Aysel Əlizadənin “Göy
qurşağı” və “Erkəklər” kitablarının imza günü keçirilib
Ötən
gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan”
klubunda gənc yazar Aysel Əlizadənin “Göy
qurşağı” və “Erkəklər” kitablarının
imza günü keçirilib. Tədbiri AYB-nin katibi, “525-ci qəzet”
in baş redaktoru Rəşad Məcid açaraq Aysel Əlizadənin
imzasının artıq mətbuatdan oxuculara və peşəkar
qələm sahiblərinə tanış olduğunu, onun
bir-birinin ardınca şeirlər və hekayələr
kitablarının nəşr olunduğunu diqqətə
çatdırıb: “Mən “Göy qurşağı”
kitabını vərəqləyərkən sevinc və
qürur hissi keçirdim ki, bir vaxtlar “525- ci qəzet”in səhifəsində
çap olunan kiçik həcmli yazılar artıq qalın və
sanballı bir kitab halına gəlib”. Sonra söz
yazıçı-publisist, “Ədalət” qəzetinin baş
redaktoru İradə Tuncaya verilib. Kitaba ön söz yazan
İradə Tuncay Aysel Əlizadənin yanaşdığı
bütün sahələrdə hər zaman iddialı
olduğunu və məhz bu keyfiyyətinə görə onun həmişə
yaşıdları arasında fərqləndiyini, onu rəngarəng
düşüncələrinə görə göy
qurşağına bənzətdiyini bildirib: “İnsan
özü axtarışa başlayırsa, deməli bir yol
tapıb axıra çıxacaq. Ayseli yaşıdlarından
fərqləndirən onun yanaşdığı işdə
iddialı olmasıdır. O hər zaman fərqlənməyə
çalışıb və düşünürəm ki,
buna müəyyən qədər nail ola bilib. Sənət aləmi
elə bir yerdir ki, orda ya birinci olmalısan, ya da heç
olmamalısan. Mən düşünürəm ki, Aysel
istedadlı olmaqla bərabər, həm də şanslı
insandır. Ona görə ki, qarşısına hər zaman
onu dəstəkləyən insanlar çıxıb.”
.
Respublikanın xalq artisti, diktor Rafiq Hüseynov bir vaxtlar
televiziyada Aysel Əlizadə ilə
çalışdığını xatırladıb: “Mən
televiziyada Aysel ilə çalışanda da hiss edirdim ki, o
çox həssas insandır. Hiss edirdim ki, bu həssaslıq,
bu hisslər nə vaxtsa yazıya, əsərə çevriləcək.
Əgər bu gün oxucular yaxşı bir yazıçı
qazanıblarsa, tamaşaçılar yaxşı bir
aparıcını itiriblər”. “Olaylar” informasiya agentliyinin
baş redaktoru Yunus Oğuz Aysel Əlizadənin öz dəsti-xətti
olduğunu və hər zaman öz sözünü dediyini
bildirib: “Mən hər zaman o fikirdəyəm ki, insan öz
fikirlərini çatdıra bilməyəndə həmişə
dahilərdən sitatlar gətirir və həmin dahilərin
fikirləri arxasında gizlənirlər. Amma sevindirici
haldır ki, Ayseldə bu xüsusiyyət yoxdur. O öz
sözün deyir. Adi bir söhbəti də elə təqdim
edir ki, hətta intellektual olmayan adam da çox asanlıqla o
yazını oxuya bilir. Düzdür, “Erkəklər”
kitabında Aysel xanım bir qədər kişiləri
aşağılayıb, amma çox maraqlı obraz
yaradıb”. Xalq yazıçısı Mövlud
Süleymanlı Aysel Əlizadənin öz yazılarında məişət
problemlərini qabartmamasını, öz həyatını qələmə
almaq meylinin olmamasını diqqəti cəlb edən
xüsusiyyət adlandırıb: “Ayselin
yaradıcılığında məni özünə cəlb
edən cəhət odur ki, o heç vaxt məişətə
enmir, öz həyatını qələmə almır. Aysel
olduqca təəssübkeşdir, hətta sözü belə
qoruyur ki, Azərbaycan sözləri yaxşı səslənsin”.
AYB-nin katibi Arif Əmrahoğlu da öz növbəsində
Aysel Əlizadənin yaradıcılığından söz
açaraq kitablar haqqındakı qeydlərini bildirib: “Mən
Aysel xanımı şəxsən tanımadan “Erkəklər”
və “Göy qurşağı” kitablarını oxusaydım,
deyərdim ki, bu kitabları uzun illər Avropada yaşayıb
gəlmiş, kifayət qədər həyat təcrübəsi
olan bir xanım yazıb. Çünki burda qadın-kişi
münasibətlərindən olduqca səlist söhbət
açılır. Aysel Əlizadənin daha bir xüsusiyyəti
odur ki, onun yazılarında bədiiliklə publisistika
arasında sərhəd yoxdur. Onun istənilən publisistik
yazısını kiçik bir hekayə kimi oxuya bilərik,
hekayəsini də publisistik yazı kimi”. Millət vəkili,
yazıçı-publisist Aqil Abbas Aysel Əlizadənin
yaşıdları arasında istedadına görə fərqlənən
gənc yazarlar sırasında gördüyünü dilə
gətirib. “Göy qurşağı” kitabının redaktoru
Kamran Nəzirli çıxışında Aysel Əlizadənin
sakit təbiətli və olduqca həssas olmasını əsl
yazıçı keyfiyyəti kimi dəyərləndirib. Onun
az danışıb çox və daha keyfiyyətli yazılar
yazdığını bildirib. Tənqidçi Vaqif Yusifli ədəbiyyatın
həmişə öz gələcəyini gənclərin
istedadında gördüyünü bildirib. “Hər mərhələdə
ədəbiyyata kütlə ilə gənclər gəlib.
Lakin bu kütlənin hamısı ədəbiyyatda
qalmayıb. Daha istedadlılar, fərqlənməyi bacaranlar və
daha mübarizlər bu sahədə özlərinə yer
tutmağa nail ola biliblər. Mən Ayseli həmin istedadlı
və mübariz gənclərdən hesab edirəm”. Ayseli
öz yaşıdları içərisində seçilən
bir yazar kimi tanıdığını deyən tənqidçi
onun “Erkəklər” kitabını janrına görə povest
kimi dəyərləndirib.
Tədbirdə
tənqidçi Əsəd Cahangir, professor, jurnalist Qulu Məhərrəmli,
publisist Esmira Fuad,şairə Kəmalə Abıyeva və
başqaları Aysel Əlizadənin istedadlı bir yazar
olduğunu dilə gətirib, kitab haqqındakı fikirlərini
bölüşüblər.
GÜNEL
525-ci qəzet.-
2012.- 10 mart.- S.16.