Zahid Xəlil – 70
Sirli aləmin təfəkkür
aynası
Taleyini bədii söz sənətinə həsr edən sənətkar həyatı və yaradıcılığını qələmə almaq, onun yaradıcılıq laboratoriyasını başdan-ayağa araşdırmaq həm çətindir, həm də məsuliyyət tələb edir. Əgər həmin qələm sahibinin yaradıcılıq ampulası çoxşaxəlidirsə, çoxjanrlıdırsa, çəkilən çətinliyin, məsuliyyətin həddi bir neçə qat artır. Onu da qeyd etsək ki, bədii yaradıcılıq bütövlükdə sənətkar ixtirasıdır, novatorluqdur, poetik kəşflər sistemidir, obrazlar dünyasıdır, söz demək bir qədər də mümkünsüz olur. Əgər uşaq şair-yazıçısından söz açmalı olsaq, onun orijinal bədii yaradıcılığından danışsaq, üslubu və poetik bədii dili və sair məziyyətləri haqqında fikir yürütməli olsaq, bu mürəkkəblik daha çox üzə çıxar. Uşaqları söz sehrinə salaraq, poetik təfəkkürün gücü ilə onların estetik-mənəvi tərbiyəsini formalaşdıran, bədii zövqünü zənginləşdirən bir sənətkarın meydana gəlməsi üçün isə gərgin zəhmət tələb olunur.
Yaradıcılığından söz açdığımız bu qələm sahibi öz poetik dünyası ilə seçilən, bədii təfəkkür sferasında təkrarolunmaz obrazlar yaradan Zahid Xəlildir.
Zahid Xəlil (Zahid Abdulla oğlu Xəlilov) 1942-ci il martın 20-də Yevlax şəhərində anadan olub. Orta təhsilini Yevlax şəhərindəki M.Ə.Sabir adına 2 nömrəli məktəbdə alıb. Altıncı sinifdə olarkən ilk şeirini yazıb, onuncu sinifdə isə “Vətənim” adlı ilk mətbu şeiri çap olunub.
Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini müvəffəqiyyətlə bitirən Z.Xəlil sonralar müxtəlif mətbuat orqanlarında ədəbi işçi, məsul katib, redaktor vəzifələrində çalışıb. Lakin işlədiyi müddət ərzində bədii və elmi yaradıcılıqla müntəzəm məşğul olub, 1969-cu ildə “Uçan çıraqlar” adlı ilk şeirlər kitabı çap olunub. İlhamının tüğyan etdiyi bir vaxtda, onun ilk yaradıcılıq nümunəsi Azərbaycan uşaq ədəbiyyatına yeni nəfəs verəcək bir qələm sahibinin gəlişindən xəbər verirdi. Uşaq dünyasını, real həyat hadisələrini səbrlə, müdrikcəsinə müşahidə edən, tükənməz şairlik potensialına güvənərək müşahidələrini poetik təsvirlərdə canlandıran və həmişəyaşar obrazlara çevirən müəllif bədii axtarışları ilə ucsuz-bucaqsız söz və ifadələr okeanı yaradan Z.Xəlil yeni ədəbi nəslin öncüllərindən birinə çevrildi.
Bədii yaradıcılığa və filologiya elmi sahəsinə eyni vaxtda nüfuz edən bu gənc öz potensial imkanlarından məharətlə istifadə edərək 1974-cü ildə namizədlik dissertasiyası müdafiə etdi. Onun “Azərbaycan uşaq poeziyası və folklor” mövzusundakı elmi işi folklorun peşəkar yazılı bədii söz sənəti ilə bağlılıq tellərini üzə çıxartdı. Bədii fikrin, məcaz növləri və poetik fiqurları folklor nümunələrdə axtaran və araşdıran gənc alim-şair bitkin elmi əsər ərsəyə gətirdi. Şifahi ədəbiyyatla yazılı ədəbiyyatın fərqindəki incəliyə nəzər yetirən Z.Xəlil belə bir fikir irəli sürdü ki, yazılı ədəbiyyatda verilən poetik obrazlılıq sənətkarı sənətkardan fərqləndirmək imkanlarını özündə saxlayır. Burada fərdi istedad və fərdi bədii üslub həlledici rol oynayır. Uşaq şeirinin hər misrasına, hər qafiyəsinə poetik kəşf kimi baxan müəllif seçim etdiyi şairlərin yaradıcılığına nüfuz etdi, bu sahədə dünyəviliyin, milli koloritlilik keyfiyyətlərinin vacibliyini önə çəkdi.
