Hikmət Babaoğlu: “Qəzet
mediasına meyl ənənəsi cəmiyyətdə hələ
də davam edir”
“YENİ AZƏRBAYCAN”
QƏZETİNİN BAŞ REDAKTORU BU FİKİRDƏDİR
Kİ, MÜƏYYƏN CƏHƏTLƏRİNƏ GÖRƏ
ÇAP MEDİASI ELEKTRON MEDİAYA UDUZURSA, ELEKTRON MEDİA DA
BƏZİ XÜSUSİYYƏTLƏRİNƏ GÖRƏ
ÇAP MEDİASINDAN GERİ QALIR
– “Yeni Azərbaycan” qəzetinin
yarandığı dövrdə ölkədə ictimai-siyasi
vəziyyət necə idi? Partiya qəzeti kimi yaranan bu mətbu
orqan hansı istiqaməti, funksiyanı hədəf kimi
götürmüşdü?
– Yeni Azərbaycan
Partiyasının (YAP) rəsmi mətbu orqanı olaraq qəzet
1993-cü ilin aprel ayında yaranıb. O dövrdə cəmiyyətin
inkişafı üçün müxtəlif tələblər
vardı, o tələblərdən biri də yeni siyasi sistemin
qurulması idi. Təəssüf ki, totalitar rejimdən
çıxmış bir cəmiyyətdə demokratik siyasi
instutların formalaşması üçün təcrübə,
demək olar ki, yox idi. Belə dövrdə müstəqil
dövlətin inkişaf meyllərini, tendensiyalarını
yaradacaq müxtəlif idarəetmə, insan hüquqları
instutlarının və digər sosial-siyasi instutların
yaranması özlüyündə yeni yaradılacaq cəmiyyətin
strateji substratlarını təbliğ edəcək vasitəyə
ehtiyac vardı. Heç şübhəsiz ki, o dövr
üçün belə vasitə qəzetlər idi. Bununla bərabər
demokratik sistemin əsas instutları olan siyasi partiyaların da
öz proqram və nizamnamələrini, siyasi kurslarının
əsas postulatlarını və istiqamətlərini əhaliyə
çatdırmaları üçün müvafiq mətbuat
orqanına ehtiyac vardı. “Yeni Azərbaycan” qəzeti də,
elə bir şəraitdə, yəni cəmiyyətin siyasi
sistemin qəzetə tələbatı olduğu bir dövrdə
Ümummilli lider Heydər Əliyevin yaratdığı YAP tərəfindən
təsis edilmişdir. İlkin mərhələdə qəzetin
qarşısında duran vəzifə partiya orqanı kimi
partiyanın siyasi maraqlarından, proqram və nizamnaməsindən
irəli gələn fikirlərin, ideyaların və məqsədlərin
cəmiyyətin müxtəlif təbəqələri
arasında təbliğ olunması idi. Bununla bərabər, qəzetin
məqsədi o dövrdə ölkədə və dünyada
baş verən hadisələri obyektiv şəkildə xalqa,
insanlara çatdırmaqdan ibarət idi.
Heç bir dövrdə qəzet təkfunksiyalı
olmayıb.
Bəzən qəzetin
funksiyasını ideallaşdırmağa
çalışırlar ki, qəzet yalnız informasiya
ötürücüsüdür, sovet dövründə
olduğu kimi təbliğat və təşviqat vasitəsidir,
amma qəzetin missiyası onun funksiyasından həmişə
üstün olmuşdur, daha böyük məzmun kəsb
etmişdir. Bu mənada qəzet təkcə informasiya
ötürücüsü deyil, çox böyük missiya həyata
keçirən vasitədir. Qəzet kütləvi şəkildə
maarifləndirir – bu mənada qəzet bir müəllimdir. Qəzet
tərcümə edir, izah edir, təhlil edir – deməli qəzet
analitikdir, güc, beyin mərkəzidir. Qəzet informasiya
yayır-deməli universal ötürücüdür. Qəzet
bədii təfəkkür formalaşdırır – deməli qəzet
ədəbiyyatçıdır. Qəzet siyasi sistemi
formalaşdırır-bu mənada qəzet siyasətçidir.
