“Anar
Azərbaycan xalqının həyatında mühüm
rol oynayanvə ədəbiyyatımızın
inkişafında müstəsna xidmətləri olan bir ziyalıdı...”
Gənc yazar Pərvinin Azərbaycan
Yazıçılar Birliyinin gənclər üzrə katibi,
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcidlə Xalq
yazıçısı Anar haqqında söhbəti
Pərvin: Rəşad müəllim, bu yaxınlarda xalq yazıçısı Anar Şimali Kipr Respublikasının paytaxtı Lefkoşada keçirilən Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin (TDƏDK) dördüncü konfransında qəbul olunmuş qərarla “Türk dünyasında ilin ədəbiyyat adamı” elan edildi. Bilirik ki, adıçəkilən ödül ötən il təsis edilib. Yəqin ki, bir il sonra məhz Anar müəllimin bu mükafatı alması təsadüf deyil...
Rəşad Məcid: Əlbəttə, bu mükafatın məhz Anar müəllimə verilməsinin çox dərin anlamı var. Onun türk dünyası, dili, ədəbiyyatı ilə bağlı gördüyü işlərdən hamımız xəbərdarıq. Elə təkcə Sovet dövründə nəşr etdiyi “Qobustan” jurnalında çap olunan türk dili, dünyası ilə bağlı ədəbi-publisistik yazıları, milli-mədəni xəzinələr olan eposlarımız, “Kitabi – Dədə Qorqud” dastanı haqqında araşdırma esseləri, bundan başqa vaxtilə Türkiyədə Azərbaycan poeziyası haqqında “Min ilin yüz şairi” antalogiyası və Azərbaycanda iki cilddə “1500 ilin oğuz şeiri” kitabları çox dəyərli məxəzlərdi və bunlar həqiqətən də türk dünyasına xidmətin göstəriciləridir.
Buna görə də biz, Azərbaycan ədəbi ictimaiyyəti Anar müəllimin bu ödülü almasına çox sevindik. Amma bu onun ilk mükafatı deyildi. O müxtəlif vaxtlarda müxtəlif ölkələrdə ödüllər alıb. Bir müddət əvvəl Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə ölkəmizin ən ali mükafatı olan Heydər Əliyev mükafatına layiq görüldü. Eyni zamanda da digər türkdilli və başqa ölkələrdə Anar müəllimin kitabları çap olunub və o kitablarına görə mükafatlar alıb.
Pərvin: Siz “Əlvida və salam” kitabınıza daxil etdiyiniz “Səfərin təzəsi dostun köhnəsi” məqalənizdə Anar müəllimin sizi və Azərbaycan nümayəndə heyətini İstanbulla tanış etməsi barədə yazmısınız. Bilirik ki, onunla səfərləriniz çox olub. Deyirlər insanın xarakterinin maraqlı tərəfləri məhz səfərdə üzə çıxır. Siz onu səfərlərdə necə müşahidə etmisiniz?
Rəşad Məcid: Son illərdə Anar müəllimlə birgə bir çox tədbirlərdə iştirak etmişik. 2007-ci ildə Elaziqdə Almas İldırımın 100 illiyi keçirilərkən böyük bir heyətlə ora getmişdik. Onda İstanbulda bir neçə saat vaxtımız var idi. Anar müəllimin tanıtımı ilə İstanbulu gəzmək və görmək imkanımız oldu. Nümayəndə heyətində akademik Bəkir Nəbiyev, xalq şairi Fikrət Qoca, şair Vaqif Bəhmənli və gənc nəslin nümayəndələri İlqar Fəhmi və Ədalət Əsgəroğlu da var idi. Anar müəllim bizi İstanbulun qədim Cümhuriyyət caddəsində gəzdirdi, sonra gəmi ilə Asiya tərəfə keçdik və onun təqdimatında İstanbul və ümumiyyətlə Türkiyə bizə hər hansı bir qonağa nəsib olmayacaq dərəcədə qeyri-adi göründü. Mənim yadımdadı ki, gəzinti zamanı bir neçə nəfər Anar müəllimə yaxınlaşıb sevgilərini bildirirdilər. Bu da bizim üçün çox qürurlu idi ki, Azərbaycan yazıçısını Türkiyədə, Türk vətəndaşları da tanıyırlar, sevirlər.
