Türkiyəli yazarlara Azərbaycan Yazıçılar Birliyinin Bəxtiyar Vahabzadə Beynəlxalq
Mükafatı təqdim olunub
YAQUB ÖMƏROĞLU, ƏLİ
AKBAŞ VƏ İMDAT AVŞAR BU MÜKAFATA TÜRK
DÜNYASI VƏ AZƏRBAYCAN ƏDƏBİYYATININ TƏBLİĞİ
YÖNÜNDƏKİ XİDMƏTLƏRİNƏ GÖRƏ
LAYİQ GÖRÜLÜBLƏR
Ötən
gün Azərbaycan Yazıçılar Birliyinin “Natəvan”
klubunda Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Öməroğlu,
“Qardaş qələmlər” dərgisinin baş redaktoru Əli
Akbaş və yazıçı-tərcüməçi
İmdat Avşar AYB-nin Bəxtiyar Vahabzadə Beynəlxalq
Mükafatı ilə təltif olunması ilə əlaqədar
mərasim keçirilib. Tədbiri Azərbaycan
Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş
redaktoru Rəşad Məcid açaraq, qonaqları və tədbir
iştirakçılarını salamlayıb. R. Məcid
Avrasiya Yazarlar Birliyinin və “Qardaş qələmlər” dərgisinin
türk dünyası ədəbiyyatının təbliğindəki
xidmətlərindən danışıb. O, Avrasiya Yazarlar
Birliyinin sədri Yaqub Öməroğlunun AYB-nin xətti ilə
türk dünyasının tanınmış
yazarlarının Türkiyə oxucularına
çatdırılması sahəsində böyük işlər
gördüyünü vurğulayıb.
Çıxış
etmək və mükafatların təqdimatı
üçün söz Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anara verilib.
Mükafatları təqdim edən Xalq yazıçısı
qonaqların türk dünyası ədəbiyyatına xidmətlərinə
görə mükafatlandırıldıqlarını bildirib.
Anar bildirib ki, Yaqub Öməroğlunun rəhbərliyilə
Avrasiya Yazarlar Birliyi qısa müddətdə böyük
işlər görməyə müvəffəq olub. Bu
müddətdə Birliyin təşəbbüsü ilə
bir sıra Azərbaycan yazıçılarının
Türkiyədə kitabları nəşr edilib:
“Avrasiya Yazarlar Birliyinin təsis
etdiyi, Əli Akbaşın redaktoru olduğu “Qardaş qələmlər”
dərgisi bir neçə ildir ki, türk dünyası ədəbiyyatından
nümunələr çap etməklə türk
dünyası yazıçılarının təbliğində
əvəzsiz rol oynayır. Yazıçı və tərcüməçi
İmdat Avşar Azərbaycan ədəbiyyatının
türkcəyə çevrilməsində xüsusi fəallıq
göstərib. Bütün bu fəaliyyətlər nəzərə
alınaraq hər üç yazar Azərbaycan
Yazıçılar Birliyi katibliyinin qərarı ilə, ilk
dəfə təsis olunan Bəxtiyar Vahabzadə Beynəlxalq
Mükafatına layiq görülüb”. Xalq
yazıçısı mükafatları qonaqlara təqdim edərək,
onlara yeni nailiyyətlər arzulayıb. Avrasiya Yazarlar Birliyinin
sədri Yaqub Öməroğlu Azərbaycan
yazıçılarının Türkiyədə
çıxan kitabları barədə məlumat verərək
bu günün onlar üçün xüsusi önəm
daşıdığını qeyd edib: “Bu, bizim
üçün özəl bir gündür. Bəxtiyar
Vahabzadə adına mükafatı almaq olduqca şərəfli
və məsuliyyətlidir. Artıq 6 ildir ki, biz Azərbaycan
Yazıçılar Biriyi ilə əməkdaşlıq
edirik. Bu günə qədər “Bengü” yayım evində
türk dünyası ədəbiyyatından 50-yə yaxın
kitab nəşr edilib ki, onlardan 15-i Azərbaycan
yazıçılarının əsərlərindən ibarət
olub. Mən arzu edirəm ki, “Bengü” yayım evinin gələcəkdə
imkanları daha da genişlənsin və biz digər Azərbaycan
yazıçılarının da kitablarını Türkiyədə
nəşr etdirək”. Sonra Y.Öməroğlu bir qrup Azərbaycan
ədibinə – Xalq yazıçısı Anara, Rəşad
Məcidə, Aqil Abbasa, Vaqif Bəhmənliyə, Əjdər
Ola, Ramiz Əsgərə, Zakir Sadatlıya, Elçin
Hüseynbəyliyə, Xəzangülə, Eyvaz Zeynalova, Qulu
