Gənc duyğuların izi ilə

 

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyində “Ulduz” jurnalının Gənc Ədiblər Məktəbi üzvlərinin yaradıcılığına həsr olunmuş sayının geniş müzakirəsi keçirilib. Gənc tənqidçi Elnarə Akimova həmin müzakirədə xüsusi məruzə ilə çıxış edib. Həmin məruzəni oxucuların diqqətinə çatdırırıq.

Hər gənc nəslin yetişdiyi, ədəbi-bədii təfəkkürünün formalaşdığı zamanın onun yaradıcılıq yolunun müəyyənləşməsində xüsusi rolu olur. Bu halda zaman məfhumu ədəbiyyat üçün yalnız tarixi göstərici olmayıb, daha geniş fəaliyyət hüdudunu – onun özünəməxsus yaradıcılıq ritmini, inkişaf dinamizmini çevrələyir. 

Artıq yeni bir ədəbi ilin proloqundayıq, deyə bilərik ki, ən son dövr ədəbiyyatının ümumi mənzərəsinin səciyyələndirilməsində, ehtiva elədiyi xarakterik cizgilərin, keyfiyyət dəyişikliyinin müəyyənləşməsində Gənc Ədiblər Məktəbini təmsil edən imzaların rolu və çəkisi var.

Bu məktəbi təmsil edən gəncləri istedad baxımından uğurlu hesab eləmək mümkündü: Qismət, Alik Əlioğlu, Cavid Zeynallı, Zərdüşt Şəfi, Rəbiqə, Aysel Əlizadə, Feyziyyə, Günel Şamilqızı – bunlar artıq ədəbiyyatımızda seçilən imzalardır. Bu gənclərin mətnlərində yeniləşən dünya və “mən” obrazının fərqli inikası, deformasiyaya uğramış, ənənəvi məzmununu itirmiş yaddaş lövhələrinə yeni dil və boya qatmaq cəhdi var. Sərgilədiyi mövzulardan asılı olmayaraq bu mətnlərin əksər hissəsində ağrılı bir Zaman var, yeni zamanın, müstəqillik dalğasının özü ilə gətirdiyi, habelə vurub dağıtdığı nə varsa əsərlərin təsvir predmeti olmaqdan yan keçmir. Yeni Azərbaycanın tiplər qalereyası – aclar və yoxsullar, təklər və tənhalar, səfil və sərgərdanlar, nakam taleli qadınlar, kimsəsiz insanlar – bir sözlə, “bu məmləkətin unudulmuş portretləri” (A.Əlioğlu) haşiyəsiz-boyasız, sərt neqativləri ilə gənclərin əsərlərində sərgilənir. Cəmiyyətə və dünyaya kəskin münasibət, həyat hadisələrinin aqressiv formada mənalandırılması, epizmə meyl, sərt dramatizm, hadisəçilik, süjetlilik, kəskin pafos, ironiya v.s. sadalanan bu keyfiyyətlərdən yan ötmür. Bu gənclərin yazıları sosial mənzərələrin təsvirinə açılır, sosial-ictimai təzyiqlərdən mənəvi təbəddülatlara uğramış insanın ovqatı, ruhi sarsıntıları sərgilənir. Təsadüfidirmi?! Əlbəttə ki, yox! Gənc yazarların keçib gəldikləri yolun arxasında parçalanan, işğal olunan Azərbaycan həqiqətləri, zamanın üzləşdirdiyi fəci və dramatik situasiyalar, sosial-siyasi problemlərin mənəvi-psixoloji aləmdə yaratdığı təbəddülatlar dayanır. Ədəbiyyatda isə, Sevinc Çılğının bir məqaləsində yazdığı kimi, nisbətən hamarlanmış yol. Nədən ki, çağdaş ədəbiyyatımızda ən son gəncliyi təmsil edən şairlərin əksəriyyəti üçün xarakterik olan keyfiyyətlər daha çox avanqard şeirin qanunları çərçivəsində, düşüncə tərzini bu model içrə buxovlayaraq bədii təsvirə gətirməkdir ki, bu təmayülü təmsil edənlər üçün poetik zəmin R.Qaraca, M.Köhnəqala, Z.Əzəmət, Aqşin, Ş.Ağayar və b. şairlərdir. Yollar eyni ola bilər təbii, ancaq yolçuluq fərqli olmalı, hərə öz izini salmağa çalışmalıdır. Bu mənada, çağdaş Azərbaycan poeziyasının özünəməxsus düşüncə məkanı əldə etməsində bir sıra imzalar diqqət çəkir.

