Xoş gördük, Mirzə Fətəli Axundzadə!

 

Hər kəsə yaxşı məlumdur ki, nəinki Azərbaycanda, hətta cəmi Qafqazda, Orta Asiyada, yaxın və qonşu türk-müsəlman ölkələrində Qərbyönümlü mədəni tərəqqinin formalaşmasında Mirzə Fətəli Axundzadənin müstəsna dərəcədə böyük rolu olmuşdur. Mirzə Fətəli Axundzadə babamız Şərq qiyafətli, Avropa düşüncəli, Azərbaycançı milli məzmuna malik ictimai fikrinin və mədəniyyətin inkişafı yollarında unudulmaz xidmətlər göstərmişdir. Böyük Mirzə Fətəli Axundzadə məktublarından birində bəyan etmişdi ki, “mən bəşəriyyətin dostu olan bir adamam. Hər kəs insanları sevib, mədəniyyətin tərəqqisinə kömək edirsə, onun dostu və müxlisiyəm. Hər kəs ki, bəşəriyyətin düşməni və mədəniyyətin inkişafında əngəl sayılırsa, mən ondan uzaqlaşmağa çalışıram”.

Mirzə Fətəli Axundzadə Qafqazın, o cümlədən Azərbaycanın çar Rusiyası tərəfindən işğal edildiyi XIX əsrdəki özünəməxsus siyasi çətinliklərinə baxmayaraq, Qərbyönlü inkişafa nail olmaq üçün bir çox böyük islahatların həyata keçirilməsinə nail ola bilmişdir. Əvvəla, Mirzə Fətəli Axundzadə bu fikirdə idi ki, orta əsrlərdən gələn aşiqanə qəzəl-qəsidə ədəbiyyatı və nəsihətnamələrlə milləti ayıltmaq, onun gözünü açmaq, ona hüququnu başa salmaq müşkül işdir. Buna görə də o, böyük cəsarətlə artıq “Gülüstan” və “Zinətül məcalis” tipli didaktik-nəsihət ədəbiyyatının zamanının keçdiyini bəyan etmiş, təqlid və nəzirəçiliyin qarşısını almaq, habelə realist ədəbiyyatın yolunu açmaq üçün hətta böyük Füzulini də “nazimi-ustad” adlandıraraq gözdən salmaqdan çəkinməmişdir. Mirzə Fətəlinin qənaətlərinə görə, artıq yeni dövrdə “millət üçün faydalı və oxucular üçün rəğbətli olan əsərlər drama və romandır”. Bu mənada, M.F.Axundzadə 1850-1855-ci illər arasında özünün məşhur altı komediyasını yaratmaqla nəinki Azərbaycan ədəbiyyatında, bütövlükdə Balkanlardan Hindistana qədərki türk-müsəlman dünyası coğrafiyasında dramaturgiyanın əsasını qoymuşdur. Böyük ustadın nadir qələmindən çıxmış “Hekayəti molla İbrahimxəlil kimyagər” (1850), “Hekayəti-Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəli şah cadküni – məşhur” (1850), “Hekayəti-xırs quldurbasan” (1851), “Sərgüzəşti-vəziri-xani Lənkəran” (1851), “Sərgüzəşti-mərdi-xəsis və ya Hacı Qara” (1852), “Mürafiə vəkillərinin hekayəti” (1855) adlı komediyaları ilə Mirzə Fətəli Axundzadə Şərq aləmində dram yazmağın nümunəsini göstərmişdir. Bunu hər kəs qəbul edir ki, türk-müsəlman coğrafiyasında dramaturgiya Mirzə Fətəli Axundzadənin dramatik ədəbi növ sahəsində formalaşdırdığı ənənələrin işığında yaranıb ərsəyə gəlmiş, genişlənib inkişaf etmişdir. Bu mənada, Azərbaycan dramaturgiyasının banisi olan Mirzə Fətəli Axundzadə həm də Şərq aləmində bu ədəbi növün sadəcə ilk mükəmməl nümunələrini yaradan yox, həm də dram sənətinin atası sayılmaq şərəfini qazanmışdır.

