“İndi dövlət
qurumlarından informasiya almaq işi nisbətən
asanlaşıb”
NURƏDDİN HEYDƏROV:
“BÜTÜN İMKANLARIMIZI SƏFƏRBƏR EDİB RƏQABƏTƏ
DAVAM GƏTİRMƏYƏ, İNFORMASİYA MƏKANINDA
MÖVQEYİMİZİ QORUMAĞA, GÜCLƏNDİRMƏYƏ
ÇALIŞIRIQ”
“Azadinform”
İnformasiya Agentliyinin baş direktoru Nurəddin Heydərov
1999-cu ildən müxtəlif mətbuat orqanlarında fəaliyyət
göstərərək peşəkar jurnalist kimi
tanınıb. N.Heydərov
2011-ci ilin aprel ayından etibarən “Azadinform”a
rəhbərlik edir.
– Nurəddin
müəllim, ilk öncə Azərbaycanda müstəqil
medianın yaranması, söz azadlığının
formalaşması barədə fikirlərinizi öyrənmək
istərdik...
– Azərbaycan
ikinci dəfə dövlət müstəqilliyini əldə
etdikdən sonra ölkəmizdə azad medianın yaranması
və inkişafı ümummilli lider Heydər Əliyevin xalq
qarşısındakı tarixi xidmətlərindəndir. Həyatını təmənnasız olaraq mənsub
olduğu xalqa xidmətə həsr edən ulu öndər fəaliyyəti
zamanı ölkədə fikir plüralizmi, söz və məlumat
azadlığının bərqərar edilməsinə hər
zaman xüsusi diqqət yetirib. Məhz
ümummilli liderin siyasi iradəsi və böyük səyləri
nəticəsində Azərbaycanda plüralizmi, söz və
məlumat azadlığını məhdudlaşdıran
süni maneələr aradan qaldırılıb. Eyni zamanda kütləvi informasiya vasitələrinin
fəaliyyətini tənzimləyən mükəmməl
qanunvericilik bazası formalaşdırılıb. 1995-ci ildə qəbul olunan Konstitusiyaya uyğun
olaraq, vətəndaşların qanuni yolla informasiya toplamaq,
almaq, hazırlamaq, ötürmək və yaymaq hüququ
dövlət təminatına əsaslanıb. Media nümayəndələri ilə təmasa daim
xüsusi önəm verən Heydər Əliyevin fikir
plüralizmi sahəsində atdığı növbəti
böyük addım 1998-ci ildə imzaladığı “Azərbaycan
Respublikasında söz, fikir və məlumat
azadlığının təmin edilməsi sahəsində tədbirlər
haqqında” fərman olub. Məhz həmin
fərmanla ölkəmizdə senzuranın birdəfəlik ləğvi
reallaşıb, KİV-in sərbəst fəaliyyəti,
inkişafı və azad sözün təmin edilməsi sahəsində
yeni bir mərhələnin başlanğıcı qoyulub.
Ulu öndərin rəhbərliyi altında
atılan digər addımlar Azərbaycanda mütərəqqi
mətbuat ənənələrinin davam etdirilməsi və müasir
beynəlxalq təcrübə ilə zənginləşdirilməsinə
səbəb olub. Medianın maddi-texniki
bazasının yaxşılaşdırılması,
KİV-in imkanlarından hüquqi dövlət quruculuğu, vətəndaş
cəmiyyətinin formalaşdırılması və
inkişafı, demokratik islahatların həyata keçirilməsində
səmərəli istifadənin əsası da yenə ulu
öndər tərəfindən qoyulub. Azərbaycanda
milli mətbuatın yubileylərinin geniş qeyd edilməsi, mətbuat
nümayəndələri ilə görüşlərin
keçirilməsi, onlarla mütəmadi təmasların
yaradılması kimi ənənələrin
formalaşması da ümummilli liderin adı ilə
bağlıdır. Heydər Əliyevin
milli mətbuatımızın 125 illiyinin keçirilməsi
haqqında 2000-ci ilin martında verdiyi fərman bu istiqamətdə
mühüm əhəmiyyət kəsb edib. İqtisadi cəhətdən də medianın
güclənməsi, müstəqilliyinin təmin edilməsi məqsədilə
çoxsaylı tədbirlər həyata keçirilib. Müxtəlif qəzetlərin dövlət nəşriyyatına
olan borcları dondurulub, məhkəmələr tərəfindən
cərimələnmiş qəzetlər təzminat ödəməkdən
azad ediliblər. Bütün bunlar son nəticədə
media və dövlət münasibətlərində mütərəqqi
ənənələrin əsasını qoyan mühüm
amillərə çevrilib. Bu mənada təsadüfi
deyil ki, ulu öndər KİV-in inkişafında və
ölkədə azad sözün təmin olunmasında
tutduğu mövqeyinə və xidmətlərinə görə
2001-ci ildə “Jurnalistlərin dostu” mükafatına layiq
görülüb. Heydər Əliyev siyasi
irsinin ən böyük nümayəndəsi olan,
dövrünün alternativsiz lideri kimi çıxış
edən Prezident İlham Əliyev də fikir plüralizminə,
