“Cinayət və
cəza”
Azərbaycanın əməkdar hüquqşünası, hüquq elmləri doktoru professor İlham Rəhimovun işıq üzü görmüş “Prestupnost i nakazanie” monoqrafiyasını hüquq elminin tarixində ən sanballı əsərlərdən biri hesab etmək olar. Öncədən müəllifin geniş axtarıcılığını, elmi yaradıcılığını, hər material üzərində gərgin əməyini, ən maraqlı və nadir materiallardan, şəkillərdən məharətlə istifadə etməsini, həm elmi-tədqiqi, həm də tarixi-publisistik səciyyə daşıyan dəyərli bir əsər meydana gətirdiyini qeyd etmək lazımdır. Onu da qeyd etmək olar ki, kitab tarixi-sistem struktura malik olmaqla fakt və hadisələrin, hüquqi elminin paradiqmalarının, fəaliyyətlərin, proseslərin dinamik mənzərəsini yaradır və onu tarixi inkişafda qavramağa imkan verir.
Müəllif kitaba yazdığı ön sözdə haqlı olaraq bildirir ki, kim hansısa elmi problemi tədqiq etməyə hazırlaşırsa yazacağı predmet haqqında geniş və hərtərəfli düşünməlidir. Yazır ki, fərdi və ictimai şüurda cəza haqqında təsəvvürlər bu anlayışın hüquqi, sosioloji, psixoloji, fəlsəfi və dini şərhləri hesabına formalaşmışdır. Cəzanın öyrənilməsi keçmişi anlamağa yardımçı olur, vətəndaş cəmiyyətinin formalaşması üçün zəruri olan əxlaq mədəniyyətinin məzmunu və mahiyyətini anlamağa imkan verir. Cəzanın başa düşülməsi cəmiyyətin mədəni inkişaf səviyyəsindən asılıdır.
Kitabın girişində müəllif hazırda baxılması vacib olan sualları qoyur. İstər tədqiqatçılar, istərsə də oxucular həmin sualların aktuallığını dərhal anlayır. Kitabda istifadə edilən mənbələrin çoxluğu, o cümlədən şəkillərdən və cədvəllərdən istifadə edilməsi, mətnin içində verilmiş nadir əsərlərdən iqtibaslar əsərin elmi sanbalına dəlalət edir.
Kitabın 1-ci “ Cinayətin səbəbi kontekstində cəza anlayışı və mahiyyəti: tarixi ekskurs” fəslində müəllif cəza konseptini (latınca conceptus toplu, qavrayış, rüşeym) iki dublet konseptə ayırır cəza (tənbeh ) və əvəz, (qarşılıq). Konsept deyilmiş nitq kimi anlayışla eyniyyət təşkil etmir. Tədqiqatçıların əksəriyyəti bu yeni terminin daxil edilməsini deyilənin (söylənilənin) mahiyyətinin göstərilməsi kimi başa düşmədilər. Bu səbəbdən bir çox lüğət və ensiklopediyalarda konsept, anlayışla eyniləşdirilir. Amma konsept və anlayış bir-birindən fərqləndirilməlidir. Konsept nitqdən formalaşır. Konseptin “başlanğıc ideya” mənası cəzanın da konsept kimi təsnifatlandırmasına yol açır. Bunu müəllifin maraqlı yanaşması hesab etmək olar. Bu gələcək tədqiqatçılar üçün də olduqca maraqlı bir məsələdir. Professor İlham Rəhimovun kitabını oxuduqdan sonra belə qənaətə gəlmək olar ki, Dostoyevskinin “Cinayət və cəza” əsərində cəzanın konsept kimi götürülməsi onun mahiyyətini genişləndirmiş, əsəri daha oxunaqlı etmişdir.
Müəllif qeyd edir ki, italyan mütəfəkkiri Enriko Ferrinin fikrincə cəza özünün təkamülündə 4 fazanı keçib. Dini, etik və hüquqi. Bu kitaba qədər hüquq məsələlərində antik filosofların ideyalarına bir o qədər yer verilməməsi tendensiyası ilə rastlaşırdıq. Müəllif antik filosofların cəzaya fəlsəfi təzahür kimi baxmalarını qeyd edir. Bu səbəbdən kitabda antik dövrün filosofları Sokrat, Platon, Seneka və Aristotelin fikirlərinə geniş yer verilir. Maraqlıdır ki, Aristotel elmləri təsnifatlandıranda etikanı ayrı elm kimi təyin etmiş və məşhur “Etika” kitabını yazmışdır. “Cinayət və cəza ” kitabından bizə aydın olur ki, o hüquq elminin ayrıca elm sahəsi kimi adını çəkməsə belə “xeyir, şər, əzab, cəza, əvəz, ədalət” anlayışlarını etikaya aid etmişdir.
