Dəyişməz funksiyaların dəyişən
texnologiyası
I YAZI
Jurnalistika
özünün inkişaf tarixində bir sıra inqilabi
sıçrayışlar yaşamışdır. Qəzet
istehsalı, tirajlanma texnikasının yaranması, vaxtı ilə
möcüzə təsiri bağışlayan radionun, sonra isə
televiziyanın meydana gəldiyi tarixi məqamlar buna
sübutdur. Bu möcüzələrin daha bir heyrətamiz
faktı dünya jurnalistikasında On layn – anlayışı
ilə ifadə edilən internet sistemi ilə əlaqədardır.
Jurnalistika
dünya informasiya sistemi adlanan internetlə bağlı
özünün yeni dövrə, yeni eraya keçid mərhələsini
yaşayır. Qlobal planda dünya jurnalistikası yeni keyfiyyətə
keçir ki, bu da bir neçə faktla bağlıdır: Əvvəla,
jurnalistin fəaliyyəti ilə, informasiyanın maksimum
operativliyinə şərait yaradan yeni texnologiyanın inkişafı
ilə, ikincisi, qloballaşma ilə. Sputnik texnologiyası
informasiyanın yer kürəsinin istənilən nöqtəsində
fərdi istehlakçıya çatdırılmasına şərait
yaradır. Beləliklə, müasir kütləvi kommunikasiya
vasitələrinin tədqiqatçıları indi
qloballaşma, texnologiya anlayışları üzərində
daha çox dayanırlar.
Yeni əsrin
başlanğıcında mətbuatın, qəzet
jurnalistikasının taleyi barədə narahatlıqlar da qeyd
olunur. XXI əsrdə qəzet yaşayacaqmı? Məsələn,
ABŞ-da gündəlik qəzetlərin tirajlarının
getdikcə azalma tendensiyası bu suala müsbət cavaba imkan
vermir.
Dövrü nəşrlərə,
xüsusilə qəzetə münasibət xeyli dəyişilməkdədir.
Dünyanın bütün nöqtələrində
televiziyanın güclü inkişafı informasiyanın
canlı variantının üstün tutulmasını əsaslandırır.
Belə şəraitdə qəzetlərin hətta yeni
üsul kimi görünən elektron versiyaları da köməyə
gəlmir. Adamlar nisbətən daha çox həftəlik qəzetlərə,
daycestlərə üstünlük verməyə
başlamışlar.
Amma necə olsa,
texnologiyanın inkişafı qəzet istehsalının da
xarakterində özünü göstərir. Qəzet
özünün kompüterə köçürülən
və isti-isti oxucuya çatdırılan elektron versiyasına
keçmişdir. İndi normal qəzetlərin
hamısının elektron versiyaları var. İnkişaf
etmiş ölkələrdə elektron qəzetlərə məmnuniyyətlə
abunə olurlar. Çünki elektron qəzetlər daha
müxtəlif və rəngarəng materiallar verir, geniş
auditoriyaya ünvanlanır, sərhəd tanımır, bəzən
çevik şəkildə, hətta, hər saatbaşı
yeniləşir və s.
Dünyanın populyar qəzetlərinin
elektron variantları indi adi hal almışdır.
Bundan başqa, XXI əsrin ilk
çağında ayrıca elektron qəzetlər də
meydana gəlmişdir ki, artıq print (çap) mediası belə
qəzetlərlə rəqabətə girə bilmir.
İlk vaxtlar elektron qəzetlərə
ancaq kompüterə malik imkanlı oxucuların əli
çatırdı. İndi kompüterin say sürəti
yaxın gələcəkdə elektron qəzetlərin
oxucularının ciddi şəkildə artacağından xəbər
verir. XXI əsrin başlanğıcı mobil telefonların da
KİV sisteminə daxil olmasını şərtləndirdi.
Kompüterli, fakslı bu telefonlar internet şəbəkəsinə
qoşula bilir və peyk vasitəsilə, naqilsiz istənilən
informasiyanı alır.
Jurnalistikada rəqabət getdikcə
güclənir. Televiziya öz inkişafı prosesində bir
sıra çətinliklərlə də üzləşir.
Söhbət kabel və sputnik televiziyalarının ciddi rəqabətindən
gedir.
İnformasiya texnologiyalarının
müasir inkişafı ənənəvi televiziyanın yeni
bir modelini meydana gətirməkdədir: İnternet- televiziya.