Mirzə Fətəli Axundzadə zamanın dəyişdiyi XIX əsrin ortalarında milli ədəbiyyatı romantik səmalardan gerçək həyata endirmək, realizmi bərqərar etmək vəzifəsini dönmədən və uğurla həyata keçirmişdir. Bunun üçün əsasən əsilzadələrdən, aşiqanə motivlərdən, Xosrov və Şirinlərdən, YusifZüleyxalardan, Məcnun və Leyladan söz açmaq üstündə köklənmiş orta əsr ədəbiyyat ənənələrini qırıb dağıtmaq, məmləkətin və millətin həyatından, əhvalından, düşüncəsindən bəhs edən ədəbiyyat yaratmaq lazım idi. Bir az əvvəl Molla Pənah Vaqif Azərbaycan qadınını bəzəyi və libası ilə, Kür qırağını seyrəngahı ilə bir tablo kimi ədəbiyyata gətirməklə bu işə girişmişdi. Amma onda ölkənin problemləri və coğrafiyası bütün genişliyiciddiliyi ilə hələ ədəbiyyata gələ bilməmişdi. Bu böyük milli vəzifəni də bütövlükdə ilk dəfə M.F.Axundzadə tam şəkildə həyata keçirmişdir. Məhz M.F.Axundzadənin xidmətləri sayəsində Azərbaycan ədəbiyyatında ilk dəfə idi ki, Ağcabədi bazarında, Nuxa şəhərində Hacı Kərim Zərgərin evində, Xaçmaz dağlarında, Qarabağ vilayətində Təklə-Muğan qışlağında, Şəmsəddin mahalındakı obalarda, Arazın kənarındakı Qızılbaş kəndində baş verən əhvalatlardan, yalançı kimyagərlərdən, cadukün dərvişlərdən, xırs quldurbasanların aqibətindən, xəsislik mövzusundan bəhs edən əsərlər yazılmışdı. Bunlar Azərbaycan maarifçi realist ədəbiyyatının dürrü-yeganələri idi. Azərbaycan realist ədəbiyyatının Molla Pənah Vaqifdən Cəlil Məmmədquluzadəyə qədərki inkişaf yolunda Mirzə Fətəli Axundzadədən uca zirvə təsəvvür etmək çətindir. İntəhası Vaqifdən, yəni erkən realizmdən Mirzə cəlilə, yəni tənqidi-realizmə keçid üçün Azərbaycan ədəbiyyatı maarifçi realizm dövrünü də yaşamalı idi. Zamanında bu vəzifəni həyata keçirməyin öhdəsindən gəlməyi də M.F.Axundzadə bacarmışdır. Belə ki, Mirzə Fətəli Axundzadənin şeir yaradıcılığı maarifçi realizm üçün səciyyəvi olan “Zəmanədən şikayət” motivlimaarifçi baxışların təbliğinə həsr olunmuşdur. “Fəsad ilə dolu göylər edərkən tərsinə dövran, tükənməz qəmdən olmuşdu könül dərdli, ürək nalan” – deyən şair Səbuhi müasirlərinə yazdığı mənzum məktublarda “şikayət” notuna müxtəlif oktavalarda toxunmuş, zəmanəsində gerilikdən şikayətin zəminində irəlidəki maarifçi ideala diqqəti cəlb edə bilmişdir. Fikrimizcə, Mirzə Fətəli Axundzadənin “Yeni əlifba haqqında mənzumə”si geniş mənada “qaranlığın dərinliyindən” çıxmaq üçün yeni dövrana ünvanlanmış poetik xitabdır. M.F.Axundzadə yeganə nəsr əsəri olan “Aldanmış kəvakib” povestində (1857) də aldanmış ulduzların əsasında aldadılmış cəmiyyətin faciəsini yazmış, qurtuluş yolunu yalançı münəccimlərin cazibəsindən qurtarıb, islahatlar yolu ilə xalqa əsaslanan yeni bir cəmiyyətin qurulmasında görmüşdü. M.F.Axundzadə dram əsərlərində Müsyö Jordanın simasında Qərb maarifçiliyinə üstünlük verdiyini, gənc Şahbaz bəyin timsalında Avropanın elmi birliklərinə yiyələnməyə can atan vətənpərvər azərbaycanlıların yetişəcəyinə ümid bəslədiyini diqqətə çəkmişdir. Böyük ədib arzu edirdi ki, “qoy bizim millətimiz bir az gözü açılıb fanatiklikdən çıxsın, bəlkə patriot olsun, onda hər nə etsən, baş tutar”. Beləliklə, Mirzə Fətəli Axundzadənin yaradıcılığı ilə Azərbaycan maarifçi realizmi kamillik mərhələsinə çatmış, bətnində tənqidi realizmin rüşeymlərini hazırlamışdır. Nəticə etibarilə Molla Pənah Vaqiflə başlanan Azərbaycan realizmi mollanəsrəddinçi tənqidi realizm səviyyəsinə Mirzə Fətəli Axundzadənin mükəmməl maarifçi realizm körpüsündən keçərək gəlib çatmışdır.