Qəzet insanların hüquqlarını müdafiə edir,
deməli o həm də qeyri-hökumət təşkilatıdır,
hüquq müdafiəçisidir. Qəzet insan hüquqlarını
öyrədir və təbliğ edir, bu mənada qəzet
hüquqşünasdır. Qəzet bizi özümüzə
tanıdır, bu mənada qəzet psixoloqdur. Qəzet cəmiyyətdə
olan neqativ və pozitiv prosesləri əks etdirir, bu mənada qəzet
aynadır, güzgüdür. Qəzet mövcud problemlərin
həlli yollarını göstərir, qəzet psixoloqdur və
s. Məhz belə bir şəraitdə yaranan “Yeni Azərbaycan”
qəzeti də o dövrdə sadaladığımız
bütün məsələlərlə bağlı
xüsusi mövqeyi və rolu olan, problemlərin həlli yolunu
göstərən və bu tarixi prosesdə özünəməxsus
missiya yerinə yetirən bir vasitə idi.
–
Texnologiyaların inkişafı ilə internet jurnalistikası
və elektron qəzetlər də populyarlaşır. Qərbdə
elə bir fikir var ki, artıq qəzetin sonu
yaxınlaşır. Qəzet rəqabətə dözməyərək
yerini elektron jurnalistikaya verəcək. Sizcə bu nə dərəcədə
labüddür?
– Qəzetin sonunu deyilən qədər
faciəvi olacağını düşünmürəm.
Dediyimiz kimi, qəzet, əmtəə
olaraq, çap məhsuludur. Onun cəmiyyətə təqdim olunması
üçün müvafiq funksional qurumlar var. Bir qəzetin
hazır olması üçün ilk növbədə bu qəzeti
ərsəyə gətirənlər, yaradıcı heyət
olmalıdır, ikincisi texniki personal olmalıdır,
üçüncüsü istehsal vasitəsi olmalıdır,
sonra isə yayım, insanlara çatdırılması və
s. Qəzet adlandırılan bu sadə elementin ictimaiyyətə
təqdim olunması üçün bu qədər çətin
mürəkkəb və ağır əməyə hamı
qatlanılırsa, deməli hələ də qəzetə tələbat
var. Düzdür, XX sərin sonu, XXI əsrin əvvəllərində
qəzetə yeni alternativlər yaranmağa başladı.
Qısa müddətdə alternativ media qəzeti
sıxışdırmağa başladı. Dünyada
tanınmış bəzi qəzetlər öz mövqelərini
yavaş-yavaş elektron mediaya uduzmağa başladılar. Təsəvvür
edin ki, bir neçə il əvvəl, İsraildə 200 min
tirajla çap olunan “Komsomolskaya pravda” qəzeti bugün orada
çapını dayandırıb, o qəzetin oxucuları
ancaq elektron vasitələrlə qəzeti əldə edirlər.
Son illərin dinamikası göstərir ki, məşhur “Nyu
York Tayms” (New York Times) qəzeti tirajını 100 minlərlə
azaldıb. Eyni zamanda digər qərb mətbuatına
da bunu aid etmək olar. Ancaq başqa maraqlı tendensiyalar da
var. Məsələn, Türkiyə Cümhuriyyətində
alternativ medianın aktiv olmasına baxmayaraq, bu, qəzetlərə
o qədər təsir edə bilməyibdir, eləcə də
Azərbaycanda vəziyyət eynidir.
On il əvvəl
bizdə çap mediasının tirajı necə idisə, indi də təxminən
eynidir.
