Postmodernizm və “
Unutmağa kimsə yox...” dilemması
Kamal
Abdullanı çoxdan tanıyıram: keçən əsrin
80-ci illərinin ortalarından. İctimai-siyasi,
elmi mövzularda çoxlu söhbətlərimiz, mübahisələrimiz
olub. Siyasi məsələlərdə
fikir ayrılıqlarımız indi də qalır. Hələ o zamanlarda Kamalın söhbət
etdiyimiz, mübahisə açdığımız məsələlərə
öz yanaşması, öz baxışları vardı.
Onun yaxşı bələd olduğum istər
elmi, istərsə də bədii
yaradıcılığında postmodernizmə üz
tutması təsadufi sayılmamalıdır.
Son illərdə yazdığı üç romanla
Kamal Azərbaycan ədəbi mühitində xeyli canlanmaya səbəb
olub. Sonuncu romanı ilə bağlı isə əməlli-başlı
fikir dartışmaları yaradıb. “Unutmağa kimsə
yox...”un haqqında yazılanların, deyəsən,
əksəriyyətini oxudum: sırf ədəbi-tənqid,
dilçilik mövqeyindən yazılanları da, hikkə, qərəz,
yanlış yanaşmanın sonucu kimi ortaya
çıxmışları da! Yazıçıya
nədən yazmaq barədə iddialı olduğu qədər
də naşı bir göstəriş verməyi (“Bu durumda
milləti oyatmaqmı lazımdır, yoxsa nağıl
içində nağıl sandıqçalarından məharətlə
quraşdırılmış sirli, sehirli nağıllar
çıxardıb “yat, yat, yat” – intonasiyası ilə layla
çalmaq?”) (İ. Musayeva), yalnızca
heyranlıq hisslərini ifadə edib də, əsərin təhlilindən
aciz qalan tərifli münasibətləri bir tərəfə
buraxsaq, roman ciddi təhlillərdə ədəbiyyatımızın
maraqlı örnəklərindən biri kimi dəyərləndirilib.
Əsərə ön söz yazmış Arif
Acaloğlu kifayət qədər geniş və hərtərəfli
təhlil apararaq onun mifoloji qatlarını da göstərmişdir.
Romanı dil baxımından Tofiq Hacıyev və
Aydın Ələkbərli ətraflı bir şəkildə
incələyiblər. Əsərin poetika, məzmun,
ideya, surətləri haqqında Rüstəm Kamal, T.Əlişanoğlu,
C.Yusifli, E.Akimova, R.Əliyev, Yaşar, T.Əfəndiyev,
İ.Musayeva və başqaları fikirlər söyləyiblər.
Daha deyiləsi nə qalıb ki? Amma romanın həm özü, həm də
haqqında yazılanlar söz deməyə yenə də
imkanlar saxlamaqdadır. Yazılanları təhlil
etməyi qarşıma vəzifə qoymamışam. Ancaq bəzi məqamlarda roman haqqında deyilənlərə
münasibət bildirmədən də keçmək
mümkün deyil. Onu da deməliyəm ki, bütün
yazılanlar müzakirə açılması, əsərin ədəbiyyatımızdakı
yerinin dəyərləndirilməsi, diqqət cəlb edilməsi
baxımından yazıçının və romanın
xeyrinə olub!
Roman haqqında fikir söyləyənlərin əksəriyyəti
onun postmodernizmin nümunəsi oldugunu etiraf edirlər. Ancaq iş burasındadır
ki, romanın təhlili zamanı bəzi fikirlər postmodernizm
estetikasının tələbləri nəzərə
alınmadan söylənilmişdir. Əsərin
postmodernist estetikanın tələbləri çərçivəsindən
kənarda təhlili yanlış qiymətləndirmələrə
yol açır. Kamalın istər
“Yarımçıq əlyazma”, istərsə də bu
romanı tamamilə postmodernizmin estetikası ilə səsləşir
və ədəbiyyatımızda bu cərəyanın layiqli
nümunələrindəndir. Ədəbi
mühitdə yeniliyə qarşı müqavimət, yenini
zamanında qəbul etməmək isə yeni hadisə deyil.
