Qüdrət Həsənquliyev:
“Azərbaycan Türkiyə-Fransa münasibətlərinin
yaxşılaşdırılmasına da
yardımçı olmalıdır”
Müsahibimiz Bütöv Azərbaycan
Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili
Qüdrət Həsənquliyevdir
–
Qüdrət bəy, bildiyiniz kimi, Fransa Konstitusiya
Şurasının fevralın 28-də keçirilən
iclasında qondarma erməni soyqırımının
inkarına görə cinayət məsuliyyətini nəzərdə
tutan qanunun ləğv edilməsi barədə qərar qəbul
olunub. Fransa Konstitusiya Şurasının bu qərarını
necə qiymətləndirirsiniz?
– Fransa
Avropa Birliyinin iki aparıcı ölkəsindən biri kimi
Avropada, eləcə də bütün dünyada
demokratiyanı, insan hüquq və azadlıqlarını, beynəlxalq
hüquq normalarını dəstəkləyən ölkə
olmaq iddiasındadır. Bu iddiada olan dövlətin parlamentində
belə bir qanunun qəbul edilməsi onun beynəlxalq
nüfuzuna çox ciddi ziyan vururdu. Bu baxımdan, Fransa
Senatının 70-dən artıq senatorunun qanunun ləğvi
ilə bağlı Konstitusiya Şurasına müraciəti və
bu müraciət əsasında Konstitusiya Şurasının
verdiyi qərar Fransada hakimiyyət bölgüsünün,
demokratik prinsiplərin və qanunun aliliyinin qorunduğunun
nümayişi oldu. Biz Fransa Konstitusiya Şurasının qərarını
alqışlayır və ümid edirik ki, Sarkozinin eyni qanunu
yenidən qəbul etdirmək cəhdləri boşa
çıxacaq.
–
Sözügedən qanun Fransa parlamentinin Nümayəndələr
Palatasında qəbul olunanda siz hökuməti soyuqqanlı və
təmkinli davranmağa çağırdınız. Sizcə,
Azərbaycan hökumətinin soyuqqanlı addımları
Fransa Konstitusiya Şurasının qəbul etdiyi qərarda bu
və ya digər şəkildə rol oynadımı?
– Sübhəsiz
ki, qondarma erməni soyqırımının inkarına
görə cinayət məsuliyyətini nəzərdə
tutan qanunun Fransa parlamentinin Nümayəndələr
Palatasında qəbulundan sonra Azərbaycanda və Türkiyədə
müəyyən müxalif qrupların kəskin bəyanatlarla
çıxış etməsi başa düşülən
idi. Amma Azərbaycanda belə bəyanatlarla
çıxış edənlərin bir hissəsi bəzən
ifrata varırdılar. Bu məsələdə proseslərin
sonunu gözləmədən ən son deyiləcək
sözü öncədən dilə gətirmək,
aşırı kəskin davranışlar Fransa ilə
münasibətlərin tamamilə pozulmasına yol aça bilərdi.
O zaman biz yeganə siyasi partiya olduq ki, hakimiyyəti
soyuqqanlı və təmkinli davranmağa, qanunun ləğvi
üçün sonuncu imkan tükənənədək
bütün mümkün vasitələrdən istifadə etməyə
çağırdıq. Azərbaycan hökuməti
Fransanın bütün siyasi dairələrini
qarşısına almamaqda doğru addım atdı.
Əminliklə
deyə bilərəm ki, bu qanunun ləğvində Azərbaycanın
soyuqqanlı və təmkinli davranışları, Fransa
parlamentinin dostluq qrupuna daxil olan senatorların Azərbaycana səfəri
rol oynadı. Fransa parlamentinin dostluq qrupunu təmsil edən
nümayəndə heyəti Azərbaycana səfər etməklə
ölkəmizin əhəmiyyətini önə çəkdilər,
Azərbaycanın xüsusi həssaslıqla
yanaşdığı belə bir antidemokratik qanunun qüvvədə
qalmasının ölkələrimiz arasındakı
münasibətlərə xələl gətirə biləcəyini
Fransa cəmiyyətinə və siyasi dairələrə
xatırlatdılar. Qanunun ləğvi ilə bağlı
Konstitusiya Şurasına müraciət edilməsi
üçün imza toplanılmasında Fransa-Azərbaycan
dostluq qrupunun kifayət qədər xidməti oldu.
Yaxşı ki, hər şey bizim arzuladığımız
kimi oldu. Əgər Fransa ilə münasibətləri
korlasaydıq, indi olduqca arzuolunmaz bir vəziyyətlə
qarşı-qarşıya qala bilərdik.
Azərbaycanda
müəyyən qüvvələr var ki, onlar nəyin
bahasına olursa olsun ölkəmizin münasibətlərini
dünya siyasətini müəyyənləşdirən
dövlətlərlə, o cümlədən qardaş
Türkiyə ilə korlamağa çalışırlar. Belələrinin
qənaətinə görə, bu yolla onlar Azərbaycanda
siyasi hakimiyyətin dəyişməsinə nail ola bilərlər.
Ancaq düşünmürlər ki, bu aqressiv və affekt vəziyyətində
yürüdülən yanlış siyasət son nəticədə
Azərbaycanın dövlət maraqlarına, Azərbaycan vətəndaşlarının
rifahına ziyan gətirir.