Bu gün də Azərbaycan Dövlət Pedaqoji Universitetinin auditoriyalarında tələbələrə mühazirələr oxuyan, ədəbiyyatın nəzəri və praktik məsələlərindən söhbət açan Z.Xəlil bədii yaradıcılıq sirlərini öyrənmək istiqamətində yorulmadan tədqiqatlar aparır, poetik fikirlər sistemini araşdırır. Həmçinin, istedadlı alim-yazıçı çoxsaylı müəllim kollektivinə malik olan kafedraya rəhbərlik edir. Ömrünün ən qiymətli illərini müqəddəs işlərə sərf edən, üç sahənin sintezindən ərsəyə gələn, püxtələşmiş qələm sahibinə çevrilən Z.Xəlilin tükənməz enerjiyə malik olması onun sonrakı yaradıcılıq imkanlarının genişliyindən və əldə edəcəyi uğurlardan xəbər verir.
Bir qələm sahibi kimi Z.Xəlil yaradıcılığının sirri olduqca sadədir. O, sadəcə olaraq dövrün elmi sferasını dərindən duyur, müasir ədəbi prosesin məfkurə istiqamətini, mənəvi-estetik dəyərini, öz oxucularının mənəvi tələbatını real şəkildə dərk edir. Vətənə məhəbbət hissləri aşılayan, şüuru formalaşdıran əsərlər yazmağı daha üstün tutur, uşaqlara maraqlı görünən, həyat müşahidələrindən doğan mövzuları ədəbiyyata gətirir və orijinal obrazlar silsiləsi yaratmağa çalışır. O, bu gün də yaxşı bilir ki, yalnız keçilməyən ədəbi cığırla Azərbaycan uşaq ədəbiyyatının gələcək inkişafına zəmanət vermək olar.
“Torağaylar oxuyur” şeirlər kitabının və “Ballıca” adlı ilk uşaq nəsrinin çapından sonra Z.Xəlil yaradıcılığına maraq daha da artdı. Ədəbi tənqid onun poeziya və nəsrini təhlilə cəlb edərək öz yüksək qiymətini verdi.
Z.Xəlil ardıcıl olaraq uşaq ədəbiyyatı problemləri üzərində geniş tədqiqat işləri apararaq dəyərli bir elmi əsər ərsəyə gətirdi. “Azərbaycan uşaq ədəbiyyatının mənşəyi, təşəkkülünün əsas amilləri və inkişaf problemləri” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək (1990) filologiya elmləri doktoru adına layiq görüldü. Moskvanın “Detskaya literatura” nəşriyyatında çap olunmuş “Detskaya literatura Azerbaydjana” (tərcümə edən İ.Motyaşovdur) adlı monoqrafiyası (1987) ona uğur gətirdi. Bu monoqrafiya M.Lomonosov adına Moskva Dövlət Universitetində görkəmli Azərbaycan ədəbiyyatşünası, akademik Məmməd Arifin “Azərbaycan xalq ədəbiyyatı” dərsliyindən sonra ikinci bir dərslik kimi qəbul olundu və tələbələrin istifadəsinə verildi. Universitetin professoru, tanınmış alim Ə.Şərif bu monoqrafiyanın əhəmiyyətindən söz açaraq, onun gərəkli bir dərslik olduğunu dönə-dönə vurğulayıb.
Elmi-tədqiqat işləri, pedaqoji fəaliyyət, bədii yaradıcılıq – bütün bunlar Z.Xəlilin paralel apardığı sahələr olsa da, əsla yorulmur, özünün dediyi kimi, balaca bir qığılcımla böyük tonqallar yandırır, balaca açarla böyük qapılar açaraq, uşaq aləminin sirlərini açıqlayır.