Gənc Ədiblər Məktəbinin nümayəndələrinin yaradıcılıq lövhələrini sərgiləyən “Ulduz” jurnalının 11-ci sayında yer almış poeziya nümunələrinin əksəriyyəti maraqlı eksperimentlərdir, onlar poetik axtarışları ilə seçilir, çağdaş poetik-bədii fikrin inkişafında iştirak edirlər. Həyata, cəmiyyət hadisələrinə, insani münasibətlərə yeni, fərqli baxış sistemi yaradan, onları olduğu kimi, birbaşa təsvirə çəkməklə deyil, içindən, duyğular aləmindən keçirdikləri kimi ifadə etməyə çalışan bu şeirlərdə yeni poetik konstruksiyalar qurulur. Onlarda fərqli olmağa çalışmaq meyli və bu yeniliyi formadan məzmun qatına yeritmək çabası da hiss olunur.

Gənc şairlərin şeirlərində  zamanla barışmaz mövqedə dayanan insan obrazı var. Hətta vətən, şəhər, torpaq anlayışları belə bu şairlər üçün zamanı dərkin dərinlik ölçüsü kimi mənalana bilir. Bir qism şairlərdə (A.Əlizadə, Feyziyyə, Rəbiqə) bu qəlb iztirabları şəklində, bir qismində isə (A.Əlioğlu, Sona, S.Sahil, V.Nuru, E.Ərşadoğlu) zamanın acı gerçəklərini qəlbindən daha artıq zehnindən keçirərək ifadə eləməsiylə sərgilənir. Niyə belədir? Bəlkə ona görə ki, gənclərin yaradıcılığında ömrün uşaqlıq fəsli artıq yoxdur. Rojdestvenskinin məqalələrinin birində belə bir fikirlə rastlaşırıq: “Uşaqlıqdan savayı deyiləsi nə var ki...”. Birdən birə böyümə, vaxtından tez müdrik olmağa çalışma sanki poeziyamıza bir ağırlıq gətirib. Abstrakt mühakimələr, fəlsəfi dramatizm və sərt psixologizmlə süslənmiş şairlərimizdə bəlkə çatışmayan nəsnə də elə bu məqamla bağlıdır: uşaqlığın nağıl kimi şirin aldanışı əvəzinə “daha nağıllara inanmayacaq qədər” böyüməyin anlamaq dərdi. Rus tənqidçisi Lev Anninskiyə görə, “Uşaqlığın hüdudlarından kənarda harmoniya yox olur. Uşaqlığın hüdudlarından kənarda birdən-birə abstrakt mühakimələr başlayır”. İndi isə, konkret təhlillərə keçək.       

Alik Əlioğlunun şeirlərində kanonik şeir təsəvvürlərini qırıb da fərqli duyğular vasitəsilə yeni zamanın düşüncələrinə, durumuna varmaq meyli qabarıqdır. Alik Əlioğlunun şeirləri ilə poetik fikrimizdəki sözün sərt həqiqətləri, fakt və detalın bədii emosiyası bir qədər də güclənir, estetik fəallığını artırır. Bu gənc yazar həyatın sərt işləkləri altında təzyiqə düçar olan insanları zamanın sosial-tarixi konfliktləri qarşısına gətirir və onu öz keçmişinə layiq şəkildə davranmağı təlqin edir: “Atanızı şah, övladınızı kölə olmağa qoymayın”. Bu şeirdə Əli insanı bütün psixoloji gücü ilə öz keçmişinə baxmağa sövq etdirə bilir. Burada mənalandırılan hadisə, predmet yalnız tarix olaraq qalmayıb, keçmiş səhvlərimizi təkrar etməmək, xalqın gələcəyi üçün narahat olmaq kimi ciddi müasir məzmun qazanır.