Deməli, belə nəticəyə gəlmək
olar ki, qəzet mediasına meyl ənənəsi cəmiyyətdə
hələ də davam edir və özünəməxsus
keyfiyyətlərinə görə çap mediası elektron
mediaya uduzursa, bunun əksi olaraq, elektron media da bəzi
xüsusiyyətlərinə görə çap mediasından
geri qalır. Elektron medianı arxivləşdirmək olmur.
Bunu etmək istəyəndə mütləq çap
mediasına çevrilməlidir. Tutaq ki, bir şəxs elektron
mediaya müsahibə vermişdir və o müsahibəni evində
arxivləşdirmək istəyirsə printer vasitəsilə
çapdan çıxarıb kitab şəklinə salaraq
saxlayır. Çünki 5-10 gündən sonra elektron mediada
onu tapmayacaq. Başqa bir keyfiyyət isə intellektual keyfiyyətdir.
Sosial psixoloqlar təsdiqləyiblər ki, elektron media ilə əldə
olunan məlumat qısa zamanda yaddan çıxır. Amma
çap mediası vasitəsilə əldə olunan məlumat
isə yox. Elektron media bu gün özünün təntənə
dövrünü yaşayır, bundan sonra ya enişi olacaq, ya
da uzun müddət çap mediası ilə rəqabəti bu
səviyyədə qalacaq. Azərbaycanda rəsmi mənbələrdə
qeyd olunur ki, internet istifadəçiləri 60 faizdən
çoxdur. Bir məqama diqqət yetirək, bəs informasiya
almaq üçün doğrudanmı 60 faiz elektron mediadan
istifadə edir? Əsla belə deyil. Bu rəqəm sadəcə
internet istifadəçilərinin ümumi sayıdır.
İnformasiya almaq məqsədilə isə artıq rəqəmlər
çap mediasının xeyrinə dəyişir. Elektron
mediadan, internetdən istifadə müxtəlif xəstəliklər
yaradır. Min illərdir insan kitab, qəzet oxuyur, amma heç
bir peşə xəstəliyi yoxdur, əksinə insan cəmiyyəti
əqli, idraki inkişafına görə qəzetə, kitaba
borcludur. Ancaq elektron media vərdişləri çeşidli xəstəliklərə
səbəb olur. Ona görə də, hesab etmirəm ki,
çap mediası qısa zamanda asanlıqla aradan
çıxacaq. Çünki çap mediasına tələbat
var və bu hər zaman olacaq.
Mətbuatın
yaşaması həm də jurnalistlərdən
asılıdır.
Jurnalistlər nə qədər
maraqlı, operativ analitik yazılar yaza bilsələr, yeni
janrlar, formalar tapa bilsələr, oxucunu bu vasitələrlə
nə qədər çox cəlb etsələr çap
mediası o qədər də uzunömürlü olacaq. Qəzetin
sonunun gəldiyini proqnozlaşdıranlar isə hələ
uzun müddət xəyal qırıqlığı
yaşayacaqlar.
– İdeoloji baxımdan yox, peşəkarlıq
və üslub baxımından müasir medianı sovet
mediası ilə müqayisə etdikdə vəziyyəti necə
xarakterizə etmək olar?
– Yaddaş da, ədəbiyyat da, mətbuatda
varislidir. Azərbaycan mətbuatı da bugün vərəsəliyə
əsaslanır. İlkin olaraq “Əkinçi”nin yaranması,
çar dövrü mətbuatı, sonra 1918-20-ci illər
müstəqil mətbuat, onun davamı olaraq, sovet dövrü
mətbuatı və nəhayət 1991-ci ildən bu günə
kimi mətbuatımız əslində bir-birinin
davamıdır. Bu zirvəyə doğru gedən pilləkənə
bənzəyir və hər mərhələdə biz bir
addım irəli gedirik. Çünki zaman və intellektual
inkişaf faktorları var. Bunlar medianın inkişaf göstəriciləridirlər.
Sovet dövürünün öz ənənələri
vardı. Həmin dövrdə üslub və peşəkarlıq
dedikdə başqa məsələlər, bu gün isə
tamam fərqli göstəricilər nəzərdə tutulur, yəni
tələblər dəyişib.
