“Müəllim özünü cəmiyyətin
ən dəyərli üzvlərindən biri kimi hiss etməlidir”
BAKIDAKI 220 SAYLI
MƏKTƏBİN DİREKTORU ALMAZ ƏSGƏROVA 12
İLLİK SİSTEMİN QƏBUL EDİLMƏSİNİN
AZƏRBAYCANDA TƏHSİL SAHƏSİNDƏ ATILAN ÇOX
UĞURLU ADDIM OLA BİLƏCƏYİ FİKRİNDƏDİR
Məktəb insan həyatının
ikinci dünyasıdır. Həm də elə bir
dünyadır ki, hər kəsin taleyində, həyatında
mühüm rol oynayır, əvəzsiz xidmətləri ilə
yaddaşlarda iz qoyur. Şagirdlərin taleyində, həyatında
mühüm rol oynayan, əvəzsiz xidmətləri ilə
onların yaddaşlarında iz qoyan təhsil müəssisələrindən
biri də 220 saylı orta məktəbdir . Paytaxtın
qabaqcıl təhsil ocaqlarından sayılan bu məktəb
1967-ci ildən fəaliyyətdədir. 2009-cu ildə Təhsil
Nazirliyi tərəfindən təmir olunub və müasir
avadanlıqlarla təchiz edilib. Məktəbdə müasir tələblərə
cavab verən sinif otaqları, maraqlı kitablarla zəngin
kitabxanası, müxtəlif fənn otaqları, idman zalı
mövcuddur. Şagirdlərin yüksək səviyyədə
təhsil alması üçün lazımi şəraitin
yaradıldığı məktəbdə elektron tədris
kabinetləri fəaliyyət göstərir. Kabinetlərdə
kimya, fizika, biologiya, ana dili, Azərbaycan tarixi və sair fənlər
elektron resurslar vasitəsilə tədris edilir. Məktəbdə
həmçinin kimya, fizika, biologiya laboratoriyaları da var.
“2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil
sisteminin informasiyalaşdırılması” üzrə
Dövlət Proqramı çərçivəsində məktəbdə
“Elektron məktəb” layihəsinin tətbiqinə
başlanılıb.
Məktəbə
Almaz Əsgərova rəhbərlik edir. A.Əsgərova
1952-ci ildə Cəbrayıl rayonunda anadan olub. Orta təhsilini
Cəbrayıl rayonundakı Maksim Qorki adına (indiki M.Mehdizadə)
məktəbdə alıb. 1968-ci ildə BDU-nun filologiya
fakültəsinə qəbul olunub. 1974-cü ildə Cəbrayıl
rayon Təhsil Şöbəsində əmək fəaliyyətinə
başlayıb. 1974-78-də Cəbrayıl rayon komsomol komitəsində
bölmə müdiri, daha sonra Cəbrayıl rayon Cəbrayıl
qəsəbə sovetinin katibi işləyib. 1979-88-ci illərdə
ailə vəziyyəti ilə əlaqədar işləməyib.
1988-ci ilin martında Bakının Nizami rayonu 220 saylı məktəbdə
günüuzadılmış qrup tərbiyəçisi,
müəllim kimi fəaliyyətə başlayıb. 1994-cü
ildən direktordur. 1999-cu ildən Azərbaycan dili və ədəbiyyatı
fənni üzrə proqramların hazırlanmasında, dərsliklərin
sadələşdirilməsində və təkmilləşdirilməsində
fəal iştirak edir. Bir çox beynəlxalq konfranslara
qatılıb, 2005-ci ildə “Qabaqcıl təhsil işçisi”
döş nişanı, 2007-də Əməkdar müəllim
adına layiq görülüb.
– Almaz xanım, 60 illik yubileyinizi təbrik
edirik. 60 yaş və təxminən 30 illik pedaqoji fəaliyyət
sizi yormayıb ki?
– Çox sağ olun. Əslində,
çoxdan yorulardım bəlkə də. Amma təhsil elə
bir sahədir ki, yorulmağa, daha doğrusu yorğunluğu
yada salmağa imkan vermir.
– Əmək fəaliyyətinizin
böyük bir hissəsi 220 saylı məktəblə
bağlıdır. 18 ildir ki, direktor vəzifəsində
çalışırsınız. Bu illərdə
qarşınıza qoyduğunuz məqsədlərə
çata bilibsinizmi?