Müəllif yazır ki, Sokrat şərə qarşı biliyi qoyurdu. Yəni insan nə qədər çox bilirsə bir o qədər az şər işlər törədir, yaxud tərsinə. Fəlsəfədən bilirik ki, böyük filosof irəli sürdüyü fikirlərin qurbanına çevrildi. Sokrat haqqında Afina məhkəməsi “günahkardır” hökmünü çıxardıqda o dərhal cərimə ödəməyi təklif edir. Məhkəmə onun təklifini rədd edərək, ölüm hökmünü qüvvədə saxlayır. Məhkəmənin hökmündən bir ay sonra o, sikuti (ölüm zəhəri) içərək intihar etdi. Sokrat çox bildiyindən ona qarşı da şər iş törətdilər. Maraqlıdır ki, böyük Yunan filosofunun “Ölüm işi” hay-küylü müasir məhkəmə çəkişmələrindən gərgin, əhatəli və diqqətçəkən bir mühakimə prosesidir.
Kitabın maraqlı bölmələrindən biri “Dində cəza haqqında” bölmədir. Bu bölmədə professor İlham Rəhimov müxtəlif dinlərdə cəza məsələlərinə toxunmuşdur. Cəza konsepti ilə bağlı müsəlmanlığın dini-fəlsəfi, hüquqi qaynağı olan Qurani-Kərimin surələrindən verilən iqtibaslar olduqca maraqlıdır. Bu yanaşma müəllifin digər dini kitablardan da cəza məsələsi barədə verdiyi kəlamları müqayisə etməyə zəmin yaradır. Tədqiqatçı və oxucu üçün dini mətnlər kontekstində belə müqayisəli təhlillər həm də yenidir.
Kitabda klassik məktəbin nümayəndələri Ç.Bekkaria, Çezare Lombrozo və Listin fikirlərininə geniş yer ayrılıb. Aydındır ki, ədəbiyyat, siyasət və fəlsəfə tarixində Reformasiya və Maarifçilik dövrlərinə xüsusi yer verilir. Kilsədə baş verən islahatlar, elmi inqilablar, humanizmin meydana gəlməsi, hüquq fikrinin formalaşması və inkişafından yan keçə bilməzdi. Humanizm və Reformasiya dövrü bəşəriyyətə çoxsaylı filosoflar, siyasətçilər və hüquqçular verdi. Dövrün görkəmli filosofları Spinoza, Lokk, Hobbs, Monteskye, Russo ilə bir sırada duran mütəffəkkirlərdən biri də Çezare Bekkaria idi. Cəza siyasətinin yeni məktəbinin əsasını qoymuş italiyan mütəfəkkirinin əsas ideyalarından biri budur: “cinayətkarı cəzalandırmaq əvəzinə, xəbərdarlıq etmək lazımdır.” Onun bu ideyasının da yer aldığı və bəşəriyyətə təqdim etdiyi “Cinayət və cəza” adlı məşhur kitabına humanizmin “küləyinin” dəyməsi açıq hiss olunur.
Professor İlham Rəhimov əsərinin klassik irsin antropoloji hissəsində Kantın cəzaya özünüməqsəd hadisəsi (öz məqsədini özündə daşıyan ) kimi baxmasını belə şərh edir: “Göründüyü kimi Kanta görə cəza ağıl tərəfindən diktə olunan məcburi tələb, imperativ kateqoriyadır”. Elə burdan bəlli olur ki, böyük alman filosofu cəzaya antinomiya (qanunda ziddiyyət) kimi deyil, imperativ kateqoriya kimi baxır. Bu qeydlər hüquqşünasların qavranılması çətin hesab etdikləri Kantın əsərlərinə marağı artırır, Kant anlayışlarının fənlərarası mahiyyətini anlamağa imkan yaradır.
Hegel yaradıcılığının ana xəttini dialektika təşkil edir. Adətən, dialektikanı 3 dairəvi hərəkət kimi təsvir edirlər. Tezis-antitezis-sintez. Bu hərəkət bütün dünya məkanında canlı və cansız universumda özünü biruzə verir. Hegelə görə cəmiyyətdə və təbiətdə gedən inkişaf prosesləri dialektik yolla həyata keçir. Müəllif bu ümumi ideyadan istifadə edərək Hegeldə tezisi – hüquq, antitezisi –cinayət, sintezi – cəza kimi təsnifatlandırır. Kitabda Hegelin cəzaya baxışında dialektik metodun tətbiqinin yer alması, hüquq fikir tarixini zənginləşdirən mühüm ideyalar sırasına daxil edilməlidir.
