Mətbuatda təhsil
və məktəb mövzusu: “Azərbaycan
müəllimi”nin fəaliyyət yoluna bir nəzər
Milli
təhsil, yeni tipli məktəb və demokratik mətbuat ənənələrinin
bünövrəsi XIX əsrdə qoyulsa da, Azərbaycan təhsili,
elmi və mədəniyyəti, həmçinin mətbuatı
əsasən XX əsrdə hərtərəfli inkişaf yolu
keçib və hazırda bu yol davam etməkdədir. Məhz
bu dövrdə ölkədə savadsızlıq ləğv
edilib, tam orta icbari təhsil tətbiq olunub, təhsil müəssisələrinin,
o cümlədən ali məktəblərin inkişaf
etmiş şəbəkəsi yaradılıb, Milli Elmlər
Akademiyasının əsası qoyulub, minlərlə qəzet-jurnal
çap olunmağa başlayıb: “Bu baxımdan ötən
yüzilliyin 30-cu illəri daha dinamik inkişaf dövrü
kimi səciyyələndirilə bilər. Artıq 30-cu illərin
sonunda Azərbaycanda xalqın savadlılıq səviyyəsi
xeyli yüksəlmiş, ali və orta ixtisas məktəblərinin,
elmi-tədqiqat, mədəni-maarif müəssisələrinin
şəbəkəsi xeyli genişlənib. 1937-ci ildə Azərbaycan
Konstitusiyası qəbul edildi və mədəni inqilab adı
ilə geniş maarifləndirmə proqramları həyata
keçirilməyə başlanıb. Təsadüfi deyil ki,
ikinci dünya müharibəsi ərəfəsində
respublikamızda dörd mindən çox ibtidai, 16 ali məktəb
fəaliyyət göstərirdi. Hələ 30-cu illərin
ortalarında əhalinin sayının artması, xalq maarifinin
inkişafı, yeni elmi-pedaqoji kadrların, ziyalıların yetişməsi
və informasiya məkanının genişlənməsi
pedaqoji mətbuatın yaranması ehtiyacını
doğururdu. Beləliklə, 1934-cü il sentyabrın 2-də
“Kommunist maarifi” qəzeti nəşrə başladı. Qəzet
“mədəni inqilab”ın əsas təbliğat vasitələrindən
olmaqla ölkədə milli elmi–pedaqoji kadrların
formalaşmasına yaxından kömək edir, xalq maarifinin, təhsilin
inkişafında müstəsna rol oynayırdı. Bu mətbu
orqan kommunist ideyalarının, bolşevik maarifinin ruporu kimi nəzərdə
tutulub yaradılsa da, ilk gündən mövcud çərçivəyə
sığmır və daha çox ümumxalq qəzeti kimi
diqqəti cəlb edirdi. Sırf pedaqoji məsələlərə
daha geniş yer ayırdığı üçün 1938-ci
ildə qəzetin adı dəyişdirilərək “Müəllim
qəzeti” adlandırıldı. Qəzet 1941-ci ilin iyununadək
bu adla nəşr olundu. 1941-ci ilin iyunundan 1946-cı ilin aprelinədək
qəzetin nəşri dayandırıldı, qəzetin əməkdaşları
döyüşən ordu sıralarına yollandılar”. Təhsil
naziri deyir ki, qəzetin təşəkkül tarixindən
1946-cı ilə qədərki dövrü
onun taleyinin ən
ağrılı, ən çətin mərhələsini təşkil
edir. Qəzetin ilk müəlliflərindən
bir çoxu
amansız Stalin repressiyalarının
qurbanı olub. Bəziləri
NKVD zindanlarına atılaraq onlara “xalq düşməni” damğası vurulub, əməkdaşların bir qismi isə Böyük Vətən müharibəsində
həlak olub. 1946-cı ilin
aprelindən “Azərbaycan müəllimi” adı ilə yenidən
nəşrə başlayan qəzet
sonrakı illərdə də öz üslubuna, dəst-xəttinə,