Uşaqlar üçün yazılan hər bir əsər ədəbiyyatımızın çox vacib tərkib hissəsi kimi yaş, estetik zövq və anlam səviyyəsi müxtəlif olan minlərlə insan övladı tərəfindən oxunaraq dərk edilir. Balacaların, yeniyetmələrin, o cümlədən, gənclərin dünyagörüşünün formalaşmasında, maraq dairəsinin genişlənməsində, əxlaqi və mənəvi tərbiyəsində, xarakterlərin müsbət istiqamətdə inkişafında və ən nəhayət, bədii zövqünün cilalanmasında bu ədəbiyyatın təsir qüvvəsi olduqca böyükdür. Bu xüsusiyyətləri Z.Xəlil yaradıcılığında aydın şəkildə görmək mümkündür. Şairin həyat səhifələrini vərəqləyərkən məlum olur ki, o da öz uşaqlıq səltənətindən gəlib və onun uşaqlığı fonunda məsum bir varlığın sirli, problemli dünyası dayanır. Bu dünyanın poetik misralarda canlandırılması uşaqların yaşayış tərzini, həyata baxışını, onların hansı istək və arzuların həsrətində olduğunu, hansı mənəvi qidaya ehtiyac duyduğunu dərindən dərk edəndən sonra mümkündür və Z.Xəlil öz poetik yaradıcılığı prosesində bunları incəliklə duya bilib.
Şairin uşaq poeziyasında üstün və maraqlı cəhətlərdən biri də onun yumorlu və poetik zarafat tərzində yazılmasıdır. “Yalançı İmran”, “Oynayıram beşikdə”, “Hərflər”, “Dələ” və digər şeirlər uşaqların təbəssümünə və gülüşünə səbəb olur. Bu epik şeirlərdəki obrazların özünəməxsus mənəvi dünyası, əxlaqi sifətləri və psixoloji-xarakterik xüsusiyyətləri vardır. Şən əhvali-ruhiyyə, uşaq təbiətinə məxsus olan incə, şirin yumor daha qabarıq nəzərə çarpır.
“Mən rəngləri tanıyıram” kitabındakı şeirləri nəzərdən keçirdikcə onun fərdi üslubunda, poetik söz düzümündə bir püxtələşmə hiss edirsən. Şairin portret mahiyyətli obrazlılıq əsasında yaratdığı mənzərə lövhələri daha çox diqqət doğurur.
Şairin yaradıcılığını araşdırarkən məlum olur ki, o, uşaq poeziyasında daha çox təbiəti vəsf edib. “Göydən üç alma düşdü” (1974) şeirlər kitabının ilk bölümünü də “Təbiət mahnı oxuyur” başlığı ilə açır. Təbiət vurğunu olan şair Azərbaycanın müqəddəs, zəngin torpağının hər bir qarışını, onun gur şəlalələrini, yaşıl dona bürünmüş meşələrini, axar çaylarını, qaynar bulaqlarını, cənnəti xatırladan ab-havasını poetik misralarla qələmə alır.
Z.Xəlilin uşaq poeziyasında müxtəlif rayihəli, rəssam palitrasının və fırçasının qüdrətindən yaradılmış əlvan boyalı təbiət mənzərələrinə kifayət qədər rast gəlmək mümkündür. “Nərə çəkdi dalğalar”, “Tayalar”, “Yay”, “Şəffaf cığır”, “Durnalar”, “Dənizə axşam düşür”, “Qar”, “Sərçələrin nəğməsi” və sair şeirlərdə peyzaj və ya mənzərə obrazlılığı əsas yer tutur. Sərrast söz seçimindən düzümlənmiş poetik misralar rəngarəng mənzərələr yaradaraq, təbiətin əsrarəngiz gözəlliyini uşaqlara daha çox sevdirir, Azərbaycanın hər bir guşəsi tərənnüm olduqca, onlarda milli hissi bir qədər də gücləndirir. Bu şeirlərdə təbiət gözəllikləri sadəcə sadalanaraq təsvir olunmur, həm də peyzaj və mənzərələrin vəsfindən doğan vətən sevgisi uşaqlara geniş təbliğ olunur. “Göbələk”, “Qanqal”, “Baldırğan”, “Sırğaçiçəyi”, “Qaymaqçsiçəyi”, “Qantəpər”, “Hörümçək və mozalan”, “Fillərin çadırı” və sair şeirlərdə şair bir bioloq kimi flora və faunanın incəliyinə qədər nüfuz etməyə çalışır, bu canlıların poetik effektlə dolu təsvirləri, onların zahiri və xarakterik fərqləri barədə geniş məlumat verir və bu əlamətləri olduqca sadə dillə, uşaqların təfəkkür tərzinə uyğun izah edir.