Monoqrafiyanın ikinci “Cinayətkarlıq və cəzanın effektivliyi” fəslində cəzanın məqsədi haqqında təlimin kökünün dini mənbələrə gedib çıxması göstərilir. Müəllif Əhdi-Ətiq və Qurani – Kərimə müraciət edir. Məsələn, İslam dinində Cinayətin Allaha qarşı günah olduğu anlayışından, bu dinin cinayətə qarşı mübarizə metodları göstərilir. Müəllif dərin fəlsəfi və dini bilikləri hesabına yenidən Qurani-Kərimin surələrinə istinad edir və müqayisə zəmini yaratmaq üçün öz maraqlı fikirlərini verir: islam dininin cinayətkarlığa qarşı mübarizəsinin metodları göstərilir. Maraqlı odur ki, Qurani –Kərim cəzaya ədalətli əvəz kimi baxır. Bu yanaşmanı cinayət və cəzanın tarixində Qərb mütəfəkkirlərinin fikirlərinin mənbəyi hesab etmək olar.
Professor İlham
Rəhimovun “Cinayət və cəza ” kitabını həm də
hüququn fəlsəfəsi istiqaməti
üzrə fundamental əsər
adlandırmaq olar. Müəllif “Məqsədə
çatmaq üçün
vasitə” bölməsində bunu
açıq etiraf edir.
Bir çox elmlərin
vaxtilə fəlsəfənin tərkibində olmasını,
məntiqi və qnoseoloji yanaşmaların
fəlsəfi biliklər hesabına mümkünlüyünü
diqqətdən qaçırmaq olmaz.
Müəllif bu bölmədə çox maraqlı bir analogiya gətirir. Qorxu fenomenini yeni
interperetasiyasını verir: “Adəm günah işlətməklə
qadağanı pozmuş oldu.
Buna görə o, cəzalanmalı
idi. Buna baxmayaraq özünü saxlaya bilmədi. Bir tərəfdən
qadağa onda istək
yaradır, digər tərəfdən isə bu
fenomen onda azadlıq
imkanlarını oyadır. Məhz buna
görə ilkin günahın təbiətini
qorxu kateqoriyasına görə öyrənmək
lazımdır”. Kitabda qorxunun
psixoloji, sosioloji fəlsəfi
və hüquqi aspektləri
araşdırılır, cinayət proseslərində Azərbaycan
nümunəsi misal gətirilir. Qorxunun psixoloji aspektlərinə
diqqət yetirən müəllif onun cinayət
davranışları ilə əlaqələrini təhlil edir. Bir qrup
tədqiqatçılar cinayətlərin sayının
azalmasını cəzadan qorxmaq səbəbi
ilə əlaqələndirirlər. Qorxunun
sosioloji tədqiqatları göstərir ki, respondentlərin cüzi
bir hissəsi cəzadan qorxaraq
cinayət etmirlər. Müəllif bu
bölmədə qorxu-risk-cəza triadasında
qarşılıqlı əlaqələri təhlil edərək
öz hipotezalarını verir.
Bu
kontekstdə müəllif “cəza böhranı” haqqında düşünür və belə bir ədalətli nəticəyə gəlinir
ki, cəzanın mexanizmləri və təzahürləri
haqqında mücərrəd mühakimələr aparmaq yox, onun
forma və metodlarını təkmilləşdirmək
lazımdır. (Professor
A. Bastrıkin). O, hesab
edir ki, cinayətin rəqəm
göstəricilərini yalnız bir halla – cəzanın yüngüllüyü
və ağırlığı ilə bağlamaq
qeyri-qənaətbəxşdir. Burda başqa faktorlar da mümkündür:
cinayətin artması və azalmasını bu
və ya digər dövlətin sosial həyatının başqa
mühüm qanunları idarə edir. Bundan sonra
müəllif ölüm hökmü
barədə yazır: bu bölmədə
klassiklər Moteskye və Bekkarianın
işləri təhlil olunur. Bu cəza növünə həmişə
birmənalı münasibət olmamışdır. Professor
İ. Rəhimov ümumiləşdirmələr apararaq yazır: ölüm
hökmünün qəbul edilməsi o zaman ədalətli ola bilər ki, onun vacibliyi və əvəzolunmazlığı
sübut olunsun.