– 1988-ci ilin mart ayından 220 saylı orta məktəbə
günüuzadılmış qrup tərbiyəçisi kimi
işə düzəlmişəm. Sonra bir müddət
müəllim kimi fəaliyyətimi davam etdirmişəm.
1994-cü ildə seçki yolu ilə direktor vəzifəsinə
seçilmişəm. 18 ildə çox şeylərə dəyişiklik
gətirmək istəmişik. Eləsi var nail olmuşuq, eləsi
var ki, hələ qismət olmayıb. Amma hər halda,
bugünkü məktəb 1994-cü ildəki məktəbdən
çox fərqlənir. İstəklərimizə tam nail
olmaq üçün şərtlər var ki, onlar da nə məndən,
nə də məktəbdən – cəmiyyətdən,
valideynlərdən, təhsilin strukturundan asılıdır.
Buna baxmayaraq, şagirdlərin yüksək səviyyəli təhsil,
tərbiyə almaları üçün əlimizdən gələni
edirik.
– Hazırda məktəbdə nə qədər
şagird təhsil alır?
– 2 minə yaxın. Amma əslində məktəbimiz
960 nəfər şagird üçün nəzərdə
tutulub. Bunun da ən böyük səbəbi valideynlərin
övladlarının məhz bizim məktəbdə təhsil
almalarını istəməsidir. Nə qədər
çalışsaq da, onların heç də
hamısının istəyini yerinə yetirə bilmirik.
Hazırda hörmətli Prezidentimiz İlham Əliyevin sərəncamı
ilə məktəbin yeni korpusu tikilir və ümid edirəm
ki, hazır olandan sonra həm tədrisin keyfiyyətinə, həm
şəraitin daha da yaxşılaşmasına və sair səbəb
olacaq.
– Məzunlarınızın neçə
faizi ali məktəblərə daxil ola bilib?
– Ali məktəblərə qəbul olan məzunlarımızın
sayı ilə yanaşı orta qiymət balı da ildən-ilə
yüksələn xətt üzrə davam edir. Bu artıq ənənə
halını alıb. Məktəbin nailiyyəti tələbə
adını qazanan məzunların sayı ilə
ölçülür. Bu, düzgün yanaşma olmasa da,
başqa bir ölçü forması da mövcud deyil. Ötən
il 65,5 faiz məzunumuz tələbə adını qazanıb.
Onlardan 8-i 600-dən artıq bal yığıb, 1 nəfəri
Prezident təqaüdçüsüdür. Qeyd edim ki,
onların əksəriyyəti yüksək bal tələb edən
və ödənişsiz ixtisaslar üzrə ali təhsil
alacaqlar. Hesab edirəm ki, mövcud şəraiti nəzərə
alsaq, bu nəticələr bizim məktəb üçün
pis sayılmamalıdır. Bir faktı qeyd edim – bir neçə
il əvvəl 523 bal toplayan şagirdimiz ali məktəbə
qəbul ola bilməmişdi. Səbəb isə həm ödənişsiz
və yüksək bal tələb edən ixtisasları
seçməsi idi. Buna baxmayaraq, həmin şagird növbəti
il qətiyyət göstərərək istəyinə
çatdı. Başqa bir məzunumuz iki il ardıcıl ali məktəbə
qəbul olsa da, düşdüyü ixtisasdan imtina etmiş,
ötən il 620 balla öz seçdiyi ixtisas üzrə tələbə
adını qazanmışdı.
Təbii ki, bu nailiyyətlərin
qazanılmasında müəllimlərimizin də əməyi
böyükdür. Onlardan bir neçəsi müxtəlif
müsabiqələrin qalibidir. Nahidə Hüseynova “əməkdar
müəllim” fəxri adına layiq görülüb. Digər
“əməkdar müəllim”imiz Məmməd Əfəndiyev
hazırda təqaüddədir. Müəllim-şagird əməyinin
nəticəsi kimi 220 saylı orta məktəb 2008-ci ildə
keçiriliş “Ən yaxşı məktəb” müsabiqəsinin
qalibi olub.
– Fəxr elədiyiniz şagirdləriniz
varmı?