söz və mətbuat azadlığına, onun davamlı
inkişafına daim xüsusi diqqət göstərir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə
2008-ci il iyulun 31-də “Azərbaycan
Respublikasında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi Konsepsiyası”
hazırlanaraq təsdiq edilib. Bundan 1 il
sonra Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu
yaradılıb. Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən
qəzetlərin, informasiya agentliklərinin və jurnalistlərin
il ərzində bir neçə dəfə
keçirilən yaradıcılıq müsabiqələri və
qrantlı layihələr hesabına
mükafatlandırılması mətbuatın maddi-texniki
bazasının möhkəmləndirilməsinə və qəzet
müxbirlərinin peşəkarlıqlarının yüksəldilməsinə
ciddi təsir göstərib. Dövlət
başçısının mətbuata yüksək diqqətinin
ən bariz təsdiqlərindən biri də “Azərbaycan milli
mətbuatının 135 illik yubileyinin keçirilməsi
haqqında” sərəncam olub. Məhz bu sərəncamdan
irəli gələrək zəngin tarixi ənənələrə
malik Azərbaycan milli mətbuatının 135 illiyi ölkə
miqyasında geniş qeyd edilib. Sözügedən
yubiley həm də Prezident İlham Əliyevin mətbuat
nümayəndələrinin sosial vəziyyətinin
yaxşılaşdırılması üçün yeni
müstəqillik tariximizdə növbəti mütərəqqi
ənənənin əsasını qoyması ilə
yaddaşlara həkk olunub. Media nümayəndələrinin
sosial təminatının gücləndirilməsi, onların
mənzil-məişət şəraitinin
yaxşılaşdırılması məqsədilə
yaşayış evlərinin tikilməsi üçün
Prezidentin Ehtiyat Fondundan Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon
manat maliyyə vəsaiti ayrılıb. Bütün
bu xidmətlərin nəticəsi olaraq, Prezident İlham Əliyev
2010-cu ildə “Jurnalistlərin dostu” mükafatına layiq
görülüb. Jurnalistlərin dostu olan
dövlət başçısı bu gün də
medianın inkişafına, bu sahədə
çalışanların sosial və digər zəminli problemlərinin
tez və səmərəli həllinə xüsusi diqqət
göstərir, buna böyük həssaslıqla
yanaşır. Dövlət
başçısının mediaya diqqət və
qayğısının nəticəsidir ki, indi ölkəmizdə
yüzlərlə mətbuat orqanı, informasiya agentliyi,
teleradio şirkətləri, sürətlə inkişaf edən
internet portalları fəaliyyət göstərir. Bu media vasitələri milli-mənəvi dəyərlərin
qorunması, demokratiyanın inkişafı və geniş
ictimaiyyət arasında yayılmasında mühüm missiya
yerinə yetirir. Həmçinin onlar vətəndaş
cəmiyyəti quruculuğunun fəal iştirakçısı
kimi ölkə ictimaiyyətinin informasiyaya olan
ehtiyacının ödənilməsində əhəmiyyətli
rol oynayırlar. Belə kütləvi
informasiya vasitələrindən biri də “Azadinform”
İnformasiya Agentliyidir.
– Söhbət
agentliyinizdən düşmüşkən, rəhbərlik
etdiyiniz media qurumu nə vaxtdan fəaliyyət göstərir,
necə bir inkişaf yolu keçib?
– “Azadinform” İnformasiya Agentliyi 1999-cu ilin yanvarından
fəaliyyət göstərir. Agentliyin
yaradılmasında məqsəd beynəlxalq aləmdə,
regionda, xüsusən də respublikamızda baş verən
ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələri
operativ, qərəzsiz və obyektiv şəkildə ictimaiyyətə
çatdırmaqdan ibarətdir. “Azadinform”
İnformasiya Agentliyi 1999-2004-cü illərdə Azərbaycan,
rus və ingilis dillərində fəaliyyət göstərib.
Rus bölməsi 4 illik fasilədən sonra –
2009-cu ildə yenidən bərpa olunub. Agentliyin xəbərləri
həm Azərbaycan, həm də rus dilində Azərbaycanda fəaliyyət
göstərən KİV-lərə, hökumət və
qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin
Azərbaycandakı diplomatik nümayəndəliklərinə,
Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə,
beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinə
göndərilir.
