“Xavərim, sevgilim, son bahar çağı...”

 

XALQ ŞAİRİ SƏMƏD VURĞUNUN ÖMÜR-GÜN YOLDAŞINA YAZDIĞI ŞEİRLƏR HAQQINDA

 

Hər bir kəsin həyatında elə təsadüflər baş verir ki, onlar insanların taleyini dəyişir, sonrakı ömür yoluna işıq tutur, onu müəyyənləşdirir. 1970-ci illərin sonlarında Səməd Vurğun muzeyinə—bu müqəddəs ocağa işə düzəlməyim mənim də həyatımda, düşüncələrimdə bir dönüş yaratdı: elə o vaxtdan bu bənzərsiz poetik şəxsiyyət mənim də dünyama daxil oldu, 30 ildən artıqdır ki, bu fenomenal istedad sahibinin çağdaş ədəbiyyatımıza da yön verən mürəkkəb yaradıclığını haqqında yazılanlarla yanaşı, ruhunu hiss etdiyim və özünü—əsil Vurğunu görə, anlaya bildiyim avtoqrafları əsasında öyrənməkdəyəm. Sən demə bədii əsərlərin çap nüsxələri əsərlərin özü yox, “üzü” imiş. hər iki mənada: həm əsərin son variantından köçürmə, yəni üzünün çıxarılması, həm də görünməyən yox, görünən üzü mənalarında). Əsərlərin özü isə avtoqraflarındadır həm qələmə alınmasının, həm də hər bəndinin, hər misrasının, hər sözünün belə dəyişməsinin arxasında müxtəlif səbəblər gizlənən avtoqraflarında.

Məni S.Vurğunun avtoqraflarına və arxivinə yönəldən, yaddaşımda əsilzadə—kübar, xanım-xatın və müdrik bir insan kimi yaayan, “ağzı xeyir sözlü Xavər”in (Xavər xanım Dərbəndin tanınmış ziyalısı Əhməd bəy Mirzəbəyovun qızı olub) Vurğun haqqında danışdığı xatirələr oldu.

Xavər xanım Vurğunun yaradıcılığını, xüsusilə onun qələmə aldığı əsərlərin tarixçəsini (yazılma səbəblərini, şəraitini və s.) vurğunşünaslardan da yaxşı bilirdi. Çünki o, bu əsərlərin yaranmasının—doğulma prosesinin şahidi və ilk oxucusu olmuşdur (Şairin yazı vərdişi, ümumiyyətlə yaradıcılıq prosesi haqqında həm Xavər xanımın, həm də övladlarının xatirələrində maraqlı faktlar çoxdur. Bunlar çap edildiyindən təfərrüata varmırıq).

Xavər xanım “şairlər şahı” adlandırdığı, 22 il acılı-şirinli eyni ömrü, eyni taleyi yaşadığı, onun sirdaşına çevrildiyi, sözün həqiqi mənasında “can” deyib, “can” eşitdiyi (bunu Vurğunun, öz ifadəsi ilə desək, “cananı”na həsr etdiyi şeirlərdəki, vurduğu teleqramlardakı müraciət formaları da təsdiq edir). “qara Səmədi”ni hamıdan yaxşı tanıyırdı. Və, Vurğunun, xüsusilə sıxışdırıldığı, təqib və təzyiqlərə məruz qalmasının şahidi olduğu və özünün də Səmədi ilə birlikdə yaşadığı ağrılı günlər haqqında elə şeylər bilirdi ki, onları o vaxt (yəqin ki bundan sonra da) mətbuata çıxarmaq olmazdı.

Doğrudur, müzeyə gələnə qədər də filoloji təhsili olan bir adam kimi, Vurğunun yaradıcılığına az-çox bələd idim və şair haqqında bildiklərimi, təbii ki, kitablardan oxumuşdum. Xavər xanımın Vurğun haqqında dnışdıqlarının əksəriyyəti isə yeni, şairin həyatının naməlum məqamları idi, onlar kitablarda çap edilməmişdi. Bu səbəbdən də eşitdiklərim həm Vurğun haqqında bildiklərimi genişləndirdi, həm də haqqındakı təsəvvürümü, xüsusilə onun “ağ günlər şairi” kimi təbliğ edilməsi ilə bağlı fikirləri xeyli dəyişdi. Bu xatirələri şairin yazdıqları ilə tutuşdurdum, müqayisə etdim və nəticədə əsil Vurğunu gördüm.