A.Əlioğlunun şeirlərində ilk baxışda, sevgi də var (məs., “İzabellaya yazdığım şeir”) lirik həyat lövhələri də, cəmiyyət hadisələrinin seyrçi-fəlsəfi inikası da, bəşəri, planetar düşüncə hüdudlarının var-gəl etdiyi müstəvilər də(“Uşaq səsi”, “Yetimlər”). Amma hər şeydən öncə bu şeirlərdə şairin özünü təkliyi, tənhalığı:

 

Yağışlı günlər başladı,

Yenə küçələrin soyuq

Görüntüsünə hoparaq,

ağlayacağam

Tək-tənha...

Yaxud ruhi sərgərdanlığı dayanır:

Tarix kitabını eşələdim,

Mən yox idim...

Xəritəyə baxdım,

tapammadım...

ağacların dalına girdim

budaqların arasında

gizlənib dayandım:

hardansa uşaq səsi gəldi,

çıx, tapdım...

 

O şeirlərdə ki, gənc şairin fəlsəfi düşüncələri hadisənin, predmetin mənalandırılmasından nəşət edir, o zaman onlardakı poetik yaşam da real, canlı təsir bağışlayır. Əks halda, müəllifin lirik qənaətləri mövzuya aşılanan məzmun çaları ilə bağlı olmur, belə məqamda müəllifin düşüncələri daha çox bəsit fəlsəfəbazlıq, mühakimələr və sillogizmlər şəklində meydana çıxır.

 

Sökük divarlardı vətən,

Qazılmış yerdi torpaq...

Soyuqqanlı qadındır ana,

Küçələrə tökülmüş

ölü göyərçinlərdi yollar...

...Məzar torpaqdan başqa bir şey deyil,

Şəhid də məzardan başqa...

 

Bu gün müasir şeirdə hakim olan nəsrləşmə, nəsrdəki şeirləşmə – bu sahələrin arasında çulğalaşma, yaxud differensiallaşma çağdaş dünya ədəbi-tarixi prosesinin prioritet xüsusiyyətlərindəndir. Digər bir çalarsa düşüncənın, ağıl poeziyasının emisionallığı üstələməyə davam etməsidir. Bu gün çağdaş şeirdə bu iki hissin parametrlərini ayırd etmək və şeirə onlardan mütləq birinin estetik imperativləri əsasında yanaşmaq olmur. Daha doğrusu, ağıl və emossionallıq, lirika və intellektuallıq arasındakı təzad, fərq aradan çıxmaqdadır. Fikrimizi əsaslandırmağa çalışaq:

Elvin Bakiroğlunun şeirləri bəşərin əbədi sevgi, məhəbbət mövzusunu hədəf alır. Amma burada məhəbbətin melanxolik çözümü ilə deyil, cılız, bir qədər də yüngül oyun simvolikası ilə rastlaşırıq:

 

Sevgiyə aid nə var-

Pəncərədən at çölə.

Qorxma, yemərəm səni,

Gəl bizə elə-belə.

Allah bilir səhərə

Hansı kökdə çıxarıq...

Səni sevəcəyəmmi –

Buna sonra baxarıq.

