“Molla Nəsrəddin” jurnalı və dövri mətbuata münasibət məsələsi

 

I YAZI

 

Azərbaycan Respublikasının müstəqillik və demokratiya yolunda qətiyyətlə irəlilədiyi, qloballaşmış dünya müstəvisində ölkəmizin xüsusi qüdrət və milli-mənəvi dəyərlərlə təmsil olunduğu çağdaş zamanımızda bir çox elm sahələrinin yeni meyarlarla inkişaf etdirilməsi artıq zərurətə çevrilib. Çünki vaxtilə Azərbaycanın Rusiyaya birləşdirilərək vahid mərkəzdən idarə olunduğu 200 il ərzində azərbaycanlıların elmlərə yiyələnməsi, müxtəlif elmi istiqamətlərdə çalışmaları da rusların işğalçılıq siyasətinə tabe etdirilib. Bu siyasət bolşeviklərin hakimiyyətə gəlməsindən sonra ictimai-humanitar elm sahələrində daha amansızlıqla həyata keçirilib. Xüsusən Azərbaycan mədəniyyəti, incəsənəti yarım əsrdən artıq bir dövrdə birbaşa repressiyanın hökmranlığı şəraitində fəaliyyət göstərib, xalqımızın min illər ərzində formalaşdırdığı estetik dünyagörüşünü, bədii təfəkkürün uğurlarını sətiraltı, boyaarxası üsullarla qoruyub-saxlamaq məcburiyyətində qalıb.

Bütöv bir xalqa ünvanlanan repressiyanın ədəbiyyatımıza və ədəbiyyatşünaslığımıza vurduğu yaralar da dərin olub. Əhməd Cavad, Mikayıl Müşfiq kimi qüdrətli şairlər güllələnib, Hüseyn Cavidlər ömürlərini sürgündə başa vurub, Azərbaycan düşünən beyinlərdən, ağıl kultundan məhrum edilib. Daha dəhşətlisi isə repressiyanın görünməyən tərəfləri, bütöv bir xalqın düşmən elan edilərək təşviş içərisində, qorxu altında yaşaması idi. Bu qorxu hətta repressiya qurbanları bəraət aldıqdan sonrakı onillər ərzində də cəmiyyətdə hökm sürürdü. Zəka səltənətimizin bir çox nümayəndələri mənəvi repressiyaya məruz qalaraq, onların sənətləri laqeydliyin hədəfinə çevrilib, əsərləri yeni nəsillərə təhrif olunmuş formada çatdırılıb. Özünün məşhur “Molla Nəsrəddin”i ilə yatmış Şərqi titrədən Cəlil Məmmədquluzadənin ictimai eybəcərliklərə qarşı mübariz qələmi bolşevik diktaturası şəraitində gərəksiz faktora çevrilib: “1932-ci ilin qarlı və şaxtalı bir yanvar səhərində Cəlil Məmmədquluzadənin vaxtsız ölümü ədəbi aləmdə elə bir o qədər də sezilmədi. Ömrünün son illərində onu çox həvəssiz çap edirdilər. Ədibin ən sevimli balası, bütün Yaxın və Orta Şərqin mətbuat və satira şedevri “Molla Nəsrəddin”in nəşri düz bir il idi ki, dayandırılmışdı. Ədib həm mənəvi, həm də ciddi maddi sıxıntı çəkirdi... Görünür, Mirzə Cəlilin sənəti, onun sosial hədəfi səhvsiz və əyrisiz nişan alan kinayəli nəsri, narahat, çılğın dramaturgiyası, həqiqəti sona qədər, açıq və bütöv deyən satirik, publisist sözü dövrün ruhuna o qədər də uyğun, həmahəng səslənə və zamanın ab-havasına sərfəli görünə bilmirdi... Otuzuncu illərin qeyri-adi, spesifik tarixi iqliminin əlamətləri artıq özünü büruzə verməyə başlayırdı, bir qədər də keçəndən sonra isə o, real gerçəkliyin özünə – acı faktına çevrildi”. (Y.Qarayev “Meyar-şəxsiyyətdir”)

 

Azərbaycanın ictimai fikir tarixində yeni mərhələ

 

