Ədəbiyyatımızın
azadlıq və mübarizə carçısı
Xalq
şairi Bəxtiyar Vahabzadə çağdaş Azərbaycan
ədəbiyyatının, eləcə də milli təfəkkür
və özünüdərk tarixinin ən parlaq
simalarındandır. Poeziyamıza yeni fəlsəfi məzmun,
ictimai-siyasi kəsər, milli mənəvi-əxlaqi mündəricat
gətirən görkəmli söz ustası respublikamızda
müstəqillik və azadlıq ideyalarının təşəkkülündə
və inkişafında da misilsiz xidmətlər göstərib.
Xalqına və torpağına möhkəm tellərlə
bağlı olan şairin çoxşaxəli həyat və
fəaliyyəti, zəngin yaradıcılığı elə
bu səbəbdən də geniş tədqiqat obyekti kimi daim
diqqəti çəkir. Filologiya üzrə fəlsəfə
doktoru Vaqif Allahverdiyevin “Bəxtiyar Vahabzadə
yaradıcılığında milli özünüdərkin
bədii-fəlsəfi ifadəsi” adlı monoqrafiyası bu
baxımdan təqdirəlayiqdir. “Yazıçı” nəşriyyatında
yenicə işıq üzü görmüş
sözügedən monoqrafiya mütəfəkkir şairin
möhtəşəm yaradıcılığında milli
özünüdərkin bədii-fəlsəfi mahiyyətinin
araşdırılmasına həsr olunub. Giriş və iki fəsildən
ibarət olan bu tədqiqat əsərinin birinci fəslində
xalq şairinin yaradıcılığının, həyat və
fəaliyyətinin ilk mərhələlərinə müraciət
edilərək onun Azərbaycan ictimai fikrinin və ədəbiyyatının
inkişafında göstərdiyi xidmətlər ətraflı
təhlil olunur. Bəxtiyar Vahabzadə
yaradıcılığını dünya və türk
xalqları ədəbiyyatı konteksində dəyərləndirən
müəllif görkəmli söz ustasının həyatının
və fəaliyyətinin maraqlı məqamlarına toxunur,
poetik missiyasının başlıca istiqamətlərinə,
ədəbi tənqidin onun bədii uğurlarına münasibətinə
aydınlıq gətirir. Alim monoqrafiyada belə bir maraqlı
qənaətə gəlir ki, Bəxtiyar Vahabzadə
poeziyası ədəbi-bədii, ictimai-fəlsəfi, mənəvi-əxlaqi
və dini dəyərləri bir araya gətirməklə
ümumbəşəri məzmun kəsb edir. Daha dəqiq desək,
şairin qələmə aldığı bədii nümunələrdə
milliliklə bəşərilik vəhdət təşkil
edir. Kitabın ikinci fəslində diqqət dünya
şöhrətli sənətkarın milli azadlıq,
özünüdərk və müstəqillik
ideyalarının poetik təqdimatına yönəldilib. Həmin
fəsildə xalq şairinin həyata baxışı, fəal
vətəndaş mövqeyi aydın
işıqlandırılır, onun Ana dilimizin
saflığı uğrunda mübarizəsini əks etdirən,
adət və ənənələrimizi, milli mənəvi dəyərlərimizi
təqdir edən və onların müdafiəsinə qalxan bədii
nümunələr, xüsusilə xalqın müstəqillik
və azadlıq ideyaları ilə
silahlandırılmasında müstəsna tarixi rolu olan məşhur
“Gülüstan” poeması bu günün prizmasından şərh
edilir. Qeyd olunur ki, insanı daim düşündürən, mənalı
yaşamağa, işıqlı bir gələcəyə,
mübarizələrə səsləyən Bəxtiyar Vahabzadə
poeziyası əbədiyaşar həyat və əsl xalq
sevgisi qazanıb, bugünümüz və sabahımız
üçün cavabdehlik daşıyan qüdrətli ideya mənbəyinə
çevrilib. Oxucu bu kamil bədii nümunələrdən
yüksək zövq almaqla yanaşı, daxili zənginlik və
rahatlıq əxz edir, daim azad olmağa can atır. Əsərdə
müəllif tərəfindən təhlil zamanı görkəmli
sənətkarın, atalar sözü səviyyəsinə
yüksələn misralarına tez-tez müraciətlər
edilməsi də xüsusi önəm daşıyır.
Bütövlükdə, adıçəkilən
monoqrafiyanı ədəbiyyatşünaslığımızda
xalq şairi Bəxtiyar Vahabzadə irsinin tədqiqi və
öyrənilməsi istiqamətində atılan uğurlu
addımlardan hesab etmək olar.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2012.- 13 mart.-S.7.