İnsanların da bu
cəza növü haqqında fikirlərinin
müxtəlifliyi tədqiqatçı alimləri düşündürür. Məsələn,
bir qrup insan bunu həqiqət
prinsiplərinə uyğun müqəddəs
iş, digərləri isə həqiqətə
söykənməyən, qeyri-humanist
addım hesab edirlər. Müəllif bu kontekstə klassiklərin və müasirlərin
fikirlərini müqayisə edərək nəticələr
çıxarır. Hər bir cəzanın
daxili mahiyyətinin açılmasına
çalışır. Məsələn, ölüm
hökmü ilə ömürlük
həbs zamanı qorxu hissləri,
yaşantılar, əzablar barədə maraqlı fikirlərə
rast gəlirik. Bunların hər biri, xüsusilə əzab fenomeni
psixoloji, sosial və dini planda təhlil olunur. Bu cür sinergetik yanaşmaya biz hüquqçular nadir hallarda
rast gəlirik.
Müəllif “Cəzanın effektivliyi” bölməsində özünün
sinergetik düşüncə
tərzini genişləndirir. Effektivliyin iqtisadi
və fəlsəfi mənalarına diqqət yetirir, bu anlayışa
qiymətləndirmə kateqoriyası
kimi baxır, cinayətlərin cəzalanmasının
effektivliyinə dair işləri təhlil edərək elmi qənaətlərini verir.
Bu bölmənin ən maraqlı hissəsi Azərbaycanda
cinayət cəzalarının effektivliyinin səviyyəsinin
ifadə olunmuş düsturla təyin edilməsidir.
Müəllif elə bu bölmədə Azərbaycanda və
dünyanın bir sıra ölkələrində
ayrı-ayrı cinayətlərin növlərinin
xarakteristikasını verir və zəruri müqayisələr
aparır.
Kitabın 3-cü fəsli “Cəza problemi və proqnozlaşdırma” nəzəriyyəsi
adlanır. Bu fəsildə
müəllif cəzaya
təkcə hüququn
problemi kimi baxmır. Yazır ki, Cəza probleminə sistem yanaşma lazımdır.
Sistem təfəkkürün formalaşması
Qərb fikir tarixində əsl inqilab hesab olunur.
Bu paradiqmanın mahiyyətində istənilən
mürəkkəb bütöv
sistemin davranışının
onun hissələrinin
xassələrinə görə
anlanılması dayanır.
Müəllif bu fəsildə
“sistem” sözünün
etimologiyasını verir
və sistem yanaşmaya metodoloji istiqamət kimi müraciət edir. Monoqrafiyada cəzanın sistem xarakteri onun fənlərarası və
kompleks hala salır. Bu isə
o deməkdir ki, bunun həllində müxtəlif elmlərin
– fəlsəfə və
sosiologiyanın, psixologiya
və pedaqogikanın,
kibernetika və informasiya nəzəriyyəsinin
kateqoriyaları, metodları
və vasitələrindən
istifadə etmək lazımdır. Müəllifin
yanaşması orijinaldır:
cinayətkarlığı xəbərdar etmək məqsədinə çatmaq
üçün onun gələcək nəticələrini
qabaqcadan görmək
lazımdır. Buna görə də elmi proqnozlaşdırma olmadan onun nəticələrini
aradan qaldırmaq mümkün deyil. Bu da öz növbəsində cinayətkarlığın
cəzasının effektivliyinin
artırılmasına maneçilik
törədir. Bu məqsədlə professor İlham
Rəhimov klassiklərin
əsərlərindən nümunələr
göstərir və qeyd etdiyi sistem
yanaşma metodologiyasına
söykənərək qanunvericinin
konkret cinayət-hüquq
sanksiyasını qurmasında
uyğun proqnostik informasiyanın əldə
etməsi sxemini verir. Bundan sonra sanksiya
praktikada tətbiq olunur. Müəyyən müddətdən sonra qanunverici verilmiş cinayət hüququ sanksiyasının
effektivliyi haqqında informasiyaları toplayır.
Əgər sanksiya effektlidirsə
onun tətbiqi davam edir.
Kitabdan gətirdiyim
bu nümunə əsərin nəzəri
tərəfinin praktik
tərəfi qədər
güclü olmasını
diqqətə çatdırmaqdır.
Kitabın sonunda 2000-2007-ci illər ərzində Azərbaycanda qeydə alınmış cinayətlərin növlərinin, onların içərisindən açılıb-açılmayanların sayı, 2000-2009-cu illər ərzində məhkumluq haqqında məlumat, MDB və Dünya dövlətlərində cinayətlərin müqayisəvi cədvəli verilib.
Professor İlham Rəhimovun
eyniadlı əsəri ilə bağlı düşüncələr
Məhəmməd
İMANLI,
Hüquq elmləri doktoru,
professor
525-ci qəzet.- 2012.- 13 mart.-S.4.