Bütün elmi mənbələrin təsdiqlədiyi kimi, “Molla Nəsrəddin” Azərbaycan ədəbiyyatında, publisistikasında, jurnalistika və mətbuatında, ictimai fikir tarixində yeni bir mərhələnin əsasını qoydu. Lakin bu dərgi ilə bağlı təhlillərin daim obyektiv xarakter daşıdığını söyləmək doğru olmaz. Xüsusən məcmuənin, o cümlədən mollanəsrəddinçilərin digər mətbu orqanlarla əlaqələri qeyri-düzgün təhlil edilib, “Molla Nəsrəddin”in nəşri ilə Azərbaycanda guya, tam barışmaz ədəbi cəbhələrin meydana gəlməsi siyasətə tabe etdirilən elmi təfəkkürün əsas tədqiqat predmetinə çevrilib. Azərbaycan ədəbiyyatşünaslığındakı göstərilən nöqsanlı cəhətin aradan qaldırılması istiqamətində ilk uğurlu təhlillərin müəllifi akademik İsa Həbibbəyli “Cəlil Məmmədquluzadə: mühiti və müasirləri” monoqrafiyasında yazır: “Təəssüf ki, son illərədək mövcud cəmiyyətin ictimai-siyasi tələbləri əsas götürülərək, reallığı çox da əks etdirmədiyi halda, “Molla Nəsrəddin” və “Füyuzat”, hətta C.Məmmədquluzadə və Ə.Hüseynzadə süni şəkildə bir-birinə qarşı qoyularaq, əks cəbhələri təmsil edən ədəbi qüvvələr kimi təqdim edilibdir”.

Əslində Azərbaycan ədəbiyyatşünaslığının XX əsrin əvvəllərində fəaliyyət göstərən dövri mətbuatımız üçün müəyyənləşdirdiyi əks ədəbi cəbhələr yalnız “Molla Nəsrəddin” və “Füyuzat”la bitmir. Ədəbiyyatşünaslığın təqdimatında “Molla Nəsrəddin” – “Həyat”, “Molla Nəsrəddin” – “İrşad”, “Molla Nəsrəddin” – “Tərcüman” və sair kimi barışmaz mətbuat cəbhələri də mövcuddur. Halbuki obyektiv gerçəklik, hansı ədəbi cərəyanı təmsil etmələrinə baxmayaraq, XX əsrin ilk onilliklərində Azərbaycan mətbuatını təmsil edən qələm sahiblərinin milli azadlıq uğrunda, Vətən naminə gərgin mübarizə apardıqlarını təsdiqləməkdədir. Budur, elmi təfəkkürün son qənaətlərindən biri: “Azərbaycan ictimai-bədii fikrinin iki nəhəngi – Əlibəy Hüseynzadə və Cəlil Məmmədquluzadə!..

İllər boyu bizə təlqin eləməyə çalışıblar ki, bunlardan biri xəlqidi, o biri xalqdan uzaq düşüb. Biri böyük sənətkardır, o biri elə-belə.

...Əlibəy Hüseynzadə də, Cəlil Məmmədquluzadə də böyük bir xalqın ağır-ağır getdiyi palçıqlı yolun – eyni bir yolun eyni bir yolçuları idilər.

Hər biri o yolu keçə-keçə öz həqiqətini yaratdı və yaşatdı. O həqiqətin istisinə isindi. Hər ikisinin həqiqəti bir məqsədə doğru aparırdı. Hər ikisi bir işığın üstünə gedirdi. Əslində həqiqət də bir idi, onlara və bizə elə gəlirdi ki, hər birinin öz həqiqəti var”. (K.Abdullayev “Yolun əvvəli və axırı”)

 

Dövrün hakim ideologiyasına uyğun fəaliyyət

 

Bəli, bütün elm sahələrində Azərbaycançılığın milli metodologiya olaraq zəfər çaldığı çağdaş zamanımızda mollanəsrəddinşünaslıqda yer tutan qeyri-obyektiv, həqiqətdən uzaq müddəaların dəqiqləşdirilməsi artıq günün tələbidir. Bu mənada “Molla Nəsrəddin” jurnalı və dövri mətbuat” mövzusu olduqca aktualdır.