başlıcası isə məramına və amalına sadiq qalıb. Onu çoxminli oxucu
auditoriyasına sevdirən də məhz bu
keyfiyyətlərdir: “Şübhəsiz ki,
ziyalı kimi tanınmaq və bu adı qoruyub saxlamaq o qədər də
asan deyil. Sıravi müəllimindən tutmuş
adlı-sanlı elm adamlarına, dövlət
xadimlərinədək hamının yekdil
fikrinə görə “Azərbaycan müəllimi” təhsilimizin,
elmimizin, mədəniyyətimizin
inkişafında əvəzsiz rol
oynayır və bu ənənəni
ölkə təhsilində gedən hərtərəfli islahatlar və qlobal yeniləşmə
dövründə də uğurla davam etdirir. Ümummilli lider Heydər Əliyevin
qəzetin 60 illik yubileyi
münasibətilə redaksiya kollektivinə
göndərdiyi təbrik məktubunda “Azərbaycan müəllimi”nin
fəaliyyətinə layiqli qiymət verilib, qəzetin ictimai-siyasi
həyatımızdakı rolu yüksək
dəyərləndirilib. Məktubda qeyd
edilən müddəalar hələ neçə-neçə
illər bundan sonra da qəzetin əsas fəaliyyət istiqamətlərini
müəyyənləşdirəcək, kollektivə yeni ruh verəcək. Həmin
tarixi məktubda deyildiyi
kimi:
“Azərbaycan müəllimi
yalnız sahə qəzeti olmaqla kifayətlənməmiş,
respublikanın həyatında baş verən ictimai-siyasi hadisələrə
də nüfuz etmişdir. Qəzet respublikada jurnalistika sənətinin
inkişafı işində əhəmiyyətli rol
oynamışdır. Bu gün də öz ənənələrinə
sadiq qalaraq pedaqoji maarif istiqamətində fəaliyyətini
davam etdirir”. Artıq oxuculara doğmalaşan, öz sanbalı
və nüfuzu ilə fərqlənən “Azərbaycan müəllimi”
müstəqil dövlətimizin milli təhsil quruculuğuna,
milli-mənəvi dəyərlərə söykənən
yeni təhsil sisteminin formalaşması işinə xidmət
edir. Sözsüz ki, yeniləşən cəmiyyətə
yeni təfəkkürlü insanlar, rasional düşüncə
tərzinə malik, demokratik ruhlu mütəxəssislər,
müasir dünyagörüşə sahib olan gənclik
olduqca gərəklidir. Bu isə öz növbəsində təhsilin,
ilk növbədə orta məktəb təhsilinin həm
forma, həm də məzmunca yeniləşməsini tələb
edir”. Məhz Heydər Əliyevin təşəbbüsü və
müəllifliyi ilə ərsəyə gələn və
1999-cu ildən həyata keçirilən “Təhsil sahəsində
islahat Proqramı” inkişaf etmiş demokratik cəmiyyət
quruculuğunda önəmli və müstəsna əhəmiyyət
kəsb edir. Təhsil islahatlarının həyata
keçirilməsinə başlandığı ilk gündən
bu işə layiqli töhfələr verən “Azərbaycan
müəllimi” faydalı təşəbbüsləri,
qabaqcıl təcrübəni yaymaq, yenilikçi müəllimlərin
iş metodlarını ümumiləşdirib pedaqoji ictimaiyyətə
çatdırmaq, ortaya çıxan problemlərin aradan
qaldırılmasına yardımçı olmaq
baxımından az iş görməyib. Ölkənin
adlı–sanlı alimləri, təhsil işçiləri,
pedaqoqlar, müəllimlər, ziyalılar müntəzəm
olaraq qəzetdə çıxış edərək
islahatın gedişinə dair öz mülahizələrini
söyləyir, müasir təhsil quruculuğunun müxtəlif
aspektlərini şərh edirlər. “Azərbaycan müəllimi”
Heydər Əliyevin zəngin və mənalı həyat yolu,
çoxşaxəli fəaliyyəti nümunəsində gənclərin