Nitşenin belə bir fikri məşhurdur: ilan qabıq qoymasa,
ölər. Postmodernistlərin sənət
şuarına çevrilən bu fikir, ümumən həyatın,
sənətin də əsas kredosu olmaq gücündədir.
Fikrimcə, Kamalın əsərləri də ədəbiyyatımızın
növbəti “qabıqqoyma” mərhələsi hesab oluna bilər.
“Unutmağa kimsə yox...” romanını
postmodernist estetikanın tələbləri baxımdan təhlil
etdikdə ədəbiyyatımıza nələr
qazandırdığını açıq şəkildə
görmək olur.
Romanın
adı ənənəvi adlandırmadan uzaqdır:
çığırqandır (məni oxu və anla deyə),
cəlbedicidir, düşündürücüdür,
mübahisəlidir. Təsadufi deyil ki, romanın
adı üzərində, onun ehtiva etdiyi məzmun ətrafında
xeyli fikir gəzişmələri var (A. Acaloğlu, T.
Hacıyev və b.). Romanın sonluğuna
dayalı bu ad əsərin ümumi məzmunu ilə bəlkə
o qədər də uyuşmur. Ancaq əsərin
ümumi ruhu və məntiqindən doğmuşdur, əsas
ideyanın açıqlanmasına yardımçı ola bilir. Postmodernist
yazıçı üçün məzmun yox, forma
üstündür, dil onun üçün məzmunu,
ideyanı ortaya çıxaran bir alət, vasitə deyil, məqsəddir.
Ona görə də postmodernist
yazıçılar oxucunu dağa-daşa salmağı, ad
üzərində düşündürməyi, tapmaca
sayağı, biliklərini cəlb edərək mənasını
anlamağa sövq edən adlar seçməyi sevərlər.
Əsərin
ana süjetini F.Q. adlı qəhrəmanın (
obrazın adının yerinə hərf yazmaq ənənəsini
ədəbiyyata Frans Kafka gətirmişdir) Çiçəkli
yazı adlanan bir yazını oxumaq üçün kəndə
gəlməsi təşkil edir. Qalan hadisələr,
süjetlər bu ana xəttdən budaqlanır. Yazıçının “sərhədsiz təxəyyülü”
hər dəfə ana yola dönmək şərti ilə
qadağa, çərçivə, ənənə ilə
hesablaşmadan müxtəlif məkanlara və zamanlara qanad
açır, oxucusunu ən fərqli hekayətlər, hadisələrlə
üz-üzə gətirir. Yazıçıya irad kimi
söylənilən “K.Abdulla məşğul olduğu elm sahəsinin
dil, tarix, mifologiya problemlərini bədii təxəyyülündə
oynadıb poetikləşdirir, elmdə reallaşmayacaq “kəşf”lərinə
bədii azadlıqda meydan açır.O, öz romanlarında
sərhədsiz təxəyyül atını istədiyi kimi
çapır və xüsusilə roman yazmaq texnikasını
“mifolojilik” və faktsız, real olmayan “tarixilik” oyunları
üzərində qurur” (İ. Musayeva) fikri əslində
postmodernist romanın prinsiplərinə görə nöqsan
sayıla bilməz. Ən əvvəl onu deyək
ki, postmodernist romanların təməl qaydalarından biri də,
bədii əsəri elmi bir əsər kimi qurmaqdır. Onlar yeri gəldikdə elmi əsərlərdən
alınan bütöv parçaları, elmi nəticələri
romanda əks etdirməkdən çəkinmirlər. Kamalın romanlarında da bu qabarıqdır. Bunu yazıçıya irad tutmaq anlaşılan
deyil.