Qeyd edək ki, Azərbaycan ədəbiyyatşünaslıq elmində “Molla Nəsrəddin” jurnalı və dövri mətbuat” mövzusunun, demək olar ki, mollanəsrəddinşünaslıq qədər tarixi var. Hələ məcmuənin nəşr olunduğu dövrdə ədəbi tənqid dərginin ictimai-ədəbi fikir tariximizdə yerini müəyyənləşdirmək məqsədilə mütəmadi surətdə “Molla Nəsrəddin”in digər qəzet və jurnallarla müqayisəsini aparıb, bu istiqamətdə müəyyən mənada yalnış fikir tamlığına nail olub. Bu işdə Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığını tədqiqat obyektinə çevirən alim və yazıçıların dövrün hakim ideologiyasına uyğun fəaliyyətlərini ayrıca qeyd etmək lazımdır. Məsələn, 1937-1938-ci illərdə yazdığı “Böyük demokrat” əsərində Mirzə İbrahimov “Molla Nəsrəddin”lə digər mətbu orqanların qarşılıqlı əlaqələrini “iki üslubun mübarizəsi” kimi səjiyyələndirirdi: “Molla Nəsrəddin”in ictimai görüşləri, ideal və meyilləri tezliklə hamıya bəlli oldu. Çox tezliklə dostlar öz məhəbbətlərini, düşmənlər öz nifrətlərini bildirməyə başladılar. Cəbhələr ayrıldı: Mürtəce fikirlərin mərkəzi olan “Həyat”, “Füyuzat”, “Şəlalə” və sair burjua-mülkədar orqanları “Molla Nəsrəddin”in sağlam, tənqidi realizm üslubuna qarşı mistik mürtəce romantizmi irəli sürdülər.

...“Molla Nəsrəddin”lə “Füyuzat” – “Şəlalə” qədər bir-birinə zidd olan iki qütb təsəvvür etmək çətindir”.

Eyni fikirlərin “Molla Nəsrəddin” və mollanəsrəddinçilər”də də yer tutduğunu görürük: “İyirminci əsrin əvvəllərində mürəkkəb, ziddiyyətli şəraitdən doğan inqilabi-demokratik mətbuatla burjua məfkurə orqanları arasında barışmaz ideya döyüşü gedirdi. “Molla Nəsrəddin” cəbhəsi ilə “Həyat” və “Füyuzat”ın bir-birinə zidd ideya-ədəbi xətti bu qələm çarpışmasının mərkəzində dururdu. Bunlardan birincisi əsil xalq mətbuatı orqanı idi, zəhmətkeş təbəqələrin arzularına, istəklərinə, mənafeyinə xidmət edirdi. İkincilər isə əsasən hakim sinfin, milli burjuaziyanın mənafeyini təmsil və müdafiə edirdi”. (F.Hüseynov “Molla Nəsrəddin” və mollanəsrəddinçilər”)

 

Siyasi, ədəbi, iqtisadi, ticari türkcə cərideyi-islamiyyə

 

Əlbəttə, ədəbiyyatşünaslığımızın SSRİ dönəmindəki 70 illik tarixində yüzlərlə eyni məzmunlu müddəalara rast gəlmək mümkündür. Bununla belə, müsbət haldır ki, tədqiqatçıların böyük əksəriyyəti “Həyat” və “Füyuzat”ın timsalında əks cəbhə nümayəndələrinin milli burjuaziya tərəfində dayandıqlarını göstərərək, məhz elə bu məqamda fərqinə varmadan yenilikçi olduqlarını təsdiqləyiblər.

Bəli, ədəbiyyatşünaslığımızda “Molla Nəsrəddin” jurnalı və dövri mətbuat” mövzusunun xeyli tarixi olsa da, əsil, obyektiv gerçəklik gizlədilib, daha doğrusu, tərəqqipərvər Azərbaycan ziyalılarının irtica ilə mübarizəsinin ünvanı dəyişdirilib. Moskvanın planı əsasında ölkəmizdə geniş ictimaiyyətə bu barədə saxta informasiyalar çatdırılıb. Lakin bu gün Azərbaycan Respublikasında milli ideologiyanın təntənəsi obyektiv gerçəkliklərin öyrənilməsini və gələcək nəsillərə çatdırılmasını tələb edir. Bu tələbi reallaşdırmaq istiqamətində araşdırma aparılan zaman təbii ki, “Molla Nəsrəddin” mövzusuna müraciət edən, eləcə də “Molla Nəsrəddin”in səhifələrində haqqında söz açılan Azərbaycan dövri mətbuatı və onun əsas nümayəndələri barədə də danışmaq gərəkdir.