Məlum olduğu kimi, Azərbaycan teatrı da M.F.Axundzadənin yaratdığı ölməz komediyaların zəminində yaranmışdır. 1873-cü ildə Həsənbəy Zərdabi Nəcəfbəy Vəzirovla birlikdə Bakı məktəblərinin birində məşhur “Hacı qara” əsərini tamaşa kimi hazırlayıb göstərməklə Azərbaycanda, həm də ümumən türk-müsəlman aləmində teatr hərəkatının əsasını qoymuşdur. Mirzə Fətəli Axundzadə bu münasibətlə Həsənbəy Zərdabiyə yazdığı məktubunda həmin böyük işiömrünü on il artıran hadisə” kimi dəyərləndirmişdir.

Yeri gəlmişkən deyək ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda da teatr 1883-cü ildə M.F.Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” əsəri ilə fəaliyyətə başlamışdır. Görkəmli dramaturqun dram əsərlərinin Naxçıvan tamaşaları yaddaqalan hadisəyə çevrilmişdir. Böyük demokrat ədib Cəlil Məmmədquluzadə yazır ki, XIX əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvan səhnəsində şagirdlər üçün oynanılan “Hekayəti Molla İbrahimxəlil Kimyagər” tamaşasından təsirlənən məktəb uşaqları evlərinə dönərkən şəhərin küçələrində, bazar-dükan ətrafında “Molla Həmid, körüyü bas!”-deyə çığırışırmışlar. Hətta bu səs-küydən şəhərin rəhbərliyi və bəzi möminlər də narahatlıq keçirmişlər. Axırda məlum olub ki, Molla Həmidin körüyü basması əhvalatı teatr nağılı imiş. Fikrimizcə, ümumilikdə Mirzə Fətəli Axundzadənin əsərlərinin ilk tamaşaları teatrın, geniş mənada Azərbaycan milli mədəniyyətinin nağılı, əfsanəsidir.

Mirzə Fətəli Axundovun komediyaları vasitəsilə Azərbaycan qadınlarının timsalında səhnədə ilk dəfə Şərq qadınlarının obrazları yaradılıbdır. XIX əsrdə teatr səhnəsində Azərbaycan qadınlarının: Şərəbanı xanım, Xanpəri və Zalxanın, Ziba xanım, Şölə xanım, Tükəz, Sona xanım və başqa xanımların kişilərlə birlikdə səhnədə gülüb danışmasını göstərmək hünər tələb edən məsələ idi. Zamanına görə bu böyük işi də Mirzə Fətəli Axundzadənin əsərlərini səhnəyə çıxarmaqla Azərbaycan maarifçiləri həyata keçirməyi bacarmışlar. Böyük demokrat Cəlil Məmmədquluzadənin vaxtilə yazdığı kimi, “bu əsərlər (Mirzə Fətəlinin komediyaları – İ.H) “çapdan çıxıb intişar tapan kimi Qafqazın bir çox şəhər və hətta qəsəbələrində cavan həvəskarlar tərəfindən mövqeyi-tamaşaya qoyulmağa başladılar. ona baxmayaraq ki, qadın rolunda səhnəyə çıxanlar o vaxtlarda cavan oğlanlar idi, tamaşaçılar səhnənin zahirində ancaq türk qadınlarını görürdülər və böyük məharətlə yazılmış bu əsərlər qadınların halını elə bir ustalıqla tamaşaçıların nəzərindən keçirirdi ki, xam tamaşaçılar bəzən şübhələnib səhnədəkiləri həqiqət halda qadın zənn edirlərdi. Ta ki, bir az vaxtda Mirzə Fətəlinin qadın tiplərinin adları hər bir yerdə camaat dilində virdi-zəban oldular...