Postmodernizm həm gerçəkliyi birbəbir, olduğu
kimi təsvir etmək tələbi və istəyi ilə
ortaya çıxan klassik roman anlayışına, həm də
şüuraltı gerçəkliyə və rəmzlərlə
təsvirə, simvollarla danışmağa meylli olan modernist
romana bir təpkidir. Bu fikir, sənət cərəyanı keçmişlə
bu və ya digər şəkildə hesab çəkməyə
hər an hazır vəziyyətdədir. Postmodernist romanın bir özəlliyi də sənəti
oyun olaraq görməsidir. Klassik-realist
romançılardan fərqli olaraq, postmodernistlər gerçəklik
ilə onu anlatmanın, təsvirinin yüzdə yüz eyni
olmasının vacibliyini qəbul etmirlər. Onlara görə, gerçəyin tək və
mübahisəsiz bir izahı yoxdur. Ayrıca
bir şəxsin və ya tək-tək şəxslərin
bütün gerçəyi anlamaları mümkün deyil.
Hətta əgər tək, bütün, vahid
bir gerçək varsa da, hər insan bunu öz
düşüncə və qavrama imkanlarına görə
yorumlayıb anlaya biləcək. Beləliklə,
yenə gerçəyin bir parçası bilinəcəkdir.
Bütünlükdə tək bir doğru yox,
bunun yerinə fərqli və parçalardan yaranan doğrular
vardır. Onların fikrincə, gerçəklik
deyilən şey hər insanın bir cür duyub anlada bildiklərindən
başqa bir şey deyildir. Ona görə də,
yazıçı romanda gerçəklik adlananı
özü yaratmalı, onu özünə aid bir dillə,
texnika, üslubla oxucusuna çatdırmalıdır. Bu cür romanlarda oyun oynama şüurlu bir şəkil
alır və yazıçı öz uydurduqlarını,
hiss etdiklərini oxucuya səhnədə oynanılan tamaşa
kimi seyr etdirməyə çalışır. Postmodern romanda tarix, siyasət, fəlsəfə,
sosiologiya, psixologiya kimi ünsürlər iç-içədir.
Xüsusən, tarix fərqli baxımlardan şərh
edilir. Postmodernist yazıçılar
tarixi zəngin ədəbiyyat materialı olaraq dəyərləndirib
onu yenidən “istehsal” etməyə çalışırlar.
Onların fikrincə, tarixçilərin
yazdığı tarix tamamilə gerçək, obyektiv bir
tarix deyildir, yalnızca tarixçilərin yaratdığı
özünəməxsus baxışlardan ibarət hekayələr
toplusudur. Tarixə bu cür yanaşma
yazıçıya “bu da mənim tariximdir” demək
haqqını verir və ona hadisələrin, şəxsiyyətlərin
təsvirində tarixçilərin əli çatmayan sahələrə,
qəhrəmanların daxili dünyasına nüfuz etmək
imkanı qazandırır. Postmodernistlər
tarixi mətnləri ədəbi mətnlərə çevirməkdə
çox həvəslidirlər. Kamalın
romanlarında da (xüsusən “Yarımçıq əlyazma”da)
tarixə belə münasibət, oxucuya mübahisəli
görünsə də, ancaq onda kifayət qədər maraq
doğurmuşdur. Yaxud “Unutmağa kimsə
yox...”da “Nifaq alması” barədə məlum və məşhur
mifoloji mətnə yazıçı öz variantını və
yozumunu verir.
“Unutmağa
kimsə yox...”un əsas qəhrəmanı
F.Q. təbiəti etibarilə qapalı adamdır,
düşüncələrini, duyğularını kənara
çıxarmağı çox da sevməz, insanlarla
ünsiyyətdən kənar durmağa çalışar. Əsərdə
onun fəaliyyət göstərdiyi məkanlar müəyyən
mənada qapalı, “dar məkanlar”dır: akademiyanın iclas
salonu, Qaraağacın altı, mağara, Bəhram kişinin
evi və s. Ancaq bu, ümumən, romanın məkanının
“dar” olduğu anlamına gəlməməlidir. Əksinə,
yazıçı yerinə görə həm açıq, həm
qapalı məkan ünsüründən bolluca
faydalanmışdır. Əsər mifik (Xaronun
mağarası, Stik çayı), fantastik (dəvələrin
yağması), sehrli(mağara) məkanlarla
yanaşı, real, maddi məkanların da (Akademiyanın iclas
salonu, Moskvanın küçələri, kənd sovetinin sədrinin
otağı) təsviri ilə zəngindir. Əsərdə
metafizik məkanlarla fiziki məkanlar bir-birini əvəzləyir.
