Hadi Rəcəbli:
“Nə qədər cəmiyyət var, qadınlara
münasibət daim aktual olacaq”
Müsahibimiz Milli Məclisin Sosial
siyasət komitəsinin sədri Hadi Rəcəblidir
–
Hadi müəllim, bir siyasətçi, bir millət vəkili,
bir ziyalı kimi, dövlətlərin və insanların
qadın problemlərinə münasibəti sizcə,
yığcam desək, necədir?
– Bu
sualın mənə verilməsini məntiqi qəbul edirəm.
Çünki 45 illik peşəkar siyasi fəaliyyətimin
bütün mərhələlərində, 20 ilə yaxın
müddət isə Milli Məclisdə bu problemlərlə məşğul
oluram. Ailə, qadın, uşaq problemləri – əlbəttə
hər zaman bütün ictimai-siyasi formasiyalarda aktualdır. Cəmiyyət
nə qədər mövcuddursa, bu problemlər də
mövcud olacaq. Tarixə nəzər salsaq, görərik ki,
bütün dövrlərdə qadınların cəmiyyətdə
bu və ya digər formada üstünlüyü olub, indi də
bəzi xalqlar var ki, anaya görə övladın kimliyini təsdiq
edirlər. Biz əgər dünya dövlətlərinin
konstitusiyalarına, hüquqi-normativ sənədlərinə və
hətta şəriət qanunlarına diqqət yetirsək,
görərik ki, ölkələrdə, dinlərdə,
İslamda qadına olan hörmət və münasibət necədir.
Beləliklə, nə qədər cəmiyyət var, cəmiyyətin
böyük hissəsi olan qadınlara münasibət daim
aktual olacaq.
Sosial siyasətin prioritetlərindən biri
qadındır. Nəyə görə qadın mövzusu
önəmlidir? Əgər biz ailədən
danışırıqsa, ailənin bünövrəsi kimdir?
Əlbəttə qadındır. Diqqət yetirəndə görürük ki, ana
laylası, dili, bəlağəti ilə tərbiyə eləyir.
Yəni bu gün övladlar atanı təqlid eləyirsə,
ananın laylası ilə böyüyürlər.
Qız alanda deyirdilər: “Anasına bax qızını al,
arşınına bax bezini al”, “Anası gəzən
ağacı, qızı budaq-budaq gəzər”. Bunlar əlbətə ki, qədimdən gələn
söhbətlərdir. Amma çox təəssüflər
ki, bizdə doqmatik ailə institutu zaman-zaman özünün bəzi
müsbət dəyərlərini hissə-hissə itirir.
Yəni ailənin bütövlüyü,
nikahın uzun müddətliliyi tədricən
aşınır.
–
Keçmiş sovetlər dönəmində qeyd olunan 8 Martla
indiki zamanda qeyd olunan 8 Martın fərqi nədir?
– Bu
tarixin inqilabi kökləri var, bayramı Klara Setkinlə
bağlayırlar. Sanki elə cəmiyyətin də
belə bir bayrama, günə ehtiyacı var imiş. Elə bil cəmiyyət bu bayramı istəyirmiş.
Sovetlər dönəmində də bu bayram
qadınlara olan məhəbbətin, münasibətin ifadəsi
idi. Mən təəssüf edirəm ki,
Sovet dönəmindəki 8 Mart təntənəsi hazırda
yoxdur, indi yaşanmır. O vaxt yaxşı
yadımızdadır, müəllimlərə çiçək
verilməsi, sinif oğlanlarının qızlara hədiyyə
alması...
İndi də
ola bilər ki, məzmunca bu münasibətlər
mövcuddur. Amma əvvəllər 8 Mart bizim adət-ənənənin
bir elementi olmuşdu. Mən
görürdüm ki, 8 Mart qadına, anaya hörməti, məhəbbəti
ifadə etməyin bir səbəbi idi. Hərdən
görürsən ki, adam səbəb
tapmır, elə-belə gəlib deyəsən ki, “səni
sevirəm, çox gözəl xanımımsan,
uşaqlarımı yaxşı saxlayırsan”. Elə
bil ki, bu bir bəhanədir. Məncə, 8
Mart bayramı qadına olan münasibətin emosional və rəngarəng
ifadə formasıdır. Mən minnətdaram ulu öndərimiz
Heydər Əliyevə ki, təqvimdə il
ərzində mövcud olan bayramlara yenidən baxanda, bu
bayramı Azərbaycan xalqı üçün gözəl
bayramlardan biri kimi saxladı. Bəzi bayramlar 1 may, 7 noyabr və
b. silindi. Amma 8 Mart bayramı qaldı.
