Tofiq Abdinin kostyumu
Qoqolun “Şinel”
hekayəsini, yəqin
ki, bilməyən yoxdur. Yazıçının xüsusi üslubla
qələmə aldığı
hekayədə adi, sadə, etinasız yanaşılan bir adamdan bəhs edilir. Hekayədə insanların sıxıntıları,
məruz qaldıqları
qeyri-bərabərliklər və çəkdikləri
ağrı-acılar əsərin
baş qəhrəmanı
Akaki Akakiyeviçin timsalında göz önündə canlandırılır.
Qoqolun bu əsəri Çar Rusiyasında böyük reaksiyaya səbəb olmuş və əksər tənqidçilər yazarın
guya rus insanını aşağıladığını
söyləyərək, bu
möhtəşəm əsəri
yerdən-yerə vurmuşdular.
Amma çox keçmədi ki, Dostoyevski kimi dahi qələm ustası həmin romanın haqqını qoruyaraq, “Hamımız Qoqolun “Şinel”indən çıxmışıq” – dedi.
Bizim Tofiq abi – Tofiq
Abdin keçən həftəsonu “525-ci qəzet”də
elə bir yazı yazmışdı
ki, həm həftə boyu bütün dərd-sərimi
unudub doyunca güldüm, həm də Qoqolun “Şinel”iylə Tofiq abinin vilvet kostyum
məsələsini müqayisə
etmək imkanım oldu.
Bəzən bir insanı güldürə bilmək
üçün lətifələr
söyləyir, mimikalar
göstərir, çeşidli
zarafatlar edirsən. Bəzən də
gülmək üçün
sadə bir görüntü və ya bir cümlə
bəs edir. Məşhur İsrail yazıçısı Efraim
Kişon şəxsi həyatından bəhs edən “Gülməli bir şey yoxdur”
adlı kitabda, ən çox, sinəsi medalla dolu, yekəqarın generalın əsgərləri
təftiş edərkən
ayağı sürüşərək
yıxılmasına çox
güldüyündən söz
açır. Bu həqiqətən
çox gülməli
bir səhnədir və Çex yazarı Yaroslav Haşekin romanı üzrə çəkilən
“Əsgər Şveyk”
filmində də belə bir səhnə
var. Zatən usta yazarlar üçün bir kəlmə belə ən zəngin komediya yaranması üçün
yetərlidir.
Tofiq abinin keçən həftə
çap olunan “Hesablamalarım fıs çıxdı” başlıqlı
yazısındakı bir
cümlə də komediyanın, məncə,
şah əsəri sayıla bilər. Tofiq abi “Kulis” saytından
böyük bir ümidlə gözlədiyi,
ancaq heç cür ala bilmədiyi qonorarını düşünüb,
hər gün vitrində gördüyü,
bəyəndiyi bir kostyumun xəyalını
qurmaqdadır və pul almayıb xəyalı gerçəkləşməyincə
də özlüyündə
bir çözüm yolu tapır, iş yoldaşlarına üz tutur. Davamını öz yazısından oxuyaq: “Dedim ki, yoldaşlar
bir kostyum var, gəlin belə eləyək, kimə şalvar lazımdırsa o kostyumu alaq, şalvarı o götürsün, pencək
də mənə qalsın. Bir nəfər təkliflə
razılaşdı, məlum
oldu ki, ona da pencək
lazımdı, şalvar
istəmir. Bu da belə fıs
çıxdı”.
Təbii
ki, insanların əmək haqlarına, xəyallarına və xəyal qırıqlıqlarına
gülmək insana yaraşan iş deyil. Amma nə etməli,
bəzən ən böyük acıların
içində də komiklik vardır və insan inildəyə-inildəyə
gülə də bilir. Məsələn, qarda yürüyərkən
yıxılıb bir yerimiz əziləndə gülmürükmü? Bu
da eynilə belə bir vəziyyətdir.
Tofiq abi çox mütəvazi bir insandır. Bütün yazılarında
və şeirlərində
həyatdan, insandan, taledən, özündən,
hətta inanmadığı
Tanrısından belə
şikayət edər.
Şikayətlərin bir faydası
olmadığını da
çox yaxşı bilir, amma yenə
də şikayətlənir.
Bu son yazısı da şikayət dolu bir yazıdır.
Amma bu kiçikhəcmli
yazı film ola
biləcək qədər
zənginliyə malikdir.
Bir yazarın əməyi, əməyinin
gətirəcəyi gəlirlə
qurduğu xəyallar,
xəyalların puç
olması, yaşadığı
evin, məhəllənin,
şəhərin və
münasibətdə olduğu
insanların ziddiyyətləri,
bəlkə də harmoniyasıdır... Sonra
çarəsizliyi və
partlatdığı bir
komediya bombası...
Özünün bilib-bilmədiyindən xəbərim
yoxdur, amma Tofiq abinin təkcə
bu yazısında deyil, bütün yazılarında dərin bir yumor gizlənir. Məsələn, yetmiş yaşı ilə bağlı yazdığı yazılar
silsiləsindən bəzilərini
mən burda – Almaniyada olan dostlarıma oxumuşdum və doyunca gülmüşdük. Məncə, Azərbaycanda heç kimin ad günü bu qədər qalmaqala səbəb olmamışdır.
Təbii, onu da qeyd
etməliyəm ki, əksər komediyaların
arxasında da bir hüzn, bir dərd gizlənir. Tofiq abinin
yazılarına güldükdən
sonra gözlərim dolur, ürəyim sıxılır. Bunun səbəbi
isə bu toplumun hələ də 70 yaşını haqlamış bir sənət adamına bir kostyum ala biləcək imkan yarada bilməməsidir.
Ah Şərq, ah! Bu qocaman
Şərq nə vaxt düzələcək,
bilmirəm!
Tofiq abi dostumdur deyə demirəm, amma Türkiyədə deyildiyi
kimi, “aha şuraya yazıyorum”, onun həftəlik yazdıqları
oxunduqdan sonra zibilliyə atılacaq yazılar deyil. Gün gələcək,
o yazılar yaşadığımız
zamanın şahidləri
olacaq və bəlkə də gələcəkdə tələbələrə,
21-ci yüzillikdə yaşayan
bir yazarın həyata və cəmiyyətə baxışı
altında dərs kimi oxudulacaq. Çünki o yazılar nə
qədər bəzi adamlar tərəfindən
“qəzet yazısı”
olaraq görülsə
də, içində
müdhiş bir dram vardır. Bu dram ömrünün çoxunu
yaşadığı bir
sistemin çökməsi
ilə çırıl-çılpaq
ortada qalmış, yönünü itirmiş,
röyaları, dili, kimliyi qarışmış,
bayrağı, qanunları,
hətta ümidləri,
arzuları belə dəyişdirilmiş bir insanın həyat yollarındakı çırpıntılarıdır.
Biz elə bir cəmiyyətin insanlarıyıq
ki, dəyərlərimiz
itib getdikdən sonra onun dəyərini
anlayır və ah-vay edirik.
Nə isə... Dərd çox, həmdərd yox... Əslində bu vəzifəni yerinə yetirmək o yazıda xatırlananların
öhdəsinə düşür,
amma vallahi-billahi, Tofiq abi, mən
orda olsaydım, o dediyin şalvarı sənə alardım...
Orxan ARAS
525-ci qəzet.- 2012.- 6 mart.- S.7.