İnternet televiziya şəbəkə vasitəsiylə
yüz minlərlə, milyonlarla insanın yaydığı və
bütün planetin istehlakçısına çevrildiyi
elektron informasiya vasitəsi kimi qiymətləndirilir. Bu sahənin
nəzəri mütəxəssisi Aleksey Qarmatinin dediyi kimi
“İnternet televiziya açıq, daim inkişafda olan,
çoxsaylı xırda və orta
video-istehsalçıların öz proqramlarını təqdim
etdiyi şəbəkədir”. İnternet-TV müstəqil
studiyaların, qrupların hazırladığı müxtəlif
tipli və müxtəlif məzmunlu videomaterialların
yayımlandığı vasitədir.
İnternet- televiziyanın meydana gəlməsi
ilə onlarca yeni termi formalaşmağa
başlamışdır. Bu sırada internet-yayım,
internet-kanal, videohostinq (audiovizual vasitələrlə
informasiyanın yayılması), ənənəvi (efir)
internet kanalı, müstəqil (şəbəkə) internet
kanalı (yalnız internetdə yayımlanır və efir
analoqu yoxdur) və s. anlayışları misal gətirmək
olar. Əlbəttə, informasiya texnologiyasının
müasir inkişafı bir tərəfdən bu
anlayışların tez-tez dəyişməsinə, yeni məzmun
kəsb etməsinə səbəb olur, digər tərəfdən
tamamilə yeni anlayışları meydana çıxarır.
Bununla belə internet- televiziyanın artıq tarixi də
formalaşmışdır. “Veb- internetin çox məşhur
ideoloqlarından və yaradıcılarından biri olan Tim
O.Reyllinin tədqiqatında internet-televiziyanın
inkişafını iki mərhələyə ayırmaq olar:
“2000-2001-ci illər internet-televiziyanın təzəcə
meydana çıxması və dərhal ona tələbatın
artması, 2001-ci ildən bu tərəfə – internet-TV-nin
formalaşması və özünü təsdiqi”.
Bir az da geriyə qayıtsaq, deməliyik
ki, internetin xronologiyasında internet-translyasiya 1992-ci ildən
başlayır. Bu sahədə ilk təcrübələri Men
ştatı (ABŞ) universiteti jurnalistika fakültəsinin tələbələri
meydana qoymuşlar. Həmin ilk nümunədə jurnalist tələbələr
özlərinin 10 dəqiqəlik xəbər bloklarını
şəbəkəyə çıxarmış,
böyük auditoriya qazanmış və beləliklə,
internet-TV-nin əsasını qoymuşlar. 1999-cu ildə
“Net-Aid”-in dünyanın məşhur pop-ulduzlarının
konsertini təqdim edən blokları şəbəkəyə
çıxmışdır. Bundan sonra Kanadada, İngiltərədə,
digər ölkələrdə təşəbbüskarlar
artmış və beləliklə internet-televiziya öz
texniki və yaradıcılıq imkanlarını
formalaşdırmışdır.
İnternet-televiziyasının prinsipləri
və xüsusilə əlverişli texnalogiya imkanları onu
getdikcə populyarlaşdırır. İnternet-televiziya istifadəçilərə
daha geniş seçim imkanı verir. Adi efir televiziyasından
fərqli olaraq bu vasitə ilə internet
tamaşaçıları özləri yayımçı
statusu qazana bilərlər. Bu keyfiyyət hüdudsuz sayda
müəllif və internet kanalların yaradılmasına
imkan verir. Ən maraqlısı da budur ki, internet-
yayımçı dərhal birbaşa tamaşaçı ilə
münasibət yaradan kommunikasiya kanalı alır və bu
zaman hətta internet- provayderdən və kabel operatorundan da
asılı olmur. İnternet- televiziyanın hər hansı
texniki həlli istifadə avadanlığından maksimum az
asılı olur. Habelə texnologiyanın xarakteri internet
televiziyanı qlobal auditoriyaya ünvanlayır və onu sərhədsizləşdirir.
Belə halda proqramların yayımında heç bir hüquq
pozuntusu da baş vermir.
İnternetin özü sərhədsiz və
hüdudsuz azad informasiya vasitəsi olduğu kimi, onun
ötürdüyü televiziya da sərhədsiz və
hüdudsuzdur, azad və hüquqi cəhətdən sərfəlidir.