 

Elvinin “Vətəndaş nikahı”, “-relax-“, “Üçüncü” adlı şeirləri də bu cür macəra-sərgüzəşt çözümlərinə köklənir. Ümumiyyətlə, bu gənclərin sevgiyə münasibətində fərqli baxış hakimdir. Bu şeirlər tam gənclik illərinin gətirdiyi coşğu və onun alt qatından boy verən əylənmək sevdası, psevdo aşiqlik görüntüsü ilə təğyiri-libas olub günün müasir qəhrəmanının obrazını cızmaq imkanı yaradır, bir növ romantik üslubla postmodern həzzin təmas nöqtəsi kimi doğulurlar.

Məsələn, Vüsal Nurunun “Sevgi operettası” şeirinə diqqət edək:

 

Mən ayağına yenəcək qədər

İzani öpəcək qədər,

Tanrı biləcək qədər sevirəm səni

Sevirəm səni söyəcək qədər,

Döyəcək qədər.

Öldürəcək qədər,

Mən bir az dəli oğlanam axı.

Bax belə sevirəm səni

manyakcasına.

 

Fərqli olmaq, özəl poetik düşüncə kontekstindən çıxış etmək üçün ilk növbədə, fərqli poetik yaşam lazımdır. Bəzi hallarda sevgi haqqında yazılan şeir sevgini bəlirtmək, yaşanan duyğusallığı ehtiva eləmək əvəzinə sanki sevgi effekti yaradır. Gənclər şeirlərində söz oyununa, konstruksiyaya o qədər qapılırlar ki, şeirin poetik cəhətdən uğurunun təəssübünü çəkmək kölgədə qalır. Aşağıdakı şeirdə olduğu kimi:

 

Sevgi ikilikdə alınmır nəsə,

Azalıb “iki”nin tamı dünyada.

Üçüncü adamam mən də kiməsə,

Üçüncü adamdı hamı dünyada...

 

Bu sətirlərin müəllifi Elvinin “Vağzal adamı” şeiri isə əksinə, mənə daha maraqlı və uğurlu poetik örnək təsiri bağışladı. Burada “qatar” məfhumunun doğurduğu bütün assosiativ mənalar, anlayışlar –ayrılıq, uzaqlıq, kədər, vida səhnəsi-hər biri obraz səviyyəsində uğurlu bədii həllini tapa bilir. Ən əsası, şeirdə vağzal həyatın boşluqlarına, etinasızlığına adekvat olaraq mənalanır, yalnız insanla-insan arasında deyil, insanla həyat arasında vida səhnəsinə çevrilir. Hərçənd bu səhnə bizə tanış da gəlir, bir qədər Ramiz Rövşənin şeirinin yada saldığı “hara gedirsən, ay gəmi?” misralarının sərgilədiyi həmən nostalji, bir qədər M.Araz şeirinin “bir də ömrümüzə qayıtmaz o gün, bir də önümüzə çıxmaz bu qatar” misralarının canlandırdığı həzin nisgil lövhəsidir. Gəl ki, ritm, intonasiya Salamındır:

 

Gəlib ürəyimdən od apardılar,

Mən adam deyiləm, odam, ay adam.

Bu qatar adamlar nə adamdılar,

Nə də adam kimi adam, ya adam.

Baxıb qatarların itdiyi yola,

Gücüm yox özümə bir yol eyləyəm.

Havada əl boyda bir yerim ola,

Hamıya biryolluq sağol eləyəm... 

 

Digər gənc şair Elşad Ərşadoğlunun şeirlərində fəlsəfi notlar dünya, cəmiyyət və insan münasibətlərinə, idiomalar üzərinə köklənir. Burada əbədi olmayan dünyaya təşnəliyin tənqidi, hissin, düşüncənin psixoloji ladda gərginliyi əsas göstəricidir:

 

Ömrünü yedikcə illər,

Bu dünyada hamı inlər.

İşıq salır dik gəzənlər,

Sürünənlər kölgə olur.

Qəlbində inam öləndə,

Çaşanda, haqdan dönəndə,

İnsan Allahdan dönəndə,

Hər şey dönür bəlkə olur.