Tələblərə
uyğun olaraq yaradıcılıq metodları dəyişilib.
Bu gün felyeton və oçerk
janrlarından istifadə olunmur. Zaman bu janrları sıradan
çıxarıb. Sovet dövründə ən maraqlı
oçerk, felyeton yazanı xəyali olaraq bu dövrə gətirib
ona ən maraqlı oçerkləri yazdırsaq onun oxucusu
olmayacaq. Çünki oxucuların zövqü dəyişib
və bu zamanla, dövrlə bağlı məsələdir.
O janrlara qayıtmaq keçmişə qayıtmaqdır. Bu
gün daha çox analitik jurnalistika, köşə
yazıları və başqa yeni janrlar populyardır.
Gerçəklik budur ki, yeni janrları Azərbaycan mediası
yaratmayıb, bunlar dünya mətbuatının bir hissələridir.
Bir qədər fərqli, bir qədər də milli keyfiyyətdə,
ümumi ənənədən kənara çıxmamaqla bizdə
də bu janrlarda yazılar yazırlar. Bəzi janrların
keçmişdə qalması həm də operativliklə
bağlıdır. İndi sürət əsridir və hər
hansı hadisə ilə bağlı oçerk, felyeton
yazılıncaya qədər artıq həmin hadisə
aktuallığını itirir. Dil də, yazı üslubu da
özünü bu sürətə
uyğunlaşdırmalıdır.
Ümumilikdə peşəkarlığı
qiymətləndirməli olsaq, bugün Azərbaycan mətbuatında
peşəkarlar çoxdur, yeni keyfiyyətli üslub
formalaşmaqdadır. Müstəqillik dövründə mətbuatın
üzərindən senzuranın götürülməsi, mətbuatın
borclarının silinməsi, mətbuatin inkişafına xidmət
edən KİV-ə Dövlət Dəstəyi Fondunun Azərbaycan
mətbuatında siyasi mənsubiyyətindən asılı
olmayaraq, bütün qəzetləri maliyyələşdirməsi,
şübhəsiz ki, Azərbaycanda həm mətbuatı, həm
siyasi sistemi, həm siyasi
dünyagörüşümüzü rəngli
çalarlarda inkişaf etdirir.
Cəmiyyətin
inkişafı mətbuatla da sıx bağlıdır.
Mətbuat ayrı-ayrı fərdlərin və
bütövlükdə, sosiumun maarifləndirilməsində
iştirak edən vasitələrdən biridir. Şərti
bölgü olaraq iqtidar, müxalifət, müstəqil qəzetlərə
ayrılan mətbuat nümunələrimizin hamısı
dövlətin dəstəyilə inkişaf etdirilir.
– “Yeni Azərbaycan” qəzetinin və
ümumilikdə mətbuatın ədəbiyyata
üstünlük verməsi qəzetin operativlik cəhətdən
uduzması kimi qələmə verilə bilərmi? Ədəbiyyata
bu qədər yer ayrılması nədən irəli gəlir?
– Ədəbiyyat bizim ilk növbədə
milli, estetik, intellektual, söz yaddaşımızdır. Ədəbiyyat
bir azərbaycanlı kimi bizim milli identikliyimizi
formalaşdırır, bizə ortaq düşmənlərimizi
və qəhrəmanlarımızı öyrədir. Ədəbiyyat
milli kimliyimizi müəyyənləşdirən ən
aparıcı instutlardan biridr. Buna görə də hansı
dövr olursa olsun, ədəbiyyatın bu imkanlarından bəhrələnməmək,
millət kimi formalaşmağımızda ədəbiyyatın
rolunu etiraf edib ona müraciət etməmək doğru
olmazdı. Bu, qəzetin öz funksiyasından kənara
çıxması, qeyri-operativliyi, mövzu
qıtlığı demək deyil. Çünki ədəbiyyat
yarandığı vaxtdan millətin birliyini təbliğ edən
təməl ünsürlərdəndir. İngilis siyasətçisi
Çörçilin elə bir fikri var: “İngilis
romançıları ingilis xalqı üçün ingilis
siyasətçilərindən daha çox iş
görüblər”. Bir millətin digər millətlə fərqini
göstərən əsas vasitələrdən biri də elə
ədəbiyyatdır. Ədəbiyyat millətin mənəviyyat
aynasıdır.
