Məhəmməd Əmin Rəsulzadə

 

Nəşrin redaktorları:prof. Şamil Vəliyev  və elmi işçi Samir Mirzəyevdir.

 

Əsərləri  Üçüncü cild  (1915-1916)

 

Ön söz

 

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

On illik bir həyatı düşünürkən

 

Volqaboyu mətbuatının bayramı münasibətilə

 

Keçən mövludi-Nəbi günündə rəbiüləvvəlin 12-də, yanvarın 5-də Kazan qəzetəçilərinin təşəbbüsü ilə və Volqaboyu türk-tatar mətbuatının diriligində on il tamam olmaq həsbilə bir bayram düzəldigini, bu bayrama isə gec xəbər tutduğumuzdan vəqtində iştirak edə bilmədigimiz üçün mütəəssif olduğumuzu xəbər vermişdik.

Görülüyor ki, bu xüsusda gec xəbər tutmaqla mütəəssif olan yalnız biz degil, tatarlar arasında ən çox nəşr olunan orenburqlu “Vəqt” rəfiqimizlə Rusiya türkcələrinin babası İsmayıl bəy Qasprinski təsiskərdəsi “Tərcüman”da bu halda imişlər.

Mətbuat bayramına iştirak etmiş olan Kazan qəzetələri ilə ufalı “Turmuş” və moskvalı “Söz” qəzetələrinin o günə tapşırdıqları sayıları hər nə qədər bütün bu mövzuya həsr edilmişsə də, yenə əcələ surətdə hazırlanmış olduqlarını hiss etdiriyorlar.

Tatar mətbuatı üçün on illik bayram əslinə baxanda sentyabrda icra edilməli idi. Sentyabrdan yanvara qədər gecikmiş olan bu təşəbbüs də nədənsə mövlud bayramını ötürməmək üçün tələsilmiş və bu surətlə bütün Rusiya müsəlmanlarından ötrü böyük mədəni bir bayram təşkil edən günün böyüklügünə bir rəxnə vurulmuşdur.

Nədənsə kazanlı rəfiqlərimiz mütləqa sentyabrdan yanvara qədər gecikmiş olan bu günü mövluda salmaq istəmişlər. Halbuki bizcə mövlud öz yerində, mətbuat bayramı da öz yerində ola bilərdi. “Mövlud” özü özlügündə bir bayramdır. Onun özünə məxsus fövqəladə nüsxələr çıxarmaq, mövlud məqalələri yazmaq icab edər. Bunun üstünə bir də mətbuat bayramı əlavə etmək o qədər münasib olmasa idi gərək.

Nə isə, Rusiya müsəlmanları mədəni həyatında yeganə degilsə, ən böyük bir tərəqqi amili olduqda şübhə olmayan mətbuat bayramı lazım olduğu kibi tutulmadı.

Volqaboyundakı şimal türklərini Krımdakı qardaşlarına, Krımdakıları qafqasiyalı Azərbaycan türklərinə tanıtdıran və bunlarla türklügün baba yurdu olan Türküstan arasında mənəvi və mədəni bir rabitə sovqi ilə Rusiyadakı türk-tatar qövmlərində birlik hissi oyandırıb da, milliyyət məsrəfini hasil edən mətbuat öz bayramını icra edərkən birləşə bilmədi.

Zatən bu hər zaman böylədir.

Mətbuata mənsub olanlar və xəlqi düşünmək, başqalarına dərs vermək ehtiyadında ikən özlərini unudurlar. “Nəbi” mərhumun dedigi kibi, “başqanın gözlərini aydın etmək üçün sürmə ilə mil kibi üzüqara” olurlar.

Bu “üzü qaralığımız”ın mətbuat bayramındaki yuxarıda məzkur təəssüflü göstərişindən bəhs edən moskvalı rəfiqimizi “göz” bu işdə mütəşəbbüs olan kazanlı rəfiqimizi çubuqlayır, günahlarının təlafisi üçün də öhdələrinə bir təklif yüklətmək istiyor. Bu təklif bütün Rusiya türkcələri arasında daimi bir rabitə bulundurmaq, adətən bir türk mətbuatı ittifaqı vücudə gətirməkdən ibarətdir.

