Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetində beynəlxalq konfrans
Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin yaranmasının 90 illik yubileyi
yaxınlaşdıqca bu qocaman təhsil ocağının
keçirdiyi tədbirlərin sayı, məzmunu və miqyası
da genişlənir. Universitetin Elmi Şura zalında baş
tutan “Mədəniyyətlərarası dialoqda ənənəvi
incəsənətin rolu” adlı beynəlxalq elmi konfransın
materialları və gedişatıyla tanış olarkən
bunun bir daha şahidi olmaq mümkün idi. Bu mötəbər
məclisə dəvət olunan qonaqların beynəlmiləl
tərkibi də bunu söyləməyə əsas verir. “Ədəbi
yaradıcılıq və ekran dramaturgiyası”
kafedrasının müdiri, professor Aqşin Babayev
konfransın başlanğıcında ADMİU-nun rektoru,
professor Timuçin Əfəndiyevin adından gələn
qonaqları salamladı və bu sahədə tədbirin əhəmiyyətli
rol oynadığını bildirdi. “Qloballaşma
dövründə ənənəvi incəsənətin
inkişafı və perspektivləri” mövzusuna həsr
edilmiş ilk iclası giriş sözüylə açan
universitetin elm və yaradıcılıq işləri üzrə
prorektoru, professor Maral Manafovanın
çıxışında qoyulan məsələlər,
qaldırılan problemlər iştirakçılar tərəfindən
maraqla qarşılandı və konfransın elmi, beynəlmiləl
mahiyyət daşıdığını ortaya qoydu. Sonra
çıxış üçün söz alan AMEA-nın
müxbir üzvü, professor Rəna Məmmədova, BMA-nın
prorektoru, professor Gülnaz Abdullayeva dərin elmi məruzələr
söyləyib konfransın əhəmiyyətini qeyd etdilər.
Türkiyədən gəlmiş Osman Özəl öz
çıxışını Azərbaycan sənətsevərlərinə
də yaxşı tanış olan, qardaş ölkənin
opera dünyasına bəxş etdiyi Leyla Gəncərin həyat
və yaradıcılığına həsr etdi. “Mədəniyyətlərarası
münasibətlərin inkişafında Beynəlxalq radionun
rolu” mövzusunda söz deyən gənc tədqiqatçı,
BDU-nun müəllimi Natavan Dəmirçi qızı Azərbaycan
beynəlxalq radiosunun bu sahədə gördüyü önəmli
işlərdən danışdı. ADMİU-nun yetirməsi,
istedadlı saz ustalarından olan Hafiz Kərimov
Borçalı aşıq məktəbinin etnomədəni əlaqələrdə
rolu barədə hərarətlə
çıxışından sonra onun sazda ifa etdiyi “Osmanlı
divanisi” konfrans iştirakçılarının bədii
ovqatına əlahiddə bir özəllik bəxş elədi.
İlk iclasın sonunda çıxış edən
ADMİU-nun prorektoru, professor Rafiq Sadıqov universitetin beynəlxalq
əlaqələrindən, bu təhsil ocağının
dünya miqyasında tanınmış yetirmələrindən,
incəsənətin ən müxtəlif sahələrini əks
etdirən yeni ixtisasların açılması yönündə
hörmətli rektor, Əməkdar incəsənət xadimi,
professor Timuçin Əfəndiyevin yorulmaz fəaliyyəti
barədə gələn qonaqlara məlumat verdi. ADMİU-nun
“Musiqi sənəti” və “Rəssamlıq sənəti”
fakültələrinin təşəbbüs və səyi nəticəsində
baş tutan elmi konfransın əhəmiyyətini burda
iştirak edən hər bir dinləyici əyani görür,
hiss edirdi. İlk iclasın rəsmi hissəsindən sonra isə
universitetin sərgi salonunda tələbə rəssamların əsərlərinin
nümayışı və burada fortepianonun müşayəti
ilə ifa olunan əsərlər tamaşaçılara əsl
sürpriz oldu. Sonra konfrans bölmələr üzrə
öz işini davam etdirdi.
İNTİQAM
525-ci qəzet.- 2012.- 14 mart.- S.7.