20 yaşlı “Bəxt üzüyü

 

“Kino” günümüz üçün çox aktual və tələb olunan bir sözdür. Bu sözün işığında hər kəs öz əqli səviyyəsinə, dünya görüşünə, öz mənəviyyatına uyğun məna axtarır. Kino universal sənət nümunəsi olmaqla bərabər, hər bir xalqın özünüifadə vasitəsi kimi mühüm rol oynayır. Azərbaycanda kino anlayışı 1898-ci ildə fotoqraf və nasir Aleksandr Mişon tərəfindən çəkilmiş xronika və bir bədii süjetlə başlamış, sonrakı dövrlərdə bir çox keyfiyyətli sənət əsərləri bu sahədə öz sözünü deməyə çalışmışdır. Azərbaycan kinosu o zamandan bu günə kimi xalqın milli mənəviyyatını, yüksək əxlaqi keyfiyyətlərini əks etdirən güzgü olub.

Mən məhz bu keyfiyyətlərə malik bədii filmlərdən biri olan “Bəxt üzüyü” haqqında söhbət açmaq istərdim. Vaqif Səmədoğlu tərəfindən qələmə alınmış bu bədii əsər uzun illər teatr səhnələrində nümayiş olunmuş, kifayət qədər tamaşaçı rəğbəti qazanmışdı. Bu əsərin kino-ekran həlli isə bir qədər ətraflı variantda quruluşçu rejissor Ramiz Əzizbəylinin təqdimatında öz təcəssümünü tapdı. Əlbəttə ki, artıq yetərincə tanınmış və tamaşaçı rəğbəti qazanmış bir əsəri yeni ampulada göstərmək böyük cəsarət tələb edirdi. Çünki insan gözünün, qulağının artıq mənimsəyib öyrəşdiyi hər hansı bir şeyi yenidən dəyişilmiş formada qəbul etməsi bir qədər çətin olur. Lakin bu dəfə belə olmadı. Bəlkə də madditexniki bazası zəif olsa da, sənət baxımından yüksək keyfiyyətlə, peşəkarlıqla ərsəyə gəlmiş əsərin ekran həlli daha böyük tamaşaçı sevgisi qazandı.

Film ölkə üçün çox ağır bir zamanda, nəinki siyasi, hətta iqtisadi baxımdan çox çətin bir dövrdə –1991-ci ildə istehsalata buraxıldı. Həmin dövrdə indikindən fərqli olaraq filmlər dövlət büdcəsindən maliyyələşmədiyindən Sədrəddin Daşdəmirovun başçılığı ilə “Qara qaya” assosiasiyası bu işi öz öhdəsinə götürdü.

Filmin çəkilişləri Şüvalan qəsəbəsində, bir bağ ərazisində aparılırdı. Mən hələ uşaq ikən filmin çəkilişlərində müşahidəçi qismində iştirak etmişəm. Çəkilişlər qızmar yay aylarında bir az çətin şəraitdə getsə də, gözəl Xəzər dənizi, qumsal, ətrafdakı bağ evləri, tətil-ruhiyyəsi hər şeyi rəngarəng edirdi. Məhz bu baxımdan ekran əsəri özündə müsbət emosiyalar əks etdirir. Film janr etibarilə komediya sayılsa da, ilk baxışda gülüş doğuran bu hadisələr, cəmiyyətdə gedən parçalanmalar tamaşaçıları dərindən düşünməyə vadar etməklə gərgin emosional vəziyyətlər yaradır.