“Molla Nəsrəddin” jurnalı müəlliflərinin dönə-dönə söz açdığı, həmçinin öz səhifələrində müntəzəm surətdə Yaxın Şərqin ilk satirik məcmuəsindən bəhs edən mətbu orqanlardan biri “Həyat” qəzetidir. 1905-ci il iyunun 7-də Bakıda fəaliyyətə başlayan “Həyat” hər gün çıxan “siyasi, ədəbi, iqtisadi, ticari türkcə cərideyi-islamiyyə” idi. “Həyat”ın redaktorları Əli bəy Hüseynzadə və Əhməd bəy Ağayev, naşiri Ə.Topçubaşov idi.

Bu qəzetin demokratik ədəbiyyat və ictimai fikrin inkişafına müəyyən müsbət təsiri olub. “Həyat”da Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Axund Əbutürab və başqalarının inqilabi hərəkatın mahiyyətindən bəhs edən məqalələrinə, habelə çar dumalarındakı görkəmli şəxsiyyətləri mədh edən yazılara geniş yer verilirdi. “Həyat”ın müəllifləri “adi bir islam mübəllaği kimi və şəriət vaizi kimi müsəlman qardaşları islam dinində, dəxi də sabitqədəm və bərqərar olmağa dəvət edirdilər”. Qəzet hələ birinci nömrəsində “bizim üçün islam xaricində nicat yoxdur”, – deyə “hər şeydən əqdəm islamda bulunmaq, islamda qalmaq” şüarını irəli sürürdü. “Həyat”ın müəllifləri xalqın milli azadlıq hərəkatını milli burjuaziyanın mövqeyi ilə birləşdirməyə çalışırdılar ki, bu da millətçi və dini şüarlar altında xalqa, onun azadlıq uğrunda apardığı fədakar, çətin mübarizəyə kömək anlamında düşünülməlidir.

 

Rus dövlətinin şəraiti-iqtisadiyyə və siyasiyyəsi daxilində tərəqqi

 

Çarizmin azadlıq mübarizəsinə qarşı tədbirlərini tənqid edən, “Həyat” qəzeti islamçılıq və türkçülük ideyaları təbliğ etdiyi, Rusiya müsəlmanlarının birləşməsi məsələsini ortaya atdığı, öz səhifələrində bir çox tərəqqipərvər müəlliflərə yer verdiyi üçün hökuməti təşvişə salırdı. Başqa sözlə, çar hökuməti “Həyat”ın “biz türklük və islam dairəsində və rus dövlətinin şəraiti-iqtisadiyyə və siyasiyyəsi daxilində tərəqqi etmək istəyiriz”, – kimi sözlərinə çox da inanmırdı. Məhz çarizm siyasətinə qarşı olması səbəbindəndir ki, istər rəsmi hökumət dairələrində, istərsə də mətbuatda “Həyat”ın yeritdiyi siyasət ətrafında böyük mübahisə və münaqişələr törənmişdi. Qafqaz mətbuat komitəsinin sədri Qakkel 15 iyul 1905-ci il tarixli rəsmi bir sənəddə “Həyat” kimi mətbuat orqanlarının panislamizm və pantürkizm təbliğatını nəzərdə tutaraq yazırdı ki, Rusiya müsəlmanları arasında müxtəlif dini və siyasi təlimlər mövcuddur və bunların mətbuat vasitəsilə yayılması hökumətin mənafeyinə ziddir.

Qafqaz mətbuat komitəsində işləyən və “Tiflisski listok”da tez-tez məqalələri çıxan A.İ.Kişmişov, Q.S.Qaraxanov kimi senzorlar “Həyat”ın yeritdiyi siyasəti tənqid edərək, ümumiyyətlə, Azərbaycan mətbuatı və ədəbiyyatına böhtanlar atır, hətta az qala bütün Azərbaycan yazıçılarını “panislamist” adlandırırdılar. Onlar hökumətə bu məzmunda göndərdikləri şeytançılıq məktubları ilə Azərbaycan ziyalılarının yeni qəzet və jurnal çıxarmaq haqqında ərizələrinin rədd edilməsinə də nail olurdular.

