Hər şeyi görən göz
FÜZULİ QƏZƏLLƏRİ
ƏSASINDA
Mahmud Şəbüstərinin Haqqın substansiyasının aləmlərdə təcəllisi ilə bağlı bir beytini şərh edən Lahici deyir: “Haqqın kamil substansiyası hər yerdə bir ad və sifətlə zahir olur. Əgər həqiqət gözü ilə nəzər salsan, mövcud aləmin zərrələrinin hər biri Allahın ayələrindən – nişanələrindən biri olmaqla o Həzrətin varlığına dəlalət edir. Substansiyanın ad və sifət vasitəsilə təcəllisi şeylərin yaranmasına səbəb olmuşdur.” Lahici İlahi substansiyanın varlıqlarda təcəllisi ilə bağlı “əyan sabitə” (sabit mahiyyətlər) barədə mülahizələrində göstərir ki, haqqın vücudu üçün ayna olan şey məhz bu sabit mahiyyətlərdir. Görüm hissinə görə, sən aynanı deyil, orada əks olunanı görürsən. Ona görə də, “əyan sabitə” varlıq kimi deyil, yoxluq kimi xarakterizə edilir. Varlıq aləmində zahir olan onların nişanə və izləridir.
Qeyd etmək lazımdır ki, “əyan sabitə” barədə təlim vəhdəti-vücudu ortodoks islamdan fərqləndirən cəhətlərdən biridir. İslama görə, Allah Təala varlığı yoxdan, “kun!” (ol!) deməklə yaratmışdır. Lahici şərhində sabit mahiyyətlərin yoxluğu bildirməsi fikri bir növ ortodoks nəzəriyyəyə yaxınlaşmış olur. Halbuki, təsəvvüf araşdırıcılarından bir çoxu məhz bu məsələni İbn Ərəbinin ortodoks İslamdan uzaqlaşdığı məqamlardan sayırlar.
Füzuli, Əksi-rüxsarən ilə oldu müzəyyən mirat- deyərkən mümkün aləmin İlahi substansiyanın güzgüdəkinə bənzər əksi olmasına işarə etmiş olur. Beytin ikinci misrasında isə Bədəni mürdəyə feyzi nəzərin verdi həyat (Sənin baxışının feyzi ölü canlara həyat verdi) – deməklə, şair ilahi təcəllinin yüksək mərtəbəsinə işarə etmiş olur.
Sufi ədəbiyyatında
varlığın Allahın ani bir nəzəri ilə yaranması barədə
fikirlər vardır. Şəbüstərinin
“Qüdrəti görsəndi bircə an, bir dəm, Kafü-nundan doğdu hər
iki aləm”
beytini şərh edən Lahiciyə görə, qeyb və şəhadət aləmi qadir Allahın ani bir nəzəri ilə “kaf” və “nun” hərflərindən yaranmışdır. Göründüyü kimi, ilk baxışda burada ortodoks baxışla yaxınlaşma duyulur, yaradılışın əsasında “kaf” və “nun” hərfləri (kun!, yəni ol!) dayanır, amma bu proses ilahi bir əmrlə – sözlə deyil, ani bir baxışla reallaşır. İlahi manifestasiya özü isə iki cür olur. Birinci növdə Haqqın təcəllisi bütün mövcud aləmi əhatə edir. Bu növ təcəlli “fəzl”, “fəzilət” adlanır. İkinci növ təcəlli seçilmiş adamlar – müqəddəslər, ariflər, övliyalar üçün nəzərdə tutulur. Bu təcəllinin “feyz” növüdür. Təcəllinin bu növü ariflər üçün mənəvi kamillik qaynağıdır. Füzuli şerində feyzi-nəzərin ölü cana həyat verməsi arifin mərifət məqamına çatmasına işarədir. Əli Nihat Tərlan bu beytdəki “feyz” sözündə “su” mənasının da olmasına istinad edib buradakı həyat vermə fikrini Qurandakı “hər şeyin sudan həyat tapması” – ayəsi ilə bağlayır (əl-Ənbiya,30). Həm Qurani-Kərimdə, həm də sufi ədəbiyyatında elm və mərifət diriliklə yanaşı addımlayır. Quranda ilahi bilikləri bildirən “ilmun min lədun”dan (Allahın dərgahından olan elmdən) xəbərdar olan Xızrın məqamı olan iki dənizin qovuşduğu yer – “Məcməul-bəhreyn” balığın dirildiyi yerdir (əl-Kəhf, 63). Füzulinin bu beytində həm də gözün irfani funksiyasının ləblərin funksiyası ilə eyniləşməsini görürük. Klassik poeziyada ləb, dodaq dirilik suyu – çeşmi-heyvanla əlaqələndirilir. Suyun mənbəyi olan bulağın ərəb və fars dillərində (eyn, çeşm) həm də gözləri bildirməsi dodağın rəmzi mənasının gözə də aid edilməsinə əsas yaradan səbəblərdəndir. Bu yazının sonrakı hissələrində biz göz-ləb dixotomlarının çoxsaylı nümunələrini görəcəyik.