Şübhəsiz ki, “Söz”ün bu təklifi üçün artıq xəyaldan felə çıxmaq zamani gəlmişdir.

Mətbuat bir qüvvətdir. İttihad da bir qüvvətdir. Müttəhid mətbuatın qüvvətəndər qüvvət olduğunu artıq biz düşünürkən, bütün vüsətlə türk-müsəlman mətbuatının ittifaqı fikri və bu ittifaqı vücudə gətirmək üçün mətbuata mənsub olanlardan ibarət bir şura məclisi dəvət eləmək adaşımız “Söz”ün təyin elədigi “cəza” surətilə kazanlı rəfiqlərimizin düşüncəsini təşkil etsin.

Fəqət biz də bir az bu ittifaqın təmin edə biləcəgi ümumi və xüsusi faidələrini göstərəlim.

Əvvəlinci, böylə bir ittifaq olsa, artıq mətbuat bayramları kibi günlərdə gördügümüz nöqsanlara meydan qalmaz. Bir gündə bir məsələdə müəyyən bir qərar və nümayiş lazım olarsa, vəqtində ikən hər bir qəzetə idarəsinə xəbər verilər və hər kəs öz vəzifəsinə baxar.

İkincisi, bu ittifaqın özünəməxsus sənduqi olar ki, bu sənduqdan mətbuatın müştərək və ümumi ehtiyaclarından ötrü lazım olan məsrəflər ödənir, məsələn, bütün Rusiyadakı türk mətbuatı adına ümumi mətbuat yığınlarına adam göndərmək lazım gələrsə, bu adamın məsrəfini ödəmək, möhtac və müstəhəqq yazıçılara maddətən müavinət eləmək və sairə kibi.

Üçüncüsü, bu ittifaq idarəsi büro vasitəsilə təşəbbüslər olunar da, Rusiyadaki türk-tatar qövmləri biri-birinə tanıtdırılar və bu təsərrüf üçün ciddi təşəbbüslər olunub, heç olmasa, hərdən bir mətbuat nümayəndələri yığını tərtib olunar. Lüzum görülürsə, müştərək bir məcmuə nəşr olunar.

Böylə təarifə, böylə bir təşkilata olduqca ehtiyacımız vardır.

Hər daim oturub özümüzü ruslara, rus əfkari-amməsinə tanıtmaq lüzumundan, qonşularımızı tanıyıb da onlarla danışmaq faidəsindən bəhs edəriz. Fəqət bu gün içəri Rusiya müsəlmanları mətbuatlarının on illiyini bayram tutuyorlar. Bu on il yaşamış mətbuat həqqində xəlqimiz qalsın, ürəfamız olsun, lazım olduğu qədər bir təsəvvür və məlumata malikmi?

Tatar qardaşlarımızda olduqca ciddi bir əsəri-həyat vardır. Geniş surətdə xəlq içinə yayılmış qəzetələri, böylə davam edib gələn mətin məcmuələri, təqdirəşayan elmi və tarixi əsərləri vardır. Hekayə və romanları on minlərlə basılır. Şairləri ən mədəni bir halda olduğu qədər təqdir olunur. Dərs kitabları 50-60 min nüsxə basılır, Ufada, Kazanda, Orenburqda olduqca etibarlı və zəngin nəşriyyat müəssisləri var. Xəlq yazı, oxu cəhətdən çox iləridə, ticarət və alış-verişdə, sənaət və təşəbbüsdə də geridə degildirlər.