Çox səciyyəvidir ki, bir neçə il sonra, 1911-ci ildə çarizm hökumətə xəyanətdə təqsirləndirdiyi “müsəlman mətbuatı” xadimlərinə qarşı cəza tədbirləri gördüyü zaman inqilabi-demokratik ideyalar yayan jurnalistlərlə bərabər, “Həyat”ın yolunu davam etdirərək millətçilik ideyaları yayan bir sıra jurnalistləri də təqib, həbs, yaxud sürgün edib. Belə juranlistlərin içərisində C.Məmmədquluzadə, M.S.Ordubadi, Ömər Faiq Nemanzadə, Əlipaşa Səbur, H.Vəzirov, O.Orucov, Ə.Müznib kimi sabit məsləkli adamlar vardı.

 

Sinfi mübarizədə barışdırıcı, milli məsələdə pantürkist

 

“Həyat” bağlandıqdan sonra, 1906-cı ilin noyabrından nəşrə başlayan “Füyuzat” jurnalı öz sələfinin açdığı yolu daha da dərinləşdirdi. “Həyat” qəzeti kimi, “Füyuzat” da sinfi mübarizədə barışdırıcı, milli məsələdə pantürkist, mədəniyyət sahəsində kosmopolit, dinə münasibətdə optodoks islampərəst idi.

Tərəqqipərvər yazıçıların əsərlərinə xüsusi diqqətlə yer ayıran “Füyuzat” əsas etibarilə türkçü müəlliflərin gücü ilə çıxırdı. Ən fəal füyuzatçılar Ə.Hüseynzadə, Əhməd Kamal və H.S.Ayvazov idi. Ə.Hüseynzadə “Ə.H.”, “Turani”, “Salyani” imzası ilə həm ədəbi-tənqidi, həm də fəlsəfi mövzularda məqalələr çap etdirirdi. “Füyuzat” redaksiyası istedadlı şair-mütəfəkkir Məhəmməd Hadi ilə də bir müddət əməkdaşlıq edib onun yaradıcılığına xeyli təsir göstərib. M.Ə.Sabir, A.Səhhət və A.Şaiq kimi yazıçıların imzasını da “Füyuzat”da görmək mümkündür.

Düzdür, “Füyuzat” səhifələrində çarizmin zülmünü, İran və Türkiyə mütləqiyyət üsulunu, Azərbaycandakı feodal münasibətlərini, Şərq ətalətini tənqid edən yazılar da çap olunurdu. Lakin bu tənqid Azərbaycan millətçi sahibkarlarının mənafeyinə uyğun idi. Ümumiyyətlə, XX əsrin inqilab alovlarını “qırmızı” qaranlıqlar adlandıran Ə.Hüseynzadə bolşevik hərəkatına, sosializm ideyalarına düşmən olduğunu hər əsərində büruzə verirdi. O, Türkiyə “İttihad və tərəqqi” firqəsinin Parisdəki başçıları ilə məktublaşır, türklük və islamçılıq ideyalarını yaymaq istiqamətində iş aparırdı.

Bolşeviklər partiyasının çar mütləqiyyətinə qarşı mübarizə üçün kütlələri silahlı qırğına çağırdığı bir zamanda “Füyuzat” səhifələrində sinfi sülh ideyası təbliğ olunur, “Nicat məhəbbətdədir!” şüarı irəli sürülürdü.

 

“Milli-mədəni muxtariyyat” şüarı ilə müsəlmanları birləşdirməyə cəhd

 

“Füyuzat”ın bütün başqa ictimai-siyasi və mədəni hadisələrə münasibətini onun millətçi ideya istiqaməti təyin edirdi. Çar hökuməti fəhlə hərəkatının qarşısını almaq, inqilabçıları arxayınlaşdırmaq niyyəti ilə bir-birinin ardınca dumalar çağırdığı zaman, “Füyuzat” müəllifləri milli tərəqqi naminə iş aparırdılar. Bolşeviklər müxtəlif milliyyətdən olan zəhmətkeşləri yalançı proletar beynəlmiləlçiliyi bayrağı altında topladıqları zaman, “Füyuzat”ın millətçi müəllifləri islamçılıq və türkçülük şüarları ilə nəinki təkcə azərbaycanlıları, habelə Rusiya imperiyasına daxil olan başqa müsəlmanları da “milli-mədəni muxtariyyat” şüarı ilə birləşdirməyə cəhd edirdilər.