Yay tətili zamanı bir həyətdə ümumi istirahət edən bir neçə ailə cəmiyyətimizə xas olan nəzakət, səmimiyyətlə yay tətilini başa vururlar. Ta ki dırnaqarası mehriban qonşulardan biri özünün “bəxt üzüyü itirənə kimi. Yeni cəmiyyətin formalaşdığı müddətdə gedən təbəqələşmə bu kiçik həyətdə də özünü göstərir. Saxta mehribançılıqla pərdələnmiş münasibətlər bu hadisə ilə aşkara çıxır. Əsərin qəhrəmanlarından biriSara üzüyünü itirəndə ilk şübhəsi az əvvəl bir masada çörək kəsdiyi qonşularına olur. Durmadan xoşbəxtliyin qafiyəsini axtaran, özünü dövrünün Nizamisi hesab edən Moşu da buna ən kəskin formada reaksiya göstərənlərdən biri olurbu qarışılıqda hər bir obrazın gerçək siması ortaya çıxır. Tamaşaçı filmə hər dəfə yenidən baxanda əsərə müxtəlif aspektlərdən yanaşır. Film rejissorun ideyalarını əks etdirən nüanslar və hər hadisəyə, hər obraza xüsusi yanaşmalarla zəngindir. Məsələn, polis idarəsində Sedanın əri Rasimin papağının dəfələrlə başından düşməsi ilk baxışda çox kiçikgülüş doğuran bir hadisə kimi görünsə də, bu, Rasimin xarakterinin açılması, bu obraz haqqında deyilən söz və bəlkə də, onun ən böyük faciəsi kimi qiymətləndirilə bilər. Səhnə əsərindən fərqli olaraq, kino variantda Ramiz Əzizbəylinin qələminin məhsulu olan bir şəxs (Zırpı), mənim fikrimcə, rejissorun demək istədiyi söz, dövrünə, zəmanəsinə etdiyi işarədir. Yəqin ki, bu obrazın daimi bəyaz rəngli geyimi də təsadüfi deyil. Dağılan cəmiyyətin, şərlə batan dünyanın ləkəsi kimidir sanki bu insan, ədalətli, xeyir qüvvəni simvolizə edir. Riyakarlığa, cəmiyyətdəki haqsızlığa, fani dünyanın vəfasızlığına dözməyib son dəfə öpüb gözü üstə qoyduğu çörəyə ehtiram göstərərək dünyanın çirkabından pak dənizin qoynunda təmizlənməyə gedir. Öz gedişi ilə də həmişə müdafiəsinə qalxdığı Hüseyni qəflət yuxusundan oyadır. Adəti üzrə dərd şərikini görməyə gələn Hüseyn dostunun varlığından nümunə qalan bir cüt başmaqla qarşılaşır. Bu acı ilə bihal olan sərxoş gəlib gor qonşularını axtarır, amma orada heç kimi tapmır. Bu dərdlə bir özü qalır, bir də obrazın dili ilə desək, “insanları bir-birindən ayıran o daş hasar”. Film boyu bivec təsiri bağışlayan Hüseyn yetimçiliklə böyümüş, çıxa bilmədiyi həyat sınaqlarının utancından pərdələndiyi sərxoş halı ilə ətrafdakıların yalnız rişxəndini qazanır. Buna baxmayaraq hər kəsin bilib də deməyə cəsarət etmədiyi həqiqətlər sonda məhz bu obrazın dilindən səslənir. Bəlkə də, rejissor ürək sözlərini məhz bu monoloqla, Hüseynin sanki bütün insanlıq yox olmuş kimi daş hasara üz tutub dediyi ilə dilə gətirib və nəticədə yaşadığı dövrün ağrı-acısından, haqsızlıqdan və insanların biganəliyindən zara gəlmiş halda “mən bu ağacı böyüdəcəyəm ki, o bir insan ağırlığına tab gətirə bilsin. Sonra ondan özümü asacağam” –deməsi, bütöv film boyu susan, lakin atasının özünə xələl yetirməsindən qorxub şirin yuxusuna haram qataraq gecənin yarısı oyanıb həyətlərindəki ağacı israrla kəsmək istəyən qızcığaz, demək olar, filmi izləyən hər kəsin gözlərini yaşardır. Tamaşaçı bu səhnəni soyuqqanlıqla izləyə bilmir. Hər halda eyni anda tamaşaçının dodağında gülüş, gözlərində yaş doğurmaq da asan deyil.

Bu film hər baxışda yeni fikir qapısı açan filmlər kateqoriyasına aiddir. Bəlkə də, buna görədir ki, onun təqdimatından artıq 20 il keçməsinə baxmayaraq, tamaşaçı hələ də usanmayıb, təkrardan yorulmayıb. Film ilk nümayişindən bu yana, demək olar, hər bayramda milli televiziyamızla nümayiş olunur. Zəngin musiqi tərtibatı, gözəl dialoqlar, peşəkar rejissor işi, milli kolorit və ən başlıcası səmimiyyət “Bəxt üzüyünüunudulmaz, ölməz filmlər sırasına daxil etdi. Mənə belə gəlir ki, bu günfilm böyük ekranda nümayiş edilsə, ilk baxışında olduğu kimi böyük tamaşaçı kütləsi toplayacaq və üstündən bir 20 il daha keçsə də, bu sıradan bir nəfər də əksilməyəcək.

Sənə hələ neçə-neçə illər nümayiş olunmağı, geniş tamaşaçı rəğbətini ildən-ildə artırmağı arzu edirəm, “Bəxt üzüyü!”

 

 

Cəlalə RAMİZQIZI,

Azərbaycan Dövlət və Mədəniyyət

Universitetinin rejissorluq

fakültəsinin tələbəsi

 

525-ci qəzet.- 2012.- 7 mart.- S.4.