl pərəstişkarlarını
daha bir xoş xəbərlə sevindirdi. O, Beynəlxalq Təltiflər
İttifaqı Birləşmiş Millətlərin İctimai
mükafat üzrə şurası tərəfindən ədəbiyyatdakı
böyük xidmətlərinə görə “Şərəf”
ordeni ilə təltif olunub.
Əlbəttə, bütün bu mükafatların
hamısından yüksəkdə dayanan Tanrı
payıdır.
Çünki Ulu Tanrı hər insan
övladına bir ömür payı verir. Kimi bu ömür payını Vətən, torpaq və
insanlarla bölüşür, kimi isə öz mənafeyi
naminə xərcləyir. Belələrinin
yaşam möhləti həyatının bitməsi qədərdir.
Ancaq qəlbində Tanrı sevgisi gəzdirən
əsl sənətkar xalqın ürəyindən keçənləri
qələmə alıb yazıya gətirəndə onun
gözündə ucalaraq el məhəbbətinə
çevrilir. Bunun üçün də
E.İsmayılın 60-65 illik yubileylərinin, o cümlədən
ədəbi-bədii yaradıcılıq gecələrinin pərəstişkarları
tərəfindən necə təmtəraqlı
keçirildiyinin mən dəfələrlə şahidi olmuşam.
Qarşıdan şairin 70 illik yubileyi gəlir. Şübhəsiz
ki, bu da əvvəlki yubileyləritək öz möhtəşəmliyi
ilə yadda qalacaq. Biz bu yubiley tədbirinə
hazırlaşdığımız bir vaxtda şairin vəfalı
ömür-gün yoldaşı Səmayə xanım
dünyasını dəyişdi. Eldar
İsmayılın həmişə qonaq-qaralı olan evinin səhmanı
pozuldu, könlü qübarlandı. Bu
acı xəbəri eşidib-bilən hər kəs şairin
ocağına tələsdi, onun kədərini
bölüşdü. Hüzn mərasimlərində onu
da hiss etdim ki, bu adamların çoxu istər Göyçədə,
istər Bakıda Səmayə xanımın qonaqpərvərliyindən
danışır, xatirəsini əziz tuturlar.
Bəli,
70 il bioloji baxımdan heç də az
deyil. Lakin unutmayaq ki, insan ömrünün mənası
yaşanmış illərin sayı ilə deyil, bu illərin
necə və hansı məqsədlərlə
yaşanması, hansı əməllərə xidmət etməsi
ilə müəyyən olunur. Əgər
Eldar İsmayılın keçdiyi həyat yoluna baxanda
görərik ki, o, sözün əsl mənasında Ulu
Tanrının ona verdiyi bu ömrü şərəflə və
ləyaqətlə yaşamışdır. Mənə elə gəlir ki, belə insanlar
qocalmır, zaman keçdikcə yalnız və yalnız
müdrikləşir.
Mənsur,
Şair-publisist
525-ci qəzet.-
2012.- 6 mart.- S.7.