Mirzə Fətəlinin komediyalarının qadın tipləri əsrinin məişətindən götürülmüş bir fotoqraf şəkilləri kimidir... Burada biz görürük ki, bu qadınların cümləsi fitri qabiliyyət və gözəlliklərin heç birindən məhrum deyillər: səlamət, cürət, dilavərlik, səbat – cümləsi bunlarda mövcuddur. Fəqət tək bircə dənə düşmənləri var: o da elmsizlik!”

Beləliklə, tədricən Azərbaycan qadınlığının təkcə səhnədə yox, cəmiyyət həyatında da yer tutmağa başlaması “Axundzadə işinin” əks-sədası olmuşdur...

M.F.Axundzadə 1837-ci ildə, 25 yaşında ikən “Puşkinin ölümünə Şərq poeması”nı yazmaqla və dərhal da rus dilində “Moskovskiy nabludatel” jurnalında çap etdirməklə dahi şairin faciəli ölümündə Rusiya padşahının əli olduğu üçün susmağa məcbur olmuş rus şairlərini xəcalətdən qurtarmış, Rusiya ədiblərinin vətəndaşlıq vəzifəsini yerinə yetirmişdir. Bu əsər həm də “Çindən tutub Tatara qədər şöhrəti diyarbadiyar dolaşandahi rus şairinin zülmün gücü ilə “başına qara buludlardan dolu yağdırılmasına” Qafqazın poetik etiraz notası kimi səslənmişdi.

Məlumdur ki, Azərbaycanda realist bədii nəsrin əsası M.F.Axundzadənin 1857-ci ildə yazdığı “Aldanmış kəvakib” povesti ilə qoyulmuşdur. Böyük mütəfəkkir ədib əsərdəki Yusif Sərracın timsalında Azərbaycan ədəbiyyatına ilk dəfə olaraq xalq hakimiyyəti ideyasını gətirmişdir. “Aldanmış kəvakib” povesti də Axundzadənin orta sərlər fanatizminə və cəhalətə qarşı apardığı geniş miqyaslı mübarizənin nəsr miqyasının ifadəsidir.

Azərbaycanda ədəbi-nəzəri fikrin tarixi qədim olsa da ədəbi tənqid elm səviyyəsində Mirzə Fətəli Axundzadə ilə başlanır. O, profesional Azərbaycan ədəbi tənqidinin görkəmli yaradıcısıdır. Müasirlik, məzmun gözəlliyi və bədiilik Mirzə Fətəlinin ədəbi tənqid estetikasının əsas prinsiplərini təşkil edir. Axundzadənin ədəbi-tənqidi baxışlarının əsas istinad nöqtəsi bədii ədəbiyyatın özü, ölçü vahidi, qiymətləndirmə meyarı isə müasir dövrün tələbələri ilə ədəbiyyat nəzəriyyəsinin qanunauyğunluqlarını da nəzərə almasıdır. Məzmunla formanın vəhdəti haqqındakı mükəmməl təlimi göstərir ki, M.F.Axundzadə həm də kamil bir ədəbiyyat nəzəriyyəçisidir. Füzuli haqqındakı mübahisə doğuran fikirlərini nəzərə almasaq, təxminən XIX əsrin altmışıncı illərində yazılmış “Nəzm və nəsr haqqında” adlı məqaləsi XXI əsrin indiki səviyyəsində də müasir şeir nəzəriyyəsinin elmi təlimi kimi qəbul oluna bilər: “Şeir gərək laməhal ziyadə ləzzətə və hüsndə və Fərəhdə ziyadə təsirə bais ola. Əgər olmasa, sadə nəzmdir... Şeir əgərçi nəzm ilə olur, amma hər nəzm şeir deyil”.