Yazıçının məkan təsvirləri bir dekor
rolunu oynamır. Təbiət təsvirləri obrazların ruhi
durumunu, iç dünyasını,
düşüncə axarını açmaq
üçündür. Məkanın
ayrıntılı təsviri bəzən obrazın duyğu və
düşüncələrini dərindən anlamaq
üçün ipucları verir.
Əsərdəki zaman anlayışı da
çoxfunksiyalıdır. Ənənəvi
romançılığa görə, hadisələr zaman
baxımından giriş, gəlişmə və son kimi bir
düzənə tabe olmalıdır. Postmodernizmə
görə isə, zaman qarışıqlığı, xaos əsasdır.
“Unutmağa kimsə yox...”da hadisələr həm
zaman, həm də məkan baxımından irəliyə-geriyə,
dünənə (həm də ən uzaq dönəmlərə),
bu günə, gələcəyə doğru uzana bilir. Romanda istənilən vaxt kəsilən, sıra
ardıcıllığı pozulan bir Zaman axıb getməkdədir.
Hadisələr bir andaca min il əvvələ
də, bir ay öncəyə də gedə bilir, dərhal da
bu günə dönüşür. F.Q.-nin
Patriarxla bulvarda oturduğu vaxtı təsvir edərkən
yazıçı gözlənilmədən F.Q.-nin Bəhram
kişinin həyətindəki düşüncələrini
nəql etməyə başlayır. Zaman və
məkan içərisində bu cür sərbəstəcəsinə,
asanlıqla gəzişmələr oxucunu təccübləndirmir,
çaşdırmır, onda zamanın
yarımçıqlığı fikrini oyatmır. Əsərdə
zaman usta yazıçı əlində ayrı-ayrı kəsintiləri,
dönüşləri ilə bir-birinin yanına
düzülmüş, yapışdırılmış
müxtəlif rəngli parçaların əmələ gətirdiyi
bütöv bir mozaikaya bənzəyir. Bu romanda
hadisələrin arasına girən xatirələr (həm də
ayrı-ayrı obrazların), anlatmalar əsərə
genişlənmiş bir zaman özəlliyi verir. Yazıçı keçmiş zamanlardan bəhs edərkən
təxəyyülü, ya bədii məntiqi ilə oxucunu
hansısa ideyaya, şərhə zorlamır, sadəcə təsvir
edir və nəticəyə gəlməyi oxucunun öhdəsinə
buraxır. Oxucu müxtəlif zaman dilimləri içərisində
yaşayır, görür və nəticəyə gəlməyə
çalışır: zaman nəyisə dəyişə
bilibmi?
Fəsillər içərisində
yarımbaşlıqların adları yazıçını
da, oxucunu da yönəldir, zamanlar arasında bağ, əlaqə,
məntiqi keçid tələb etmədən və onları
düşünməyə zorlamadan sərbəst hərəkət
etməyə imkan yaradır. Diqqət edək: “Kəndə gələli
iki ay altı gün sonra. Axşama yaxın bir
vaxt.” Bu başlıq özü əlaqə,
keçid yaradır. Bu başlıqdan
sonrakı başlığın adı “Kəndə gəldiyi
birinci axşam. Mübariz kişi ilə
tanışlıq...” Bu başlıqlar
yazıçının asanca hadisədən-hadisəyə,
zamandan-zamana, məkandan-məkana keçişini təmin edə
bilir. Digər bir başlığın adı belədir:
“Mübariz, Bəhram, Gülsüm (bir xeyli vaxt bundan əvvəl)”.
Fikir verdinizmi, əksər başlıqlarda zaman
dəqiqdir, ayına, gününə, hətta saatına qədər.
Burada isə qeyri-müəyyən bir zaman var.
Bu qeyri-müəyyənlik həm də adı çəkilən
3 nəfərin həyatında baş vermiş sevgi
intriqalarının, məhəbbət duyğularının
zamansızlığına, əbədiliyinə bir işarə
deyilmi?
