Gənc duyğuların izi ilə

  

Bu günlərdə Azərbaycan Yazıçılar Birliyində “Ulduz” jurnalının Gənc Ədiblər Məktəbi üzvlərinin yaradıcılığına həsr olunmuş sayının geniş müzakirəsi keçirilib. Gənc tənqidçi Elnarə Akimova həmin müzakirədə xüsusi məruzə ilə çıxış edib. Həmin məruzəni oxucuların diqqətinə çatdırırıq.

 

(Əvvəli ötən şənbə sayımızda)

 

Jurnalda gənc ədiblərin bir neçə hekayəsi yer alıb. Bu hekayələrdən danışarkən mövzu paralelliyindən bəhs etmək lazımdır. Gənc yazarların içində bir Malena sevdası var. Təsadüfi deyil ki, səkkiz hekayədən üçü Malena məqamına vurğuludur. C.Zeynallının “Qolsuz qırmızı don”, M.Mövludun “Son zəng” və Nahidin “Gecə saat 12-dən sonra” hekayələri mövzusunu yüngül sevgi hekayətləri üzərində kökləyir, yeniyetməlik dövrünün çılğın sevgi macəraları hekayələrdə romantik-sentimental bir pafosla ifadə olunur. Bu hekayələrdə gəncliyin ruhu, coşğusu ilə onların mənalanması arasında oxşarlıq var. Mövludda problemin poeziyası ehtiva olunursa, Nahiddə bu məqam fəlsəfi çalar alır. C.Zeynallıda isə problemə yanaşma sırf proza müstəvisindədir.

Pərvinin “Fiona”, G.Eminlinin “Qəribə qız” hekayəsi qadın yaşamının ekzistensiyasına köklənir. Bu hekayələrdə təklik mövzusu yeni təzahür məqamına yüksələ bilməsə də qadın yaşamının səmimi mənalanması baxımından maraqlıdır. Pərvində bu iç dünyaduyumunun çözümünə ayna tutursa, “Qəribə qız”da bu məqam “içəyıxılma”nın başqa-hamıdan fərqli yaşam gerçəklərinə söykənmiş tərəflərini görükdürmək, fərdi-fərqli olmağa çaba etmək məqamı ilə çevrələnir.

Jurnalda daha bir hekayə Sahilənin “Dörd plastmas ağ qab” hekayəsidir. Mən Sahilənin “Zemi” povestini oxuyarkən ondakı fərqi dünya duyumu hiss eləmiş və müəllifin realizmindəki dolğun ifadəni dəyərləndirmişdim. Təbrizlə bağlı miniatür lövhələr, tarixi gerçəklərin, tarixin Azərbaycan məkanı üçün görk etdiyi taleyüklü məqamların canlı təsvir olunması bu yazarın düşüncə hüdudlarının genişliyini sərgiləyirdi. Hələ bir qədər də əminliklə deyim ki, Zemi bizim ədəbiyyatımız üçün yeni qadın obrazı idi, düşüncə mədəniyyəti, həyata yanaşma və yaşam fərqliliyi ilə. Sahilənin “Dörd plastmas ağ qab” hekəyəsində isə predmet başqadır: dünyasını dəyişən bir qızın orqanlarının ona ehtiyacı olan dörd şəxsə köçürülməsi və bu situasiyada atanın kövrək duyğuları, acı nisgili.. Hekayə dünya nəsrində artıq istifadə edilmiş hazır model əsasında yazıldığı təəssüratı doğurur, müəllif daha çox bədii montaj effektindən yararlanmaqla oxucunu hər addımda gərginlikdə saxlamağa, onu heyrətləndirməyə çalışır. Amma hekayədəki psixologizm dərinə işləmir, hekayə daha çox zahiri-sosial-ictimai məqamlara toxunub keçməklə, nominal səviyyə ilə məhdudlaşır.

