Şərq-Qərb
qovşağında yeniləşmə hərəkatı və
ziddiyyətlər
(MİRZƏ FƏTƏLİ
AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR)
Ədəbiyyat tariximizin və
M.F.Axundzadə yaradıcılığının yeni
baxışla araşdırılmasında böyük xidmətləri
olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin,
Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun,
Y.Qarayevin, tələbəm S.Tağızadənin əziz
xatirələrinə...
...M.F.Axundzadə irsinin Türkiyədə
ən böyük araşdırıcısı Yavuz
Akpınara və “Fətəli fəthi” romanının
yazarı Çingiz Hüseynova sayqı və salamlarla...
(Əvvəli
ötən şənbə saylarımızda)
M.F.Axundzadə nəsrdən
də, şeirdən olduğu kimi, ciddi məzmun tələb
edirdi. “Aldanmış kəvakib”
realist Azərbaycan nəsrinin nümunəsi
idi və Mirzə Fətəli bu örnəklə kifayətlənməyib dəfələrlə
nəzəri mülahizələri ilə nəsrin
üfüqlərini aydınlaşdırmış, gələcək
Azərbaycan, butövlükdə Şərq nəsrinin estetik prinsiplərini göstərmişdir.
1875-ci ildə M.F.Axundovun dostu Mirzə Yusif xana yazdığı
məktubda etdiyi qeydə diqqət yetirək:
“Roman yazmaq da avropalıların istilahınca, dram adlanan bu
kimi əsərlər növündəndir.
Təəssüf ki, bizim
xalqımız bu fəndən hələ
tamamilə xəbərsizdir”.
Və bu baxımdan böyük maarifçinin ümid dolu gözlərinin “savad
və zövq sahibi olan gəncliyə” dikilməsi dahiyanə
uzaqgörənlik idi.
Məlum olduğu kimi, Mirzə Fətəli
“Aldanmiş kəvakib”in süjetini
tarixdən – İsgəndər bəy Münşinin
“Tarix aləm-arayi-Abbas” əsərində
təsvir olunan əhvalatdan götürmüşdür. Və bu nümunə tarixə sənətkar
baxışını, tarix mövzunun müasir həyatla
bağlılığını aktuallığını
öyrənmə baxımından xüsusilə ibrətlidir.
Sənətdə
tarixiliyin estetik
mündəriçəsini lakonik,
tutalı şəkildə ifadə edən müəllif tarixi janrın geniş
imkanlarını göstərmiş və xalqın mənəvi
problemlərini həll etməkdə tarixə qayıtma yolunu seçmişdir.
Mirzə Fətəli
sənətin böyük məqsədləri
sırasında insan tərbiyəsi, əxlaq
gözəlliyinə ayrıca yer verir. Məqalələrinin birində böyük maarifçi
yazır: “Beləliklə bəşər
övladına səadət və qurtuluş
o zaman nəsib
olacaqdır ki, istər Asiyada
və istərsə də Avropada,
insanın şüuru tamamilə əbədi
həbsdən xilas olacaq
və bütün işlərdə və
təfəkkürdə hadisələr deyil,
insanın ağlı yeganə dəlil, sənəd və
hakimi-mütləq olacaqdır”.
Böyük humanist “kamil adam” olmaq
üçün yeddi
vəzifə göstərir: pis əməldən
çəkinmək, yaxşılıq etməyə
çalışmaq, zülmü dəf
etməyə çalışmaq, öz həmnövləri
ilə cəmiyyətdə müttəfiq yaşamaq,
elm ardınca getmək, elmi
yaymağa çalışmaq, öz
qüvvəsi və öz imkanları
daxilində özünə müttəfiq olan
cəmiyyətə öz həmvətənləri
və öz həmfikirləri içərisində
qayda və qanunları mühafizə etmək
uğrunda mübarizə aparmaq.
“Kəmalüddövlə
məktubları”nda sənətin insan tərbiyəsindəki
böyük rolundan geniş bəhs edən Mirzə Fətəli demokratik ədəbiyyatın mübariz
rolunu göstərmişdir.
Həsən bəy
Zərdabiyə yazdığı məktubda böyük
sənətkar deyir: “Qoy,
bizim millətimiz də bir
az gözü
açılıb fanatiklikdən çıxsın, bəlkə
patryot olsun, onda hər nə etsən, baş
tutar”.