–
Qeyd etdiyiniz məsələ özünü Azərbaycanla
İsrail arasında 1,6 milyard dollarlıq silah
alqı-satqısı ilə bağlı saziş haqqında məlumatlar
yayıldıqdan sonra da büruzə verdi...
–
Sözün doğrusu, belə bir sazişin imzalanması Azərbaycan
xalqının böyük əksəriyyəti kimi məni də
sevindirdi. Çox şadam ki, Azərbaycan buna nail ola bilib.
Etiraf edim ki, İsraillə imzalanan bu saziş Azərbaycan
hökumətinin uğurudur. Ona görə ki, bu gün bir
çox ölkələr Ermənistana görə bizə
silah-sursat və hərbi texnika satmaqdan imtina edir. Bununla
bağlı bir məqamı xatırlatmaq istəyirəm:
Türkiyə Azərbaycana özüyeriyən artilleriya
qurğuları satmaq istəyəndə Almaniya həmin
qurğular üçün mühərrikləri Türkiyəyə
verməkdən imtina elədi. Təəssüf ki, bu gün
Azərbaycanda bəzi siyasi partiyalar Almaniyanın təbliğatı
ilə məşğul olur və bu dövləti Azərbaycanın
dostu kimi ictimai rəyə sırımağa
çalışırlar.
Həm
də ona görə bu sazişi uğurlu hesab edirəm ki,
İsrail ən müasir texnologiyalara sahiblənən, modern
silahlar istehsal edən bir dövlətdir. Azərbaycanın bu
silahlara böyük ehtiyacı var. Bu baxımdan, Azərbaycanın
İsraillə imzaladığı sazişi Türkiyəyə
qarşı hərəkət kimi qiymətləndirmək və
təqdim etmək kökündən yanlışdır, qərəzlidir.
Əksinə, Türkiyə sevinməlidir ki, ona qardaş olan
bir ölkənin silahlı qüvvələri ən müasir
silah-sursat əldə edir və güclənir. Azərbaycanın
İsraillə imzaladığı sazişdən heç bir
qonşu dövlət narahat olmalı deyil. Çünki
torpaqlarımızın 20 faizi işğal altındadır, 1
milyon vətəndaşımız öz yurdlarından
qaçqın və köçkün düşüb. Vəziyyəti
dəyişmək üçün isə bu dövlətlərdən
heç biri bizə dəstək vermir, yaxud verə bilmir.
Digər
tərəfdən, Azərbaycan Ermənistanın müttəfiqi
olan Rusiyadan da silah-sursat, hərbi texnika alır. Əgər
İran da ən müasir silah-sursat istehsal edə bilərsə
və Azərbaycanın bu silahlara ehtiyacı olarsa, o zaman
ölkəmizin hətta İrandan da silah-sursat almasını
alqışlayarıq. Bizə lazımdır ki, öz hərbi
potensialımızı Ermənistanda 10 dəfə artıq
bir səviyyəyə gətirib çatdıraq. Silahlı
Qüvvələrimizi o səviyyədə gücləndirək
ki, qonşuluğumuzdakı böyük dövlətlərin
də təhdidlərinə cavab vermək gücündə
olaq. Bəziləri Azərbaycanın kiçik bir dövlət
olduğunu önə çəkərək, bunun
mümkünsüz olduğunu bildirirlər. Amma İsrail
nümunəsi bunun əksini sübut edir. İsrail əhalisinin
sayına və ərazisinə görə özündən
10 dəfələrlə böyük olan İranı
basqı altında saxlaya bilir. Düşünmürəm ki,
bizim xalqımızın potensialı İsrail vətəndaşlarından
azdır. Sadəcə xalqımızın öz
potensialını ortaya qoyması üçün əlverişli
bir şərait yaratmaq, elmin inkişafı üçün
yaradıcı mühit formalaşdırmaq, elmə ciddi maliyyə
dəstəyi vermək və bu sahədə mövcud olan
proteksionizmə (himayədarlığa) son qoyulmaq
lazımdır.
–
BAXCP daim ölkənin hərbi potensialının gücləndirilməsini
önə çəkir. Sizcə 1,6 milyard dollarlıq
silah-sursat bunun üçün yetərlidir?
–
Hesab edirəm ki, təkcə 2012-ci il ərzində ən
müasir hərbi texnikanın və silah-sursatın
alınması, həmçinin modern silah-sursat istehsal edən
yeni hərbi zavodların inşası üçün Neft
Fondundan 4-5 milyard dollar vəsait ayrılmalıdır. Biz Azərbaycan
hökumətini bu istiqamətdə təxirəsalınmaz
addımlar atmağa çağırırıq.
Son
olaraq, bir məqama da toxunmaq istəyirəm. Hesab edirəm ki,
Azərbaycan Türkiyə-İsrail münasibətlərinin
yüksək səviyyəyə qalxması üçün
bütün mümkün vasitələrdən istifadə etməli,
İsraili açıq sularda qətlə yetirilən
Türkiyə vətəndaşlarına görə Türkiyədən
üzr istəməyə inandırmalıdır. Bu, hər
iki dövlət, eyni zamanda Azərbaycan üçün də
mühüm önəm daşıyan bir məsələdir.
Eyni zamanda, düşünürəm ki, Azərbaycan
Türkiyə-Fransa münasibətlərinin
yaxşılaşdırılmasına da yardımçı
olmalıdır.
Kamil Həmzəoğlu
525-ci qəzet.- 2012.- 6 mart.- S.4.