Yaddaş “cığırlarının” kəsişməsində
yaranan tarix
Bir dövlət adamının həyat
yolu:
İnsanın
həyat yolunun üfüqlərinə nəzər
salmağın çətinliyini hər kəs bilir.
Çünki bu yol onu qət edənin elə daxili
duyğuları və yaşantıları ilə
bağlıdır ki, kənardan onları hiss etmək olduqca
çətindir. Bəlkə elə buna görədir ki, bəzi
yazı adamları fərdin şəxsi tarixini onun öz xatirələri
və daxili yaşantılarının işığında
canlandırmağa üstünlük verirlər. XIX əsr
ingilis şairi Uilyam Vodsvord “Prelyüdiya” (“Müqəddimə”)
poemasında 13 yaşında ikən hündür bir
qayanın başında yuxusuz keçirdiyi gecəni şəxsi
tarixi kimi maraqlı qələmə almışdır. O, həmin
gecəni uşaqlıq tarixinin mühüm üfüq xətti
olaraq təqdim etmişdir. Sonralar həmin mənzərə
şairin xatirəsində dəfələrlə
yolayrıcı qarşısında gözləmə kimi
canlanmışdır. U.Vodsvord o gecə şüurunda
tapdığı yaddaş yollarının kəsişməsini
onu həyatda gözləyən talenin rəmzləri kimi mənalandırmışdır.
Ömrü
formalaşdıran və müxtəlif istiqamətlərdən
(sevincdən və kədərdən) gələn yolların
kəsişdiyi yer... Bu üsul Avropada avtobioqrafiyanın fərdin
tarixi kimi öyrənilməsi baxımından diqqətləri
çəkdi. XX əsr fransız tarixçisi Filip Aries
1960-cı ildə “Köhnə quruluşda ailə həyatı
və uşaqlıq” adlı maraqlı əsərlə elm aləminə
təsir etdi. Adamları maraqlandıran Ariesin XVII əsr
avropalı aristokrat ailəsinin malikanə həyatını cəmiyyətin
tarixi məqamı kontekstində təsvir etməsi idi. Əslində
isə, F.Aries fransız zadəganlığı tarixini
özünün uşaqlıq həyatının təsiri
altında öyrənirmiş. Onun da ailəsi zadəgan imiş
və xatirələrində qalan malikanədə hökm
sürən həyat qaydalarını ümumiləşdirməyə
çalışıb. F.Aries yazırdı ki, ailə
üzvləri malikanəyə toplaşırdı, xidmətçilər
gəlib-gedirdi, ticarətçilər və vassallar isə gələcəkləri
barədə öncədən xəbər vermədən
peyda olurdular. Məşhur tarixçi bir zadəgan ailəsinin
həyat tərzindən, ümumiyyətlə, Avropa zadəganlığının
tarixini çıxarmağa çalışırdı.
U.Vodsvordun uşaqlıq xatirələri də, qəribə də
olsa, tarixşünaslıqda bir metodun əsasını qoydu.
Bu bağlılıqda bizim üçün əhəmiyyətli
olanı müasir azərbaycanlı ziyalı, dövlət
adamı və siyasətçisinin avtobioqrafik tarixinin əsas
məqamları işığında, onun şəxsi mənəvi
və idraki keyfiyyətlərini dərk etməyin
mümkün olub-olmayacağını
aydınlaşdırmaqdır. U.Vodsvord və F.Ariesin dərketmə
üsulları burada yararlı ola bilərmi? Professor Novruz Məmmədovun
həyat yolunun əsas məqamlarının ifadə
olunduğu avtobioqrafik “xəritəyə” nəzər salanda
bununla bağlı nikbin əhval-ruhiyyə yaranır.
Doğurdan da, Novruz Məmmədovun ziyalı, dövlət və
siyasət adamı kimi portretini bu üsulla çəkmək
mümkündür. Özü də təvazökarlıq və
alim vicdanı ilə etmək mümkündür.
Professorun
həyat xəritəsində dörd yol kəsişir –
dünyaya gəlişi, təhsili, dövlət adamı kimi fəaliyyəti
və fəxri adları. Bu “yollar” onun avtobioqrafik təqdimatında
“həyat xəritəsinin düyün nöqtələri
kimi” görünür. Bu yolla Novruz Məmmədovun “Mən”inin
ən dərin qatlarına qədər getmək olar. Yollar kəsişir
və yeni cığırların mənbəyinə
çevrilirlər. Onlar toplu halında professor Novruz Məmmədovun
ziyalılığını, mənəvi-əxlaqi keyfiyyətlərini,
dövlət və siyasət adamı kimi təmkinini, mətinliyini
açıq-aydın göstərir. Avtobioqrafik təqdimatda
görürük ki, Novruz Məmmədov 1947-ci ilin mart
ayının 15-də qədim Naxçıvan
torpağında dünyaya göz açıb. Bu diyar tarixi
şəxsiyyətləri, mütəfəkkirləri, alimləri,
şair və yazıçıları ilə məşhurdur.