“Kəmalüddövlə məktubları” fəlsəfi traktatı (1864) Mirzə Fətəli Axundzadənin kəşfidir. Bu əsərindəki mübariz ideyalara görə Mirzə Fətəli nəinki Şərq mütəfəkkirlərindən çox-çox irəli getmişdir, hətta bir çox cəhətdən öz zəmanəsinin Qərb filosoflarını da ötüb keçmişdir. M.F.Axundzadənin “Kəmalüddövlə məktubları”nda yazdıqlarına Azərbaycan cəmiyyəti əsərin yaranmasından yarım əsr sonra gəlib çata bilmişdir. Ona görə də akademik Məmməd Cəfər Cəfərov doğru olaraq yazmışdı ki, “Mirzə Fətəli yaradıcılığı bizim ondan sonrakı ədəbiyyatımızın manifestidir... Ədiblərimiz Mirzə Fətəlinin fəlsəfi məktublarından yaranmışdır”. Fikrimizcə, “Kəmalüddövlə məktubları” son 150 ilə yaxın epoxanın ədəbiyyatının və ictimai fikrinin proqramıdır... Və həmin klassik məramnamə həmişə aktualdır, müasirdir.

Türk-müsəlman dünyasında əlifba islahatı da Mirzə Fətəli Axundzadə ilə başlamışdır. O, uzun müddət ərəb əlifbasını sadələşdirmək, daha sonra isə soldan sağa yazılan bir əlifbaya, yəni latına keçmək uğrunda mübarizə aparmış, layihələr hazırlayıb yaymışdır. Onun əlifba haqqında qənaətləri aşağıdakı kimi idi: “Mən iki cür əlifba düşünmüşəm. Onlardan biri latın əlifba hərflərindən seçilərək tərtib edilməlidir ki, onu soldan sağa yazmaq lazım gələcəkdir. İkincisi isə hazırkı əlifbamız (ərəb hürüfatı – İ.H.) qurulmalıdır ki, onu hazırda olduğu kimi sağdan sola yazmaq olar... Şərtlər bunlardan ibarətdir: bütün nöqtələr hərflərin üstündən və altından atılmalıdır... Sait hərflər... sözlərin tərkibində mütləq samit hərflərin sırasına daxil edilməlidir... hər bir hərfin ancaq bir şəkli olmalıdır... Əgər məsləhətimi qəbul edərlərsə, muradıma çatmış olaram. Əks təqdirdə, ... mənim üçün bu təsəlli də kifayət edər ki, bəşəriyyət qarşısında vəzifəmi yerinə yetirmişəm...”

M.F.Axundzadə Qafqaz canişinliyində Şərq dilləri üzrə Baş dəftərxanada tərcüməçi vəzifəsində çalışmış, gizirlikdən polkovnik rütbəsinədək böyük və məsuliyyətli yol keçmişdir. O, Krım müharibəsində, bundan başqa, Rusiyanın Türkiyə və İran dövlətləri arasında aparılan bir çox rəsmi diplomatik danışıqlarında yaxından iştirak etmişdir. M.F.Axundzadə hərbi tərcüməçi kimi hətta İraq və Türkiyə ordusunun vəziyyətinə dair hesabatlar da hazırlayıb canişinliyin rəhbərliyinə təqdim etmişdir. O, sadəcə səriştəli tərcüməçi yox, bacarıqlı diplomat kimi də qəbul olunurdu. M.F.Axundzadə Rusiya İmperator coğrafiya cəmiyyətinin Qafqaz şöbəsinin ilk azərbaycanlı üzvü kimimühüm işlər görmüşdür.