“Unutmağa kimsə yox...”u yaddaşın sərgüzəştləri,
macəraları da hesab etmək olar. Hər şey: real aləmdə
baş vermişlər də, yuxular da, xatırlananlar da
yaddaş adlı sehrli bir mexanizmim ortaya tökdükləridir.
Postmodernizmdə oyanıqlıq halı yerinə
yuxu halı, gerçəklik yerinə qurama, ağıl vasitəsilə
qəbul edilən qarşısında xəyali olan, yəni
ağla uyğun olmayan daha əsasdır. Maraqlıdır
ki, bu romanda qəhrəmanlar daima keçmişə yönəlik
zaman içərisindədirlər. Onlar
daha çox arzularla deyil, xatirələrlə yaşayırlar.
Və bu xatirələr və xatırlamalar
obrazların xarakterinin açılmasından daha çox
ideyanın açılışına xidmətdədirlər.
Məsələn, Patriarxın
xatırlamaları onun xarakterinin
açılışından çox ideyanın, problemin
açılışına xidmət məqsədi ilə qələmə
alınmışdır. Fikrimizcə,
yalnızca Molla Güləlinin yuxusu əsərin məzmunu,
hadisələrin inkişaf məntiqi ilə uyuşmur,
ideyanın, xarakterin açılışına hər
hansı yardım göstərmir. Bu səhnənin
olmamasından əsər heç nə itirməzdi.
Lakin bütövlükdə əsərdəki az qala
bütün xatirələri, rəvayətləri, qeydləri
“quru-quru quraşdırmalar”, “cəfəng fərziyyəbazlıq
assosiyası” adlandırmaq, “təsvir olunan hadisələrin
sistemləşməsindəki qeyri-profesionallıq,
nizamsızlıq mövzu və ideyanı normal təfəkkür,
ədəbi-estetik idrak intellekti ilə qavramağa hər
addımda mane olur. Mola Güləlinin Zevs, Poseydon, Hera və
başqaları haqqındakı rəvayəti, dəvə və
şir yağışı, güllütuman qızlarla
bağlı təsvir, Patriarxla söhbətlər, baba və
nəvə əhvalatı, F.Q.-nin fəlsəfi
düşüncələri və əvvəlki hadisələrin
təkrarı olan gündəlikdəki qeydləri, Afaqın
“ifritə anası” ilə bağlı söhbətlər,
mağaranın “qapqara təkər boyda şara bənzər”
ruhu, Əliqumral yüzbaşı nağılı və s. bu
kimi onlarla süjetqarışdıran, oxucu ilə müəllif
arasında tikanlı məftilə çevrilən xaotiklik nə
ənənəyə, nə də novatorluq (postmodernlik)
adına yozulması halətdə deyil” (İ. Musayeva) kimi
iradlar elmi-nəzəri yanaşma deyil, postmodernizmin prinsiplərinə
etinasız yanaşmadan doğan mülahizələrdir. Axı, postmodernizmdə “romanın gerçəyin və
gerçəkliyin xaricində bir qurama olduğu önə
çıxarılır.” (N. Çətin)
Postmodernistlər həyata və dünyaya bir xaos yuvası
olaraq baxdıqları üçün bunu yazı forması və
texnikasında da əks etdirirlər. Ənənəvi forma , sistemli, nizamlı yazı texnikası
yerinə xaosu əks etdirmək üçün düzənsiz
və qarmaqarışıq bir forma və üslub qaydaları
ortaya qoyurlar. Buna görə də içində
yaşadığımız dünyaya alternativ dünyalar
çıxarırlar. Oxucusunu dediklərinə
inandırmaq üçün mifologiyaya, nağıllara, tarixi
hadisələrə, əfsanələrə, fantaziyaya
geniş yer verirlər. Postmodernist romanda qəti
və bəlli zaman ölçüləri yerinə sərhədləri
bilinməyən, fərdi zaman anlayışı
yayğındır. Yalnızca bəlli məkanlar
deyil, hər cür məkanlar qarmaqarışıq bir şəkildə
təsvir edilir. Məkanlar arasında məntiqi
bir əlaqə axtarılmır. Romandakı
insanların duyğu və düşüncələri verilərkən,
məntiqiliyə çox da diqqət yetirilmir, bir-birindən
qopuq və əlaqəsiz hadisə, duyğu və
düşüncələr dağınıq bir şəkildə
qələmə alınır. Kamalın romanında da
insanlar cismən bir məkanda olduğu halda, xəyalən əlaqəsiz
zaman və məkanlarda ola bilir. Əsərdə gerçək dünya məkanları
ilə xəyali dünya məkanları yan yanadır.