Professor Novruz Məmmədovun atası İsmayıl kişi o
yerlərin sayılan ağsaqqallarından olub. İsmayıl
kişi xeyirxah məsləhətləri ilə böyük
hörmət qazananlardan idi. Novruz müəllimin anası Leyla
xanım nəcibliyi, mehribanlığı və
qayğıkeşliyi ilə əsl kübar azərbaycanlı
ana olmuşdur. Valideynləri övladlarına “Novruz”
adını qoymuşlar. Onların qəlbindən bu adın gəlməsi
təsadüfi deyildi. Bu ad İlahinin təqdiri ilə
ata-ananın dilindən eşidilmişdir. Professorun həyat tərzi
bunu tam təsdiqləyir. Belə ki, “Novruz” ona həyat ruzisi,
uğurlu fəaliyyət imkanı, ulu öndər Heydər Əliyev
kimi dahi şəxsiyyətin yanında ola bilmək şərəfini
verdi. Ancaq hələ sırada gənc insanın Azərbaycan
Pedaqoji Xarici Dillər İnstitutunun Avropa dilləri fakültəsinin
fransız dili şöbəsini seçməsi vardı. Həyat
göstərdi ki, bu seçim onun qədərini müəyyənləşdirib.
Hətta Fransanın Fəxri Legion Ordeni ilə təltif
olunması kimi çox maraqlı fakt həyatına
yazılmış imiş. Bu, 1998-ci ildə Fransa Prezidenti Jak
Şirak tərəfindən həyata keçirildi. Fransa zadəganlığının
tarixini parlaqlaşdıran Filip Ariesin vətənində azərbaycanlı
Novruz Məmmədov üç nəsil zadəgan titulu
aldı!!! Tarixdə yollar bəzən elə gözlənilməz
yerdə kəsişir ki, yaddaş “şoka düşür”!
“Yaddaşların kəsişməsindəki tarix” deyən
U.Vodsvordun metaforik fikrini daha da gücləndirən müasir
tarixşünas P.H.Hatton “tarix yaddaş sənətidir”
tezisini önə sürür. Bizə görə isə fərdlərin
həyat yolunda “şoka salan yaddaş nöqtələri”
varsa, bunun özünün tarixiliyə aidiyyəti var. Bunun
bir mənası var ki, onu dərk etmək əhəmiyyətlidir.
Novruz Məmmədovun Prezident Heydər Əliyevin fransız
dili üzrə tərcüməçisi olmaq şərəfinə
yüksəlməsi onun bu həyat yolunun sərhədlərini
müəyyənləşdirmişdir. Məhz Heydər Əliyevi
müşayiət etmək imkanı Novruz Məmmədovu
Avropaya tanıtmışdır. Professor Novruz Məmmədov
müsahibələrində bu faktı həmişə ürəkdən
və səmimiyyətlə deyir, minnətdarlığının
dərinliyi aydın hiss olunur. Heydər Əliyevin öz
kadrlarına qiymət verməkdə yüksək
ustalığının nəticəsi kimi, Novruz Məmmədovun
1997-ci ilin aprel ayından Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının Xarici əlaqələr şöbəsinin
müdiri və birinci dərəcəli Dövlət
müşavirliyinə layiq görülməsi bunlara görə
təbiidir. Bundan sonra, 2002-ci ildə Heydər Əliyevin fərmanı
ilə Fövqəladə və Səlahiyyətli Səfir
rütbəsinə və 2007-ci ilin mart ayında Azərbaycan
Prezidenti İlham Əliyevin sərəncamı ilə
“Şöhrət” ordeninə layiq görülməsi gəlir.
Novruz Məmmədovu 2009-cu ildə isə Polşa Prezidenti Lex
Kaçinski Polşanın Fəxri Legion Ordeni ilə təltif
edir. Təltiflər sosial dəyər alanda qürur obyektinə
çevrilə bilir. Bu isə insanın gərgin zəhməti
nəticəsində təltif aldığı halda baş
verir. Professor Novruz Məmmədovun fəxri adları,
aldığı rütbələr və tutduğu vəzifə
ona həmişə sosial, mənəvi, əxlaqi və mədəni
status vermişdir. O, bu statusu həmişə qoruya
bilmişdir.