Ədəbiyyat, eyni zamanda, dildir, təxəyyüldür,
intellektual imkanların hüdudlarını şərtləndirən
vasitədir, sözdür, ifadə tərzidir və s. Biz
jurnalistlər istəsək də, istəməsək də,
yaradıcılıq fəaliyyətimizdə mütləq ədəbiyyatla
təmasda oluruq. Və bu təmas vasitəsilə deyil,
birbaşadır. Düşünün ki, biz Nizamilərimizi,
Füzulilərimizi oxumasaq, bilməsək, öz fikirlərimizi
necə ifadə edə bilərik? Səməd Vurğunu, Rəsul
Rzanı, Məmməd Səid Ordubadini, Yusif Vəzir Çəmənzəminlini
oxumasaq, düşüncələrimizi hansı şəkildə
obrazlaşdıra bilərik? Bu mənada hesab edirəm ki,
jurnalistika elə ədəbiyyatın doğmaca
övladıdır.
Siyasətdə milli gücü dəyərləndirərkən
kəmiyyət və keyfiyyət komponentlərinə
bölürlər. Milli gücün kəmiyyət komponentlərinə
yerləşdiyin coğrafiya, təbii sərvətlərin,
iqtisadi resurslar, əhali faktoru, hərbi güc və s. aid
edilir. Mənəvi komponentlərə isə milli diplomatiya,
intelektual resurslar, milli mənəviyyat və mentalitet daxildir.
Milli gücün keyfiyyət komponentləri içərisində
ən həlledici amil olan milli mənəviyyatı ədəbiyyat
formalaşdırırsa, qəzet olaraq, ədəbiyyatdan necə imtina edək?
Ona görə də, qəzetimizin təsisçisi
olan Yeni Azərbaycan Partiyası da, partiyanın qurucusu olan Ulu
öndər Heydər Əliyevin də siyasi sistemdən
asılı olmayaraq, ədəbiyyata və ədəbiyyat
xadimlərinə xüsusi qayğı, diqqət göstərmişdir.
“Yeni Azərbaycan” qəzeti də bu ənənəyə sadiq
qalaraq, xalqımızın milli-mənəvi yaddaşı, mənəviyyat
dünyası olan ədəbiyyatdan imtina edə bilməzdi.
– Xarici mediada son dövrlərdə Azərbaycana
qarşı aparılan əks-təbliğat, sizcə, hardan və
nədən qaynaqlanır? Milli mətbuat bu yolda hansı
işləri görməlidir?
– Bu gün media həm də transmilli
silahdır. Transmilli media, məsələn BBC, CNN, Əl-Cəzirə
müəyyən maraqlara xidmət edir. Transmilli keyfiyyətdə
özünü dünyaya təqdim edən media
orqanlarının çox dəqiq hədəfləri və
maraqları var. Bu hədəfləri onların təsisçiləri
müəyyənləşdirirlər. Media özünü
maliyyələşdirməkdə daima çətinlik çəkdiyi
üçün transmilli mediaya ciddi şəkildə sərmayə
qoyanlar, onlara bu statusu qazandırmaqla müəyyən məqsədlər
və maraqlar güdürlər. Ona görə də, bu media
vasitələri bəzən təzyiq vasitəsi kimi, bizim mətbu
dildə desək lap elə reket media kimi çıxış
edir. Bəzən də ideolji və siyasi manipulyator
funksiyası daşıyır ya da təhrifolunmuş
informasiya yayır, bir tərəfi müdafiə etməklə
balansı itirir. Bu hallarda transmilli media imperialist mərkəzlərin
əlində bir siyasi rıçaqa çevrilir. Yəni
transmilli media təzyiq qrupları kimi əsasən milli
hökümətləri hədəfə alır. Təzyiqlər
etməklə təmsilçisi olduğu dövlət və
ya dövlətlər qrupunun maraqlarını müdafiə
edir. Hesab edirəm ki, bunun qarşısını almaq olduqca
çətindir, demək olar ki, mümkün deyil. Ona görə
də elə bir intellektual cəmiyyət qurmalıyıq ki,
o, bu cür təhlükələri dərk etsin və transmilli
media bizim üçün arxadan vurulan bıçağa
çevrilməsin.