Z.Şəfinin “Heykəltəraş” hekayəsi bəzi motivlərindən mənə Azər Abdullanın “Çavuş” hekayəsini xatırlatdı. Hər iki hekayədə müharibənin fərqli tərəfləri göstərilir, müharibə dəhşətləri ilə üzləşən, ön cəbhədə vətənin müdafiəsi üçün çaba göstərən əsgərin evə dönüşündə üzləşdiyi gözlənilməz səhnələrin təsviri sərgilənir.   Hərçənd “Həykəltəraş” hekayəsi daha dərin, sosial-siyasi, bir qədər də fəlsəfi-psixoloji məqamlara toxunan mətndir. Burada müharibə reallıqlarının sərt dramatizmi və psixologizmi var. Hekayədə müharibədə əsir düşən, xoş bir təsadüf nəticəsində ondan qurtulmağa müvəffəq olan bir əsgərin şəhərə, öz ailəsinin yanına qayıtdığı zaman baş verən proseslər, müharibənin qurbana çevirdiyi bir insanın mənəvi-psixoloji vəziyyəti, üzləşdiyi laqeydlik qarşısında sarsıntısı nəql edilir. Yanına qayıtdığı ailəsi, vətəni üçün bu əsgər illər öncə torpağı uğrunda can nisar edərək şəhid olmuş milli qəhrəmandır. Məlum olur ki, heç kəs, nə vətən, nə doğma ailəsi onun varlığını qəbul eləmək iqtidarında deyil. Daha doğrusu, onlara bunun belə olması sərf eləmir. Ailəsi üçün bu, xoş yaşayışı, milli qəhrəman ailəsi olaraq təmin olunduqları rifahı itirməyə bərabərdir. Belə olan təqdirdə əsgər nə etsin, çıxış yolu hansıdır?

Hekayədə qəhrəmanın psixoloji durumu, onun mühakimə ilə süslənmiş daxili monoloqları təsirli və inandırıcı verilmiş, eləcə də müəyyən sosial-siyasi lövhələr, müharibə illərinin Bakısı ilə səciyyəvi xüsusiyyətlər dəqiq ifadəsini tapmışdır: “Şəhər o biri üzündən xəbəri olmayan medalyon kimidi”. Əslində, hekayənin ideyası başqadır, burada heykəl obrazını simvola çevirmək istəyi öz uğurli həllini tapmır. Deyək ki, özlüyündə çox maraqlı hekayə kimi alına bilən “Heykəltəraş”a müəllifin sonda təsvir elədiyi heykəllərlə bağlı təsvirləri, mühakimələri bir yamaq kimi görünür. Yəni, burada şəhəri başına alan heykəlləşmə prosesi, düzəldilən heykəllərin insanın özünə oxşamaması, mahiyyət baxımından insanın içi ilə tərs mütənasibliyini vurğulamaq əsas ideya olsa da realizəsi həllini tapmır.. Milli, sosial-ictimai gerçəklik nədən ibarətdir, səbəbi, dayaqlandığı məntiqi nədir – bu hekayədə görünmür. Müəllif zahiri detallarla işləyir, o qədər ki, bu zahiri həyatın üst qatından götürəndə daxili təsvir görünmür. Sonda deyilən:” Sən həmişə gözəl heykəllər yonmusan, indi heykələ layiq olmayan adamlara heykəl yona bilmirsən. ...Bilirsən məni heyrətləndirən və iyrəndirən nədi, heykəllərimin varlığı deyil, əksinə, onların məhz mən olmamağımdı! Məni olduğum kimi versəydilər, mən qayıdıb gedərdim əsirliyə və burda heykəlim var deyə fəxr edərdim. Amma mən o mən deyiləm axı, ən pisi budu...“ kimi fikirlərin, yəni müəllifin qarşısına qoyduğu məqsədin real təsviri və inandırıcı həlli hekayədə yoxdur. Amma Z.Şəfinin bu hekayəsi təfəkkürün alt qatına enmək, problemin etik-fəlsəfi zəmində qoyulması cəhdi ilə maraq doğura bilir.                        