Ona görə də, Bəhram kişi ilə
F.Q-nin eyni yuxunu görmə hadisəsinin özünü
doğrultmadığını “tutalğasız təsir
bağışlayır, burada həyati və psixoloji fakt əksini
tapa bilmədiyindən...” (E.Akimova) kimi mülahizələrlə
əsaslandırmaq cəhdi postmodernizmin tələblərini nəzərə
almamaqdan yaranır. Postmodernist “tək bir
gerçək, tək bir yorum yerinə çoxlu gerçək
və yorum vardır” düşüncəsiylə hərəkət
etməyə üstünlük verir. Bu cərəyana
mənsub yazıçılar nizama, gerçəklik kimi qələmə
verilənlərə qarşı sayğısızdır.
Postmodernist estetikaya görə, yağışlar
aşağıdan yuxarıya dogru da yağa bilər, göydən
yağış yerinə dəvə də, şir də
tökülə bilər, iki adam eyni yuxunu
da görə bilər...və həmin estetikanın tələblərinə
görə bütün bu qeyri-adiliklər təəccüb
doğurmamalıdır. Postmodernistin öz
gerçəkliyi var və əsərlərində oxucunu
öz yaratdığı gerçəkliyə inandırmaq
istəyir. Yazıçının ustalığı bu
zaman ortaya çıxır: o, oxucusunu inandırmağa
borcludur. K.Abdulla oxucusunu inandıra bilir.
Postmodernistlər təbiətdə bir nizam olduğunu,
insan ağlının bu nizamı kəşf edərək
xoşbəxtliyə yönəldəcəyi barədə
inamı rədd edirlər. Əvvəldə də
demişdik, postmodernistlərdə bir xaos düşüncəsi
hakimdir. Kamalın romanında da insanlar,
xüsusən F.Q. qarşısı alınmaz bir istəklə
möhtəşəm Ahəngə qovuşmaq həsrəti
ilə çırpınırlar. Tənqidçilərin
də tez-tez vurğuladığı “möhtəşəm
Ahəng” əsərdə, əslində yoxdur. Olsa-olsa, illuziya yarana bilər ki, möhtəşəm
Ahəngə qovuşulub. Romanda bunu təsdiq
edəcək kifayət qədər faktlar var. F.Q. nə qədər
arzu etsə, axtarsa da, həsrətində olduğu möhtəşəm
Ahəngi tapa bilmir. Daha doğrusu, möhtəşəm
Ahəngi tapdığını zənn etsə də, əslində,
o, yoxdur, F.Q.-nin düşüncəsindəki Möhtəşəm
ahəng isə gerçək deyildir: Sevgilisinin sevgisi o deyil,
Yazı düz oxunmayıb və s. Möhtəşəm Ahəng
qəhrəmanı aldadıb! Romandakı cümlələrə
fikir verək: “Su, Yazı, Dağ, Mağara, Ağac, Köpək
və Qadın. Hərdən onların
hamısı bir-birinin yanında, bir-birinin içində mənə
Möhtəşəm Ahəngi xatırladır, hərdən
də yox. Möhtəşəm Ahəng!...
Onu axtarmaq əbəs imiş. Özünü sənin yuxuna, xəyalına sala bilər-bu
qədər. Öz varlığına, bütün hər
şeyin cəmi olduğuna iddia edə bilər-amma! Hər şey necə də sadədən sadə
imiş. O qədər sadə ki, gözə də
görükmür. Gözə görükməyənsə,
deməli, yoxdur! Mənsə ona
inanmışdım. İndi artıq mən dəqiq
bilirəm: Möhtəşəm Ahəng məni aldadıb.”