Öz xalqının təbii
istedadına ürəkdən inanan Mirzə
Fətəli gələcəyə nikbin
baxır, öz əməllərinə, öz yazdıqlarına, öz
həqiqətinə, iman gətirdiyi yola ürəkdən inanırdı:
“Sağlıq olsun, yaxın gələcəkdə
vətənimiz yadların ardınca gedənlərin mənhus
vücudundan təmizlənəcəkdir! Yurdumuz gülüstana
çevriləcək və keçmiş
zamanlarda olan ədalət
yenidən ehya olunacaqdır. Təəssüf
ki, bizim ömrümüz o gözəl
və səadətli günləri görməyə vəfa
etməyəcəkdir. Lakin yəqin ediniz ki, o
günlər gələcək və bizim
övladımız o günlərin bəhrəsini
görəcəkdir”.
Mirzə Fətəli Axundzadənin bəhs etdiyi tənqidi-estetik problemlərin içərisində
sənətdə forma və məzmun məsələsi
də diqqəti cəlb edir. Vaxtilə
N.Q.Çernışevski yazırdı: “Orijinal
olmaq barəsində qəsdən fikirləşmək
forma qayğısına qalmaqdır. Kimdə
məzmun var isə o orijinal olmağa cəhd
göstərmir. Əslində o, orijinal olmaya bilməz, çünki bu barədə
fikirləşmir”.
Bu estetik
meyarı Şərq bədii materialı əsasında
M.F.Axundzadə həmin mövqedən geniş
və əhatəli şəkildə şərh etmişdir.
Məzmun və
formanı dialektik vəhdətdə
götürən M.F.Axundzadə öz fikrini belə əsaslandırır: “İki şey şeirin əsas şərtlərindəndir:
məzmun gözəlliyi və ifadə gözəlliyi. Məzmun
gözəlliyi olub, ifadə gözəlliyinə
malik olmayan bir nəzm Mollayi-Ruminin məsnəvisi
kimi, məqbul nəzmdir, amma
şeiriyyəsində nöqsan vardır.
İfadə
gözəlliyinə malik olub,
məzmun gözəlliyindən məhrum olan
mənzumə, tehranlı Qaaninin şeirləri
kimi zəif və kəsalət
artırıcı nəzmdir, amma yenə şeir növündəndir, yenə də
hünərdir.
Həm
məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə
malik olan nəzm, Firdovsinin “Şahnamə”si, Nizaminin
“Xəmsə”si və Hafizin divanı kimi, nəşə artırıcı və həyəcanlandırıcı
olub hər kəs tərəfindən bəyənilir. Belə nəzm sahiblərini
peyğəmbərlərlə bərabər tutmaq
olar, çünki onlar bəşər növünün
fovqündə olub filosofanə xəyal və
ilham sahibləridir”.
Mirzə Fətəli
məzmunu rəhbər tutur, yeni məzmunun yeni forma tələb etməsi məsələsini
qoyur. O, Süruşu
tənqid edərkən onun qəsidələrində
nə məzmun, nə də ifadə gözəlliyinin olduğunu göstərir. Yeni
məzmun, yeni həyat, yeni
dünyagörüş demək idi. Və Mirzə Fətəli yeni məzmunlu ədəbiyyatdan
danışarkən müasir ədəbiyyatın
nəzəriyyəsinin təməl daşlarından birini qoymuşdur.
Mirzə
Fətəlinin dediyi həqiqət bu gün üçün
də doğrudur, müasirdir:
“...nəsrdə də qafiyədən və uşaqcasına
mübaliğələrdən və əbləhcəsinə
təşbehlərdən bütünlüklə çəkinəcəklər,
ancaq rəğbətli məzmun (kursiv bizimdir – K.V.)
arxasınca gələcəkdir.
Elə bir məzmun ki,
oxucu ondan həzz
alsın və qulaq asan
ləzzət aparsın və müəllif bunun
sayəsində ad qazansın. Belə ki, məzmun gözəl olduqda,
kritika əvəzinə hər tərəfdən
onun haqqında tərifnamələr
göndərəcəklər; çünki
gözəl məzmun tapmaq, Allah vergisi olan
təbii xüsusiyyətlərindəndir, amma
qafiyə düzmək, başqa sənətlər
kimi öyrənilə bilən bir şeydir”.
Teatr və dramaturgiya
Mirzə Fətəli yaradıcılığının
ayrılmaz bir hissəsidir. Azərbaycan
dramaturgiyasının banisi, altı klassik komediyası ilə yeni
sənətin parlaq nümunələrini
yaratmış, dahi sənətkar dram və teatr nəzəriyyəçisi,
tənqidçisi kimi də olduqca böyük işlər
görmüşdür.
“Millətin
işinə yaramaq” prinsipini
hər şeydən üstün tutan M.F.Axundzadəqəti inanırdı ki: “Bu gün
millət üçün faydalı və
oxucuların zovqü üçün
rəğbətli olan əsər – drama və romandır”.