İrfani poeziyanın xarakter cəhətlərindən biri Allah-İnsan, Məşuq-aşiq
anlamlarının universal bir
vəhdətdə verilməsi, Allaha xas cəhətlərin İnsana,
Məşuqa xas cəhətlərin
Aşiqə, və ya əksinə aid edilməsidir. Məhz buna
görə də, “feyz-i nəzər” Füzuli şerində həm də Aşiqə,
İnsana xas bir keyfiyyətdir. Qəzəllərindən
birində şair, “daşı ləl eylədi
feyz-i nəzərim,” – söyləyir, yəni
o özünü elə
bil kamillik və
pakıq məqamında bilir ki, bir baxışı ilə
daşı belə yaquta çevirə bilir. Ləl (yaqut)
qırmızı olduğundan klassik şerdə Musaya görünün yanar
ağacın, yəni ilahi təcəllinin
metaforu kimi işlənir.
İbn Ərəbiyə görə,
Zatın təcəlli etdiyi ürək, yəni
Kamil insanın ürəyi özü qırmızı ləldir.
Allahın ən yüksək təcəllisi məhz belə bir ürəkdə reallaşır. İrfani məna ilə yanaşı, burada adi bir
məna da görmək olar;
Aşiq çox
ağladığından (şerin birinci misrasında qanlı göz
yaşları xatırlanır) gözləri o
qədər qızarır ki, hər yeri qırmızı rəngdə görür; adi bir daş da
ona yaqut kimi görsənir. Feyzi-nəzər Füzulinin başqa bir şerində də xatırlanır:
Ey kəmanübrü, şəhid-i navək-i müjganinəm,
Bulmuşam feyz-i
nəzər səndən, sənin qurbaninəm.(Q.258)
Əli Nihat Tərlan bu beytin şərhini verərkən göstərir ki şəhid (bir şeyə şahid olan; şəhid, ölü) və qurban (qurban; yaxın) sözlərinin ikili məna daşıması ilə bu beyti iki cür yozmaq olar: Birinci halda Aşiqin kəmanəbrunu (qaşı yaya bənzər; qabə-qövseyn (qoşa yay) ilahi varlığa yaxınlığı bildirir), daha doğrusu, Onun oxa bənzər kirpiklərini müşahidə etməsi ilə ilahi feyzə yaxınlıq nəzərdə tutulur. İkinci halda, ğəmzə oxlarının öldürüb şəhid etdiyi aşiq özünü feyzi-nəzər sahibi olan kamanəbruya qurban bilir. Amma alimin “şəhid” sözünün ikili mənası ilə bağlı fikri özünü doğrultmur. Çünki “şəhid” sözü birmənalı olaraq ancaq şəhid, ölü anlamındadır. Bu sözün bir şeyi görən anlamında işlənməsi üçün fail formasında olub birinci hecanın uzunluğu ilə oxunması lazım gəlir. Şerdə uzunluq ikinci hecada, “i” üzərindədir. Feyzi-nəzərdən şəhid olmaq varlıqdan keçmək, fəna halı yaşamaq kimi yozula bilər ki, bu da aşağıda bəhs edəcəyimiz bir Quran qissəsi – Musanın Tur dağında ilahi təcəllidən qəşş etməsi ilə bağlı assosiasiyalar yaradır.