 

Elşadın şeirlərində sözlərin məna çalarlarının bir müstəviyə gətirilməsi və təzadlı, ziddiyyətli hisslərin ifadəsinə meyl var. Qeyd edək ki, bu fakt artıq poeziyamız üçün keçilmiş, kifayət qədər təsir dairəsi yaratmış yoldur və bu yolla addımlamaq gənc şairə heç bir uğur, seçilmişlik statusu qazandırmayacaq. Halbuki, “Çox şey göyərdəcək bu yağan yağış” şeiri bizi daha uğurlu şair imzası ilə üz-üzə qoyur:

 

Dünyamıza yağış yağır.

Həzin-həzin,

ağır-ağır...

İslanır dünyamızın olan-olmazı,

nəyi varsa islanır.

Dünyamızın üstünə

kim tutubdu görəsən,

nəhəng mavi çətiri?

Bəs niyə buluddan yuxarıda tutub?

 

Bu şeirdə naturfəlsəfi məqamlara önəm vermək təşnəsi, təbiət hadisələrinin dünya ilə, gərdişlə əlaqəli şəkildə, vəhdətdə mənalanması var. Burada yağan yağışa verilən məna çox incə və maraqlıdır, sosial ağrılardan yorulmuş ruhun mənəvi sığınacaq çevrəsini simvolizə edir.

Bu gün çağdaş poeziyada dominant olan qadın yaşamının qüvvəsini, qadın iç dünyasının sərgilənməsini jurnalın ümumi mənzərəsi də ehtiva edir. Nədən ki, çağdaş poeziyada bu təmayülü formalaşdıran prioritet yazarların bir qismi elə Gənc Ədiblər Məktəbinin təmsilçiləridir. Rəbiqə, A.Əlizadə, Feyziyyə, N.Hüseynzadə, G.Şamilqızı və başqa ədiblərin şeirləri qadın taleyi, qadın həqiqəti problemini özündə ehtiva edir. Sosial məqam, qadının ictimai-sosial mövqeyi bu şeirlərdə fonu təşkil edir. 

Sözə həssas yanaşan, son illər ədəbiyyatımıza yeni poetik ruh aşılayan Rəbiqənin jurnalda yer almış hər iki vəzndə – həm sərbəst, həm də hecada yazdığı şeirləri, eləcə də digər mətbu orqanlarda izlədiyim onlarla digər başqa şeiri onu öz estetikasını yaradan, sözlə incə rəftar edən şair kimi səciyyələndirir. Diqqət edək:

 

Yaman yağdı həyəcan,

çox guruldadı maraq.

Dedik ki, belə leysan

bir də heç olmayacaq...

İslandı üst-başımız

tər, bir az da göz yaşı...

Payız deyildi hələ,

qabaqladıq yağışı...

Əvvəl sən soyuqlaşdın,

sonra mən havalarla.

Bir az uzandı payız

mənasız davalarla

Buludlar gəldi-getdi,

içimiz aydınlaşdı.

Sonra yenə yağışlar

hava bir də qarışdı...

Qəfil yatdı içində

sənin həyəcan seli.

Mən özümü aldatdım

guya sevirdim səni...

Yay gününə yağmışdı

həyəcanın yağışı..

Payız gəldi, qurudu

həm tər , həm də göz yaşı...