Pərvin: Həmin məqalənizdə İstanbulu Anar müəllimin və Orxan Pamukun İstanbulu “növlərinə” ayırmağınız da maraqlı idi. Təbii ki, Anar müəllimin təkcə bu şəhərdə bir müddət yaşaması, işləməsi deyil, həm də çox məqamlara fərqli baxışı imkan verib ki, İstanbulu özününkü kimi təqdim edə bilsin.
Rəşad Məcid: Təbii... Biz Anar müəllimin sevdiyi, dərk etdiyi, tanıdığı İstanbulu görürdük. Bu çoxlarının arzu edəcəyi, tanımaq istəyəcəyi İstanbul idi. Amma bu xoşbəxtlik nümayəndə heyətinin bəxti gətirən üzvlərinə nəsib olmuşdu.
Pərvin: Anar müəllimlə səfərlərdən danışdıq və mən onun çıxışlarının, ictimai-siyasi mövzuda yazılarının toplandığı “Əsrin Əsiri” kitabını xatırladım. Elə təkcə bu kitabı vərəqləmək kifayətdir ki, Anar müəllimin necə həssas natiq olmasını anlayasan. Amma yəqin ki, səfərlərdə bu çıxışların canlı şahidi olmaq və auditoriyaya təsirini duymaq daha maraqlıdır...
Rəşad Məcid: Doğrudur. Bayaq haqqında danışdığım Almas İldırımın yubileyində, sonralar Dialoq Avrasiya platformasının tədbirlərində Anar müəllimin bir neçə dəfə çıxışlarının şahidi olmuşam. Bu platforma vaxtilə məhz Anar müəllimin təklifi ilə yaradılıb. İlk sədrlərindən biri də Anar müəllim olub. Onun müxtəlif ölkə ziyalılarının qatıldığı tədbirlərdə çıxışları həm türk dünyasının, həm ümumiyyətlə müasir dünyanın aktual problemlərini görmək və hiss etmək baxımından çox əhəmiyyətli olub. Mən bu çıxışların iştirakçılara necə böyük təsir göstərdiyinin şahidi olmuşam. Türksoyun, digər beynəlxalq təşkilatların təşəbbüsü ilə türk dünyasının böyük yazarlarına həsr olunmuş tədbirlərdə Anar müəllim həmin yazıçılar barədə dəyərli çıxışlar edib, türk dünyasının dahi klassiklərinə dərin məhəbbətini açıqlayan məruzələr edib.
Xatırlayıram ki, Türkiyədə İstanbul universitetində keçirilən Rəsul Rzanın yüz illiyi ilə bağlı tədbirdə Anar müəllim öz ailəsində Türk şeirinə, ədəbiyyatına maraqdan danışmışdı. O, çıxışında Nazim Hikmət, Orxan Vəli, Oqtay Rifət, Məlik Cevdət Anday və başqa türk şairindən misallar gətirmiş, hələ sovet dövründə onlardan əzbərlədiyi misralardan demişdi və salondakı türk ədəbiyyat nümayəndələrini xeyli duyğulandırmışdı.
Bu günlərdə İstanbulda keçirilən 30-cu kitab sərgisində təsadüfən Fatih Universitetinin tələbələrilə tanış oldum. Azərbaycandan olduğumu bilən tələbələr Anar müəllimin onların universitetinə qonaq gələndə maraqlı çıxışlar etdiyini, suallara ətraflı cavab verdiyini ağızdolusu danışırdılar, hiss olunurdu ki unudulmaz təəssüratları var!