Doğrudur, bu gün bəzi ölkələrdə internet
televiziyasının lisenziyalaşdırılması ətrafında
da söhbət gedir. Lakin bu tip televiziya efir
televiziyasının internet analoqudur. Əlbəttə, onun
xüsusi yaradıcılıq studiyaları, konsepsiyası,
jurnalist, reportyor kollektivi, bir sözlə analoji strukturu
olmalıdır. Artıq bəzi demokratik ölkələrdə
meydana çıxmağa başlayan internet-televiziyanın bu
tipoloji xarakteri də yaxın zamanlarda tam azad yayım
imkanı qazanacaqdır.
Efir televiziyalarının internet
televiziyası ilə rəqabətinin ilkin üsullarından
biri onların internet vasitəsilə də
yayımının təşkilidir. İndi beynəlxalq aləmdə
internetlə yayımlanmayan az televiziya kanalı tapmaq olar.
Bununla belə internetlə yayılan efir televiziyası ilə
internet televiziyasının texniki fərqi çoxdur və
sonuncunun hər bir vətəndaşı
yayımçıya çevirmək imkanı onu daha çox
populyarlaşdırır.
Mütəxəssislər hələ bir
neçə il əvvəl bu fikrə gəlmişlər ki,
internet-televiziya ənənəvi televiziyanı üstələyə
bilər. Jurnalistikanın gələcək inkişaf
proqnozlarını verən professor Y.N.Zasurski hələ
2002-ci ildə yazırdı: “Bu günkü ənənəvi
efir televiziyası internetin intəhasız imkanlarından
doğan yeni texnoloji vasitələrin, xüsusilə internet-
televiziyanın qarşısında narahatlıq keçirməyə
başlamışdır”.
Həqiqətən də şəbəkə
televiziyasının üstünlükləri çoxdur. Qeyd
etdiyimiz kimi, birinci üstünlük auditoriyanın həcmi
ilə bağlıdır. Aydındır ki, efir
televiziyaları reklam bazarında ən çox auditoriya
probleminə diqqət yetirir. Dünyada
peyk-ötürücülərin getdikcə
çoxaldığı, planetin çoxçeşidli
telekanallarına hər kəsin baxa bilməsinə yaranan
texniki şərait ayrı-ayrı ölkələrin
telekanallarını çox sərt rəqabət mühitinə
salmışdır. Bu gün fəaliyyət göstərən
CNN international və BBC World, maliyyə-iqtisadi xarakterli CNBC və
Bloomberq TV, habelə iri regional xəbər telekanalları-
Euronews, CNN, və s. kanalların dünya TV sistemindəki
xüsusi çəkisi bu rəqabəti getdikcə gücləndirməkdədir.
Belə bir şəraitdə məhəlli
“telekanallar özlərinin iflasa məhkum olduqlarını” dərk
edirlərsə, qlobal telesetlət daha çox internet–TV-nin
qarşısında uduzacaqlarını görməyə
başlamışlar. Sərhədsiz və məhdudiyyətsiz
internet şəbəkəsi öz işini görməkdədir.
Son vaxtlarda isə “Wiki Laiks” saytının bütün
dünyada yaratdığı məlum təlatüm internetə
marağı xeyli artırması ilə internet-televiziyanın
da auditoriyasının–istehlakçılarının birdən-birə
genişlənməsinə stimul vermişdir. Ənənəvi
efir televiziyasının peyk-ötürücüyə çəkdiyi
xərcin problemini internet-televiziya yaşamır. Deməli, hələlik
mövcud olan bəzi xırda texniki detallar-səs problemi, təsvirin
tam dəqiq parametrlərlə təqdimi və s. kimi məsələlər
həll olunmaqla internet-televiziya hüdudsuz auditoriyası ilə
öz hegemonluğunu göstərəcəkdir. Bununla da indiyədək
“qlobal mediakompaniyalar” anlayışının “qlobal” epiteti
öz mənasını itirəcəkdir.
