“Azərbaycan reallığında
heç bir internet saytını qəzetə rəqib
görmürəm”
ƏMƏKDAR
JURNALİST NATİQ MƏMMƏDLİNİN SÖZLƏRİNƏ
GÖRƏ, MÜASİR “KASPİ” ÖZ SƏLƏFİNİN
ƏNƏNƏLƏRİNİ DAVAM ETDİRMƏYƏ,
ÜMUMMİLLİ QƏZET PROFİLİ İLƏ FƏALİYYƏT
GÖSTƏRMƏYƏ ÇALIŞIR
– Ötən
il “Kaspi” qəzetinin 130 illik yubileyi qeyd
olundu, bu tarixi dövrə nəzər salanda hansı məqamları
qeyd etmək istərdiniz?
– 1881-ci
ilin əvvəllərindən işıq üzü görən
“Kaspi” qəzeti rus dilində nəşr olunan Azərbaycan mətbu
orqanlarından biri idi, ilk baş redaktoru Kuzmin olub. “Əkinçi”
qəzeti fəaliyyətini dayandırdıqdan sonra uzun illər
ana dilli mətbuatın işıq üzü görməsində
fasilə yaranmışdı, müəyyən qəzetlər
az vaxtda çap olunsa da,
davamlılığı olmamışdı. Bütövlükdə
Azərbaycanın ictimai fikrini ifadə edən, Qafqaz müsəlmanlarının
problemlərindən bəhs edən mətbu orqan yox idi.
“Əkinçi”nin bağlanmasından
“Şərqi-rus”un çapına qədər uzun müddət
ana dilli nəşrin yolunu gözləmək lazım gəldi.
Bu vaxtda əsasən rusdilli qəzetlər nəşr olunurdu
və onların arasında ən populyarı, Zaqafqaziya müsəlmanları
arasında, ümumiyyətlə Rusiyanın müsəlmanlar
yaşayan digər ərazilərdə, Orta Asiyada, hətta
Hindistanda, Yaxın Şərqdə ən çox
yayılanı “Kaspi” olub. Qəzetin
redaksiyasında ilkin dövrlərdə daha çox qeyri millətlərin
nümayəndələri çalışıb və bir
qayda olaraq rus mədəniyyətini təbliği ilə məşğul
olub. Qəzet əvvəl həftədə
iki dəfə, sonra isə gündəlik nəşr olunub.
1881-ci ildən 1897-ci ilə qədər də
“Kaspi” qəzetində azərbaycanlılar
çalışıb. Həsən bəy
yazılarını Zərdabdan məhz bu qəzet
üçün göndərirdi. Məhəmmədağa
Şaxtaxtinski, Əhməd bəy Ağayev, Əli bəy
Hüseynzadə, Nəriman Nərimanov, Ceyhun Hacıbəyli
bu qəzetdə çıxış ediblər. M.Şaxtaxtinski bir müddət qəzetə
redaktorluq da edib. Əhməd bəy
Ağayev isə qəzetin ədəbiyyat və mədəniyyət
şöbəsinin redaktoru idi. 1897-cı
ilin sonlarında Hacı Zeynalabdin Tağıyev 57 min rubla qəzeti
mətbəəsiylə birgə alır. Tağıyev
istəyirdi ki, həm Zaqafqaziya, həm Rusiya müsəlmanlarının
ziyalılarının toplaşdığı bir mətbu
orqan olsun, səsləri hər tərəfdən gəlsin və
bu ziyalıları bir beyin mərkəzi ətrafında birləşdirmək
üçün Həsən bəy Zərdabini Bakıya gətirmək
istəyirdi. “Əkinçi” bağlandıqdan
sonra Həsən bəy mətbuatdan kənar
düşmüşdü, 10 ildən çox idi ki, əyalətdə
yaşayırdı və aqrar məsələlərlə
bağlı müxtəlif məqalələr yazırdı.
Tağıyev də “Kaspi” qəzetini məhz Zərdabiyə
görə almışdı. 1907-ci ilə qədər
“Kaspi”nin de-fakto baş redaktoru Həsən
bəy Zərdabi olub. Zərdabinin nəfəsi
bu qəzetdə duyulan kimi o, Topçubaşovu qəzetə dəvət
edir. Topçubaşov mətbuat içini
bilməsə də, həm Həsən bəyin yaxın
silahdaşı idi, həm də qohumu idi. O,
hüquqşünas idi, vəkilliklə məşğul idi. 1897-cı ildə qəzet alınanda 6 ay Karyaginin
imzası ilə nəşr olunub. Mətbuat
işini mənimsədikdən sonra Topçubaşov
özünü baş redaktor, publisist kimi göstərə
bilir. Elə onun bu fəaliyyətinə
görə, qəzetə “müsəlman Kaspisi” deyirdilər.