Füzuli şerində gözlə bağlı mənaların bir qismi aşiqin məşuqu görmək, onun camalını seyr etmək istəyi ilə bağlıdır. Bu motiv Qurani-Kərimdəki bir epizoddan, Musa peyğəmbərin Allahı görmək istəyindən bol-bol qaynaqlanmış, Musa sufi şerində həqiqi aşiqin rəmzi obrazına çevrilmişdir. Quranda deyilir:
Musa təyin olunmuş vaxtda (dağa) gələndə Rəbbi onunla danışdı. (Musa) dedi: “Ya Rəbbim Özünü mənə göstər Sənə baxım.”(Rəbbi) dedi: “Sən Məni heç görməyəcəksən. Dağa bax, əgər o öz yerində qərar tutub qalarsa, sən də Məni görərsən.” Rəbbi dağa təcəlli etdikdə dağ parça-parça oldu, Musa isə huşunu itirib yıxıldı. O, ayıldıqda dedi: “Sübhan Allah, Sənə tövbə edirəm, möminlərin birincisi oluram.” (əl-Əraf, 143)
Bu ayə ətrafında müsəlman alimləri, Quran müfəssirləri çeşidli mülahizələr söyləmişlər; burada aydın bir tərzdə Allahı görməyin imkansızlığı bildirilsə də, fərqli fikirlər də səslənmişdir. Musa peyğəmbərin əhvalatı ilə bağlı sufi mülahizələrinə görə, o məhz Allahın təcəllisinin şahidi olduğundan qəşş edin yıxılmışdır. Qurani-Kərimin başqa bir ayəsində də Allahı görməyin qeyri-mümkünlüyü bildirilir: Baxışlar onu görə bilməz (dərk edə bilməz), o baxışları görər (dərk edər). (əl-Ənam, 103) Aişədən söylənilən bir hədisdə deyilir ki, kim ki, “Məhəmməd (s.ə.s.) Rəbbini görmüşdür” – deyir, o yalan söyləyir. Allah özü buyurmuşdur ki, baxışlar onu görə bilməz. Bununla belə, İbn Abbasa istinad edən başqa bir hədisdə deyilir ki, Məhəmməd (s.ə.s.) rəbbini iki dəfə qəlbi ilə görmüşdür. Buna əl-Nəcm surəsində də işarə edilmişdir.
Başqa mülahizələr əl-Qiyamət surəsinin 22-23-ci ayələrinə əsaslanır və möminlərin axirətdə Allahı görə bilməsi ətrafında cərəyan edir: Həmin gün üzlər parıldayacaq və öz Rəbbinə baxacaqlar.” Bu ayəyə əsasən insanın Allahı görə bilməməsinin bu dünyaya aid olması, möminlərin Axirət dünyasında Allahı görə biləcəkləri ilə bağlı fikirlər də səslənmişdir. Qurani-Kərimin başqa bir ayəsində kafirlərin axirətdə Rəbblərini görə bilməyəcəkləri, Ondan hicabla ayrılacaqları bildirilir (əl-Mutaffifun 15). Əbu Hureyrə, Ənəs ibn Malik, Bilal və başqa səhabələrə istinadən söylənilən səhih hədisdə deyilir ki, Möminlər axirətdə Rəbbini Onun öz mərhəmət və kəraməti ilə bizim üçün xəlq etdiyi cənnət bağları olan mənzillərdə görəcəklər.
Bəzi mötəbər ilahiyyat alimləri, söyləmişdir ki, əl-Ənam surəsindəki Baxışlar onu görə bilməz (dərk edə bilməz), ifadəsi ilə baxışların deyil, ağlın Allahı dərk edə bilməməsi bildirilib. İnsan səmanı görsə də, onun baxışları səmanı bütövlükdə əhatə edə bilmir və o səmanın ənginliklərindən xəbərsiz qalır.
Din alimlərinin saysız
mülahizə və mübahisələrini doğurmuş,
bu ayələr təsəvvüfdə də
əsas mövzulardan biri
olmuşdur. Təsəvvüf alimləri
birmənalı olaraq Allahın özünü insana
göstərməsini, yəni ilahi təcəllini
mümkün bilmişlər. Digər tərəfdən, Allahın özünü kafirlərdən hicabla gizlətməsi halı (əl-Mutaffifun,
15) sufizmdə hicabın qaldırılması (kəşf,
mükəşəfə) barəsində bir
sıra fikirlər doğurmuş, təriqət
yoluna qədəm qoyan
salikin əsas amalı məhz bu hicabın qaldırılmasına nail olub Allahı seyr etmək olmuşdur.
Beləliklə, mukəşəfə Sufizmdə mümkün, amma hasili çətin, salikdən bir
çox çətinlikləri üstələməyi,
dözülməsi ağır mənəvi-psixoloji durumlardan keçməyi tələb edən bir proses olmuşdur.
Sufizmin ideoloqlarından
biri olan əl-Quşeyri bu prosesi belə izah edir:
“Əvvəl Allahın
hüzuru (muhadara), sonra pərdənin açılması (mukəşəfə)
sonra da Onun seyri (muşəhədə)
başlayır. Allahı hüzürunda olmaq
qəlbin Allahın hüzurunda olmasıdır.