Onun
“yaddaş sənətinin” bir qolunu elmi yaradıcılıq fəaliyyəti
təşkil edir. Peşə özəlliyinə görə
mənim ən çox duyduğum məqamlar da məhz bununla
bağlıdır. Novruz Məmmədovun elmi fəaliyyətinin
əhatə dairəsi geniş və çoxşaxəlidir.
O, 50-dən artıq elmi məqalə və bir neçə
kitabın, o cümlədən siyasi və ictimai-siyasi
mövzuya həsr olunmuş çoxsaylı analitik məqalənin
müəllifidir. Novruz Məmmədovun tədqiqat əsərləri
və tərcümələri elm və ədəbiyyat xəzinəmizin
sərvətləridir. Bu əsərlər müəllifin
elmi təfəkkürünün əsas cəhətlərini
aydınlaşdırmağa imkan verir. Novruz Məmmədovun
elmi yaradıcılıq təfəkkürü əsasən
müasirliyə dayanır. Bunun səbəbi yəqin ki, onun
bir neçə dili mükəmməl bilməsi ilə
bağlıdır. Novruz Məmmədov fransız, ingilis,
türk və rus dillərini mükəmməl bilir. Bunlara ana
dilini də əlavə edəndə professorun 5 dil məkanında
“işləyə bildiyini” görürük. Hər bir dil
“millətin qəlbinin aynasıdır” (Humboldt) və eyni
zamanda, onun mədəniyyət və təfəkkür
dünyasının özüdür. İnsan bir dildə
danışır, o dildəki əsərləri dərk edə
bilirsə, ana dilinin kommunikasiya məkanı ilə
yanaşı, yeni bir ünsiyyət məkanına sahiblənmiş
olur. Tədqiqatçılar bilirlər ki, hər dilin öz
formalaşma qaydası var ki, bu da təfəkkürün
formalaşmasını şərtləndirir. Başqa sözlə,
“nə deyilirsə, kim tərəfindənsə deyilir”
(Maturana) və dil məkanı şəxsiyyətin
özüdür (Merlo-Ponti də bu ideyaya yaxın mövqedə
olub). İnsan 5 dildə təfəkkürünü işlədə
bilirsə, artıq inteqrativ bir ünsiyyət mədəniyyətinə
sahibdir. Eyni zamanda, təfəkkür mədəniyyəti
qlobaldır. Ən əsası isə, yeniləşməyə
daha həssasdır. Bu keyfiyyətlər düşüncə
mədəniyyətinə bir genişlik verir ki, onun
mühüm əlamətlərindən biri də müasirliyə
açıq olmasıdır. Müasirliyə açıq təfəkkür
dinamik və dialoqa hazır olur. Dialoq mədəniyyəti
müasir elmi idrakın çox mühüm atributu
sayılır. Bütün bu keyfiyyətlərin fonunda
professor Novruz Məmmədovun bir neçə sahəni –
tarixi, ədəbiyyatı, siyasəti, psixologiyanı, müxtəlif
dillərin qrammatikasını dərindən mənimsəyə
bilməsi təəccüblü görünmür. O,
sözün həqiqi mənasında böyük intellektual
olaraq formalaşa bilmişdir. Professor Novruz Məmmədovun əsərlərindən
sadalanan keyfiyyətlərə malik olduğu aydın
görünür. Bütün bunlar sonuncu kitabında daha
parlaq əks olunur. Biz “Geosiyasətə giriş” əsərini
nəzərdə tuturuq. Əsərin ideya ruhu müasir elmi
paradiqmaların Azərbaycan dilində dəqiq və obyektiv təhlilindən
formalaşmışdır. Müəllif müasir elmi
paradiqmaların izahından özünün ideyalarının
təqdimatına uğurla keçə bilir. Diqqətli
müşahidəçi bu uğurun birbaşa müəllifin
dinamik, müasir və dialoqa açıq təfəkküründən
qaynaqlandığını duymuş olur. Çünki
müasir tarixi dövr temporal və gözlənilməz hadisələrlə
doludur ki, geosiyasətin nəzəri sahəsində fikir
bildirmək üçün olduqca dinamik düşüncə
tərzinə malik olmalısan. Professor Novruz Məmmədov
“Geosiyasətə giriş” ikicildliyində prosesləri sadəcə
kənar müşahidəçi kimi təhlil etmir, o,
“geosiyasət” adlı dinamik bir sahənin canlı iştirakçısı
kimi “dünyanın müasir taleyi ilə dialoq qurur”.