Qəzetdə müsəlmanları maarifləndirən,
onların hüquqlarını müdafiə edən
yazılara geniş yer verilirdi. O dövrün tərəqqipərvər
insanları “Kaspi”nin ətrafında cəmləşmişdilər.
Onlar xüsusi şəkildə qeyd edirdilər
ki, müsəlmanları oyatmaq, maarifləndirmək,
onların hüquqlarını müdafiə etmək
üçün rusdilli mətbuatın gücündən
istifadə etmək lazımdır. “Kaspi” qəzeti
milli maraqlardan çıxış edən rusdilli mətbuat
orqanlarından biri idi.
Burada Topçubaşovun şəxsiyyətinin rolunu
xüsusi qeyd etmək lazımdır. O, tək jurnalist yox, Dövlət
Dumasına seçilməmişdən əvvəl də,
sonra da Rusiya müsəlman ziyalılarının
qabaqcıllarından idi. Qəzet Rusiya müsəlmanlarının
tribunasına çevrilmişdi. Topçubaşovdan
sonra da, qəzet bir müddət istiqamətini dəyişmədi.
1918-ci ildə ermənilər mart
qırğınları zamanı müsəlmanlar arasında
informasiya qıtlığı yaratmaq üçün qəzetin
indiki Sabir heykəlinin yanında yerləşən mətbəəsini
yandırdılar. Bu mətbəədə
digər qəzetlər, həm də “Açıq söz” nəşr
olunurdu. Lakin qəzet fəaliyyətini bərpa
edir və 1919-cu ilə qədər nəşr olunur.
Ümumilikdə 38 illik çap fəaliyyəti dövründə
“Kaspi”nin 10 mindən çox nömrəsi
işıq üzü görüb. O dövrdə nəşr
olunan “Kaspi”nin tirajı da indikindən iki dəfə
çox idi – gündəlik 10 min tirajla işıq üzü
görürdü. “Kaspi”ni yaşatmaq bir
neçə amilə görə vacibdir. Birincisi, “Əkinçi”
qəzetindən sonra “Kaspi”nin təxminən
300-dən çox sayı məhz Zərdabinin imzasıyla
işıq üzü görüb, yəni bu, onun mətbuat
irsinin bir növ davamıdır. Digər tərəfdən
“Kaspi” Azərbaycan tarixini öyrənmək üçün əsas
mənbələrdən biridir. XX əsrin əvvəllərində
Azərbaycan neft sənayesinin inkişafı, ilk dəmir
yolunun çəkilişi, 1905-ci il erməni-müsəlman
qarşıdurması, 1918-ci il mart qırğınları ilə
faktlar “Kaspi”nin səhifələrində əksini tapıb.
– 80 illik
fasilədən sonra “Kaspi” qəzetinin fəaliyyətini bərpa
etmək, bu məsuliyyətin altına girmək nə dərəcədə
çətin idi?
– 1999-cu il mart ayında “Kaspi” qəzeti fəaliyyətini
bərpa edib. Bu qəzetin ilk
yaradıcılarının da ən böyük arzusu Azərbaycan
dilində qəzet çap etdirmək olub. Hətta 1891-ci ildə Qafqaz Senzoruna təklif
olunmuşdu ki, “Kaspi” qəzetində çap olunan
yazılarıın tatar dilli (Azərbaycan türklərinin
dili o dövrdə elə adlanırdı) variantı
hazırlanaraq “Çıraq” adıyla çap etdirək.
Senzor buna qəti şəkildə etiraz
etmişdi ki, “Kaspi”də yazılanların tatar dilinə tərcüməsi
böyük təhlükə yarada bilər. Üstündən təxminən bir əsr
keçdikdən sonra “Kaspi” qəzeti fəaliyyətini ana
dilində bərpa etdi. Təbii ki, bu
böyük missiya, məsuliyyət idi. Çünki
Azərbaycan tarixində ad qoymuş bir qəzetin irsini davam
etdirmək həm keçmiş irsi yaşatmaq, həm də
yeni dövrün tələblərinə cavab vermək
çətin idi. Belə böyük ənənəsi
olan qəzetin yeni dövrdə fəaliyyəti böyük
iş idi.