– Beş
minə yaxın kütləvi informasiya vasitəsinin
qeydiyyatdan keçdiyi ölkəmizdə Sizin
rəhbərlik etdiyiniz agentlik fəaliyyətini hansı
ideyalara uyğun qurur? Agentliyinizin
qarşısında əsasən hansı məqsədlər
dayanır?
–
Agentliyin yarandığı vaxtlarda Azərbaycanda internet media
o qədər geniş yayılmamışdı. Sözsüz ki, həmin dövrün tələbləri
də başqa olub. Amma bütün zamanlar
üçün agentliyin fəaliyyətində dəyişməz
olan dəqiq, qərəzsiz, tərəfsiz informasiya vermək
olub. Mən agentliyə rəhbərlik edənə
qədər götürülən bu xətt indi də davam
etdirilir. İndi, daha doğrusu, internet
medianın inkişafından sonra operativlik də işimizin əsasını
təşkil edir. Bütün imkanlarımızı
səfərbər edib rəqabətə davam gətirməyə,
informasiya məkanında mövqeyimizi qorumağa, gücləndirməyə
çalışırıq. Əsas amal dəqiq
xəbər çatdırmaqdır. Biz nə
olursa-olsun hamı bizi oxusun prinsipi ilə işləmirik.
Hədəfimiz ciddi informasiya əldə etmək
istəyən, düşünən oxucunun tələbatını
ödəməkdir.
– Rəqabətli
mühitdə “özümüzü təsdiq etdik” deyə
bilirsinizmi?
– Bu suala
bizim cavab verməyimiz düzgün olmazdı. İnternet
media məkanında özünü təsdiqləmək indi
daha çətindir. Burada yeniliklər
çox sürətlə baş verir. Onu
deyə bilərəm ki, agentliyin 12 ildən artıq bir
müddətdə fəaliyyət göstərməsi müəyyən
göstəricidir.
–
Hansı media qurumlarını özünüzə rəqib
sayırsınız?
– Biz
bütün agentlikləri özümüzə rəqib
sayırıq. Burda agentliyin hansı nüfuza
sahib olmasının əhəmiyyəti yoxdur. İndi internet medianın rəqibləri bir qədər
də artıb. Çap mediası da
oxucunun tələbatı ilə ayaqlaşması
üçün internetlə bağlı işini genişləndirib.
Bu baxımdan rəqib qıtlığından
şikayətlənməyə əsasımız yoxdur.
– Azərbaycanın
bölgələrində müxbir məntəqələriniz
varmı?
–
Agentliyin Naxçıvan, Lənkəran, Cəlilabad,
İmişli, Gəncə, Göyçay, Qax, Quba şəhər
və rayonlarında müxbir postları var. Yaxın perspektivdə
bütün ölkənin əhatə olunması
üçün müxbir postlarının sayı 25-ə
çatdırılacaq.
– Dövlət
qurumlarının fəaliyyəti, eləcə də digər
sahələr ilə bağlı informasiyaların
alınıb geniş ictimaiyyətə
çatdırılmasında hər hansı çətinliklərlə
üzləşirsinizmi?
– Əvvəlki illərlə müqayisədə indi
dövlət qurumlarından informasiya almaq işi nisbətən
asanlaşıb. Amma bu dəyişiklik hələ də mətbuatı
qane edən səviyyədə deyil. Bu
problemləri bəzən mətbuat xidmətlərinin fəaliyyəti
ilə əlaqələndirirlər. Amma mən
deyərdim ki, məsuliyyətin böyük hissəsi
müvafiq dövlət qurumlarının rəhbərlərinin
üzərinə düşür. Rəhbər
şəxsin mediaya açıqlığı nə qədərdirsə,
mətbuat xidmətinin də işi o qədər aktivdir.
Bir məsələni də qeyd edim ki, hansı
dövlət qurumunun mətbuat xidmətinə jurnalistikada
çalışmış şəxslər rəhbərlik
edirsə, onlarla işləməyimiz daha asandır. Keçmiş həmkarlarımız media ilə
işlərini daha effektiv qururlar.
– Bir
agentlik rəhbəri olaraq medianın hazırkı durumunu,
onun əlaqələrini necə qiymətləndirirsiniz?
–
Medianın hazırkı durumunda əsas narahatedici məsələ
iqtisadi dayaqlarıdır. Düzdür, media
strukturlarının və jurnalistlərin iqtisadi vəziyyətinin
yaxşılaşması üçün dövlət, şəxsən
prezident tərəfindən çox mühüm addımlar
atılıb. Biz bu istiqamətdə
görülən işləri çox yüksək qiymətləndiririk.