–
Kişilərin bayramı məsələsinə, onların
qadınlara münasibəti, qayğısı ənənələrinə
necə baxırsınız?
– SSRİ
dövründə kommunist tərbiyəsi idi, onun tərkib
hissəsi hərbi vətənpərvərlik tərbiyəsiydi.
Möhtərəm Prezidentimiz İlham Əliyev
cənablarının dövlət quruculuğu modelinin
başlıca devizlərindən biri nədir? – milli-mənəvi dəyərlərə
hörmət. Kişilər bayramını
düşünürəm ki, Koroğlu, Babəklə
bağlı bir günə bağlamalıyıq. Kişilik günü, mərdlik günü, qəhrəmanlıq
günü qeyd olunmalıdır.
İndi qadına münasibət dəyişib, həm də
pis mənada dəyişib. Məsələn, mən
baxıram, küçədə oğlanlar qızları itələyir,
onlarla kobud rəftar edirlər. Uşaqlıqda
məktəbdə qızın saçını dartmaq,
qıza ilişməyin bir yolu kimi hesab olunardı. Daha qızlara qarşı indiki bəzi vəhşi
münasibətlər yox idi. Şəhərdə
görürəm ki, qızlarımız cins şalvarları
elə geyinirlər ki, o ismət elementləri itir. Qızların siqaret çəkməyi, içki
içməyi və bəzi narahat hərəkətlərini
görəndə, mən birtəhər oluram. Qadın
yüksək, ali məxluqdur, o daim
ağır olmalıdır.
İslamda şəriət qanunları var, məsələn,
biz deyirik ki, gənclər nikaha girəndə sağlamlıq
haqqında arayış alsınlar, amma bunu bəziləri qəbul
eləmirlər. Şəriət qanunlarında təkcə
bu yox, qızla oğlanın ağzından qoxu gəlir ya gəlmir,
hətta bunu da bilməli imişlər. Təsəvvür
edin ki, bu dərəcədə detallaşdırılıb.
Sağlamlıq haqqında arayışın istənilməsində,
qızların nikah yaşının 18-ə
qaldırılmasında məqsədimiz məhz qızları
qorumaqdır. Biz Ailə Məcəlləsinə
tez-tez müraciət edirik və bu müraciətdə yenə
də qadının mənafeyi öndədir. “Məişət zorakılığı
haqqında”, “Sosial iş haqqında” qanunları da
qadınları düşünərək qəbul elədik.
Bu yaxınlarda “Dağınıq skleroz xəstəliyi
haqqında” qanunu qəbul etdik. Bu xəstəlik
daha çox qızlarda olur. Beləliklə,
biz qadınların, qızların fiziki və mənəvi
müdafiəsilə bağlı qanunvericilikdə də
önəmli addımlar atırıq.
Qadına gərək hər gün qayğı göstərəsən,
təkcə 8 Martda ona ətir almaq, xoş sözlər demək
azdır. Mən
əleyhinəyən ki, həmin gün kişi
qab yuyur, yemək bişirir, qadın işlərini
görür. Bunları qəbul eləmirəm,
gülünc məsələdir. Bütövlükdə
qadına mənəvi qayğı, diqqət, “mənim
balalarımın anası, anamın gəlini, mənim məhəbbətim”
kimi xoş sözlər demək önəmli və vacibdir.
– Müstəqillik
əldə etdikdən bu yana, xüsusilə
də, son illər Avropaya inteqrasiya yolunu tutmuşuq. Ancaq o məkanda fərqli, hətta ailə məsələsi
ilə bağlı bizim qəbul etmədiyimiz məqamlar var.