 

Heca vəznində qələmə alınan bu şeirdə hisslər təbiətin bir nişanı-yağış ilə analoji kontekstdə təsvirə çəkilməklə maraqlı assosiasiya yaradılır. Burada xəfif bir eşq oyunu səmimiyyət və emosionallıqla təsvirə çəkilir, sanki lirik bir təbiət lövhəsi sərgilənmiş olur. Maraqlı metafora yaradılır, insanın poetik duyğuları təbiətlə müqayisə olunur, təbiətlə eyniləşir və onda əriyir, itir. Burada lirik qəhrəmanın aləmi psixoloji paralelizm vasitəsilə ifadə olunur. S.Norovçatov kitabında insan həyəcanlarının, hisslərinin zahirən bənzər təbiət hadisələri ilə müqayisəli şəkildə ifadə olunmasını psixoloji paralelizmin əsası sayır. Yəni bu təsvir sadəcə peyzaj deyil, hissin, duyğunun təbiət fakturasına dayanıqlı olması prosesidir. Ümumiyyətlə, Rəbiqənin şeirlərində dünyaya, reallıqlara baxışında dodaqqaçıran yumor, xəfif bir istehza hakimdir və etiraf edim ki, bu şeirləri oxuduqca onlarda ehtiva olunan pozitiv enerji sövq-təbii insanın içinə, gözünə-könlünə dolur. Məsələn, onun yazdığı “Dostların şeiri”nə diqqət edək:

 

Sən işıq göstərirsən

mən içimdə itəndə

İpimi bərk çəkirsən

qəfil amansız sevda

Məni sola çəkəndə...

Səninlə bir keçirəm

tale adlı meydanı.

Yanımdasan, bilirəm,

bir futbol topu kimi

fırladıram dünyanı...

 

Aysel Əlizadənin şeirlərində daha çox qadın dünyasının, qadın yaşamının ekzistensiyası yaradılır, naturfəlsəfi məqamlara diqqət yönəltməklə qadının mənəvi sarsıntı və yaşantısı ictimai-psixoloji müstəviyə çıxarılır.

 

Mən səni ona görə sevdim ki,

Boş yer vardı yanımda.

Ona görə sevdim ki,

o yerdən qalmayasan nigaran.

 

Ayselin şeirləri daha çox lirik mənin iç dünya duyumuna köklənir, ağrının sirayət gücü nəfəs kəsəcək qədərdir:  

 

Getdin.

Hər yerim ağrıdı...

Səssizliyində batdım ağrının...

Bu dəfə hər şeydən çox oldu itkim..

dinə də bilmədim

Deyə də bilmədim ki,

Getmə.

Bu boyda dünyayla barışdım

Bu qədər olaya öyrəşdim

Tək çabalamaq deyil ayrılıq

Dünyaya dayanmaq deyil yalnızlıq

ən dəhşətlisi həqiqətdir

gerçəklikdir

sənsizlik...

 

Ramiz Rövşən “çətini dünyayla barışmaq imiş” deyirdi. Ayselin “bu boyda dünyayla barışdım” əzabı sevgi ayrılığının yaratdığı ağrı qarşısında belə yenilir, onun dəhşətli həqiqəti önündə ram olur. Bu ovqat, vahid qəmgin notlar şairənin bütün şeirlərinin canına hopub. Aysel nədən yazır yazsın, hansı məzmunda nəsnəni dilə gətirir gətirsin ruhsal dünyasının çöküşü, ayrılıq gerçəkliyinin doğurduğu dekadans onun lirik yaşamının aparıcı xəttini təşkil edir. Hətta gənc qızın düşüncələri dünyanın meditativ çözümünə, sərt və fəci reallıqlarına köklənəndə belə hiss olunur: bu dalğınlıq, ümidsizlik sevgisizlik boşluğunun yaratdığı durumdur. Maraqlıdır ki, Ayselin şeirlərinin əsas   yorğunluq, susqunluq, tənhalıq, qocalıq və s., və i. kimi ifadələr mənəvi dünyanın depresyon halını sərgiləyən vasitələrdir: Sanki Kafkanın cızdığı obrazdır: “o, anadan qoca və yorğun doğulub”.

 

Heç nə dəyişmir, ata

Xoşbəxt olmur bir nəfər

Hamı dərdli, hüznlü

hamı bizdən beş betər.

Ümid tapmadı heç kim

Ümidlər harda axı?