Amma bununla yanaşı, qeyd etməliyik ki, mediamızın
öz ayaqları üstdə dayanmasına nail ola
bilməmişik. Bizim əsas işimiz media orqanlarının
biznes strukturuna çevrilməsinə nail
olmağımızdır. Dövlətin
ayırdığı yardımların yekunu məhz
medianın iqtisadi cəhətdən özünü tənzimləyə
bilməsi olmalıdır. Son illərdə
görülən işlər buna ümidlə
yanaşmağa əsas verir. Reklam
bazarının çap mediasına yol tapacağı halda bu
istiqamətdə əsaslı irəliləyiş əldə
olunacaq.
– Əsas tərəfdaşlarınız hansı təşkilatlardır?
– Bizim əsas
tərəfdaşlarımız dövlət strukturları,
yerli və ölkəmizdə fəaliyyət göstərən
xarici biznes qurumlarıdır. Ölkəmizdəki
diplomatik nümayəndəliklərlə də əməkdaşlığımız
qənaətbəxş səviyyədədir. Sözsüz ki, çap mediası ilə də əlaqələrimiz
var.
– İnternet media olaraq kadr ehtiyacınızı necə
təmin edirsiniz?
– Peşəkar
kadr problemi indi bütövlükdə medianın yaralı
yeridir. Əslində, kadr çoxdur, amma
onların içərisində istədiklərini ala biləcəyin
kadr yoxdur. Etiraf edim ki, müraciət edənlərin
əksəriyyəti adi peşə xüsusiyyətlərindən
xəbərsizdirlər. Ali məktəbi
bitirənlərin içərisindən isə seçim etmək
çətindir. Çünki onlara daha
çox nəzəri biliklər öyrədilir və
praktikadan xəbərsiz olurlar. Belə olan
halda, məcbursan ki, işi bir kənara qoyub tədrislə məşğul
olasan, bu da məlum çətinliklər yaradır. Mən bu problemin də medianın iqtisadi durumu ilə
bağlı olduğunu deyərdim. Jurnalistlərin
əmək haqqının azlığı peşəkarların
çoxunun mətbuatdan uzaqlaşması ilə nəticələndi.
Bundan sonra çıxış yolumuz kadr
ehtiyacımızı məzunların işə cəlb edilməsi
ilə aradan qaldırmaq oldu. Belə deyək
ki, biz də əksər media strukturları kimi
özümüz kadr hazırlığı ilə məşğul
oluruq. Bu da təbii ki, kifayət qədər
zaman aparır. Amma ən acınacaqlısı odur ki, bu
kadrlar lazım olan səviyyəyə çatdıqdan sonra
daha gəlirli yerlərdə iş taparaq medianı tərk
edirlər. Belə deyək ki, nəticədə
biz də yenidən əvvələ qayıdırıq.
Mediada qalıb işləyənlər isə
jurnalistikanı özünə həyat tərzi seçənlər
olur.
– Əksər agentliklər zamanla ayaqlaşmaq
üçün özlərinin internet televiziyalarını
da yaradıblar. Sizin agentliyin necə, internet televiziyası varmı və
bu TV-nin durumu hansı səviyyədədir? Ümumiyyətlə,
bu istiqamətdə başqa hansı işlər görmək
fikrindəsiniz?
– Bizim
agentliyin internet televiziyası yoxdur. Bir müddət
əvvəldən biz də internet TV-nin yaradılması
üçün müəyyən hazırlıqlara
başlamışıq. Bu işlər bir
qədər maliyyə tutumlu işlərdir. İstəyirik ki, tam hazır olduqdan sonra internet
televiziyanı istifadəyə verək.
– Oxucular
gələcəkdə sizin agentliyin hansı yenilikləri ilə
tanış ola biləcəklər?
–
Hazırda bütün diqqətimizi saytımızın yenilənməsinə
yönəltmişik. Saytın dizaynından
tutmuş, əhatəliliyinə qədər yeniliklər etmək
fikrindəyik. Artıq kollektivimizdə say etibarilə
genişlənmə var. Yeni kadrlar, əməkdaşlar cəlb
etmişik. Qarşıda duran
planlarımızdan biri də ayrı-ayrı şöbələrin
işini gücləndirmək, bu sahəyə peşəkarların
cəlb olunmasını təmin etməkdir. Agentliyimizin əsas yeniliyi digər əcnəbi dillərdə
də informasiyaların yayılması olacaq. İndi planlarımız bu istiqamətdədir.
Çalışacağıq ki, fəaliyyətimiz
yalnız informasiya agentliyi çərçivəsində məhdudlaşmasın.
İnformasiyaların bolluğuna, maraqlı məqalələrin
yer almasına üstünlük verəcəyik. Bundan başqa, yeni layihələrə yer ayırmaq
niyyətindəyik.
Rufik İSMAYILOV
525-ci qəzet.-
2012.- 14 mart.- S.6.