İnternet-televiziya indiyədək daha
çox Web-sahiblərin şəxsi məzmun daşıyan
materiallarını şəbəkəyə
çıxarırdı. Lakin son bir neçə ildə
şəbəkə TV informasiyanın daha çox ictimai maraq
kəsb etdiyini nəzərə almağa
başlamışdır. Belə bir cəhəti dərk
etmişdir ki, “xəbərlər mediaməhsul içərisində
birinci yer tutur və onun istehlakçısı həmişə
sabitdir. İlk vaxtlar xəbərləri beynəlxalq xəbər
agentlikləri, sonra radioxidmətlər, daha sonra qlobal telesetlər,
indi isə onlayn- şəbəkə sistemi satmağa
başlamışdır”. Y.N. Zasurskinin gəldiyi nəticəyə
görə, qələbə sonuncunundur.
İnternet-televiziyanın növbəti
üstünlüyü onun interaktivliyi ilə
bağlıdır. Əlbəttə, efir televiziyası da son
dövrlərdə interaktivlik problemi yaşayır və bu
tip televiziyalar ayrı-ayrı proqramlarda studiya auditoriyası,
telefon bağlantıları, son vaxtlarda isə internet vasitəsilə
aparıcı-tamaşaçı dialoqunu təmin etməyə
çalışmaqdadır. Lakin bütün bunlarla belə
interaktivlik şəbəkə televiziyasının ən əsas
xüsusiyyətlərindən biridir. “İnternet-televiziya
auditoriya ilə ünsiyyətdə əvəzsiz bir modeldir və
bu artıq özünün heç nə ilə müqayisəyə
gəlməz imkanlarını göstərməkdədir.
Heç kimin müdaxilə edə bilməməsi və tam
müstəqillik İnternet-TV-auditoriya əlaqələrini
yüksək şkalaya qaldırır”. İnternet-TV
proqramına tamaşa edən istehlakçı proqram
haqqında fikirlərini nəinki studiya ilə, habelə
müxtəlif saytlarda əlaqə saxladığı adamlarla
da bölüşə bilər.
ABŞ tədqiqatçıları Keys,
Deger və Meygelin belə fikirləri var: “Biz öyrəşmişik
ki, efir televiziyası tamaşaçıdan heç bir aktivlik
gözləmir: kresloya söykən və gözlə ki, səni
nə zaman əyləndirəcəklər. Şəbəkə
televiziyası isə nəzərdə tutur ki, proqramın
hazırlanmasında belə tamaşaçı iştirak edəcək.
Bir vaxtlar şəbəkə tamaşacısı nəyə
baxmağı özü seçirdi, sonra bu TV onlara
studiyadakı qonaqlarla əlaqə saxlamağı və dialoqa
girməyi təklif etdi, indi isə o rakursu və kadrın
ölçüsünü də özü seçməyə
başlayıb. Bundan əlavə, tamaşaçı əgər
kamerası varsa, özünün qiymətli bildiyi
videomaterialını da müstəqil şəkildə həmin
proqrama daxil edə bilər ki, bu görüntüləri də
yer kürəsinin istənilən sakini izləyə bilər”.
Bütün bunlar və üstəgəl digər texniki
imkanlar internet televasitələri sistemində yerini möhkəmləndirəcək.
Ənənəvi televiziyanın efirə
çıxması üçün xüsusi tezlik icazəsi-
lisenziya da internet televiziyasına gərək olmayacaq. Əlbəttə,
bu gün Azərbaycan şəraitində də internet
televiziyasının provayder problemi, bu növ informasiya vasitəsinə
lisenziya və s. kimi problemlər gündəmdədir. Ancaq nəzərə
alsaq ki, internetin imkanları neçə milyonlarla
videoinformasiya mərkəzinin yerləşməsinə imkan yaradır,
onda lap yaxın gələcəkdə internet-TV-nin şəbəkəyə
çıxarılması qarşısında heç bir
süni maneə olmayacaq.
Ekranda jurnalist məharətinin əsasını
söz – insanın fikir və duyğularının səslə
ifadə etməyin müstəsna qabiliyyəti təşkil
edir. Sözün TV-dəki müxtəlif funksiyalarını
belə müəyyənləşdirmək olar: “Bu, natiqin,
hekayətçinin, həmsöhbətin, təbliğatçının,
diktorun, şərhçinin, şahidin,
dünyagörmüş adamın sözüdür”. Təkcə
insanın ekranda çıxış etdiyi televiziya
rollarının sadəcə sadalanması TV-nin nitq spesifikası
və TV ekranında səslənən nitqin bütün janr və
formalarının, eləcə də üslubi
çalarlarının elmi sistemləşdirilməsinin
çətinliyini sübut edir. Bu çətinliklər
televiziyanın strukturunun çoxjanrlılığı, onun
estetik sisteminin, yəni dilinin, buradakı sözün mürəkkəb
semantik xüsusiyyətləri ilə bağlıdır. Təsvir
və səslə müşayət olunan bu söz həm də,
üslubi çalarlara malikdir. Məhz bu üslubi çalar
sözün həqiqi mənasını, incə fikri belə ən
əlverilşli dil vasitəsilə gözəl bir formada
auditoriyaya çatdırmağa imkan verir. Hər bir jurnalist,
aparıcı, rejissor bunu bilməli və üslubi formalara
ciddi riayət etməlidir.