Əlbəttə, bu nəsrin struktur qatında klassik nəsrlə obraz-üslub varisliyi bu və ya digər səviyyədə özünü göstərir. Fəqət başlıca olaraq 1990-cı illərin, ən son çağdaşlıq tariximizin ictimai-tarixi və ideya-bədii prosesləri bu nəsrin estetik-poetik bütövlüyünü səciyyələndirən zaman kəsimidir. Amma hansı səviyyə və formada? Bu nəsrdə olan canlanmanı bilavasitə milli həyatın inkişaf dialektikası yetirirmi? Azərbaycan nəsri ilk növbədə, milli düşüncə və milli deyim tərzi, milli dil və milli üslub, milli xarakteristika və milli problematika deməkdir. Qərb yönlü nəsr ölçüləri ilə çulğaşma təbiidir, qaçılmazdır, bu və digər şəkildə bədii nəsrimizdə təsir məqamlarından biridir. Amma gənc nəslin nəsrində bir çox kəsir və çatışmazlıqlar mövcuddur. Hekayələrin dili zəifdir, burada bədii dildən çox publisistik yazı üslubunun qabarıq olduğu hiss olunur. Bəlkə də ilk növbədə, ona görə ki, bu hekayələrdə emosionallıq çatmır, təsvirlərin ifadəsi quru təsir bağışlayır, hadisənin, hər hansı fikrin təsvirində uzunçuluğa varılır. Fikirlərimizi bir qədər konkretləşdirək: Z.Şəfinin “Heykəltəraş” hekayəsində “İçəri otaqdan çıxan saçları ağappaq qocaman ustanı görüb ilk olaraq onun söhbət etdiyi, sonra da o ayağa qalxdılar”; yaxud Günel Eminlinin “Qəribə qız” hekayəsində müəllifin maraqlı fantaziyası bizi qane etsə də dilinin qüsurlu və cilalanmamış olması təəssüf doğurur. Məhz dilin yaratdığı bu diskomfortluq oxucuya hekayənin sanki tərcümə olması təəssüratı bağışlayır. Diqqət edək: “Alqış səsləri rüzgarın qəbir daşla arasından sivişib çıxarkən çıxartdığı uğultulu səsləri olardı”, “...adətən cavan insanların qəbir şəkilləri onların ən xoşbəxt vaxtlarından götürülmüş şəkil vurulardı...”, “Hər ay rayondan valideynləri şəhərə əlidolu sovqatla gələrək, şəhərdə tək yaşayan qızlarına baş çəkməyə gələr, onun necə yaşadığını öyrənmək istərdilər”, “Yanaşı getməyə başladılar, ürək edib, söz soruşa bilməsə də (bəlkə söz soruşmaq istəməsə də olsa daha yaxşı olardı-E.A.), dili dinc durmadı”, “Sara xanım Bakının ilk filosoflarından birinin qızı olub, repressiya dövründə atasına həddən artıq türkçülük, millətçilik fikirlərinə, yazılarına görə onu xalq düşməni elan ediblər, onun da ziyalı insan qəlbi ağır təhqirlərə tab gətirməyib və 43 yaşında özünə qəsd edib.” Bu misalların sayını istənilən qədər artırmaq olar. Fikrin təsvirində uzunçuluq bəzən cümlələr arasında rabitəni itirir, bu da fikir qırıqlığının yaranmasına qapı açır. Sahilənin, Nihalənin də hekayələri müəyyən dil xətalarından məhrum deyil. İnsafən deyim ki, C.Zeynallının və Pərvinin dili mənə Gənc Ədiblər Məktəbinin üzvlərinin içərisində nisbətən qənaətbəxş –səlis və cilalanmış təsir bağışladı.