Özü də professorun hadisələrə
yanaşmasında konstruktiv ruh aydın hiss edilir. Bunun
qaynağı isə professor Novruz Məmmədovun şəxsiyyət
olaraq qutsal auraya malik olmasındadır. Bütün bunlar
müəllifin və onun əsərinin əsas uğurudur.
Oxucular üçün isə təfəkkürün
dinamikliyi və müasirliyinin çox vacib olduğunu təsdiqləyən
faktdır.
Bu təfəkkür
müasirliyinin fonunda professor Novruz Məmmədovun bir tərcümə
əsəri onun təfəkkürü ilə mənəvi
dünyasının və vətəndaş məsuliyyətinin
harmoniyasını aydın göstərir. Biz, Erik Fayqlın
“Terror haqqında həqiqət” əsərinin ana dilimizə tərcüməsini
nəzərdə tuturuq. E.Fayqlın bu əsəri yazması
ayrıca bir ibrət dərsidir. Öncə erməni
nağıllarına inanan E.Fayql Vyanada Türkiyə səfirliyinin
attaşesi olan Ərdoğan Özənin erməni terroruna
qurban getməsindən sonra həqiqəti öyrənməyə
qərar verir. Kitabı da dostu Özənin əziz xatirəsinə
ithaf edir. İki dildə (fransız və alman) çıxan
bu kitab qəribə tərzdə qısa müddətdə
mağazalardan yoxa çıxır. Məlum olur ki, nüsxələri
erməni diasporu mağazalardan alıb və məhv edib. Bundan
başqa, erməni nağıllarının iç
üzünü açan qərbli tədqiqatçıları
erməni terrorçular daim təhdid ediblər. Bütün
bunlara baxmayaraq, E.Fayql cəsarətlə erməni
yalanlarını üzə çıxaran və bu işdə
onlara yardımçı olan Qərb tədqiqatçılarının
peşmançılığını (“Musa
Dağının qırx günü” əsərinin müəllifi
Frans Verfelin aldandığından duyduğu
peşmançılıq) göstərən maraqlı tədqiqat
ortaya qoya bilmişdir. E.Fayql bununla Qərb alimləri və tarixçilərinə
ciddi bir mesaj verir. O göstərir ki, erməni yalanlarına
aldananlar sonradan peşman olur, vicdan əzabı çəkirlər.
Ancaq azərbaycanlılar demişkən, “son
peşmançılıq fayda vermir”. F.Verfel də səhvini
düzəldə bilmədi, çünki ermənilər onun
yalanlarını dünyaya elə yaymışdılar ki,
artıq F.Verfelin yeni sözünə inanan yox idi.
E.Fayqlın
əsəri qədim dövrdən başlayaraq türk tarixinə
baxışı ifadə edir. Onun üstün cəhəti məhz
bu tarixilik fonunda ermənilərin şər-xatalığını
sübut etməkdən ibarətdir. Professor Novruz Məmmədovun
belə bir əsəri ana dilimizə çevirməsi onun
dövlət adamı kimi işlərinin çox olmasına
baxmayaraq vətənpərvərlik və vətəndaşlıq
məsuliyyətinə ciddi fikir verməsini göstərməkdədir.
Bəziləri tutduğu yüksək məqamdan
özünün rifahı üçün daha çox
yararlanmaq barədə düşünürsə, Novruz Məmmədov
ziyalı-vətəndaş iradəsi ilə dövlət
adamı imicinin pozitiv obrazına qiymət verir. E.Fayqlın
yazdığı həqiqətlər bu fəaliyyət nəticəsində
hər bir azərbaycanlı üçün də həqiqətə
çevrilmək imkanı əldə edir. Bu, millətə və
dövlətə xidmətin konkret ifadəsidir. Professorluqla
dövləti fəaliyyətin və vətəndaşlığın
gözəl sintezidir. Belə bir davranış həm də
insanın ziyalı olaraq təvazökarlığını
ifadə edir. Çünki belə bir əsərə
müraciət etmək şəxsi marağa yox, ümummilli
marağa üstünlük verməkdən qaynaqlanır.
Yaradıcılığın fraqmentlərində insanın
daxili dünyasının xüsusiyyətləri əks olunur.