Pərvin: Anar müəllimin Türkiyə ədəbiyyatına münasibətindən danışanda “Kərəm kimi” romanını xatırlamamaq olmaz. Məncə, bu Nazim Hikmət haqqında yazılmış ən dəyərli əsərdir. Xatırlayıram ki, bu romanı türkcəyə tərcümə edən İmdat Avşarla söhbət edəndə o demişdi ki, Anar bu kitabıyla Türkiyədəki Nazim Hikmət anlayışını alt-üst etdi...
Rəşad Məcid: Əlbəttə bu fikirlə razıyam. Mən də bu kitabı çox böyük maraqla oxudum və Nazim Hikməti daha da çox sevdim. Bir müddət öncə Anar müəllimin imzası ilə İstanbulda Nazim Hikmət vəqfinə bu kitabı təqdim etdim. Vəqfin də nümayəndələri çox sevindilər. Çünki bu kitab onlarda yox idi. Mən müxtəlif sərgilərdə, kitab yarmarkalarında bu kitabı görmüşəm və bilirəm ki, haqqında Türkiyə mətbuatında çoxlu yazılar çap olunub. Anar müəllimin Nazim Hikmətə sevgisi, Nazimin şəxsi görüşləri yaradıcılığı barədə məlumatlı olması və sevgisi imkan verib ki, bu kitab qeyri-adi bir əsərə çevrilsin. Yadımdadı ki, bir neçə il öncə Türkiyə Bakanlar qurumu Nazim Hikmətin Türkiyə vətəndaşlığına bərpası haqqında qərar qəbul edəndə Anar müəllim Türkiyə Cümhurbaşkanına məktub yazıb təşəkkürünü bildirdi.
Pərvin: Yadınızdadırsa, həmin vaxt Anar müəllim “Zəfərin mübarək, Nazim” məqaləsini yazmışdı və Nazim Hikmətə Türkiyə vətəndaşlığının qaytarılması xəbərini “bəd xəbərlər uçqunu” zamanı ən xoş xəbər kimi qiymətləndirmişdi. Elə həmin məqalədə müəllif hələ tələbəlik illərindən Nazim Hikmətə sevgisini özünəməxsus şəkildə ifadə edir. Həm də onun Rəsul Rza ilə dostluq münasibətlərindən bəhs edir və bu xəbərə hamıdan çox atasının ruhunun sevindiyini deyir.
Rəşad Məcid: Əlbəttə ki, Nazim Hikmət sevgisi Anar müəllimin dahi bir şairə, ədəbiyyat adamına məhəbbəti deyil. Dediyiniz kimi, Rəsul Rza Nazim Hikmət münasibətlərindən gələn doğmalıq, uşaqlıq illərindən ailədə Nazimə göstərilən sevgi də burada rol oynayıb. Mən Anar müəllimin Türkiyədə olan bütün ədəbi məclislərdə Nazim Hikməti müdafiə etməyinin şahidi olmuşam, həm də bu müdafiə çox inandırıcı, tutarlı faktlara söykənib və Nazimə ən müxalif olan əleyhdarlarına da təsir göstərib.
Pərvin: Rəşad müəllim, bəzən deyirlər ki, yaradıcı adamlar gündəlik həyatda, işdə həddindən ziyadə mürəkkəb olurlar. Siz 2004-cü ildən AYB-də gənclər üzrə katib işləyirsiz. Biz gənclər Anar müəllimin bir sədr kimi münasibətini, qayğısını hər zaman hiss edirik. Amma siz onunla 7 ildir ki, çalışan adam kimi daha dəqiq müşahidələr etmisiniz yəqin ki...