Buna Haqqın fasiləsiz təcəllisi
ilə nail olunur ki, bu zaman
insan zikrin gücü ilə özünü Allahın
hüzurunda hiss edir.
Bundan sonra pərdənin açılması (mukəşəfə)
mərhələsi gəlir
ki, bu zaman
(Haqqın sübutu üçün) heç
kimin Onu görməyə, həqiqət
yolunu axtarmağa ehtiyacı qalmır.
Bu zaman o şübhələrdən
də uzaq olur və Görünməzin
dərgahı ilə onun arasında hər bir pərdə
qalxmış olur.
Bunun ardınca müşahidə
gəlir. Bu o deməkdir
ki, heç bir şübhəyə yer qalmadan özünü
Mütləq Həqiqətin
hüzurunda hiss edirsən...
Hüzur
zamanı insan Onun adları ilə bağlanmış
olur. Pərdənin qaldırılması ilə insan Onun atributlarını (görüb) sevinir. Müşahidə zamanında isə
insan büsbütün
Onun dərki ilə yox olmuş
olur.”
Füzulinin gözlə bağlı beytlərində biz dönə-dönə
hicabla bağlı mənalara rast gəlirik ki, onlar təbii ki, ilk növbədə sufizmin nəzəri prinsiplərindən qaynaqlanır. Bu mənalara sonrakı məqalələrdən birində
toxunmaq fikrindəyəm.
İndi isə aşiqin Gözəli görmək
arzusu ilə bağlı mənalara nəzər salaq. Yuxarıda qeyd etdiyimiz kimi, bu mənalar
arasında Musa peyğəmbərlə
bağlı epizoda irfani şerdə tez-tez müraciət edilir. Bəzən bu müraciət Nəsimi şerində olduğu kimi Qurandan iqtibaslar gətirməklə açıq
bir şəkildə yer alır:
“Rəbbi ərini”n cəvabı “ləntərani”
çün gəlir,
Səndə gör didarı, andan özgə didar istəmə.
Bəzən də Füzuli
şerində olduğu
kimi dünyəvi şerin obrazlarına bürünür:
Bilmərəm kim, nəzər əhli nəsini əksildər,
Qəzəb eylər nəzər etsəm mah-i ruxsarinə. (F.Q. 287)
Orta əsr oxucusunun yaddaşı, poetik zövqü və düşüncə
tərzi Qurani-Kərim
əsasında formalaşdığından
nəzər əhlini,
yəni ona baxmaq istəyənləri
qəzəblə qarşılayan
Gözəlin Musa peyğəmbərlə
bağlı yuxarıdakı
ayələri yada salması təbii hal idi. Başqa
bir qəzəlində
Füzuli deyir:
Başda
bir sərvi-səmənbər
vəslinin sevdası var,
Sud qılmaz
bağiban nəzzareyi-gülşən
mana.
Sərvi-səmənbər (yasəmən sinəli sərv) mütləq varlığın rəmzidir. Sərvin düz
olması, əyilməməsi
onu əlif hərfi kimi vəhdətin rəmzi edir. Öz gülşəninə, yəni rəngarəng güllərə bənzər
ilahi sirlərə aşiqin nəzər salmasına mərhəmət
etməyən Bağban
Mütləq varlığı
bildirir. Burada Bağbanla
Musa peyğəmbərə “sən məni görə bilməzsən”
deyən Allah arasında
assosiasiyalar yaranır.
Şair bu beytdə sevda və sud
sözlərindən istifadə
edərək təcnisi-muzəyyəl
(əlavəli təcnis)
sənəti yaratmışdır.
Sonda qeyd etmək istərdik ki, Füzuli şeri irfani mənalarla zəngin olsa da o, hər
hansı bir təriqətə mənsub
şair olmamış,
öz poeziyası ilə hər hansı bir təlimi təbliğ etmək fikrindən uzaq olub qəlbinin
dediklərini misilsiz poetik təxəyyül süzgəcindən keçirərək
ifadə etmişdir. Şairin misilsiz
poetik təxəyyülü,
hisslərinin səmimiliyi
və yüksək sənətkarlığı dərin
irfani mənaları ilə vəhdətdə onu Türk dünyasının
birinci şairi etmişdir.
Aida QASIMOVA,
Professor
525-ci qəzet.- 2012.- 10 mart.- S.25.