– İndiki “Kaspi” qəzetinin funksiyası əsasən
hansı istiqamətdədir? Tarixi “Kaspi” qəzeti
ilə müqayisə etdikdə hansı ənənələr
davam etdirilir?
– Tarixi “Kaspi” qəzeti rus mədəniyyətinin təbliğatçısı
idi. Əsasən Rusiya yönümlü, Avropa tipli qəzet
idi. Ədəbiyyata geniş yer
ayırırdı. Məsələn,
Üzeyir Hacıbəyova qarşı kompaniya
aparıldıqda, bəzi qəzetlər Üzeyir bəy tənqid
edildikdə “Kaspi” maarifpərvər addım ataraq, onun
operettalarını nəşr edirdi. Eləcə
də rus ədəbiyyatının ilk nümunələri Azərbaycan
oxucusuna bu qəzet vasitəsilə çatdırılıb.
İndi də qəzet o kursun davamı olaraq ədəbiyyata
daha geniş yer ayırır, “Ədəbiyyat əlavə”miz
nəşr olunur. İkinci vacib məqam
odur ki, tarixi “Kaspi” qəzeti cəmiyyətdə baş verən
bütün hadisələr münasibətdə həmişə
orta xətt seçib. Sovet dövründə
tədqiqatçılar yazırdılar ki, bu qəzet burjua mətbuatıdır,
burjua maraqlarından çıxış edir. Ancaq qəzetin sahibi Tağıyev olduğu
üçün əslində qəzet milli maraqlardan
çıxış edirdi. Biz də bu
gün bu ənənəni davam etdiririk. Üçüncü
cəhət isə odur ki, “Kaspi” qəzeti o dövrdə
redaksiya kimi təşkilatlanmış yeganə mətbu orqan
idi. Yəni qəzetlər o vaxta qədər
müxtəlif şəhərlərdə pərakəndə
şəkildə nəşr olunurdu. Tarixi “Kaspi”nin strukturu necə formalaşmışdısa
bizim redaksiya da ona uyğun fəaliyyət göstərir. Digər tərəfdən, “Kaspi” qəzeti
açıq müzakirələrə, fərqli fikirlərə
hər zaman yer ayıran qəzet olub. Məsələn,
o dövrdə Şaxtaxtinskiylə Əhməd bəy
Ağayev arasında polemikalar bu qəzetin səhifələrində
işıqlandırılırdı, ermənilərin “Baku” qəzetinin
antimilli fəaliyyətini bu qəzet ifşa edirdi. Bu gün də müasir “Kaspi” qəzeti həmin
plüralizm ənənələrini davam etdirir. Çalışırıq ki, bir varis kimi
ümummilli qəzet formatında fəaliyyət göstərək.
Tarixi və indiki “Kaspi”nin oxucuları
müəyyən səviyyənin insanları olub, elitanın
daha çox oxuduğu qəzet olub.
– Elektron əsri
olduğu üçün qəzetə, sözə maraq, inam
azalır. Belə bir şəraitdə çap
mediasının rəqabətə
davamlılığını necə qiymətləndirərdiniz?
– Bu
mövzu dünyada tez-tez müzakirə olunduğu
üçün bizə də gəlib çatır. Mənim
fikrimcə, dəyişən qəzetin forması ola bilər, məzmun isə tamamilə eyni
qalacaq. İstər virtual, istərsə də
çap mediasında formadan asılı olmayaraq məzmun
eynidir. Media bir formadan digərinə
keçir və bu zaman jurnalistika geriyə yox, qabağa gedir.