İctimai quruluşun
eyiblərini göstərməkdə, din
və xurafatın xalqın sinəsinə çəkdiyi
dağları əks etdirməkdə, maarif
işığını yaymaqda, demokratik idealları təbliğ etməkdə
dram sənəti, teatr,
(doğrudan da, həlledici
rol oynayırdı.
Savadsızlığın daha geniş yayıldığı Şərqdə
teatrın oynayacağı mühüm rolu Axundzadə
çox aydın görürdü.
Mirzə Fətəlinin
dram sənətinə baxışı nəzəri
mühakimələrinin dərinliyi, incəliyi ilə
seçilən “Mirzə Ağanın pyesləri haqqında kritika” adlı məqalədə öz əksini tapıb. Axundzadə bu məqalədə Mirzə Ağanın dörd pyesini təhlil edir, mənfi-müsbət cəhətlərini
göstərir, ideyalılıq və bədiilik
baxımından bu komediyaları saf-çürük edir.
O, böyük sevinc
içində üzünu öz ardıcılına tutaraq
yazır: “Sizin şirin
məktubunuz yetişdi. Əsərinizi başdan-ayağa oxudum.
Sizə min təhsin və afərin
göndərirəm; sizin qeyrət və zövqünüzdən vəcdə
gəlirəm. Ümid edirəm ki, həmişə vaxtınızı
fransızların istilahınca “drama” fənni
adlanan bu şərəfli
fənnə sərf edərək çox
tərəqqi edəcəksiniz və bu fənndə
qeyri-vətəndaşlarınıza, həmməzhəblərinizə
rəhbər olacaqsınız.
Amma hələlik işinizin
başlanğıçı olduğu üçün, gərək mən əsərinizin
bəzi nöqsanlarını sizə göstərəm ki, bundan sonra
gözüaçıq olasınız; yainki
bu fənnə dair
yazdığmız əsərdə tutulacaq
yer qalmasın və sizin
əsəriniz xass və avamm
xoşuma gəlsin”.
Sənətin
digər növləri kimi dram
da xəlqiliyini ən mühüm
amil hesab edən Mirzə
Fətəli konkret təhlilə
keçməzdən əvvəl ümumən “teatr nə olan şeydir?” sualına cavab verir. Sonra isə Mirzə
Ağanın pyeslərinin qüsurları üzərində
dayanır, ideya bədii nöqsanları səbr
və təmkinlə şərh edir. Kiçicik bir detal belə unutmayan həssas
tənqidçi adi texniki
qüsurları belə yaddan
çıxarmır və yol göstərə-göstərə,
lazımi məqamlarda ruhlandıra-ruhlandıra təhlil
aparır.
M.F.Axundzadə
Mirzə Ağanın pyesləri içərisində “Sərgüzəşti-Ağa
Haşım”ı və “Əşruf xan”
pyeslərini daha çox
təqdir edir. Çünki
bu pyeslər məişət səviyyəsindən
ictimai həyata keçid
kimi maraqlı idi. Və
Axundovu ictimai pafos, mübarizə motivləri, sağlam tənqid hər şeydən çox maraqlandırırdı.
“Drama sənətinin məqsədi insanların
əxlaqını yaxşılaşdırmaq, oxucu
və qulaq asanları ibrətləndirməkdir”
– deyən Axundzadə səhnə imkanlarını
aydınlaşdırır, oxu dramı ilə
tamaşa dramını fərqləndirir,
səhnə etikasından söz
açır və nəhayət, bu böyük və şərəfli yolun qürurlu gələcəyindən inamla bəhs edir; millətin o dərəcədə
təzim və təqdirini qazanmışlar ki,
öldükdən sonra millət
onların hünəri müqabilində təşəkkür
əlaməti olaraq qəbirləri üzərində
uca imarətlər, yəni abidələr
tikmişlər: Molyer və Şekspir bu kimi təzimə layiq
şəxslərdəndirlər ki, bir-bir saymağa ehtiyac yoxdur.
“Fehristi-kitab”
yazısında Axundzadəni tamaşaları – şəbihləri
tənqid edir, “nəqli-behcət” (komediya) və “nəqli-müsibət”
(façiə) arasındakı fərqi şərh edir. Bədii yaradıcılıqda
olduğu kimi, nəzəri
müddəalarında da komediya
janrına daha çox
meyl edən Axundzadə xalqı tərbiyələndirmək
üçün, əxlaqı
saflaşdırmaq üçün “tənqiddən
faydalı heç bir
vasitə ola bilməz” deyirdi
ki, bu tənqidin də
əsas ruporu məhz komediya
janrı idi. “...mən türkcə
“təmsilat”ımda iranlıların yaramaz
əxlaq və rəftarım pisləmişəm. Bu isə dramnəvisliyin əsas şərtlərindəndir”.