TV-nin fəaliyyəti hər zaman
mübahisə obyekti olub: dünən də, bu gün də.
Xüsusən mütəxəssislər və müstəqil
mətbuat daim televiziyalara xalqın, cəmiyyətin
güzgüsü olduğunu xatırladırlar. Efirdə
jurnalistika çərçivəsindən kənara
çıxmalar, qeyri-etik hərəkətlər, dil xətaları,
şablonçuluq, bir-birlərini təkrarlamalar
tamaşaçının nəzərindən qaçmır.
Verilişlərin bir-irinə bənzəməsi və digər
bu kimi hallar tamaşaçıları kanalı dəyişdirməyə
vadar edir. Televiziya ilk növbədə mədəniyyətdir,
dəqiqlikdir. Və o da danılmaz faktdır ki, seçim
çox böyükdür. Azərbaycanda fəaliyyət
göstərən televiziyalarla yanaşı
tamaşaçılar xarici telekanalları da izləyə
bilirlər.
“Məlumdur ki, müasir dövrdə, məsələn,
texnikanın geniş inkişaf etdiyi ABŞ kimi bir ölkənin
də iri şəhərlərində efir
telekanallarının sayı 80-90-nı keçmir. Şəbəkə
üçün videoxəbərləri isə hər kəs
hazırlaya və daxil edə bilər”.
Bu televiziya tamaşaçının arxivə
müraciətini, ona digər xidmətlər təklif
olunmasını, yayımın konkret ünvana
ötürülməsini, yayım üçün efir tv-sindən
qat-qat az xərc çəkməsini, reklam bolluğu əldə
edilməsini və s. təmin etmək baxımından da
böyük perspektivlər vəd edir. İnformasiya texnologiyasının
bu günkü inkişaf nəbzini tutmağa və internet
televiziyası kimi perspektivli bir informasiya vasitəsinin bizi
gözləyən tələblərinə hazır
olmalıyıq.
Bütün bunlar sübut edir ki, artıq
özünün texniki baxımdan tipoloji xarakterini müəyənləşdirmiş
İnternet televiziyası lap yaxın gələcəkdə
informasiya siyasətinə görə də xüsusi tipoloji
mahiyyətinə sahib olacaqdır.
KİV-in beynəlxalq meylləri onu
göstərir ki, XXI əsrin lap ilk illərində qəzet,
televiziya, radio – bunların hamısı inkişaf prosesindədir.
İnformasiyalaşmaq prosesində KİV texnologiyası sənayesinə
malik ölkələrin əhalisi daha irəlidə gedir.
Ayrıca götürülmüş ölkədə də əhalinin
texnikaya sahiblik dərəcəsinə görə
informasiyalaşması prosesində təbəqələşmə
davam edir.
Beynəlxalq miqyasda jurnalistikanın getdikcə
biznesə daha çox çevrilməsi jurnalistin ənənəvi
sosial məsuliyyətinin üstündən xətt çəkir.
Dövlət KİV-nin informasiyanı idarə etmək təşəbbüslərinin
çox-çox azalması ilə müşayiət olunan
demokratik ölkələrdə KİV-in kommersiya maraqları
dəqiq və obyektiv informasiyanın təqdimində problem
yaradır. Bu problem Avropa Şurasının 1990-cı illərdə
tövsiyə etdiyi ictimai televiziyanın bütün
gücü ilə gündəmə gəlməsini şərtləndirən
fakta çevrilir.
KİV texnologiyasının sürətli
inkişafı ilə informasiyanın sürətli ötürülməsi
prosesi jurnalistin faktlara başdansovdu münasibətinə də
şərait yaradır. XXI əsr jurnalistin peşə
etikasını bütün zamanlardakından artıq gündəmə
gətirir.