Damarlardan qəm axır...

Gözlərdədir cəhənnəm.

Mən də ki, yaman sənsiz...

Mən də ki..boş ver,

şərhsiz...

 

Ayselin şeirlərinin zəif nöqtəsi də elə bu məqamla bağlıdır. Bəzən hissin, həyəcanın təsirinə o qədər aludə olur ki, poetik forma öz uyarlığını itirir. Şeirin effekti zəifləyir, poetik yaşam hiss olunmur, yerdə qalan müəllifin acı fəryadı olur.

Bu üzgünlük, küskünlük çaları N.Hüseynzadənin şeirləri üçün də xarakterikdir. Qadın yazarlar içlərini, duyğularını çözmək, çatdırmaq üçün konkret ünvana, ada, üçüncü şəxsə istinad edirlər. Bu üçüncü şəxs deyilənlərin boşluğa dəymədiyini bəlirtməklə bahəm, həm də bir ümid işığı kimi mənalanır.

 

getdin, öldü qonşumun böyük qızı

dəm qazından boğuldu.

mən də hər gecə boğuluram, Adilə,

hər gecə...

hardasan?

dəyişməyib buralarda heç nə

mən yenə gecəylə gündüzü

                        qarışdırıram

həmişəki kimi yuxusuz və yorğunam

həmişəki qədər

günahkaram Adilə!

 

Nərminin şeirlərində çatışmayan nəsnələr çoxdur: məzmunun formanı yenməsi, məzmunun təsirinə, onun nəqlinə qapılıb poetik ritmi, intonasiyanı üstələmək çatışmazlıqları və s., v.i. Amma Nərminin şeirlərində ehtiva olunan insan ağrısı, insan üçün həssaslıq, qəlb narahatlığı fərdi, şəxsi duyğulardan başlayıb planetar düşüncə hüdudunu, dünya insanının yaşadığı ağrını, hüznü çevrələyə bilir. Bu günkü poeziya “bum”unun içində, şeirin daha çox dünya kontekstinə köklənməsi prosesinin labüdlüyü məqamında Nərminin “İrana səfər edən dostum Sadiqə mesaj...” şeiri mənə elə ona görə maraqlı göründü ki, Böyük Sabirin şeirlərində tənqid predmeti olan İran neqativləri XXI əsrin ilk çərəyində yenə də hədəfdədir, poeziya müasir insanın dili, düşüncəsi ilə ona əzəli etirazını bildirir:

 

Ordakı yalançı şeyxlərin üzünə tüpür,

                        dostum,

tüpür üzlərinə mənim əvəzimə

vur onları

...oralar ölümə daha yaxın

nə deyirlər, nə danışırlar axirətdən,

gəlibmi, yetişibmi zamanı?

Yoxsa hələ...

Sən bilərsən

kədərlidimi Arazın o tayından baxmaq

ya boşuna yazılıb bunca şeir?

toxuna bildinmi tikanlı məftillərə

qanatdımı əllərini

yoxsa o da yalan?...

...tüpür ordakı silahlara

sarıl cocuqlara

bir də ki

Sən de o niqablı qadınlara,

de ki...

 