İrəliyə gedən jurnalistikanın da tələbləri
nədirsə, biz də o tələblərə cavab verməyə
çalışırıq. Digər tərəfdən
internetlə mətbuatı müqayisə edəndə bir
nüansı unudurlar. Xəbərin
ötürülməsi sürətinin artması qəzetlə
rəqabət kimi qələmə verilməməlidir. Qəzet yalnız informasiya ilə işləyən
orqan deyil, xəbər bülleteni deyil. Qəzet
araşdırmaya, maraqlı publisist yazılarına yer
ayrılırsa, xəbəri özünəməxsus formada
işləyib ictimaiyyətə çatdırırsa,
geniş ictimai müzakirələrə yer verirsə çap
mediasının vaxtının keçməsi barədə
danışmaq hələ tezdir. Elektron
mediadakı rəqabət qəzetlə deyil, xəbərin
operativ çatdırılmasına görə xəbər
saytları arasında kimin qabağa düşməsi
uğrunda gedən rəqabətdir. Bəzən
elə olur ki, saytlarda yazılan xəbər operativ olsa da, birmənalı
şəkildə “şok” effektə hesablanır, balans pozulur,
qərəzli alınır. Biz elə xəbərə
istinad etmirik. Bu gün kəmiyyət baxımından rəqabəti
hesablayan sayğaclar, “Google”nin
statistikası var. Ancaq elektron medianın keyfiyyətinin
göstəricisi qəzetlərin, çap mediasının
onlara nə qədər istinad etməsi ilə
ölçülür. Qəzetlər əgər
elektron medaianın verdiyi xəbəri mötəbər hesab
edərək, ona istinad edirlərsə, bu, həmin elektron
medianın nüfuzunun göstəricisidir. Məsələn, informasiya agentliklərindən
birində xəbər gedəndə, onlar bizdən xahiş
edirlər ki, qəzetdə həmin xəbərdən istifadə
edək və yaxud hansıa dövlət qurumu agentlikdə məlumat
yerləşdirirsə, eyni xəbərin bizim də qəzetdə
çap olunmasını istəyir. Əgər
agentlikdə xəbər oxunursa, internetə daxil olanların
hamısı xəbər oxuyandırsa, o zaman niyə belə
xahişlər eşidirik? Qəzetin
üstünlüyü nədir? Qəzetin yaxşı
abunə sistemi var, satış mexanizmi var. Ola bilsin qəzetin
oxucu sayı elektron medianın oxucusundan az
olsun. Ancaq qəzetin auditoriyası daha
dayanaqlı, etibarlıdır. Konkret olaraq
biz qəzetin tarixi imicini korlayaraq hansısa ucuz məlumat yerləşdirmirik.
Çünki bilirəm ki, bununla səviyyəli,
stabil oxucumun zövqünü korlaya bilərəm. Amma
saytlar məcburdur ki, hansısa ciddi xəbərin oxunması
üçün onun yanında üç dənə erotik xəbər
də versin. Azərbaycan reallığında
heç bir internet saytını qəzetə rəqib
görmürəm. Elə bir sayt yoxdur ki,
narahat olaq ki, bizim oxucumuzu azaldacaq. Sadəcə qəzetin
rəqabətə davamlılığını bir az da artırmaq, satışının optimal
variantlarını tapmaq, qəzetin maya dəyərinə
çəkilən xərcləri azaltmaq lazımdır. Kollektivin stimullaşdırılması
üçün onların sosial problemlərini həll etmək
lazımdır. Qəzet demokratik cəmiyyətin
əsas atributudur, ifadə, söz azadlığının ən
vacib elementidir. Qəzetin sıradan
çıxması haqqında söhbət gedə bilməz.
Sadəcə işimizi təkmilləşdirmək
üçün yeni innovativ təşəbbüslər
haqqında düşünməliyik.
– Sizcə
diffamasiyanın ləğvi Azərbaycan mediasında keyfiyyət
dəyişikliyini hansı tərəfə dəyişə
bilər?
–
Diffamasiya haqqında qanunun qəbul edilməsi Azərbaycanın
beynəlxalq aləmdə imici üçün vacibdir. Mənim düşüncəmə görə isə
diffamasiya haqqında qanunun qəbulu bizim mətbuatın tələbləri
arasında ön planda dayanmır. İnanmıram
ki, bu qanunun qəbulu hanısa keyfiyyət dəyişikliyi edəcək.
Bəzi qəzetlər var ki, onlar dezinformasiya sahəsində
ixtisaslaşıblar, həmin qəzetlərin oxucuları ancaq
söyüş, iftira, təhqir oxuyurlar. Sabah o qəzetlər
söyüşün, qarğışın tonunu bir qədər
aşağı salsalar, onları heç kim
oxumayacaq. Cəmiyyətin müəyyən təbəqələri
var ki, bu qəzetləri stress atmaq üçün oxuyurlar.
Bizim mətbuat üçün diffamasiyanın
qəbulu nə dərəcədə vacibdirsə, bir o qədər
onun effektlıi olacağını gözləməyə dəyməz.
İnanmıram ki, diffamasiya qanunun qəbulu
bütün jurnalistləri məsuliyyətli edəcək.