Azərbaycanda intellektual cəmiyyət
sürətlə formalaşır. Azərbaycan oxucusunun
böyük bir hissəsi həmin media qurumlarında nəyin
manipulyasiya olduğunu, elmi-nəzəri şəkildə dərk
edir. Bir hissəsi isə intuitiv olaraq bunu başa
düşürlər. Ancaq çox təəsüf ki, həmin
medianın təsirinə düşənlər də olur. Bəzən
şüurlu, bəzən isə bilməyərəkdən
bunu edirlər. İkinci qrupa aid olanlar o qədər də təhlükəli
deyil. Çünki onlar transmilli medianın dediyinə
inanırlar, əgər transmilli mediada deyildiyi kimidirsə, Azərbaycana
xeyir gətirəcəyinə inanırlar. Ancaq ən təhlükəlisi
bunu bilərəkdən edənlər, Azərbaycan
üçün, xalqımız üçün ziyanlı
olduğunu bilə-bilə transmilli medianın yerlərdəki
təmsilçilərinə çevrilənlərdir. Bu
yolverilməzdir. Amma nə yaxşı ki bu cür neqativ
ünsürlər cəmiyyətimizdə azdır.
Xalqımız öz dövləti ətrafında
şüurlu şəkildə birləşərək elə
qüvvələrə qarşı mübarizə
aparırlar. Ən əsası isə bu birlik emosional deyil.
Bildiyimiz kimi, 1988-1989-cu illərdə olan birlikdə
emosionallıq daha yüksək idi. Bu gün isə, intellektual
səviyyə yüksəlmişdir. Milli birliyimiz və bu
birliyimizin hüquqi-siyasi atributu olan dövlətimiz ətrafında
olan birliyimiz emosional deyil, əqli keyfiyyətlərə
söykənən birlikdir. Bu isə kamil cəmiyyət deməkdir.
– Müasir dövrdə qəzeti
oxunaqlı etmək üçün nə lazımdır?
– İlk növbədə qısa
informasiyalar və bu informasiyaları izah edən fotoşəkillər
olmalıdır.
Başlıqlara
diqqət ayırmaq, maraqlı, cəlbedici etmək
lazımdır.
Bəzən yazını tam oxumaq
üçün oxucunun vaxtı olmaya bilər, amma
yazının içində vacib bir informasiya ola bilər ki,
onu başlıq və ya yarımbaşlıq şəklində
onu oxucuya çatdırmaq lazımdır. Cəmiyyətə
demək istədiklərimizi müxtəlif yollarla
çatdırmaq üçün fotoşəkillərdən,
şəkilaltı izahedici sözlərdən, spotlardan istifadə
etmək olar. Bir sözlə, oxucunu yazını oxumağa həvəsləndirmək
üçün ən müxtəlif metodları işə
salmaq lazımdır. “Yeni Azərbaycan” qəzeti də daim
oxucusunu düşünür, qəzeti oxunaqlı və
maraqlı etmək üçün əlindən gələni
edir. Buna nə dərəcədə nail olduğumuzu isə
ancaq oxucular deyə bilər.
Pərviz SADIQOV
525-ci qəzet.-
2012.- 8 mart.- S.6.