Rəşad Məcid: Mən məhz Anar müəllimin təklifi ilə AYB-nin gənclər üzrə katibi seçilmişəm. İşlədiyim müddətdə də yaddaşımda olan, əfsanə kimi görünən hadisələrin Anar müəllim və digər qocaman yazıçıların söhbətlərində dinləyib heyrətlənmişəm. Mən Anar müəllimin bir rəhbər kimi də insanlara necə diqqətlə, həssaslıqla yanaşmasını müşahidə eləmişəm. O hamının qayğısını çəkən çox mülayim və ədalətli bir rəhbərdir. Amma ədəbiyyat məsələlərində, prinsipiallığını, barışmazlığını görmüşəm. O bəyənmədiyi hansısa bir əsəri heç vaxt nəyinsə xatirinə tərifləməz, qeyri-obyektiv olmaz və bundan prinsipiallıqla boyun qaçırar. Eyni zamanda bəyəndiyi hansısa bir əsər lap onun şəxsən xoşlamadığı adam tərəfindən yazılmış olsa da belə öz obyektiv fikrini bildirər. Mən gənclərlə bağlı hər hansı məsələlərlə ona müraciət edəndə həmişə həssaslıqla yanaşdığını görmüşəm. Bir çox gənc yazıçıların tanınmasında, uğur qazanmasında məhz Anar müəllimin yaratdığı şəraitin rolu olub. O özündən 50 yaş kiçik bir çox gənc yazıçıların kitablarının təqdimatında rahat iştirak edib, fikir bildirib, söz deyib. Bu da nəsillərin bir-biri ilə əlaqəsi baxımından çox faydalıdır.
Pərvin: Anar müəllimin Böyük xarakterini onu tənqid edənlərə münasibətində də müşahidə edirik...
Rəşad Məcid: Bəli. Anar müəllimi yaxından tanımayan, ona qısqanclıqla yanaşan əleyhdarları az da olsa, var. Onların Anar müəllimlə bağlı iradları, gətirdikləri arqumentlər həmişə mənə gülünc görünüb. Hiss etmişəm ki, bu adamların, xüsusən gənclərin bəzilərinin belə münasibətində bilgisizliyin, yaxud kənar təsirlərin rolu var. Hətta yaşını da, AYB-də uzun illər işləməsini də irad tutanlar tapılıb. Amma mən dəfələrlə müxtəlif məsələlərə münasibətdə Anar müəllimin hətta özündən 30-50 yaş kiçiklərlə müqayisədə necə ayıq, dəqiq mövqe sərgilədiyini görmüşəm!
74 yaşlı bir insanın beyninin belə iti işləməsinə, yaddaşının bu qədər möhkəm olmasına heyrətlənmişəm! O ən iti yumora da o dəqiqə həssaslıqla reaksiya verən, ən fərqli hissləri, duyğuları yaşaya və hiss edə bilən gənc bir insan kimidir! Və mən həmişə bu məqamları kənardan müşahidə edib zövq alıram.
Pərvin: Anar müəllim özü 60-cılar adlanan ədəbi nəslin nümayəndəsi hesab olunur. Bu nəsil ədəbiyyatımızda insana yeni baxışı formalaşdırmış nəsildir. Anar müəllimin nəsrinin də ən unikal və həm də o dövr üçün yeni hesab olunan cəhətlərindən biri qəhrəmanlarını öz ömrü, öz mühiti barədə düşündürməsidir. Bəlkə elə buna görədir ki, hər kəs Anar müəllimin nəsrini oxuyub özünü, öz problemini, düşüncəsini, arzusunu görə bilər.
Rəşad Məcid: Əlbəttə, elə buna görə də vaxtilə “Ağ liman”, “Macal”, “Gürcü familiyası”, “Beşmərtəbəli evin altıncı mərtəbəsi” kimi əsərlər çox böyük tirajlarla çap olunub. Azərbaycanın elə bir ailəsi yoxdu ki, orda Anar müəllimin kitabları olmasın, ya onu tanımasınlar. Bu dərəcədə geniş xalq rəğbətini qazanmaq asan bir iş deyil, yazıçıya ziyalı inamın göstəricisidir. Anar böyük bir super dövlətin yetirməsi olan nəhəng, hərtərəfli fəaliyyəti olan sənətkardır.