– Bir həqiqəti
vurgulamaq istəyirəm. Bu gün modern Azərbaycan
dövlətində Prezident İlham Əliyevin bütün məsələlərlə
yanaşı başlıca tələbi nədir? – milli-mənəvi dəyərlərə
hörmət, onlara əməl etmək, nə qədər
çətin olsa da, bu yüksək insani atributları qorumaq.
Əlbəttə, Avropa dəyərləri bizim
dəyərlərdən xeyli fərqlidir, kişinin,
qadının cəmiyyətdəki yeri, evdə
qadın-kişi bərəbərliyinin ifrat modelləri və
s. Bu cür tendensiyalar bəzi hallarda xaricdə oxuyan
övladlarımızda müşayiət olunur. Sevinirəm
ki, əksər hallarda xaricdə təhsil alan
qızlarımız milli-mənəvi dəyərlərimizi
qoruyub saxlayıblar.
Bu baxımdan biz ailəyə qayıtmalıyıq, ailəylə
işləməliyik. Bütün söhbət ailədə
getməlidir, ailə milli-mənəvi dəyərlərimizi
möhkəm qorumalıdır. Bu məsələlər
ailədə formalaşmalıdır, düzdür, cəmiyyətin
də tərbiyədə rolu danılmazdır. Çox təəssüf ki, telekanallarda gedən
bayağı verilişlər, mentalitetimizdən uzaq telefilmlər,
eybəcər şoular milli-mənəvi dəyərlərimizə
olduqca ciddi və dağıdıcı təsir göstərir.
Amma nə edəsən ki, bu artıq reallıqdır,
dünyaya inteqrasiyanın, azad cəmiyyət sisteminin bizim
üçün xoşa gəlməyən
atributlarıdır.
– Azərbaycan
qadınının təhsilə münasibətini necə
qiymətləndirirsiniz?
–
Qadınların orta və ali təhsilə
cəlb olunmasını mən yüksək qiymətləndirir
və alqışlayıram. Nə qədər konservativ
baxış olsa da, mən qızların ali
təhsil almalarını istəyərək, onların əziyyətlə
pul qazanmalarını, ailə büdcəsini
formalaşdırmalarını istəmirəm. Bunu
gərək ailənin başçısı, əsasən
evin kişisi etsin.
Qadın əgər həkimdirsə, müəllimdirsə,
çox cüzi müddətə işə gedərək
fikrini saxlasın, ancaq əsasən uşağına, ərinə
baxsın, ailəsinin qayğıları ilə məşğul
olsun. Yox, əgər həkimliyi, pedaqoqluğu, elm, peşə
yolunda seçibsə, getsin, çalışsın,
uğurlar qazansın, yol açıqdır, mən ona
heç nə demirəm.
Gəlin açıq danışaq, qədimdə
qadınların savadları vardı? Bizim ziyalıların
anaları təhsilli olub? Hər ali təhsilli
ananın uşağı savadlı olur? Amma
bütövlükdə mən tərəfdarıyam ki, analar
savadlı olsunlar. Anaların
uşağın sağlamlığından, biliyindən xəbərləri
olsun. Təəssüf ki, imkanlı ali
təhsilli qadınların uşağını dayə
saxlayır. O uşaq bütün parametrlərilə dayəsinə
oxşayacaq. Bunu da düşünmək
lazımdır. Ali təhsil, elmlər namizədi
şərt deyil, şərt ananın uşağa münasibətidir.
– Hadi
müəllim, yəqin rast gəlmisiniz, bizdə bir
“reallıq” da var ki, bəzi analar öz oğul
övladlarını bəzən qız kimi tərbiyə
edirlər...
– Gəlin
əyri oturaq, düz danışaq. Heç
körpələrimizin, övladlarımızın necə
böyüdüyü ilə maraqlanmışıqmı?
Ana evdə qızını gəlin kimi, oğlunu kişi kimi böyütmək barədə
düşünübmü? Məncə oğlana deyilməlidir
ki, “öz şəxsiyyətini qorumalısan, mənliyini
müdafiə etməyi bacarmalısan, səni təhqir edənin
get cavabını ver!”, qıza isə demək
lazımdır ki, “ismətli ol, başını
aşağı sal, mənəviyyatlı dolan. Evdə
böyük-kiçik yeri bil, əsl azərbaycanlı
qızı, övladı kimi özünü apar!”.