Sadəcə perspektivdə ola bilsin ki, bu
qanun hansısa üstünlüklər qazandırsın.
– Son
dövrlərdə xarici mətbuatda “Eurovision”a görə Azərbaycanın
nüfuzuna zərbələr kimi qiymətləndirilən xəbərlər
yayılır. Eyni zamanda milli mətbuatda da bu
informasiyalara yer ayırırlar. Sizcə,
bu məlumatlar hardan qaynaqlanır?
– “Eurovision” elə böyük hadisədir ki, mətbuatın
ondan yazmamağa haqqı yoxdur. Bizim də borcumuzdur
ki, bu hadisəni işıqlandıraq. Amma
bu müsabiqə haqqında xarici ölkələrin bəzilərində
formalaşdırılan rəyin bizim mətbuatda
yazılanlarla, bizim istəyimizlə əlaqəsi yoxdur.
Xaricdə formalaşdırılan ictimai rəyin
məqsədi ölkəmizi gözdən salmaqdır. Azərbaycanın uğurunu qısqanan və bunu istəməyənlər
elə kompaniya aparırlar ki, bu uğura kölgə
salsınlar. İndi “Eurovision”a qarşı təbliğat
aparanların qısa tarixcəsinə nəzər salaq, onlar
Bakı-Tbilisi-Ceyhan neft kəməri çəkiləndə
də, deyirdilər ki, Azərbaycanın o qədər nefti
yoxdur, bu kəmər heç vaxt rentabelli olmayacaq. Və yaxud Bakı-Tbilisi-Ərzurum qaz kəməri
çəkiləndə də eyni şeyi deyirdilər. İndi də “Eurovision”a qarşı eyni
reaksiyaları görürük. Yarışmanın
bir mədəniyyət hadisəsi kimi mahiyyət bir kənarda
qalıb, müxtəlif siyasi bəyanatlar səsləndirilir.
Arqument olmadığından çox gülməli
və ucuz söz oyunundan istifadə edirlər. Məsələn yazırlar ki, hansısa rayonun
hansısa kəndində su problemi var, heç belə bir
ölkədə “Eurovision” keçirtmək olarmı? Yaxud da Bakıda sahibsiz itləri “Eurovision”a görə
öldürürlər. Məni narahat edən
odur ki, belə əlaqəsiz və cəfəng fikirləri
peşəkar qələmi olan, xaricdə oxuyub gələn
jurnalistlərimiz yazırlar. Onlar peşəkarlıqlarını
məhz bu istiqamətdə göstərirlər, bu adamlarda
çatışmayan ən böyük cəhət milli təəssübkeşlik
hissinin olmamasıdır. “Eurovision”a
qarşı aparılan təxribatlara yeganə dəstək də
Yerevandan gəldi, yalnız Ermənistan bu müsabiqədən
imtina etdi. Deməli, mətbuatda gedən bu
yazıların sifarişçisinin kim
olduğunu axtarmağa ehtiyac yoxdu. Azərbaycanda
çörəyi elə ermənipərəstlikdən
çıxan, özlərini hüququ müdafiəçiləri
adlandıran kəslər arzulayırdılar ki, “Eruovision”
boykot edilsin. Niyə görə başa
düşmək istəmirlər ki, bütün bu
görülən abadlıq işləri ölkənin
inkişafı üçündür, o səkilərdən
biz keçirik, o parklarda biz dincəlirik. “Eurovision”
rəsmiləri də dəfələrlə deyirlər ki, bu
mədəniyyət yarışmasını siyasiləşdirmək
olmaz. Bu müsabiqə xalqların mədəni
yaxınlaşması üçün nəzərdə
tutulub. Əgər “Eruovision”a qarşı
çıxanların səsi varsa, məharətlərini səhnədə
göstərsinlər, qəzet səhifələrində yox.
–
Medianın inkişafı üçün nəzərdə
tutulan layihələrdən biri də Kütləvi
İnformasiya Vasitələrinə Dövlət Dəstəyi
Fondudur. Bu fondun gördüyü işlərin
perspektivini necə qiymətləndirirsiniz?
