Milli Dram Teatrının direktoru İsrafil İsrafilov İsveçrənin Azərbaycandakı səfiri ilə görüşüb

 

Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov İsveçrənin ölkəmizdəki səfiri xanım Sabine Ulmann Şabanı qəbul edib. Xanım Sabine Ulmann ilə Akademik Milli Dram Teatrındakı görüş zamanı Azərbaycan-İsveçrə teatr münasibətlərinin mövcud durumu, gələcək perspektivləri, qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub.

Akademik Milli Dram Teatrının direktoru İ.İsrafilov Azərbaycan teatrı, o cümlədən Akademik Milli Dram Teatrı haqqında ümumi məlumat verib, ölkəmizin Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənən teatrlararası beynəlxalq əməkdaşlıq layihələrinin əhəmiyyətindən danışıb, İsveçrənin teatrları ilə uzunmüddətli yaradıcılıq əməkdaşlığının qurulacağına ümid etdiyini bildirib. O, Azərbaycan-İsveçrə teatr əlaqələrinin inkişaf etdirilməsi məqsədi ilə konkret təkliflər irəli sürüb, iki ölkə arasında qarşılıqlı qastrol səfərlərinin, rejissor mübadiləsinin, Azərbaycan dramaturqlarının əsərlərinin İsveçrə teatrlarında səhnəyə qoyulmasının, həmçinin milli səhnəmizdə klassik və müasir isveçrə dramaturgiyası nümunələrinin təcəssümünün, müştərək layihələrin həyata keçirilməsinin əhəmiyyətini vurğulayıb.

İsrafil İsrafilov həmçinin Akademik Milli Dram Teatrının səhnəsində iki İsveçrə dramaturqunun – Maks Frişin “Don Juan yaxud həndəsəyə məhəbbət” və Fridrix Dürrenmattın “Yaşlı qadının gəlişi” əsərləri əsasında hazırlanan yeni tamaşalar haqqında, həmçinin teatrın repertuarında mövcud olan digər tamaşalar barədə geniş məlumat verib, səfiri tamaşalara dəvət edib.

İsveçrədə Azərbaycan mədəniyyətinə olan böyük maraqdan söz açan səfir son zamanlar Azərbaycanda teatr sənəti ilə bağlı həyata keçirilən islahatların, dövlətin teatra münasibətini, teatrlarda əsaslı təmir və rekonstruksiya işlərinin görülməsini, teatr və teatr fəaliyyəti haqqında hüquqi-normativ sənədlərin qəbul olunmasını təqdirəlayiq hal kimi qeyd edib. Səfir onu da vurğulayıb ki, artıq Azərbaycanda teatr sənətinin inkişaf etdirilməsinə yönəlmiş tədbirlərin nəticəsi görünməkdədir. Görüşün sonunda görüşdən məmnun qaldığını və Azərbaycan-İsveçrə teatr münasibətlərinin inkişaf etdirilməsi məqsədi ilə konkret əməli tədbirlər həyata keçirməyin vacibliyini vurğulayan səfir Sabine Ulman Azərbaycan teatrlarının, o cümlədən Akademik Milli Dram Teatrının dünya teatrları ilə beynəlxalq əməkdaşlıq əlaqələri qurmaq cəhdini yüksək qiymətləndirdiyini və bu istiqamətdə əlaqələrin daha da möhkəmləndirilməsi üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 8 mart.- S.7.