XXI əsr jurnalistikası habelə sürət
jurnalistikasıdır. İnternet şəbəkə mətbuatını
və şəbəkə KİV-ini meydana qoydu ki, bunlar da
öz növbəsində jurnalistikanın yeni istiqamətlərini
müəyyənləşdirir. Şəbəkə – On-Line
jurnalistikası redaksiyaların işini indi xeyli başqa
cür qurmağa, xüsusilə, bəzi şöbələrin
ixtisarına, yeni vəzifələrin meydana gəlməsinə
səbəb olub.
Əlbəttə, bütün bunlarla belə,
jurnalistika yenə də özünün əsas
funksiyasını – cəmiyyəti məlumatlandırmaq və
baş verən hadisələrdən onun baş
çıxarmasına kömək etmək vəzifəsini
yerinə yetirməlidir. Bu funksiyanın yerinə yetirilməsi
üçün mütəxəssislər, peşəkarlar
hansı texnologiyanı seçəcək – bu, onların
öz işidir.
Yuxarıda dediyimiz kimi, “yeni jurnalistika”
anlayışı özünü daha çox “On- Line” stilində
göstərir. Çünki qeyd etdiyimiz şəbəkə
jurnalistikasında informasiya selinin maneəsiz və sürətlə
ötürülməsi məhz bu üsulla
bağlıdır. Bu jurnalistika zəminində reportyor daha
vacib və daha çox informasiya toplamaq, daha çox informasiya
ötürmək imkanı qazanır. Əlbəttə, əslində
“On-Line” jurnalistikasında da jurnalist ənənəvi vəzifələri
yerinə yetirir. Lakin belə halda iş tez görülür və
səmərəli olur.
On-Line-telekompüter əlaqələrinin
operativ, interaktiv rejimidir. Hərfi mənası xəttin
içində, birbaşa, daim yeniləşən məlumatlar
bazası, cari informasiyanı təqdim edən xidmət deməkdir.
XXI əsrin şəbəkə jurnalistikası
KİV-də çox ciddi faktlardan biri olan jurnalist
araşdırmalarına yaxşı şərait yaradır.
İnternet vasitəsilə istənilən informasiyanı əldə
etmək, həm də saniyələr və dəqiqələr
müddətində əldə etmək jurnalistin KİV
bazarı tələbləri qarşısında fəaliyyətinə
misilsiz kömək edir.
2001-ci il sentyabrın 11-də ABŞ-ın
Nyu-York və Vaşinqton şəhərlərində baş
verən terror hadisələri zamanı dağıdılan
ticarət mərkəzləri binalarının strukturu, bu
terror aktlarını törətməkdə
suçlandırılan Bin Ladenin şəxsiyyəti və s.
məsələlər barədə tez və operativ, əsaslı
və geniş bilgilər bütün kütləvi informasiya
vasitələri üçün, xüsusilə vizual vasitələr
üçün ictimai maraq baxımından son dərəcə
böyük önəm kəsb edirdi. Bu işdə “On-Line”
jurnalistikasının imkanları ağlasığmaz dərəcədə
geniş oldu.
2002-ci il oktyabrın 23-də Moskvada teatr mərkəzində
yeddi yüzdən çox tamaşaçının
çeçen terrorçuları tərəfindən girov
götürülməsi ilə bağlı hadisə barədə
ilk məlumatı Rusiya telekanalları internet saytından
almışdılar.
XXI əsr jurnalistikasının çox
ciddi keyfiyyət dəyişikliklərindən biri KİV-in
konvergenliyi ilə bağlıdır. Konvergenlik
anlayışının özü jurnalistikaya təzə
şamil edilməkdədir. Konvergenliyin getdikcə öz yerini
möhkəmlətməsi jurnalistikanı və jurnalist
peşəsini lazımsız bir şeyə çevirməyəcək
ki? Bu sual indi kommunikativistika elmində ciddi mübahisələr
doğurur, jurnalistləri narahat edir. Bu yerdə
jurnalistikanın yuxarıda xatırlatdığımız
inqilabi sıçrayış məqamlarını
xatırlayaq. Bu sıçrayışlar tarix boyu nə qədər
çox və nə qədər kəskin olsa da, prinsiplər
dəyişməmişdir. Ən ciddi texnoloji dəyişikliklər
dövründə belə jurnalist əməyi, jurnalist
istedadı öz mövqeyini qoruyub saxlamışdır.