Jurnalda yer alan çevirmələr arasında Qismətin də Con Donndan şeir tərcüməsi, eyni zamanda Con Donn haqqında “Kölgələr haqqında bir dərs” və “Yuxulu və ayıq yazı” essesi də var. Əlbəttə, Qismət ilk növbədə, şairdir və qətiyyətlə demək olar ki, ən yeni dövr Azərbaycan poeziyasının təmsilçilərindən biridir. Lakin jurnalda Qismətin polifonik spektrli yaradıcılığının tərcüməçi-publisist miqyası ehtiva olunub. Mən bir dəfə qeyd eləmişəm, Qismət tərcümədə uğurludur, tərcümə elədiyi şeirdə müəllifin üslübu, ritmi, intonasiyası oxucuya aşılana bilir. Con Donnun şeiri də bu fikrimi bir daha təsdiqlədi. Eləcə də onun Con Don haqqında essesi Qismətin bu işə bir yaradıcılıq kimi baxdığını görükdürür. Son vaxtlar bu gəncin müxtəlif dünya yazarlarının əsərlərinin tanıtımı ilə bağlı silsilə yazılarını oxuyur və görürəm ki, Qismət maraqlı bildiyi əsəri oxucuya oxutdurmaq və maraqlı etmək üçün bir sıra manevrlərə, ədəbi jestlərə əl atır. Bu məqam onun bu təqdimetmə işinə də yaradıcılıq kimi yanaşmasını, eyni zamanda zəngin təfəkkür sahibi olduğunu sərgiləyir.

Jurnalda eyni zamanda Leyla Şərifovanın tərcüməsində “Göy gurultusu”(R. Bredberi) hekayəsi,Ülkər Nəsibbəylinin tərcüməsində “Mən nə üçün yazıram” (Corc Oruel) yazısı və Fərid Hüseynin Orxan Pamukdan etdiyi tərcümələr yar alıb. Tərcümələrdə dilə münasibətdə müəyyən qüsurların olmasına rəgmən ümumən gənclərin zövqü və faydalı olanı sezib prosesə ötürmək çabasının özü təqdirəlayiq haldır. Bu fikri publisist yazılara münasibətdə də eyni vurğu ilə söyləmək olar. Ümumiyyətlə, Gənc Ədiblər Məktəbinin təmsilçiləri tərcümə prosesində fəallığı ilə seçilirlər. Yeganə Cansailin “Ürək ovçuları” məqaləsində, Ülviyyə Heydərovanın “Mircavad Mircavadov: Ölümlə söhbət” yazısında isə tanış şəxsiyyətlərin tanımadığımız tərəfləri sərgilənir. Birinsi müəllif V.Hüqonun, S.Yeseninin, F.Kafkanın yaşadıqları sevgi macəralarını çözələyirsə, ikinci müəllif, Ülviyyə Heydərova rəssam Mircavad Mircavadovun yaradıcılığının məhcul, işlənməyən qatlarını təqib qılır, onun rəsm sənətindəki özəlliyi söz sənətindəki fərqli duyumu ilə müvazi verilir.

 Gənc ədiblər məktəbini təmsil edən yazarlar haqqında qənaətlərimiz bu qədər. Əlbəttə, onları hələlik bir nəsil kimi təsnif etmək bir qədər çətindir. Nədən ki, yeni ədəbi nəsil artıq formalaşmış bədii-estetik konsepsiya, oturuşmuş dəyərlər sistemi deməkdir. Hal-hazırda onun funksionallığını stimullaşdıran amillər sırasında gərgin üslubi axtarışlar, hələ yalnız bədii-estetik təcrübə xarakteri daşıyan şeir və nəsr nümunələr, habelə ənənəvi forma və məzmunda ifadə olunan mətnlər yarandısa da gələcək perspektiv keçmişin dərinliyi və gələcəyin yüksəkliyinə yönələn poetik baxışın vüsəti ilə hasil olacaqdır. İnanıram ki, bu gənclər içlərindəki ruhsal enerjini, yeni məzmun qatını yeni poetik formaya bürüyərək gələcəkdə daha böyük uğurlara nail olacaqlar.

 

 

Elnarə AKİMOVA,

filologiya üzrə fəlsəfə doktoru

 

525-ci qəzet.- 2012.- 17 mart.- S.28.