tərbiyə edilməsi, onun siyasi irsinin öyrənilməsi
zəminində gənc nəslin fəal həyata
hazırlanması sahəsində əhəmiyyətli
addımlar atmağa nail olub. Son illər ərzində Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilində
baş vermiş köklü dəyişikliklər, yüzlərlə
yeni məktəbin və əlavə korpusun inşa
olunması, tədris ocaqlarının təchizatı məsələlərinin
keyfiyyətcə yeni mərhələyə qədəm
qoyması, təhsil müəssisələrinin
qazandığı uğurlar qəzetin aparıcı
mövzularındandır. Eləcə də, Heydər Əliyev
Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı
səfiri Mehriban Əliyevanın təhsilə göstərdiyi
misilsiz qayğı, Fondun dəstəyi ilə
reallaşdırılan müvafiq layihələrin cəmiyyətdə,
xüsusilə, müəllim və şagirdlər arasında
doğurduğu xoş təəssürat “Azərbaycan müəllimi”nin
səhifələrində əksini tapır, belə xeyirxah
addımlar yaxşı bir örnək kimi təqdim olunur: “Azərbaycan
müəllimi” qəzeti ümummilli liderin dediyi kimi,
ictimai-siyasi həyatımızın bütün sahələrinə
nüfuz edib. 1981-ci ildə Azərbaycan Yazıçılar
İttifaqının VII qurultayında çıxış edən
Heydər Əliyev o vaxta qədər çoxlarının
düşünməyə, dilinə gətirməyə
qorxduğu, əslində isə hər bir azərbaycanlının
ürəyindən xəbər verən bir mövzuya toxunaraq
deyib: “Qanlı çar və qanlı şah rejimi
xalqımızı iki yerə parçalamışdır.
Lakin torpaq birdir, ədəbiyyat birdir....” Bundan sonra bir əsrə
yaxın qələmə alınmayan “Cənub mövzusu”, “Təbriz
mövzusu” yenidən aktuallaşıb. Həmin illərdə
bu çağırışa ən birinci səs verən “Azərbaycan
müəllimi” qəzeti olub. “Cənubdan gələn səslər”
rubrikası ilə cənublu qardaşlarımızın əsərlərindən
seçmələr dərc edilir, qəzetin səhifələri
əldən-ələ gəzirdi. Məhz bundan sonra biz Cənubi
Azərbaycanın adını ucadan çəkə bildik,
güneydə yaşayan milyonlarla həmvətənimizin dərdləri,
qayğıları ilə yaxından tanış olmaq
imkanı qazanıb”. Nazir deyir ki, “Azərbaycan müəllimi”
həmişə əsl ziyalıların, elm və maarif xadimlərinin
tribunası olub. Qəzetdə akademik Mehdi Mehdizadə, görkəmli
alimlər Əhməd Seyidzadə, Mərdan Muradxanov,
Şövqi Ağayev, Nurəddin Kazımov, Zahid Qaralov, Bəşir
Əhmədov, Misir Mərdanov, Əliheydər Həşimov,
Yəhya Kərimov, Əziz Əfəndizadə, Hüseyn Əhmədov,
Əkbər Bayramov, Əbdül Əlizadə, Əjdər
Ağayev, xalq müəllimləri Zahid Şöyübov,
İsrafil Şükürov, əmək qəhrəmanları
Məsmə Atakişiyeva, Zərbəli Səmədov, Məhər
Quliyev, İsa Məmmədov və başqaları
çıxış ediblər. Bu insanların müxtəlif
məsələlər haqqında fikir və mülahizələrinin
geniş ictimaiyyətə çatdırılmasında “Azərbaycan
müəllimi” əhəmiyyətli rol oynayıb. Müxtəlif
illərdə qəzetə rəhbərlik etmiş Rüstəm
Hüseynovun, Ağəli Bədəlovun, Mirabbas Aslanovun,
Şahin Səfərovun, Məhəmməd Baharlının və