Şairin uşaq poeziyasında uğuru “Torağaylar oxuyur” şeirlər kitabında daha qabarıq görünür. Bu kitaba daxil edilmiş şeir və poemaların əvvəlkilərdən əsasən yaradıcılıq fərqi ondan ibarətdir ki, burada mövzu genişliyi, uşaqlar üçün maraqlı görünən obrazlar aləmi, qeyri-adi hadisələr silsiləsi, poetik təsvirin obrazlılığı və effekti, illüstrativlik və sair kateqoriyaların üstünlüyü daha aydın nəzərə çarpır. Şairin poetik misraları öz boy sırasına görə düzülür, bədii siqlətinə görə daha sanballı, daha əzəmətli görünür. Poeziya yaradıcılığındakı forma yığcamlığı, vəzn və bölgü əlvanlığı, ahəngdarlıq və musiqililik, ümumiyyətlə, poetik sənətin qanunlarına tam uyğunluq Z.Xəlilin sənəti duymaq nişanəsi kimi qiymətləndirilməlidir.
Şair uşaq şeiri yaradıcılığında balaca oxucuları maraqlandıran orijinal mövzulara üz tutur, şeirə yeni formalar gətirir, qələmə aldığı əsərləri daha da oxunaqlı edir. Onun “Yalan-palan” bölümünə daxil etdiyi epik şeirlərdə əsas yeri yalanlar tutsa da, əhvalatlar elə real təsvir olunur ki, əslində həqiqətin, doğruçuluğun təbliği daha inandırıcı görünür. Uşaq poeziyasında üstün cəhəti odur ki, onun öz siması vardır, bədii-estetik faktorlarla zəngin dilə malikdir, sənətdə poetik kəşflər etməyin dəyərini bilir. Ona aydındır ki, sirlərlə dolu olan bədii yaradıcılığın yolu çətin və mürəkkəbdir. Bu çətin və mürəkkəb yolu isə yalnız poetik fikir zənginliyi, üslub aydınlığı, bədii dilin saflığı, təbiiliyi, obrazlılığı və sərrast söz düzümü bacarığı ilə keçmək mümkündür. Ən nəhayət, bədii sənət əsərinin çoxyaşarlığı, uzunömürlüyü müxtəlif üslubi çalarlara malik olan söz və ifadələrin poetik gözəlliyindən asılıdır.
Uşaq şeir yaradıcılığında özünü göstərən müxtəlif cəhətlər şairin geniş bədii-estetik diapazona malik bir qələm sahibi olduğundan xəbər verir. Onun şeir kitablarında həm folklor ənənələrinə, klassik sənətkarlarımızın yaradıcılıq yolunun davamına, həm də müasir Qərbi Avropa ədəbi ənənələrinin izlərinə rast gəlmək mümkündür. Şairin qələmindən çıxan hər bir poetik misra oxucunu düşündürür, onun əqli və bədii-estetik zövqünün formalaşmasına xidmət edir. O, təsvir etdiyi hər bir varlığı yaradıcı xəyalının qüdrəti ilə bəzəyir, bədii təfəkkürünün gücü ilə onu qeyri-adi dərəcədə poetikləşdirə bilir.