– Çoxdur. Müxtəlif vəzifələrdə,
peşə sahələrində çalışanları
var. Onlardan biri – Rövşən Rzayev hazırda Harvard
Universitetində təhsilini başa vurmaq üzrədir. Azərbaycanın
Kaliforniyadakı konsulluğunda çalışıb. Digər
məzunumuz Ərəstun Mahmudov Qarabağ döyüşlərində
göstərdiyi şücaətə görə Milli Qəhrəman
adına layiq görülüb. Hazırda məktəbimiz onun
adını daşıyır. Yeri gəlmişkən, 9 məzunumuz
Qarabağ uğrunda gedən döyüşlərdə şəhid
olublar. Ümumiyyətlə, indiyə kimi bizim məktəbdə
orta təhsil alan bütün şagirdlər mənim
üçün əzizdir, eynidir. Dünyanın bir bəzəyi
var – insan. Əgər insan yetişdirə bilmişiksə, deməli
nəyəsə nail olmuşuq. Kiminsə vəzifəsi,
nailiyyəti ilə fəxr eləmək düzgün olmaz. Məktəb
şagirdə təhsillə yanaşı, tərbiyə də
verir. Onun bir insan, şəxsiyyət kimi formalaşmasında
önəmli rol oynayır. Həmişə
çalışmışıq ki, cəmiyyətimizə
layiqli, tərbiyəli, savadlı övladlar yetişdirək.
– Bir çox valideynlər belə
düşünürlər ki, ali məktəbə qəbul
olmaq üçün övladlarının müəllim
yanına hazırlığa getmələri vacibdir.
– Təəssüflər olsun ki, indi elə
valideynlər var, övladlarını 1-ci sinifdən müəllim
yanına hazırlığa qoyurlar. Fikrimcə, bu
düzgün yanaşma deyil. Hər bir valideyn
övladının təhsili ilə fərdi məşğul
olmalıdır. Uşaq müəllimdən ancaq bilik alır.
Bəs ona gələcəkdə şəxsiyyətin
formalaşmasında vacib olan olan qayğı, isti münasibət,
ünsiyyət, məsuliyyətin dərk edilməsi və s.
kimi duyğular? Hazırlıq bunu uşağa verə bilməz.
Doğrudur, valideynlər səbəb kimi vaxt
azlığını, savadsızlığı, işlərinin
çox olmasını və s. göstərirlər. Məncə
bunlar hamısı bəhanədir, məsuliyyəti üzərlərindən
atmaqdır. Hazırlığa gedən və daim əla qiymət
alan uşaqlar var ki, məktəbdə bu nəticəni vermir.
Cəmiyyətdə gedən söhbətlərdən
asılı olmayaraq bu gün 500-dən çox
yığılan bal məktəb balı hesab olunur. Təcrübəli
pedaqoq kimi bunu əminliklə söyləyə bilərəm.
Hazırlığa gedən uşaqlara bilik öyrədilmir,
sadəcə gündəlik məşğələlər
keçirilir. Valideyn uşaq ilə şəxsən
özü məşğul olduqda, onlar arasında
mehribançılıq daha da artır, övlad-valideyn
münasibətləri daha da dərinləşir, uşaqda istək
yaranır, bir sözlə gələcəkdə bir şəxsiyyət
kimi formalaşmasına birbaşa təsir edir. Mən həmişə
valideynlərə məsləhət görmüşəm ki,
uşaq özü öyrənməlidir. Həftədə iki
dəfə hazırlıq müəlliminin yanında
keçdiyi dərsi məktəbdə 5 dəfə
keçir. Qeyd edim ki, bu gün uşaqlara qarşı həm
məktəb, həm də valideyn tərəfindən olan tələbkarlıq
zəifdir. Bu da biliyə, təhsilə birbaşa təsir
edir. Uşaq hər iki tərəfdən eyni zamanda tələbkarlıq
görərsə, yüksək nəticəyə ümid etmək
olar.
– SSRİ dövründə hər bir məktəbdə
günüuzadılmış qruplar var idi. Hazırda belə
qrupları təşkil etmək olarmı?
– Pedaqoji fəaliyyətimin bir neçə
ili günüuzadılmış qrup tərbiyəçisi
kimi fəaliyyət göstərmişəm. Belə
qrupların uşaqlara çox xeyri vardı. Uşağın
səhərdən axşama kimi eyni vəziyyətdə
qalması onun psixologiyasına təsir göstərə bilər.