–
KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu
sistemli şəkildə fəaliyyət göstərir. Bu fond mətbuatın inkişafına dövlət
konsepsiyasını həyata keçirtmək məqsədilə
yaradılıb. Hesab edirəm ki, fond o
konsepsiyada nəzərdə tutulan tələbləri yerinə
yetirmək üçün səylə
çalışır. Bunun qəzetçi kimi öz
işimizdə də hiss edirik. Arzu edərdik ki, bunu daha
çox hiss edək. Ümid edirəm ki,
konsepsiyada nəzərdə tutulan digər müddəaları
kompleks şəkildə yerinə yetirməklə daha
çox nəticə əldə etmək olar. Keçirilən müsabiqələrin formatında
rəngarənglik olmalıdır, digər tərəfdən
cəmiyyət və media münasibətlərini intensivləşdirmək
üçün yeni layihələr fikirləşmək
lazımdır. Bu fond qəzetlərin,
yazılı medianın yeganə ümid yeridir. İstərdik ki, fondun büdcəsi
arzularımız və tələblərimizə uyğun
olaraq daha çox olsun. Son zamanlar
çoxlu fondlar yaradılıb. Misal olaraq
Elm Fondu, Gənclər Fondunu göstərmək olar. Ancaq bunların arasında KİVDF çevik praktiki
fəaliyyətinə görə fərqlənir. Medianın sürətli inkişafı tələb
edir ki, bu fondun büdcəsi artsın.
– Azərbaycan
mətbuatında “reket” jurnalistikası deyilən bir
anlayış var. Bu jurnalistlərə qarşı Mətbuat
Şurası mübarizə aparsa da, onları tamamilə
sıradan çıxarmaq mümkün deyil. Üstəlik
bu işdə vətəndaşların da günahı var.
Sizcə, bu mübarizəni effektiv etmək üçün
daha hansı üsullardan istifadə etmək lazımdır?
– Bu
mübarizə Mətbuat Şurası müstəvisində
aparılır və ictimai tənbeh funksiyası
daşıyır. Ancaq bu kifayət etmir. Bəzi
media ekspertləri hesab edir ki, “reket” sözü
özlüyündə Cinayət Məcəlləsində yer
alan ifadə olduğu üçün
bununla hüquq müstəvisində mübarizə
aparılmalıdır. Mən də fikrin tərəfindəyəm.
“Reket” jurnalistlərə ictimai tənbeh nə qədər
olsa da, bu insanlar yenə də eyni addımı artırlar.
Vətəndaşların rolu məsələsinə gəlincə
isə, onu deyim ki, bu qüvvələri qidalandıran mənbələr
var. Biz bu mənbələrin kim
olduqlarını çox yaxşı bilirik. Bu
mənbələrə qarşı da mübarizəni Mətbuat
Şurası yox, cəmiyyət aparmalıdır. Bu mənbələrin əksəriyyəti vaxtilə
işdən qovulmuş dövlət məmurlarıdır.
Onlar adamları ləkələmək üçün
qisasçılıq məqsədilə “reket” jurnalistlərə
pul ötürürlər, donos yazdırırlar, məqsədyönlü
şəkildə bu addımları ataraq “reket” jurnalistlərə
sadəcə ünvan göstərirlər. “Reket”
mətbuat satışa çıxmır, abunəsi yoxdur.
Bəs necə maliyyələşirlər?
Deməli çirkli pullarla
dövrlüyünü qoruyub saxlayır, bu pullar isə ancaq
çirkli yollarla pul qazanan insanlarda var. Bu işlə məşğul
olan insanlara qarşı mübarizəni Mətbuat
Şurasından daha çox prokurorluq orqanları
aparmalıdırlar.
– Mətbuatın
inkişafına dövlət dəstəyi artır. Jurnalistlərin mənzil-məişət problemlərinin
yoluna qoyulması üçün görülən işlər
hansı perspektivlər vəd edir?
– Cənab
prezident gözəl təşəbbüslə
çıxış edərək jurnalistlərə
yaşayış binasının tikilməsi üçün
vəsait ayırıb. Hazırda Bayıl qəsəbəsində
jurnalistlərə yaşayış binası artıq inşa
olunur. Bu bina məhz mənzilə
ehtiyacı olan jurnalistlər üçün nəzərdə
tutulub. Təbii ki, mənzillər tam şəffaf
qaydada, həqiqətən də mənzilə ehtiyacı olan
və ləyaqətli jurnalistlərə verilməlidir. Arzu edərdik, bu layihələrin davamı gəlsin,
jurnalist fəaliyyətinin qiymətləndirilməsi
baxımından bunlar çox vacibdir.
Pərviz SADIQOV
525-ci qəzet.-
2012.- 15 mart.- S.6.