Xavər xanımın danışdığı xatirələr içərisində Vurğunla yaşadığı sevgi nağılı, şairin ona həsr etdiyi şeirlər də xüsusi yer tuturdu. Əslində Xavərə ilk şeiri 1931-ci ilin 1 dekabrında böyük bacısı Şahzadənin həyat yoldaşı görkəmli ədibimiz Abdulla Şaiq həsr edib. O vaxt Xavərin 13 yaşı olub. “Hörmətli baldızım Xavərə!” adlı bu şeir Xavərə ünvanlansa da, qadın azadlığı mövzusundadır. Adının bildirdiyi mənadan istifadə edən Şaiq Xavərə bir ata, müəllim kimi əsrinin çağırışına səs verməyi, “qaranlıq keçmişlər”dən uzaqlaşıb, sabaha nur saçmağı tövsiyyə edirdi: 

 

Parlayaraq yüksəlmək artıq haqqın, vəzifən!

Ey Günəşin adını daşıyan

Xavərim, sən,

Uzaqlaş, o qaranlıq keçmişlərdən,

uzaqlaş!

Yeni həyat yolunda qoş irəli,

haydı arş!

 

İki ay yarımdan sonra—1932-ci ilin 17 fevralında Xavərə ikinci bir şeir həsr edilir. Bu şeirin müəllifi Vurğun idi və o da şeirində Xavəri günəşlə müqayisə edirdi, amma arzusu özünün də dediyi kimi “başqa idi”. O, üz tutduğu günəşdən özünə səadət diləyirdi: 

 

Qaranlıqlar çökürkən pəncərəmdə

hər axşam,

Parlar, gülər, ruhimə gözlərində

yanan şam.

O şam ki bir günəşdən daha

parlaq işıldar,

Onda şair qəlbinin başqa bir

arzusu var...

 

Elə həmin il Vurğun “Sevgilim Xavərə!” adlı bir şeir də yazır. Şeirin məzmunundan 14 yaşlı qızın Vurğunla ailə qurmaqda tərəddüd etdiyi anlaşılır. Tərəddüdün səbəbi isə Vurğunun bir qədər sonra qələmə aldığı “Çənə söhbəti” şeirində sevgilisinin dilindən verdiyi parçadan aydın olur:

 

Ömür-gün sevdası deyildir asan,

Çox gözəl olsa da zahirən insan,

Yenə də ortada imtahan gərək,

Yoxsa ki, gündə bir eşqə gələrək,

Hər ötən yolçuya könül bağlamaq,

Sonra da ardınca baxıb ağlamaq,

Əskiklik gətirir hər insana bil.

Nə erkək, nə qadın əyləncə deyil.

 

Şair ömrünün sonuna qədər həyat yoldaşına saysız məktublar, teleqramlar göndərib. Məzmunları və göndərildiyi məkanlar fərqli olsa da, onların hamısını “Hörmətli Xavər”, “Əzizim Xavər”, “Gözümün işığı Xavər”, “Can Xavər” kimi isti müraciət formaları birləşdirir. Bu işıqlı və ilıq müraciət formalarının səmimiliyi şairin məktublarının məzmunu ilə yanaşı, Xavər xanıma həsr etdiyi şeirlərdə də təsdiqini tapır. Bunlar Xavər xanımın xatirələrində yer alan Vurğunla yaşadığı acılı-şirinli günlərin, böyük sevgi dastanının yazılı təsdiqidir. Bu ədəbi-sənədli nümunələr, şairin ömürlüyünün böyük bir parçasına işıq tutur, digər əsərlərinin də dərk olunmasına yardımçı olur.

Şair sevgi imtahanlarından üzü ağ çıxır və “Sınaq müddəti”ndə adını çəkdiyimiz şeirlərdən əlavə bioqrafik xarakterli “Sevgi” poemasını da qələmə alır (“Subaylıq”, “Sevirəm”, “Bəzək və zinət”, “Anamın dərdi”, “Sevgilimin qılığı”, “Dəniz gəzintisi”, “Çənə söhbəti” başlıqlarından ibarət olan və 1933-cü ilin dekabrında bitirdiyi bu əsəri şair ilk nəşrlərdə poema kimi də dərc etdirib).

Sonralar müstəqil şeirlər kimi çap etdirdiyi bu poemada şair, iki illik sevgisinin tarixçəsini qələmə alır, başlıqlarından və məzmunundan da göründüyü kimi, ailə həyatının müxtəlif problemlərinə həm özünün, həm də Xavərin münasibətini bildirir. Əgər, “Subaylıq” şeirində (nəşrlərdə “Sevgi”) şair yalnızlıqdan gileylənib, özündən sonra bir iz qoymaq arzusunu dilə gətirirsə, “Sevirəm”də “həyata görə hələ uşaq olan” sevgilisinə bu günkü sevginin mənasını anladıb, onu ehiyatlı olmağa çağırır.