M.F.Axundovun ədəbi tənqid sistemində ən
mühüm komponentlərindən biri dil və üslub məsələləridir. Bu, təsadüfi deyil. Müasir Azərbaycan milli
ədəbi dilinin banisi
M.F.Axundzadə dil məsələlərinə
qətiyyən biganə qala bilməzdi.
Milli özünüidrak prosesində ana dilli ədəbiyyatın
varlığı mühüm şərtdir.
Və belə bir ədəbiyyat
qabaqcıl qayələrin ifadəsinə çevrildikdə,
xalqın duyğularını real şəkildə
əks etdirəndə öz yüksək
vəzifəsini həyata keçirmiş
olur. Axundzadə ürək
yanğısı ilə yazır: “Ərəblər bizə qələbə
çaldıqdan sonra dinlərini bizə
qəbul etdirdikləri kimi, dillərini də
bizim dilimizə qatmışlar və bizi məcbur etmişlər ki,
öz dilimizdə yazılan kitablar oxuyub başa düşmək üçün
ərəb dili və onun
qaydalarını da bilək. Buna görə də biz məcburuq
ki, farsca
yazılmış əsərləri anlamaq
üçün iki dil və türkcə yazılmış əsərləri
başa düşmək üçün
üç dil öyrənmiş
olaq”.
Ərəb əlifbasına
qarşı Axundovun ömrünün
sonuna qədər apardığı ciddi, ağır, üzüntülü
mübarizə ideal uğrunda,
həqiqət uğrunda mübarizənin
timsalı kimi xalqımızın tarixinə
yazılmışdır.
Babalarımızın
dili də ərəblər tərəfindən
qarət edilmiş və indi
ancaq adı qalmışdır” (III c, səh. 446) deyən Mirzə Fətəli “Xitab bər katib” və “Xitab bər naqil” (III c, səh. 200-201) adlı yazılarında böyük inam və qətiyyətlə Azərbaycan orfoqrafıya və
orfoepiyasının ilk prinsiplərini irəli
sürmüşdür.
M.F.Axundzadə dilin saflığı uğrunda
böyük mübariz
olsa da, o, dillər arasındakı canlı əlaqəni,
zənginləşmə yollarını qəbul edirdi.
Mirzə Fətəli
yeri gəldikçə bədii dil və üslub məsələlərinə
də toxunmuş, xalq
dili zəminində yaranan
ədəbi dilin müxtəlif məsələlərini
işıqlandırmışdır: “Bütün
bu əhvalat şirin
və təsirli ibarələrlə ifa
edilməlidir”; “Əgər əslində fars olub, türkcəni
lazımınca bilən Tehran
ziyalılarından biri bu
“Təmsilat”ı kitabda göstərilən
şərtlər və qaydalar üzrə,
bir şey əksiltmədən,
sözçülüyə və qafiyəpərdazlığa
yol vermədən (kursiv
bizimdir – K.V.), farsların yazı
qaydalarına deyil, danışıq
qaydalarına əsasən, sadə bir
şivə ilə türk dilindən fars dilinə tərcümə və çap edib yayarsa, həm xalqa böyük xidmət etmiş
olar, həm də özü
bu kitabı satmaq yolu ilə çoxlu qazanc əldə edə bilər”.
Mirzə Fətəlinin
müdrik məsləhətləri, elmi göstərişləri Azərbaycan ədəbi
dilinin sonrakı bütün
tarixi dövrlərdəki fəaliyyəti
üçün, eləcə də bu gün üçün
əsl elmi proqramdır. Onun
Həsən bəy Zərdabiyə yazdığı məktub
diqqəti cəlb edir: “Sizin qəzetinizin əsas məziyyətlərindən
biri ifadənin gözəlliyi ibarələrin
zərifliyi və aydınlığı, orfoqrafiyanın düzgünlüyü olmalıdır. Çünki sizin qəzetiniz
başqa məsələlərlə
yanaşı Azərbaycan yazısını düzgün
olmayan ifadələrdən təmizləməyə
çalışmalı, bu dildə yazan bütün adamlar üçün
nümunə olmalıdır. Orfoqrafiyaya gəlincə,
sizin gələcəkdə təyin etdiyiniz mühərrir mənim Azərbaycan
dilində olan komediyalarımın
orfoqrafiyasına riayət etməlidir”.
(Ardı var)
Kamil VƏLİ
525-ci qəzet.-
2012.- 10 mart.- S.22.