Milli Dram Teatrında “Şekspir”in
premyerası uğurla
keçib
Ötən gün Akademik Milli Dram Teatrında Xalq yazıçısı
Elçinin “Şekspir”
əsəri əsasında
hazırlanan yeni tamaşanın premyerası
olub. Tamaşa Azərbaycan
Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinin dəstəyi və Akademik Milli Dram Teatrının təşəbbüsü ilə
həyata keçirilən
GUAM ölkələrinin teatr
əməkdaşlığını nəzərdə tutan
“GUAM-ın teatr məkanı” layihəsinin
tərkib hissəsidir.
Bəlli olduğu kimi, ötən il Akademik
Milli Dram Teatrı GUAM
ölkələrinin teatr
əməkdaşlığı ilə bağlı böyük miqyaslı bir layihə həyata keçirməyə
başladı. Teatrın
Ukraynaya qastrol səfəri, Krımtatar Akademik Musiqili Dram Teatrının Elçinin
“Şekspir” əsəri
əsasında hazırladığı
“Xəstə könül”
tamaşasının Akademik
Milli Dram Teatrının
səhnəsində nümayişi,
gürcü rejissoru Levan Tsuladzenin, moldovalı Petru Vutkereunın Akademik Milli Dram Teatrına quruluş üçün
dəvət olunması
bu layihə çərçivəsində realizə olunan tədbirlərdəndir. Onu
da qeyd edək
ki, “GUAM-ın teatr məkanı” layihəsi yalnız bu tədbirlərlə məhdudlaşmır. Daha
çox strateji məqsədlərə yönələn
bu layihə gələcəkdə də
davam etdiriləcək.
Layihə Gürcüstan,
Ukrayna və Moldova teatrları ilə qarşılıqlı əməkdaşlıq
əlaqələrinin daha
da möhkəmləndirilməsini,
müştərək tamaşaların
hazırlanmasını, qarşılıqlı
qastrol səfərlərini,
rejissor və aktyor mübadiləsini, texniki heyət üzvlərinin təcrübə
keçmələrini, Azərbaycan
dramaturqlarının əsərlərinin
GUAM ölkələrinin teatrlarında
səhnəyə qoyulmasını,
həmçinin milli səhnəmizdə Gürcüstan,
Ukrayna və Moldova klassik və müasir dramaturgiyası nümunələrinin təcəssümünü,
bütün sahələrdə
qarşılıqlı təcrübə
mübadiləsini nəzərdə
tutur.
Tamaşanın quruluşçu rejissoru
Kişinyovda Ejen İeonesko adına Teatrın yaradıcısı
və rəhbəri, Avropanın bir çox teatrlarında tamaşalar hazırlamış
rejissor Petru Vutkereu, tərtibat rəhbəri Xalq rəssamı Nazim Bəykişiyev, quruluşçu
rəssamı Ramin Bəykişiyev, musiqi tərtibatçısı Həmid
Kazımzadə, rejissor
assistenti Dilbər İsmayılovadır. Tamaşada
Ramiz Novruz (Stalin), Pərviz Bağırov
(Stalin), Ayşad Məmmədov
(Baş Həkim), Mətanət Atakişiyeva
(Sara Bernar), Elşən
Cəbrayılov (Veneralı),
Nigar Güləhmədova
(Həkim), Aslan Şirinov (Sanitar), Şəlalə Şahvələdqızı
(Ər-arvad) və başqaları çıxış
edirlər.
Maraqlı süjet xətti
olan tamaşada ruhi-əsəb klinikasındakı
pasientlərin hər biri öz xəyalında
qurduğu dünyasında
yaşayır. Marslı
saatlarla göyləri
seyr edərək, onun arxasınca nə vaxt gələcəklərini
gözləyir. Ər-arvad
daim öz ikili təbiətinin problemləri ilə yaşayır. Stalin bütün
günü törətdiyi
əməllərin peşmançılığını
çəkir. Sara Bernar
hər dəqiqə özünü səhnədə
təsəvvür edir.
Baş həkim xəstələrin
xəyali dünyasını
dərk etməyə çalışsa da, anlayır ki, o, buna qadir deyildir.
Xəstə kimi müalicə olunan insanlar öz xəyal aləmlərində
xoşbəxtdirlər. Bu şəraitdə
onları yaşadan da budur. Xəstələrin
ərzaqlarına əl
uzatmaqdan belə çəkinməyən xəstəxana
personalının hər
cür təzyiq göstərdiyi, simasızlaşdırmağa
çalışdığı pasientləri Şekspirin dühası öz ətrafına birləşdirir.
Sara Bernarın sevimli əsəri olan “Romeo və Cülyetta” hamını öz ülviliyi və təmizliyi ilə məftun edir.
Xəstəxanaya Drob-13-ün gətirilməsi ilə hər kəs bir daha
həyata münasibəti
haqqında düşünməli
olur. Hər kəs hərəkətlərinə
yenidən, yadplanetlilərin
gözü ilə baxır. Bir anda xəstəxana xəyal və hisslərin boğulduğu,
sədaqət və inamın itdiyi, həyata fərdi baxışların qadağan
edildiyi dünyamızın
kiçik modelinə çevrilir. Şekspirin kitabını oxuyan Drob-13
də onun əsərlərindəki insan
hisslərinin böyüklüyünə,
gözəlliyinə heyran
qalır və təəssüflə etiraf
edir ki, onun planetində yaşayanlar çox dərin biliklərə malik olsalar da,
onlarda teatr yoxdur. Söz verir ki, öz
planetinə qayıdan
kimi, oradakılara Şekspirin kitabını
göstərəcək.
GÜNEL
525-ci qəzet.- 2012.- 8 mart.- S.7.