Obrazlı desək, hər bir mənəvi fəaliyyət
insanın daxilində yaratdığı dünyanın maddi
aləmə proyeksiyasıdır. Əsərin ruhu həm də
müəllifin ruhudur. “Avtor” sözünün latıncada mənası
“təsirimi genişləndirirəm” (bunu qədimdə daha
çox yeni torpaq tutmaqla əlaqələndirirdilər) deməkdir.
Yəni əsərin müəllifi əslində
özünün daxili mənəvi dünyasının
miqyasını genişləndirir, onun təsir dairəsini
çoxaldır. Novruz Məmmədov E.Fayqlın əsərinə
müraciət etməklə həm də orada
qaldırılan məsələlərə öz daxilində
öncədən formalaşmış münasibəti ifadə
etmiş olur. Digər tərəfdən, E.Fayql dostunun şəxsi
faciəsinə yaradıcı adam kimi reaksiya verərək, əks
tərəfə intellekti və tədqiqatçı
vicdanı ilə cavablarını təqdim edir ki, bu da bir
davranış nümunəsinin Novruz müəllim tərəfindən
incə üsulla azərbaycanlılara
çatdırılmasını göstərir. Yəni bizlər
erməni yalanlarına radikal düşüncələr və
hərəkətlərlə deyil, intellektin imkan verdiyi zərif
elmi sübutlar yolu ilə münasibət bildirməliyik.
Professor Novruz Məmmədovda bu mövqenin
formalaşmasında ulu öndər Heydər Əliyevin təsirinin
çox böyük olduğuna şübhə etmirik.
...Təbii
ki, bir yazıda insanın şəxsi həyat tarixini tam təqdim
etmək mümkün deyil. Çünki U.Vodsvordun təbirincə
desək, “hər bir insan – özü haqqında
yaddaşdır”. İnsanın özündən başqa kimsə
bu yaddaşın bütün naxışlarına nüfuz edə
bilməz. Lakin ziyalı-dövlət adamının həyat
yolu özü ilə yanaşı həm də cəmiyyətə
reprezentasiya şəraitində formalaşır. Professorun həyat
yolunun cəmiyyətə reprezentasiyasının ən gözəl
nümunələrindən biri şəxs kimi
xeyirxahlığıdır. Bu keyfiyyətin insanın
varlığının təməl şərtləri ilə
bağlı olduğu barədə fəlsəfədə əsaslandırılmış
fikirlər vardır. Qədim yunan filosofu, Qərb fəlsəfi
təfəkkürünün “yolayrıcı” sayıla bilən
Sokrat xeyirxahlığı bütün müsbət keyfiyyətlərin
zirvəsi hesab edirdi. O, meydanlarda əlində çıraq
“yaxşı adam axtarıram” deyib, dolaşmaqla xeyirxah
adamları cəmiyyətin ən yaxşı təbəqəsi
saydığını nümayiş etdirirdi. Ona görə də
ehtiyacı olanlara əl tutmaq, kökdən xeyirxah və
kübar olmaq deməkdir. Biz də professor Novruz Məmmədovun
həmin aspektdə həyat yoluna avtobioqrafik sxem daxilində
qısa nəzər salmağa çalışdıq. Onun fərdi
tarixinin bəzi cizgilərinə “intellekt
çırağı” tutmağa cəhd etdik və orada
maraqlı naxışlara vardıq. Bu yolun “dahiyanə məkanlarını”
(Ceffri Hartman) duymaq, təbii ki, çox maraqlı oldu. Onu
qısa və lakonik fikirlə ifadə etmək
mümkündür. Yəni ziyalılıq və alimlik təvazökarlıq
tələb edir. Professor Novruz Məmmədov 65 yaşına qədər
gördüyü işlərin bir dəfə də olsun
geniş və xüsusi təqdimatını (buna “reklam” da demək
olar, ancaq bu söz nəzərdə tutduğumuz kontekstə
elə də uyğun deyil) etməmişdir. Bir mahnı
oxuması ilə özünü milyonların gözünə
soxan “müğənnilərin” meydan suladığı bir
dövrdə bu, son dərəcə təvazökar
görünmürmü? Görünür, lakin belə
yaxşıdır. Çünki təvazökarlıq
ziyalılıqla yanaşı, həm də
kübarlılığı ifadə edir. Bu yazının əsas
ideyası sonuncu cümlədə ifadə olunmuşdur.
Füzuli QURBANOV
fəlsəfə elmləri doktoru
525-ci qəzet.-
2012.- 15 mart.- S.4.