Uzun illərin təcrübəsi göstərir
ki, yeni texnika və texnologiya, əslində daha çox
jurnalistin əməyinin yüngülləşməsinə,
onun topladığı, işlədiyi informasiyanı
istehlakçının daha asan və daha tez qəbul etməsinə
şərait yaratmışdır. O da məlumdur ki, kütləvi
informasiya vasitələri indiki səviyyəsinə heç də
birdən-birə, həm də kompüterin meydana
çıxması ilə gəlməmişdir. Sivil
informasiyalaşma uzun illərin yol gəldiyi inkişaf mərhələsidir.
500 il bundan əvvəl informasiyanın yazı şəklində
konservasiyası, yayımı ilə bağlı möcüzə
heç də indiki texnologiya barədə möcüzələrdən
kiçik olmayıb. Kütləvi kommunikasiyanın elə bir
inkişaf mərhələsi olmayıb ki, özündən əvvəlki
formasiyanın texnologiyasından istifadə etməmiş olsun.
Diqqətlə izlədikdə
görünür ki, radionun meydana gəlməsi ilə qəzet
dünyasının keçirdiyi narahatlığı
televiziyanın yaranması ilə radio özü də yaşamışdır.
Ancaq ciddi rəqabət onların hər ikisinin qoşa fəaliyyətini
mümkün etmişdir. Eləcə, əvvəldə qeyd
etdiyimiz kimi, İnternet də qəzeti
sıxışdırmaq deyil, onun elektron versiyalarının
yaranmasına səbəb olmaqdadır.
Məsələn, Finlandiya, Norveç və
s. kimi şimal ölkələrinin nümunələri
göstərir ki, əhalinin qəzetə, onun elektron
versiyasına müraciətinin miqdarı ilə İnternetə
qoşulan abunəçilərin sayı bir-birinə çox
yaxındır.
XXI əsrin jurnalistikasında interaktivlik
faktı çox önəmli sırada durur. İnteraktivlik XX
əsrin lap sonunda meydana çıxmış olsa da, onun səmərəli
inkişafı XXI əsrin ilk illərinə düşür.
KİV-in ümumdünya tarixi inkişaf
yolunda informasiya ünvana ancaq birtərəfli qaydada
ötürülmüşdür. Doğrudur, bir sıra
xırda çalarları da unutmaq olmaz: redaksiyalara oxucu məktubları,
radio ya telefon zəngləri və s. lakin bunları müasir
anlamda başa düşdüyümüz interaktivlik kimi qəbul
etmək çətindir. Bunlar, olsa-olsa, əks əlaqənin
elementləridir. Bugünkü mənada interaktivlik elektron
jurnalistikasının auditoriya ilə texnoloji vasitələrlə
operativ, birbaşa əlaqəsini – əks əlaqəsini nəzərdə
tutur.
Bu gün sürətlə çoxalmaqda
olan ictimai informasiya xidməti qurumları kompüter
texnikasının köməyi ilə informasiya
istehlakçılarının KİV-lə interaktiv əlaqələrini
təmin edir. Belə xidmət qurumları digər informasiya
kompaniyaları ilə qarşılıqlı əlaqə
yaradaraq onların informasiyasını geniş diapazonda təqdim
edir. Dünyanın çox güclü informasiya agentlikləri
ictimai informasiya xidmətləri vasitəsilə sonsuz
auditoriyaya çıxa bilir.
ABŞ-ın CNN yayım korporasiyası
xeyli vaxtdır ictimai informasiya xidməti qurumlarından birinin
vasitəsilə öz abunəçilərilə interaktiv əlaqə
saxlayır. Yayım korporasiyasının gündəlik “Falk
back lise” interaktiv tok-şousunda tamaşaçılar telefon zəngləri,
faks, On-line – rejimi vasitəsilə jurnalistlərlə interaktiv
münasibətdə olurlar. Studiyadakı
tamaşaçıların da bu interaktiv foruma
qoşulduqlarını nəzərə alsaq
tamaşaçı – jurnalist əlaqəsinin miqyasını
başa düşmək olar.
Cahangir MƏMMƏDLİ
525-ci qəzet.-
2012.- 13 mart.-S.6.