Belə qrupları təşkil edərkən
uşağın eyni zamanda istirahət etməsi, ev
tapşırıqlarını yerinə yetirməsi və s. nəzərə
alınmalıdır. Təəssüf ki, hazırda məktəbimizdə
belə qrupları təşkil etmək üçün
heç bir şərait yoxdur. Amma gələcəkdə
bunun planlı şəkildə işə salınması məqsədəuyğun
olardı.
– Dövlətin təhsilimizə göstərdiyi
qayğı sizi qane edirmi?
– Dövlətin diqqət və
qayğısı, Təhsil Nazirliyinin təhsillə
bağlı apardığı işlər yüksək səviyyədədir.
Yeni təhsil ocaqlarının tikilməsi, köhnələrin
təmir olunması, təhsil sahəsində verilən qərarlar,
müxtəlif layihələrin həyata keçirilməsi və
s. dövlətimizin təhsilə göstərdiyi
qayğıya sübutdur. Amma gəlin görək, cəmiyyət
buna cavab verə bilirmi? Bu gün cəmiyyətin təhsilə
münasibəti dövlətin göstərdiyi münasibətdən
xeyli aşağıdır. Bunu danmaq qeyri-mümkündür.
Gileylənmək, tənqid eləmək çox asandır.
Hörmətli nazirimiz Misir Mərdanovun belə bir sözü
var ki, cəmiyyət nədirsə, məktəb də odur.
Hazırda 12 illik təhsilə keçiddən söhbət
gedir. Cəmiyyətimizdə buna münasibət birmənalı
deyil. Dünyanın bir çox qabaqcıl dövlətlərində
12 illik təhsil sistemi fəaliyyət göstərir. Xeyli
müddətdir bu sistem tədqiq olunub və səmərəli
olduğu sübuta yetirilib. 12 illik təhsilə keçmək
üçün təhsilin strukturu kökündən dəyişməlidir.
Məsələn, 11-12 siniflərdə tədrisdə sırf
elmi yanaşmalar olmalıdır ki, bu da şagirdlərin ali məktəblərə
hazırlıq məqsədini güdməlidir. Belə olarsa,
hazırlığa maraq azalacaq, təhsilə sovet
dövründən qalma münasibət kökündən dəyişəcək.
Əgər 12 illik təhsil sistemi qəbul olunarsa, bu, Azərbaycanda
təhsil sahəsində atılan çox uğurlu addım
sayıla bilər. İndiki sistemdə imkan yaradılır ki,
şagirdlər 9-cu sinifi bitirdikdən sonra – 14-15
yaşlarında təhsildən uzaqlaşırlar. Bu yaşda
şagirdi cəmiyyətə “təhvil vermək” nə dərəcədə
düzgündür? Ən azından onun 9 illik həyatını
puç eləməkdir. Fikrimcə, 12 illik təhsilə
keçid çox vacibdir və bu təhsilimizin xeyrinə
olacaq.
Bir məsələyə də toxunmaq istərdim.
Bildiyiniz kimi, hazırda müəllimlərin maaşı
aşağıdır. Müəllimin aldığı əməkhaqqı
onun gündəlik problemlərini belə həll eləməyə
çatmır. Bu da təhsilin səviyyəsinin artmasına
mane olan amillərdən biridir. Müəllim özünü
cəmiyyətin ən dəyərli üzvlərindən biri
kimi hiss etməlidir. Müəllimin əməkhaqqı faizlərlə
yox, dəfələrlə artırılmalıdır. Belə
olarsa, onlarda məsuliyyət də, dərs keçmək istəyə
də artacaq, bütün fikrini peşəsinə yönəldəcək.
Hazırlıq keçməyə az meylli olacaq. Bu da təhsilimizin
xeyrinədir. Cəmiyyətin, onun fikrinin formalaşmasında
müəllimin əməyi danılmazdır. Odur ki, müəllimə
mümkün qədər yüksək qiymət verilməlidir.
Ümid edirəm ki, tezliklə bu məsələ öz həllini
tapacaq.
Sevinc QARAYEVA
525-ci qəzet.-
2012.- 10 mart.- S.11.