Z.Xəlilin qələmə aldığı kiçik hekayələrdə öz mənalılığı ilə diqqəti cəlb edir. Az sözlə dərin fikirlər aşılamaq, uşaqları bu fikirlərin iştirakçısına çevirmək, düşüncə tərzini formalaşdırmaq əsas məqsəd kimi görünür. “Papaq”, “Peçenyedən yaranmış qız”, “Güzgü”, “İki adamcıgaz”, “Qırmızıpapaq və canavar”, “İki nar”, “Qayıq sürən ayı balası”, “Bağırmaq istəyən adam”, “Buynuzu gicişən çəpiş”, “Körpə nəğmənin nağılı”, “Üçbucaq ölkənin adamları”, “Çiyələklərin çəhrayı nağılı”, “Cografiya dərsində taxılan eynək”, “Günəşi qoparmaq istəyən ayılar”, “Ləyaqətli adam və onun qarnı” və sair kiçik hekayələr Z.Xəlilin bişkin bir qələm sahibi olmasından xəbər verir. Yazıçı bu hekayələrdə oxunaqlı və aydın ifadələrlə oxucu ilə obrazlar arasında elə ünsiyyət yaradır ki, oxucu orada, hekayələrin sətirləri arasında öz qəhrəmanlarını görə bilir, onların müsbət keyfiyyətlərini özünküləşdirir, yeni bir aləmə daxil olur, bu mühitdə tərbiyə olunub formalaşır, vətəndaşlıq siması aydınlaşır.
Z.Xəlilin yaratdığı uşaq obrazlarını xarakterizə edərkən belə bir qənaətə gəlmək olur ki, onun əsərlərində təsvir edilən qəhrəmanlar ədəbiyyatımızda yeni görünür, mənəvi xüsusiyyətlərinə görə seçilirlər. Onun nəsr əsərlərinin gücü də elə obrazların xarakteri ilə bağlıdır.
Z.Xəlilin nəsr yaradıcılığında Cırtdan ən çox təsvir olunan obrazlardan biridir, özünün xeyirxah əməlləri ilə yadda qalır: küləyin yuvadan saldığı bülbül yumurtasını yerinə qoyur və bu xeyirxahlığa görə bülbül ona qeyri-adi bir tütək bağışlayır.
Son olaraq deyə bilərik ki, Azərbaycan uşaq poeziyasının, nəsrinin və dramaturgiyasının, o cümlədən, uşaq ədəbiyyatı problemlərinin həlli inkişafında öz yaradıcılıq axtarışları ilə seçilən Zahid Xəlil uşaq dünyasının, uşaqların xəyal aləminin bədii inikasını yaratmaq üçün ədəbiyyatın janr rəngarəngliyindən – poetik obrazlılıq ilə qaynaqlanmış poeziyanın sehrli və sirli boyalarından, cəmiyyət həyatının istiqamətlənməsində böyük rol oynayan bədii nəsrin poetik imkanlarından məharətlə istifadə etmiş, dramaturji əsərlərin ideya mündəricəsindən, səciyyəvi cəhətlərindən çıxış edərək uşaq və gənclərin estetik-bədii zövqünü formalaşdırmaqdan ötrü bütün yaradıcılıq imkanlarından ustalıqla yararlanmış, orijinal əsərlərini yaratmaqla uşaq ədəbiyyatı xəzinəsinə töhfələr verib.
Görkəmli uşaq yazıçısı Zahid Xəlilin yaradıcılıqla keçmiş şərəfli ömrünün – 70 yaşının üstünə bir o qədər də illər arzulayır, ondan yeni-yeni müxtəlif janrlı əsərlər gözləyirəm! Yaradıcılığına yaxından bələd olduğuma görə çox yaxşı bilirəm ki, onun yazıçılıq potensialı tükənməzdir və hələ bundan sonra da oxucularını yeni-yeni əsərləri ilə sevindirəcək!
Füzuli Əsgərli,
filologiya üzrə fəlsəfə
doktoru,
ədəbiyyatşünas-tədqiqatçı
525-ci qəzet.- 2012.- 16 mart.- S.7.