Nə gizlədək, bizdə təhsildə də
müəllimlərlə bağlı problemlər var. Təhsil
ocaqlarında dərs deyənlərin 90 faizi qadındır. Evdə də
uşaqlarla əsasən analar məşğul olur. Belə
olan təqdirdə oğlan uşaqlarının kişi kimi formalaşmasından söhbət
gedə bilərmi? Tərbiyədə ailənin
birinci, cəmiyyətin isə ikinci olduğunu dünya təcrübəsi
artıq təsdiq etmişdir. Məlum həqiqətdir
ki, ailədə də ana, nənə, xala, bibi, böyük
bacı faktorları mövcuddur. Onların
gələcək nəslin necə yetişməsində yeri və
rolu danılmazdır.
Xatirimdədir,
nənəm mənim yerişimə həmişə irad
tutardı, deyərdi: “Başını dik tut, sinəni irəli
ver, şux yeri!”.
Müdrik
qadın öyrədərdi ki, “varını, imkanını,
gücünü səndən zəif, imkansız olanların
gözünə soxma!”. Novruz
bayramında evdə xörək qoxusu çıxanda,
hay-küylü tədbir olanda qonşulara mütləq pay
göndərərdi. Təzə paltar geyəndə
kasıb uşağın yanında öyünməməyi
tövsiyyə edərdi.
Dəhşətə
gəlirəm ki, bəzi ailələrdə kişi
evdə oturur, qadın gecə-gündüz işləyir,
çörəkpulu qazanır. Belə şey
olar? Məncə kişi evlənibsə,
qadını, ailəni yedizdirməli, geyindirməli, problemlərini
həll etməlidir!!!
İstisna etmirəm ki, ailə büdcəsinin
formalaşmasında qadının iştirakı mövcud
olsun. Amma bu, ancaq iştirak kimi olmalıdır. Diqqət yetirsək, dərindən təhlil aparsaq,
görərik ki, pis yola düşən, hətta həbs
olunan kişilərin əksəriyyətinin
günahlarından biri də qadınlarla bağlıdır.
Bir də
görürsən qadın deyir: “Qonşunun arvadı
bahalı şuba geyir, dəyərli sırğaları var. Mənimçün
də al!”. Kişi də
gedir əlləşir, vuruşur, özünü oda-suya
vurur, özünə və ailəsinə ciddi problemlər
yaradır, daim zəlalət və əziyyət içərisində
yaşayır.
Məgər sırğayla ölçülür
qadının məziyyəti, keyfiyyəti? İnanın
ki, boşanmalar da çox hallarda bu səbəbdən olur.
Qadın var ailəni ucaldır, kişini
ucaldır, qadın var ailəni dağıdır, kişini
müflis edir. Sən əgər cəmiyyətdə ərini
hörmətli etmirsənsə, onda sən necə hörmətli
ola bilərsən?
– Öz
şəxsi ailənizdə qadının rolu və yeri necədir?
–
Yoldaşım, iki oğlum, bir gəlinim, iki qızım, iki
kürəkənim var, 5 qız və 3 oğlan nəvəm
var. Mənim qız nəvələrim qız kimi, gəlin
kimi böyüyürlər. Onlar qonaq gələndə
qulluq tuturlar, böyük-kiçik yeri bilirlər. Bu
gün o nəvələr gələcəyin həyat
yoldaşı, ailənin xanımı, oğlan nəvələrim
isə kişi kimi, ailə
başçısı kimi böyüyürlər. Bizim evdə də, bağda da turnik var, oğlan nəvələrim
bizə gələndə deyirlər “baba mən bu gün 10 dəfə
turnikdə dartına bilmişəm”. Yoldaşım
bizim evə gəlin gələndən anamın bütün
paltarlarını, hədiyyələrini özü alar,
qulluğunu tutardı. Baxmayaraq ki,
anamın iki qızı da var idi. Xanımım
qaynanasına necə münasibət göstəribsə,
taleyin qismətindən özü də bu cür
qayğılarla əhatə olunub.
KAMİL
525-ci qəzet.-
2012.- 6 mart.- S.5.