Moskvada Yunus Oğuzun “Əmir Teymur –
Zirvəyə doğru” kitabının təqdimatı
olub
Dünən
Rusiyanın paytaxtı Moskva şəhərində
tarixçi-alim, türkoloq, tarixi romanlar müəllifi Yunus
Oğuzun böyük türk sərkərdəsi, fateh Əmir
Teymurdan bəhs edən “Əmir Teymur – Zirvəyə doğru”
tarixi romanının rus dilində nəşrinin təqdimat mərasimi
keçirilib. Romanın müəllifi Yunus Oğuz “Trend”ə
bildirib ki, Rusiyada Əmir Teymura olan maraq böyükdür: “Əmir
Teymur dünyanın ən nəhəng imperiyasını
quranlardan biri olub və o, ümumiyyətlə, bütün
dünyanın maraq dairəsindədir. Xüsusilə də
Rusiyanın. Belə olmasaydı, onun haqqında minlərlə
kitab yazılmazdı”. Müəllif hesab edir ki, “Əmir Teymur
– Zirvəyə doğru” tarixi romanı Rusiya ictimaiyyəti
üçün böyük önəm kəsb edəcək.
“Rus tarixi türk tarixindən aralı deyil, onlar hər zaman
bir yerdə addımlayırlar, bir-biriləri ilə
toqquşurlar. Türk tarixi rus tarixinin ən önəmli hissəsini
təşkil edir”. Onun sözlərinə görə, kitab ilk
növbədə türk və rus dillərinə tərcümə
olunaraq nəşr olunub. Təqdimat Moskvanın Milli Kitab Evində
keçirilib. Qeyd edək ki, tarixi romanda böyük cahangirin
hakimiyyətə gəlməsi, igid türk qəbilələrini
birləşdirməsi və Hindistana yürüşü əks
olunur. Yazıçı Əmir Teymuru türk
dünyasının birləşməsi, türk sərhədlərinin
genişlənməsi üçün fəaliyyət göstərən
bacarıqlı sərkərdə, təcrübəli diplomat
və dövlət xadimi kimi xarakterizə edir.
525-ci qəzet.-
2012.- 13 mart.-S.7.