Feyziyyənin şeirləri bizi fərdi dünyadüyumuna malik şair “mən”i ilə üz-üzə qoyur. Bu şeirlər semantik-struktur təhlil tələb edən mətnlərdir, onlardakı məzmun və intonasiya, poetik obraz və fiqurlar, hissin, duyğunun inikas və mənalandırılma bacarığı özəl düşüncə tipinin məhsuludur. Feyziyyənin şeirləri konstruksiya əsasında yazılmış şeirlərdir, bu mənada şeirlərdən hər hansı parçanı ayırmaq onu vahid tamdan, orqanik hissədən məhrum etmək deməkdir. Çünki Feyziyyə şeiri hansısa həyat lövhəsinin alternativ çözümü kimi poetik təsvirə çəkir. Sevgilisinin yanına üzrünü yumağa gələn insan-kilsədə etirafları söyləyən şəxs kimi, ön cəbhədə əsir düşən əsgərlə zorən istəmədiyi adama ərə verilən qızın analoji təsviri, yaxud şəhid duyğuları şəhid əsgərin ekvivalenti kimi xarakterizə edən bu şeirlərin alt qatında ruhsal enerjinin varlığını dana bilmərik. Hətta qeyd etməyə bilmərəm, bizdə müharibə haqqında sayagəlməz nümunələr yazılıb, poetik yaşamdan, duyğudan məhrum. Feyziyyənin şeirləri belə bir missiyada bulunmağa çalışmasa belə, müharibə ovqatı ilə bağlı ən həssas nöqtələrə işıq sala bilir. Məsələn, onun “Gördünmü, dost, gördünmü?” şeiri dediklərimizə sübutdur. Şeir poetik uzaqlıqlar arasında məna oxşarlıqlarının tapılması, bir araya gətirilməsi baxımından maraq doğurur. Amma qeyd edim ki, bəzən bu oxşarlıqlar, məna əlaqələrinin tapılması cəhdi məzmunda fikir sürüşmələri yaradır, hansısa söz, ifadə sanki bilərəkdən, süni şəkildə məzmuna müncər edilir. Müəllifin vətən-qürbət qarşılaşmasını sərgiləyən şeiri isə mənə daha uğurlu göründü. Burada sanki əlacsızlığın portreti yaradılır, iki yol ayrıcında qalan ruhun narahatlığı lirik “mən”in səssiz fəryadı şəklində üzə çıxır:

 

qürbətlərin, vətənlərin arasında

                        qalan balam,

nə qürbəti, nə vətəni olan balam.

qalmısan yolayrıcında,

arzu ayrıcında.

kimin doğma, kimin yaddı

                        seçəmmirsən,

nə doğmandan, nə yadından

                        keçəmmirsən.

haça yollar qollarında uyuyanım,

                        ovunanım,

qalmısan, ağlaya-ağlaya

önündə doğma yadların,

arxada yad doğmaların.

 

***

 

Göründüyü kimi, gənc şairlərin şeirlərində təqdirəlayiq pozitiv çalarlar var: maraqlı metafora polifoniyası yaratmaq, fərqli, təzadlı görüntülərə orijinal, məcazi yük, simvolik məna siqləti aşılamaq və s. Bu şeirlərin bir qismində həyata və dünyaya baxışımıza yeni rənglər, çalarlar əlavə olunur, onların yeni biçim və ahəngdə sərgilənməsinə yol açır.

Amma təbii ki, qüsurlar və çatışmazlıqlar da var. Ümumi halda çatışmazlıqlara varsaq, deyə bilərik ki, təsirlənmə əlamətləri, eyni model içrə hərəkət, öz fərdi hisslərini yara bilməmək kimi xüsusiyyətlər Gənc Ədiblər Məktəbinin təmsilçilərinin bir qisminin şeirləri üçün xarakterik xüsusiyyətdir. Gənclərin şeirlərində bəzən semantik harmoniya itir, zahirən bir-birinə uygun olmayan sözlər arasında assosiativ bağlılıq belə görünmür, yeni formada yeni məzmun qatı yaratmaq cəhdi hiss olunmur. Belə hallarda şeirlərdəki fikri əlaqələr yarımçıq, predmetə münasibət bəsit və məzmunsuz təsir bağışlayır. Eləcə də, fikir məhdudluğu, poetik fikrin ifadəsində zəiflik, yaxud bədii ümumiləşdirmələrin zəifliyi bu şeirlərin bir çoxunu öz kölgəsinin üstündən üçmağa imkan vermir.

 

 

(Ardı var)

 

 

Elnarə AKİMOVA,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2012.- 10 mart.- S.28-29.