Ağsəsə, Pərvinə və Qismətə Avrasiya
Yazarlar Birliyinin üzvlük vəsiqələrini təqdim
edib. Tədbirdə həmçinin Əli Akbaşın
Bakıda nəşr olunan “Seçilmiş şeirləri”,
İmdat Avşarın “Anamın saatları” və onun
Türkiyədə çıxan “Övliya Çələbinin
izi ilə Azərbaycan” kitablarının təqdimatı
keçirilib. Kitablar ətrafında fikirlərini
bölüşən ədəbiyyatşünas və tərcüməçi
Ramiz Əsgər indiyə qədər türk dünyası ədəbiyyatından
40-a yaxın əsəri Azərbaycan türkcəsinə tərcümə
etdiyini, Əli Akbaşın şeirlərindən ibarət
kitabı da böyük zövqlə çevirdiyini
vurğulayıb. R.Əsgər kitabın həcmcə
kiçik olmasına baxmayaraq, onda bütün türk
dünyasını əhatə edən şeirlərin yer
aldığını və bu baxımdan da çox dəyərli
bir toplu olduğunu dilə gətirib. Eyvaz Zeynalov İmdat
Avşarın “Anamın saatları” və “Övliya Çələbinin
izi ilə Azərbaycan” kitabları haqqındakı fikirlərini
bölüşüb. İ.Avşarın hekayələrində
məktəb, təhsil problemləri, uşaqlarla bağlı
məsələlərin təqdirəlayiq şəkildə
öz əksini tapdığını söyləyib. Tənqidçi
Bəsti Əlibəyli Əli Akbaşın şeirləri barədə
qənaətlərini paylaşıb, onu son dövrün ən
dəyərli türk şairlərindən biri hesab etdiyini
bildirib. İmdat Avşarın hekayələrindəki
şirin yumoru, cəmiyyətin ən fağır təbəqələri
içərisindən seçilən obrazları önə
çəkən tənqidçi bu xüsusiyyətləri
yüksək qiymətləndirib. Şair Əjdər Ol Yaqub
Öməroğlunun, Əli Akbaşın və İmdat
Avşarın Azərbaycana sıx bağlı insanlar
olduğunu bildirib. O həm Əli Akbaşın, həm də
İmdat Avşarın kitabları barədə müsbət
fikirlər söyləyib. Millət vəkili, Xalq şairi
Sabir Rüstəmxanlı Əli Akbaşın
yaradıcılığına xüsusi hörməti
olduğunu, hər zaman onun yaradıcılığını
izlədiyini, qısa müddətdə çox böyük
işlər görən “Qardaş qələmlər” dərgisinin
daha parlaq gələcəyi olduğuna
inandığını diqqətə çatdırıb.
Ramiz Əsgərin türk dünyası ədəbiyyatına
göstərdiyi xidmətlərindən bəhs edən Xalq
şairi onun bu sahədəki fəaliyyətini yüksək dəyərləndirib.
Tədbirdə
yazıçılardan Aqil Abbas, Elçin Hüseynbəyli,
şairlərdən Vaqif Bəhmənli, Qəşəm Nəcəfzadə
də çıxış edərək, hər üç
laureat haqqında, təqdim olunan kitablarla bağlı müsbət
fikirlər söyləyiblər. “Qardaş qələmlər”
dərgisinin baş redaktoru Əli Akbaş Azərbaycana ilk dəfə
20 il bundan əvvəl gəldiyini və o gündən Azərbaycan
sevgisinin onun ürəyində dərin kök
saldığını deyib: “Ümidvaram ki, bizim Azərbaycan
Yazıçılar Birliyi ilə əməkdaşlığımız,
dostluq münasibətlərimiz günü-gündən daha da
möhkəmlənəcək. Əgər mənim şeirlərim,
kitablarım Azərbaycanda da oxunub, sevilirsə, bu mənim
üçün böyük bir bəxtiyarlıqdır”.
Burada olmaqdan qürur hissi duyduğunu bildirən İmdat
Avşar 20 il öncə nə vaxtsa Azərbaycan türkcəsindən
onlarla əsəri Türkiyə türkcəsinə
çevirəcəyini, Azərbaycanda özünün
kitablarının nəşr ediləcəyini ağlına
belə gətirə bilmədiyini vurğulayıb. Türk
dünyasına və ədəbiyyatına xidmətin şərəfli
bir vəzifə olduğunu deyən İ.Avşar
çıxışını Azərbaycan
Yazıçılar Birliyinin rəhbərliyinə və
üzvlərinə təşəkkür etməklə
bitirib.
GÜNEL
525-ci qəzet.- 2012.- 14 mart.- S.7.