Heç kəs haqqında heç nə...

 

(esse)

 

Təklikdən bezən bir sərsərinin ixtirası olan avtobusdaydıq. Həmişəki kimi basırıq, bürkü, baş çatladan qoxu... Səssiz, qaraqabaq, kinli, gürzə dişli sakinlərin yaşadığı səsli şəhərin hay-küyü havanı elastikdən daha çox iyrənc həlməşiyə döndərmişdi...

...Marşrut avtobusu, həmişəki kimi, “Gənclik” metrostansiyasının çıxışında bir neçə dəqiqəlik dayandı. Qapılar açıldı, düşən sərnişinlərin qapı ağzındakı növbəsi hələ qurtarmamış, adamların arasından taleyinin qarası üzünə çökən, üz-gözündən “məndə heç nə alınmadı” oxunan arıq bir kişi güclə içəri girdi. Sağ əliylə bir qutunu sinəsinə sıxmışdı, sol əlində isə bir neçə bağlı nəm salfet tutmuşdu. Onu görəndə istər-istəməz sifətimi turşutdum. Çünki yenə cır, qışqırmaqdan və siqaretdən xırıldayan səsiylə: “Nəm salfetlər, biri iyirmi qəpik, beşi bir manat” – deyə çığırıb, az qala dəyənəklə bir yerə yığdığım fikirlərimi dağıdacaqdı. Və fikirlərim himə bəndmiş kimi qara qarğalartək qara kölgələrini də götürüb əkiləcəkdilər işlərinin dalınca... Amma bu dəfə tam tərsi oldu. Kişi həmişəki nəqaratını xaric səslə təkrar etdikdən sonra, minnət qoyurmuş kimi:

olar hərəniz birini alanda? Cəmi iyirmi qəpikdir, – dedi.

Hamı bir anlıq susub maraqla ona baxdı. Gülənlər oldukimi gizlicə, kimi aşkar. Mən bir balaca qımışdım. Sönük gözlərini boşluğa zilləmiş kişi bunu gözləyirmiş kimi, avtobusdakıların ona qəribə tərzdə baxmaqlarından qorxduğunu açıq-aşkar büruzə verərək, çətinliklə udqunub, boğazında ilişib qalan sözləri düz alnıma nalladı:

– ... Heç olmasa, biz evimizə bir tikə çörək aparaq.

Elə bil başımda sınan xəyali çanağın çatıltısını eşitdim. ürəyimdən qışqıra-qışqıra ağlamaq keçdi. Amma heç tükümü tərpətmədim. Çünki buradakı adamlar mənim niyə ağladığımı anlayacaq qədər anlayışlıydılar, mən tanımadığım adamın alınmayan həyatına ağlayacaq qədər ürəyiyumşaqdım. Elə cəmiyyətimiz dahi Nizamininİsgəndərnamə”də yaratdığı utopik cəmiyyət deyildi. Con MiltonunQaytarılmış Cənnətəsərindəki mələklər aramızda yox idi. Olsa belə, onlar da artıq “Axe”-in son reklamında müqəddəslik haləsini yerə vurub sındırmış, boğaza qədər çirkaba batmışdılar. hamının gözlərinin lap gizli yerindən, bəbəyinin qaranlıq döngələrindənİtirilmiş Cənnət”dəki İBLİS boylanırdı...

..., avtobusdaydıq, axı.

Kişi bir az gözləyib yenə:

Heç olmasa, hərəniz birini alın, – dedi.

Dillənən olmadı, o daha dayanmayıbalınmayanlardanqaçırmış kimi tələsik pillələri endi. Onun pilləkəndə taqqıldayan addımları da yalvarırdıbəlkə, “alınmayanlaralındı deyə:

Hərəniz birini alın...– ...

Bircəciyini...– ...

Bircə tikə çörək...– ...

Heç olmasa...– ...

... Addım səsləriylə birgə qulağımdakı iniltini şəhərin hay-küyü uddu... Sonrasa... Hər şey unuduldu. Əvvəldən heç olmamışdı elə bil. HEÇ KƏS HEÇ NƏ... HEÇ KƏS HEÇ NƏ!!!

 

 

Cavid ŞÜKÜROV

Odlar Yurdu Universiteti

Jurnalistika fakültəsinin III kurs tələbəsi

 

525-ci qəzet.- 2012.- 7 mart.- S.7.