Füyuzatçılar öz ideyalarını yaymaq üçün fədakarlıq edən, lakin hər addımda müvəffəqiyyətsizliyə uğrayan məqsədlərini siyasət planında bir o qədər açıq verə bilməsələr də, ədəbiyyat və dil məsələlərinə gəldikdə əsl niyyətlərini bütünlüklə açıb meydana qoyurdular. “Füyuzat” səhifələrində Azərbaycan ədəbi dilinin və klassik ədəbi irsinin müstəqilliyini, özünəməxsus orijinal, tarixi inkişaf yolu keçdiyini təsdiqləyən yazılar çap olunurdu.

Nizami və Füzuli, Vaqif və Axundov kimi böyük klassiklərin ədəbi ənənələrindən bəhrələnən füyuzatçılar eyni zamanda “İstanbul ədəbiyyatını təqlid” etməyə çağırırdılar. “Füyuzat” və onun müəllifləri bəzən romantizmcəsinə “Hüdudi-Çindən Ab dənizə qədər bütün türklərin şükufeyi-ruhu olacaq bir ədəbiyyati-qərra vücuda gətirilməsi” haqqında xəyallar bəsləyirdilər.

 

“Çindən Ağ dənizə qədər” uzanan torpaqlarda türk hökmranlığı

 

Jurnalın dil siyasəti də eyni dərəcədə maraqlı idi. Füyuzatçılar Azərbaycan xalqını ədəbi dil cəhətdən bütün türk dünyası ilə eyni vəziyyətə salmaq istəyirdilər. Bu cəhdin mənası bundan ibarət idi ki, turançılığın təbliğatçıları “Çindən Ağ dənizə qədər” uzanmış torpaqlarda yaşayan müsəlmanları təkcə ədəbiyyat və dil cəhətindən deyil, türk dövlət cəhətindən də Türkiyənin hökmranlığına tabe etmək fikrində idilər. Onlar kəskin tənqid etdikləri sultan Əbdülhəmidin yıxılması və türk burjuaziyasının başçılığı ilə bir imperiya yaradılması planını hazırlamış Türkiyə millətçiləri ilə əlbir idilər. Təsadüfi deyil ki, bəzi məxəzlərdə Ə.Hüseynzadə açıq-aşkar pantürkizm cərəyanının başçılarından biri adlandırılır.

“Füyuzat” redaktorunun dərin bilik, geniş mütaliə sahibi olması jurnalın mündəricəsinə də müəyyən dərəcədə müsbət təsir edib. Qeyd edək ki, Nizami və Sədi, Şekspir və Bayron, Höte və Tolstoy kimi klassiklərdən tərcümələrin verilməsi, Füzuli, Şiller, Tolstoy, Mendeleyev kimi tarixi simalar haqqında məqalələrin çap edilməsi nə qədər yaxşı təşəbbüs olsa da, “Füyuzat” bu işi elita dilində aparır, burada da yalnız bir təbəqənin insanları nəzərə alınırdı. Bunu göstərmək kifayətdir ki, klassiklərin əsərləri varvarizmlərlə dolu olan ağır, ibarəli bir dillə tərcümə edilirdi. Ə.Hüseynzadə Hötenin “Faust” əsərini belə bir dillə tərcümə etmişdi:

“Ənzari-şəbabımda pədidar olan, ey zill,

Ey zilli-tüluat, oluyorsan, yenə peyda!”

“Füyuzat”dakı xətt-hərəkəti, çox təbii olaraq, bolşevizm ideyalarının daşıyıcılarında ona qarşı kəskin bir etiraz hissi oyatdı. Bolşevik qəzeti “Təkamül” bu jurnalın sosializm ideyalarını təhrif etməsinə qarşı çıxdı, ədəbi ictimaiyyət içərisində füyuzatçılar əleyhinə etirazlar getdikcə çoxaldı. Cəmisi 32 nömrəsi çıxandan sonra 1907-ci il noyabrın 1-də jurnal bağlandı.

 

 

Rufik İSMAYILOV,

Bakı Dövlət Universitetinin doktorantı

 

525-ci qəzet.- 2012.- 7 mart.- S.6.