Bu günlərdə onun nəfis sanballı rusca “LIK Azerbaydjana” (Azərbaycanın siması) kitabı çapdan çıxıb. Kitabda Anar müəllimin Azərbaycan ədəbiyyatında, musiqisində, incəsənətində xidmətləri olan insanlar barədə yazıları yer alıb. Onun hər hansı bir sözü, fikri, məqaləsi həm də bəhs etdiyi adama nüfuz gətirir.
Pərvin: Ümumiyyətlə, Anar müəllimin yaradıcılığında diqqəti cəlb edən əsas cəhətlərdən biri şaxəlilikdir. İndi onun romanları, hekayələri, publisistik yazılarından danışdınız. Anar müəllim həm də telepyesləri, filmlərə yazdığı ssenariləri ilə gəncliyin yetişməsində böyük rol oynayır. Hərdən belə təsəvvür yaranır ki, Anar müəllim bütün nəsillərin yetişməsində eyni aktuallıqla iştirak edib və gələcəkdə də belə olacaq...
Rəşad Məcid: Doğrudur. Bir neçə nəsil Azərbaycan insanının yetişməsində onun əsərlərinin, kitablarının, filmlərinin rolu olmuşdur. Bizim nəsil, bizim valideynlərimiz və bizim övladlarımızın da yetişməsində Anar yaradıcılığının böyük əhəmiyyəti var. Onun filmləri – Mirzə Cəlil, Üzeyir Hacıbəyov, Hüseyn Cavid haqqında yazdığı ssenariləri bizim bu dahi sənətkarların tanıdılmasında təkrarsız rol oynayıb. İndi Anar müəllim M.F.Axundzadənin 200 illiyi ilə bağlı yeni ssenari üzərində işləyir. Bu da Axundzadəni gələcək nəsillərə tanıtmaq üçün çox əhəmiyyətli bir iş olacaq. Anar müəllim həm vaxtıyla işlədiyi “Qobustan” jurnalında və başqa mətbuat orqanlarında çap etdirdiyi məqalələrlə, həm də ictimai-siyasi proseslərdə öz nüfuzlu sözüylə ictimai fikrin formalaşmasına böyük təsir göstərib. Onun həm dramaturgiyada, həm kinoda, həm nəsr, həm də ictimai həyatda əvəzolunmaz fəaliyyəti vardır. Anar Azərbaycan xalqının həyatında mühüm rol oynayan və ədəbiyyatımızın inkişafında müstəsna xidmətləri olan bir ziyalıdı. İndi bizə ancaq ona sağlamlıq və uzun ömür arzulamaq qalır. Onun hər yaşadığı il ədəbiyyatımızın zənginliyinə əlavə çəkilər gətirir! Bunu isə hər bir vicdanlı Azərbaycan vətəndaşı arzulamalıdır!
Pərvin: Rəşad müəllim, bu mövzuda son olaraq deyəcəkləriniz...
Rəşad Məcid: Bu söhbətimiz Türkiyənin “Qardaş Qələmlər” dərgisinin Anar müəllimə həsr olunmuş nömrəsində yayımlanacaq. Avrasiya Yazarlar Birliyinin adıçəkilən dərgisi Türk Dünyasına böyük qayğı göstərir, böyük işlər görür. Mən söhbətimizin sonunda Birliyin sədri Yaqub bəyə, dərginin baş redaktoru Əli Akbaşa və dərginin əməkdaşı, Azərbaycan ədəbiyyatının önəmli təbliğçisi İmdat Avşara xalq yazıçısı Anara göstərdikləri bu sayğıya görə təşəkkürlərimi bildirirəm...
Qeyd: Söhbət Türkiyənin “Qardaş Qələmlər” dərgisi üçün hazırlanıb və Xalq yazıçısı Anara həsr olunmuş yanvar sayında dərc edilib.
525-ci qəzet.-
2012.- 14 mart.- S.4.