(səh. 514)
Həyata, arzulara, tarixə, müqəddəs bilinən
dəyərlərə ironik bir münasibət sərgiləmək
postmodernizmin özəlliklərindən biridir. “Unutmağa
kimsə yox...”da bu ironiyanı istər Akademiyadkı
iclasları təsvir edərkən, istərsə də
F.Q.-nin həyata, insanlara, elmi yozumlara münasibətində
sezmək mümkündür. Bizim acgöz
bir həsrətlə axtardığımız, təsəvvürümüzdə
ala-bula bir mürəkkəbliyini cızdığımız
böyük mənalar, bəlkə də əslində sadə
şeylərdə imiş. Çiçəkli yazı
kimi: şəkli mürəkkəb, məzmunu isə sadə
və aydın. Əsərin sonluğunun
gözlənildiyindən sadə, pafossuz bir sonluqla bitməsi,
Çiçəkli yazıdan gurultu qopara biləcək elmi kəşf
gözləntisinin yerinə sadə (həm də verilmiş
yanlış açarın sonucu kimi ortaya çıxan) bir
sevgi məktubunun ortaya çıxması
yazıçının ironiyasının parlaq təzahürüdür.
Kamalın bu romanı bizim epik təhkiyə tərzinə
yeni elementlər gətirib. Əsərdəki təsvir
genişliyi, hadisələrin çoxzamanlılığı
və çoxməkanlılığı əsl kinossenari təəssüratı
yaradır. Təsvirlərdəki
görümlülük, başlıqların oxucunun nəzərlərini
birbaşa konkret hadisə, zaman və məkana fokuslaması hər
tərəfə yönələ bilən bir kamera effekti
yaradır.
Postmodern romançı özünü ümumilikdə
bir topluluq, qrup, dəstə içində görməkdən
qaçır.
Hər romançı özünə aid bir
anlayış və yazı texnikası yaratmağa, kimsəyə
bənzəməməyə çalışır. Xüsusən, dil oyunlarını sevir, dilin əks
etdirici yox, yaradıcı bir alət olduğu
düçüncəsini əsas götürərək
maraqlı, adət etdiyimiz qrammatik quruluşdan, söz
sırasından fərqli olan mətn ortaya qoymaqdan ləzzət
alırlar. Kamalın bu romanında da belə
maraqlı dil oyunları ilə sıx şəkildə
qarşılaşırıq. Bir parçaya diqqət edək:
“Çiçəkli yazı ilə bağlı ümidverici
(hətta fantastik!) fikirlər gəlib qəlbinə, ruhuna
hakim olduqca bu biri tərəfdən sevgilisi Afaqla iki ay əvvəlki
son söhbətinin acısını özü bilərəkdən
unutmamağa, söhbətin bütün təfərrüatlarını
bircə-bircə, yeri gəldi gəlmədi yadına
salmağa çalışırdı, beynində
canlandırmağa cəhd edirdi, bunun üçün, əslində,
xüsusi olaraq çalışmaq da lazım deyildi, heç
nə onsuz da unudulmamışdı; nəsə yadından
çıxmağa bir “namizəd” söz, cümlə,
olurdusa, zorla, müsibətlə, ehtirasla bunun
qarşısını alır, həmən sözü, jesti,
qaytarib o məqamın içinə qoyur, yenidən məqamın
yerini beynində möhkəmlədir, özünə zülm
edə-edə, elə bil, bundan həm də gizli bir güc (bəlkə-zövq?)
alırdı-bir tərəfdən özünə əzab verə-verə
güc itirir, o biri tərəfdən yenə də
özünə əzab verə-verə haradansa güc
alırdı” (s. 39). Kitab səhifəsinin tən
yarısını tutan cümlədə oxucunun nəfəsi
(elə yazıçının da) təngimir, hər şeyi
rahatca, bölə-bölə oxuyursan. Yazıçının
mötərizələr arası qeydləri bəzən təsdiqləyici,
izah edicidirsə, bəzən də oxucunu qabaqlayaraq (qabaqdangəlmişlik
edərək) özü sual verir, şübhə edir, ehtimal
irəli sürür. Yazar sanki öz
yazdığına oxucunun şübhə edəcəyini
görüb, həmin şübhəni özü dilə gətirir.