Qafqaz canişinliyində qazandığı mövqedən istifadə edən böyük ədib daim xalqının maariflənməsinə, mədəni tərəqqisinə köməklik göstərmişdir. Qori Müəllimlər Seminariyasında Azərbaycan şöbəsinin açılması zərurətini canişin rəhbərliyinə əsaslı şəkildə çatdıra bilən polkovnik Mirzə Fətəli Axundzadə həmçinin Bakıda “Əkinçi” qəzetinin nəşrini də müdafiə edirdi. Onun “Vəkili-milləti-naməlum” imzası ilə “Əkinçi” naşirinə yazılarında məlum xalqın böyük problemləri vətəndaşlıq cəsarəti ilə özünün əks-sədasını tapmışdır. Tanınmış satirik şair Qasımbəy Zakirin Sibirə sürgün edilməsi haqqında Qafqaz canişinliyi dairə məhkəməsinin çıxardığı hökmü dəyişdirməyə nail olması da “doğmamış Qafqazda analar qorxaq” deyə bəyan edən Mirzə Fətəli Axundzadənin xidmətlərindən biri kimi tarixə iz salmışdır.

Bütün bunlara baxmayaraq, M.F.Axundzadənin həyatının sonu çox nisgilli olmuşdur. Belə ki, o, Tiflis vağzalından çağırılmış dörd nəfər hambalın çiyinlərində şəhərin kənarındakı müsəlman qəbristanlığında torpağa tapşırılmışdır. Başqa bir məlumata görə “mərhumu canişinin dörd nəfər kazak əfradı aparıb torpağa tapşırdı” (Cəlil Məmmədquluzadə). Belə bir məlumat da var ki, “Axundovun varisləri onun cənazəsini əbədi yuxu yerinə aparmağa razı olanların hərəsinə üç manat pul verməli olublar” (Əbdürrəhimbəy Haqverdiyev).

Bununla belə, qədirbilən Azərbaycan xalqı və dövlətimiz daim M.F.Axundzadənin xidmətlərini əziz tutmuşdur. Hələ 1911-ci ildə Azərbaycan ziyalıları Tiflisdə Mirzə Fətəli Axundzadənin anadan olmasının yüz illiyini təvazökar bir yığıncaqla qeyd etmişlər. Yubiley yığıncağında məruzə ilə çıxış etmiş görkəmli ədəbiyyatşünas Fürudin bəy Köçərlinin aşağıdakı sözləri o zamankı acı bir gerçəkliyin içdən gələn etirafı idi: “Mərhum Mirzə Fətəlinin komediyaları məişətimizin təəccüblü bir aynasıdır ki, zahirimizibatinimizieyni ilə göstərir... Mirzə Fətəli rus ədiblərindən və dramnəvislərindən məşhur Qoqolun müasiri idi... Rus milləti Qoqolun qədrini bilib, onun adı ilə iftixar və qədrşünaslıq vəzifəsini ifa etməkdədir. Amma biz möhtərəm və bimisl ədibimizin haqqında heç bir yaxşılıq etməmişik və bu anacan mərhumun qədr və qiymətini bilməmişik. Bizi əhv qıl! Bundan sonra bacardığımız xidməti haqqında müzayiqə etmərik”.