Adətən, şairlər sevdikləri qızlara ailə həyatı qurana kimi məhəbbət şeirləri həsr edir, yaxud bu mövzuda sonradan yazdıqları şeirlərin əvvəlki dili və pafosu başqalaşır, odu sönüb külü qalır. Səməd Vurğunun isə Xavərə yazdığı şeirlər ailə qurduqdan sonra da eyni ruhda davam edir və ona məxsusi həsr etdiyi şeirlərdən əlavə onu bir neçə irihəcmli əsərlərində də minnətdarlıqla xatırlayır. Şairin sevgilisinə münasibəti bu əsərlərdə daha poetik və maraqlısı odur ki, daha romantikdir.

Onun ailə həyatı qurduqdan sonra – 1934-cü ildə “Şairin sevgilisinə” adı, “İlk sevgilin” imzası ilə yazdığı şeir təkcə Vurğunun yaradıcılığında yox, ümumilikdə ədəbiyyatımızda məhəbbət mövzusunda yazılmış səmimi, təbii və gözəl şeirlərdən biridir:

 

Sevgilim! Xavərim! son bahar çağı

Uçub tökülürdü ömrümün bağı...

Həyata küsmüşdüm sözümün sağı,

Üzümə ilk dəfə gülən sən oldun,

Şairin qədrini bilən sən oldun.

 

Şairin 1951-ci ildə, yəni ailə həyatı qurduqdan 17 il sonra qələmə aldığı “Xavərə” şeirinə də eyni hisslərin hakim olduğu aşkar görünür və şairin sevgilisndən tezliklə ayrılacağı, sanki, ürəyinə damır:

 

Ağzı xeyir sözlüm, incimə məndən,

Yar yardan ayrılmaz, bülbül çəməndən.

Demə ki, düşmüşdür saçlarıma dən,

Ürək qocalmayır, ürəyim sənsən.

Yusifin, Vaqifin görüm var olsun!

Aybəniz hamıdan bəxtiyar olsun!

Yüz il də Vurğuna Xavər yar olsun!

Ən əziz sirdaşım, köməyim sənsən.

 

Səməd Vurğun “Səmimiyyət yolçusu”, “Deyin, gülün, övladlarım”, “Unudulmuş tək məzar”, “Mən tələsmirəm”, “Şair, nə tez qocaldın sən?!” şeirlərində və bir neçə poemasında da Xavərini xatırlayır, ünvanına xoş sözlər deyir. “Mən tələsmirəm” şeirindən də kiçik bir parçaya diqqət yetirək:

 

Sevgilim, qolunu boynuma dola!

Demə ki yorğunam, ya qocalmışam.

Mən hələ dünyadan nə zövq almışam?

Dur, bütün aləmi gəzək qol-qola!

Yenə də fikrimin səyyar yelkəni,

Dənizdən-dənizə atsa da məni,

Qorxma! Ürəklə de: “Uğurlar ola!”

Dur, bütün aləmi gəzək qol-qola.     

 

Bu səmimi və ibrətli məhəbbətin, qayğının nəticəsi idi ki, şair ağır xəstə yatarkən Xavərindən nigaran qaldığını dəfələrlə dilə gətirmiş, ona “qoy ayağa durum ayaqqablarının dabanlarını qızıla tutduracağam”, dünyasını dəyişəndə isə “qoy sənin yatağında can verim”—deyib həyata gözlərini əbədi yummuşdu.

Beləliklə, qısaca söz açdığımız və təqdim etdiyimiz nümunələr də Səməd Vurğunun Xavər xanımla yaşadığı həm müqəddəs və məhrəm sevgi, həm də acılı-şirinli günlər haqqında müəyyən təsəvvür yaradır. Bu şeirlərin bir qismini şair özü, bir neçəsini isə sonradan şairin sevimli qızı Aybəniz dərc etdirmişdir. Vurğun ocağının layiqli varisi Aygün Vəkilova da sevimli nənəsinə babasının həsr etdiyi, lakin, diqqətdən yayınmış şeirləri və məktubları bir yerə toplamış, “Xavərə” adı ilə ayrıca bir kitabda (2003) nəşr etdirmişdir.

 

 

Aslan SALMANSOY

 

525-ci qəzet.- 2012.- 13 mart.-S.8.