Müəllif oxucusu ilə sanki üz-üzə
oturub düşüncələrini onunla müzakirə edir,
oxucunu yazdıqlarına həmmüəllif seçir. Romanda anlamaq probleminin zəhməti daha çox
oxucunun üzərinə qoyulur. T.Hacıyev
romanın dil özəlliklərindən danışarkən
yazıçının mətn sintaksisində özünəməxsus
sistemlər, qəliblər yaratdığını deyir.
Dilçi alimin müşahidəsi ilə tam razı
olduğumuz üçün yazdığını burada təkrarlamağı
uyğun bildim: “Bunlardan biri qoyduğu sualı
özünün təsdiq və ya inkar etdiyi üslub qəlibidir.
Məsələn, belə: “Nə deyirsən, kişinin
başağrısı keçmədimi, keçdi, gözlərinə
işıq gəlmədimi, gəldi”. Bu qəlib sistem təşkil
edir: yada düşmədimi, yada düşdü; yadından
çıxarmı, çıxmaz; unutdumu, unutmadı;
gözünün qarşısında gəlib
durmadımı, gəlib durdu; özünü ortalığa
dürtmədimi, dürtdü; ağzı açıq
qalmadımı, qaldı; ürəyinin başında bitmədimi,
bitdi və s. Bu qəlib musiqidəki nəqarət kimi mətləbi
döyəcləyir, cümlənin üslubuna duz səpir. Bu sintaktik “mənzərə” ilə daha bol şəkildə
“Sehrbazlar dərəsində” rastlaşmışdıq.”
Tamamilə doğru olan bu müşahidədə razı
olmadığım bircə məqam var. Məncə,
“Yarımçıq əlyazma”da özünü doğruldan,
mətndə qərib görünməyən bu qəlib
“Unutmağa kimsə yox...” romanında özünü
doğrultmur, bəzi məqamlarda süni səslənir, təkrarçılıq
təsiri bağışlayır. Yəqin ki,
yazıçının iki əsər arasındakı
bağlılığı göstərmək məqsədi
ilə işlətdiyi bu fəndə, məncə, heç
bir ehtiyac duyulmur.
Tənqidçi İ.Musayeva əsərin dilində olan
nöqsanlara haqlı iradlar tutub. Biz də bu
nöqsanların sayını artıra bilərik. “Bəhram
kişi arı yuvasına əlavə heç nə
qatmazdı” (s.38) Arının yuvasına yox, çəkəcəyi
şirəyə nəsə qatarlar! “...bir təhər
özünü bayıra salandan yalnız sonra ürəyi
yerinə gəldi (s.77). “Yalnız” sözünün artıq
olduğu, ya da “bir” ədatından əvvəl işlənməli
olduğu göz qarşısındadır. “Atası
çoban olsa da, savadsız, amma ağıllı adam idi” (s.86) Çobanın savadlısını
kim görüb ki? Bu cür qüsurların
sayını artırmaq da olardı. Ancaq
bu qüsurlar asanlıqla aradan qaldırıla bilər, onlar
bütünlükdə əsərin maraqlı dil özəlliklərini
və gözəlliklərini gözdən sala bilməz.
Əsərdən bəhs edən tənqidçilər
də, yazıçının özü də bu əsərlə
trilogiyanın bitdiyini, çevrənin
qapandığını söyləyirlər. Məncə,
yazıçının Möhtəşəm Ahəng
axtarışları bitməyib, heç F.Q.-nin də
Çiçəkli yazını oxumaq çabası bitməyib.
O, bu və ya başqa bir şəkildə yenidən ortaya gələcək.
Bu, necə baş verəcək? Hansısa paralel dünyadamı, F.Q.-nin bitib-tükənməz
elmi axtarış ehtirasının sonucundamı, ya Möhtəşəm
Ahəngə qovuşmaq arzusunun növbəti
axtarışlarındamı, demək çətindir, ancaq
baş verəcəyi şübhəsizdir. Möhtəşəm
Ahəngin yeni zaman və məkanında görüşənədək!
Vurğun ƏYYUB
525-ci qəzet.- 2012.-
10 mart.- S.20-21.