Bu böyük və şərəfli vəzifə bir xeyli geciksə də çox sonralar layiqincə yerinə yetirildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qüdrətli mütəfəkkir Mirzə Fətəli Axundzadənin xatirəsinin əbədiləşdirilməsi, irsinin öyrənilməsi və təbliği, əsərlərinin nəşri və tamaşaya qoyulması sahəsində uzun dövr ərzində mühüm tədbirlər həyata keçirmişdir. Böyük dövlət xadiminin siyasi irsində görkəmli ədib Mirzə Fətəli Axundzadənin çoxcəhətli fəaliyyəti “Azərbaycan ədəbiyyatının tarixində... yeni, görkəmli bir səhifə açmış qüdrətli sənətkarın xidməti” kimi yüksək qiymətləndirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin keçirilməsi haqqında”kı 13 aprel 2010-cu il tarixli sərəncamı böyük ədib və ictimai xadimin tarixi xidmətlərinə dövlət səviyyəsində verilən yüksək qiymətin parlaq ifadəsidir. Mühüm ictimai-siyasitarixi əhəmiyyətə malik olan bu sərəncam, eyni zamanda, yeni dövrdə böyük Mirzə Fətəli Axundzadənin irsindən və xidmətlərindən faydalanmaqla ölkəmizdə azərbaycançılıq məfkurəsini, milli dövlətçilik təfəkkürünü, milli ədəbi düşüncəni, fəal vətəndaşlıq mövqeyini daha da inkişaf etdirmək kimi ali məqsədlərə çatmaq üçün geniş imkanlar açmışdır. Vaxtilə özünün arzu etdiyi kimi “Əsərləri”nin üç cilddə latın qrafikası əsasında nəşri (2005) müstəqil Azərbaycan dövlətinin oxuculara ərməğanıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun təsdiq etdiyi “Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi haqqındakı tədbirlər planı” Prezident sərəncamının işığında ölməz mütəfəkkirin böyük ideyalarının xalqa çatdırılması, bu zəmində yeni nəsillərin formalaşdırılıb hazırlanması, milli mövqeyə malik vətəndaş ziyalılığın inkişaf etdirilməsi, cəmiyyət həyatının müasirləşdirilməsi kimi zəruri proseslərin daha da genişləndirilməsinə imkan yaratmışdır. Ali Məclisin Sədrinin müəyyən etdiyi tədbirlər sırasında xüsusi yer tutan görkəmli alim, akademik Şəfahət Mehdiyevin “Mirzə Fətəli” dramının Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulması müstəqillik dövrü Azərbaycan ictimai fikri və mədəniyyəti üçün əhəmiyyətli hadisədir. Akademik Şəfahət Mehdiyevin “Mirzə Fətəli” dramı 44 il bundan əvvəl yazılmasına baxmayaraq milli ruhu, aktuallığı, maarifçi məzmunu, müasirliyi ilə yeni mərhələdə də cəmiyyətimiz üçün faydalı olan qiymətli sənət əsəridir. Ölkəmizin böyük sənət məbədlərindən biri olan və Mirzə Fətəli Axundzadənin əksər əsərlərini dəfələrlə tamaşaya qoyan 129 yaşlı Naxçıvan teatrı bu əsərlə ilk dəfədir ki, Azərbaycan Respublikasının xalq artisti Rövşən Hüseynovun quruluşunda təqdim etdiyi tamaşa ilə böyük dramaturqun özü səhnəyə çıxarıb. Ümumiyyətlə, müstəqillik illərində birinci dəfədir ki, dramaturgiyanın baneyi-karı Mirzə Fətəli Axundzadənin özü bütün idealları, mühiti və müasirləri ilə birlikdə tamaşaçılarla, doğma xalqı ilə ünsiyyətə gəlir. Tamaşada ustad Mirzə Fətəli Axundzadənin obrazını Azərbaycan Respublikasının xalq artisti Həsən Ağasoy böyük məharətlə canlandırır. Beləliklə, düşünülmüş dövlət tədbirləri sayəsində Mirzə Fətəli Axundzadə təkcə ölməz dram əsərləri ilə deyil, həm də mütəfəkkir siması, sönməz idealları, parlaq obrazı, şəxsi nümunəsi ilə müsətqil dövlətçiliyimizin taleyində iştirak edir.

Xoş gördük, ustad Mirzə Fətəli Axundzadə! Səhnə həyatına uğurlar olsun! “Mirzə Fətəli” tamaşası ilə müstəqil Azərbaycana Naxçıvan teatrından başlanan yeni qədəmlərin mübarək!

 

Naxçıvan, 14 mart 2012-ci il

 

İsa HƏBİBBƏYLİ,

Naxçıvan Dövlət Universitetinin

rektoru, akademik

 

525-ci qəzet.- 2012.- 16 mart.- S.4.