hazırkı baş redaktor Bayram Hüseynzadənin xidmətləri
və zəhməti “Azərbaycan müəllimi”nin
keçdiyi zəngin inkişaf yolunda, qazandığı
uğurlarda öz təcəssümünü tapır. Bu
gün inamla demək olar ki, qəzet müasir jurnalistikanın
bütün zəruri tələblərinə cavab verir,
öz fəaliyyətində obyektivlik, dəqiqlik, operativlik
prinsiplərinə əsaslanır.“Azərbaycan müəllimi”
məzmun zənginliyi, mövzu rəngarəngliyi sarıdan
ciddi irəliləyişə nail olub, dizayn və materialların
yerləşdirilməsi baxımından düzgün istiqamət
tutmağı bacarıb. Qəzetin internet saytı oxucu
auditoriyasının daha da genişlənməsinə, pedaqoji
maarifçilik işinin səmərəliliyinin
artırılmasına müsbət təsir göstərir. Qəzetə
olan yüksək ictimai marağın nəticəsidir ki, son
illərdə “Azərbaycan müəllimi”nin tirajı nəzərəçarpacaq
dərəcədə artıb. Ötən il “Azərbaycan
müəllimi” qəzetinin yeni elektron versiyası – virtual qəzet
oxucuların istifadəsinə verilib. Artıq istifadəçilər
www.muallim.edu.az saytına daxil olaraq qəzetə tam
görünüşdə baxa, səhifələyə və
istədiyi səhifəni böyüdərək oxuya bilirlər.
Təhsil Nazirliyinin
proqramçıları tərəfindən
hazırlanmış yeni elektron versiya qəzetdəki
informasiyalarla tam tanış olmağa, bütün məlumatları
izləməyə, ayrı-ayrı məqalə və sənədləri
olduğu kimi görməyə imkan verir. Qəzetin saytında
materiallar bölmələr üzrə yerləşdirildiyindən
məqalələri oxumaq üçün onları tək-tək
axtarmaq zərurəti yaranırdısa, yeni virtual qəzetdə
bütün səhifələr göz önündədir.
Yeni virtual qəzet “Elektron Azərbaycan” Dövlət
Proqramı və “Dövlət orqanlarının elektron xidmətlər
göstərməsinin təşkili sahəsində bəzi tədbirlər
haqqında” prezidentin müvafiq fərmanına uyğun olaraq,
Təhsil Nazirliyində həyata keçirilən tədbirlərin
tərkib hissəsi kimi yaradılıb. Belə bir mütərəqqi
yeniliyə imza atan “Azərbaycan müəllimi” qəzetinin bu
addımı yalnız geniş oxucu auditoriyasının,
çoxminli təhsil işçilərinin, şagird və tələbələrin
daha rahat informasiya almaq imkanlarının artırılması,
təhsil sahəsində həyata keçirilən islahatların,
qazanılmış uğurların ictimaiyyətə
çatdırılması yollarının genişləndirilməsi
məqsədlərinə xidmət edir. Qazanılan
uğurlardan arxayınlaşmayan “Azərbaycan müəllimi”
qəzetinin kollektivi öz fəaliyyətini daha da genişləndirməkdə
və inkişaf etdirməkdədir. Kollektivin hər bir
üzvü tam məsuliyyətlə anlayır ki, müstəqil
dövlətimizin təhsil siyasətinin təbliğatçısı
funksiyasını layiqincə yerinə yetirmək olduqca şərəfli
və çətin işdir. Heç bir şübhə
yoxdur ki, “Azərbaycan müəllimi” qəzeti öhdəsinə
düşən belə ümdə vəzifəni layiqincə
yerinə yetirməklə yanaşı, dövlətçiliyimizin
daha da möhkəmləndirilməsi işində də öz
səylərini əsirgəməyəcək.
S.QARAYEVA
525-ci qəzet.- 2012.- 14 mart.- S.6.