Tatarların son on ildəki tərəqqiyatını seyr etmiş olan bəzi avropalı səyyahlar “burada yeni bir millət doğur” demişlərdi. Bu yeni doğmaqda olan milləti “doğanları” (qardaşları) olan bizlər, biz Cənub türkləri bilməli, ögrənməliyiz. Bizdəki tərəqqiyat və nəvaqisi də onlar ögrənməli, bilməlidirlər. Bu gün dilimizdə, məişətimizdə bəzi cüzi şivə və yaşayış fərqləri vardır. Fəqət bu fərqlər bizi biri-birimizdən tamamilə uzaqlaşdıracaq şeylər degildir. Kars və Ərdəhan fəlakəti Rusiyadaki türklərin bir dürlü düşünür, bir dürlü hiss edir, böyük bir vücud olduqlarını isbat etdi. Bu hissiyyatı tərbiyə etməli, onu müxtəlif türk-tatar qovmlərini biri-birilə birləşdirilib də mədəni bir vücud yaradacaq qədər qüvvətləndirməlidir.

Rusiyada yaşayan bütün müxtəlif millətləri biri-birinə tanışdırmaq bir vətən “qrajdani” vücudə gətirmək arzu olunurkən, bir millətə mənsub olan xəlqlər arasında mədəni bir rabitə vücudə gətirmək üçün kimsənin sözü olmaz. Biləks, “qrajdanları” birləşdirmək üçün bu birləşmək özü bir basamaq (pillə) təşkil edər.

“Söz” rəfiqlərimizin kazanlı rəfiqlərimizə “kəsdigi cəza”dan nəticə etibarı ilə böyük və milli bir faidə gözətliyoruz.

Ən azı on illik bir həyat keçirdik. Bizim kibi millətlərdə on il az degildir. Əksəriyyətlə on il yaşayıb da içlərində 30 yaşamış təcrübə didələri olan bir mətbuat üçün şübhəsiz ki, ittifaq edərək mədəni bir təşkilat vücudə gətirmək lazımdır.

Böylə mətbuat cəmiyyətləri başqalarında yox degildir. Vəqtilə mətbuatımız təkcə bizdə yox ikən var olmuşsa, öylə “mətbuat cəmiyyəti” var etmək də öz əlimizdədir.

Madam ki, “Söz” bu işin binasını Kazandan gözləmiş nöqteyi-intizar iki olmasın deyə, biz də gözlərimizi Kazanın “Quyaş” (Günəş)li və “Yıldız”lı asimanına ətf edəriz.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 25 yanvar 1916, ¹94

Əcələ – tələsik                           

Təarüf – bir-birini tanıma

Ətf – meyl

Müstəhəqq – ehtiyacı olan

Çin əhvalı

Avropa dövlətlərinin başlarını qarışıq görüb də “Asiman” tacını hiyləkar başına taxmaq xülyası ilə bu Anşiqayə hər nə qədər vəqtilə Çin məmləkətinə dost olan dövlətlər bu sırada idarə məsələsi qalxızmanın mövsümsüz olduğunu anlatdısalar da, tədbirlərinin “qüvvətli” olduğuna inanmaq olan bu siyasi “bu gün” görüləcək işi “sabaha” buraxmaq istəmədi.

Kəndi tərəfindən seçilmiş “Məclisi-milli”nin israrilə vaqe olan tələbi “bütün arzu və əməlinə rəğmən” qəbul etmək “məcburiyyətində” qaldı. Nə etsin “kəndisi cümhurinə sadiq qalacağına and içmişsə də, millət cümhuriyyəti degil, Yu Anşiqayi istiyor”.

İştə, bu “Yu Anşiqayi istəyən millət” imdi qəzetələrdə gördügünüz teleqraf xəbərlərindən anlaşıldığı vəchlə, üsyan etmiş, haman Pekin üzərinə yürüməkdədir. Üsyan iki tərəfdən qalkışmışdır: şimaldan, cənubdan.

Şimal asilərini cənubi-Moğolustan cəngavərləri təşkil ediyorlar. Bunların başçısı sabiq Şansi və Qansu əyalətləri qubernatoru olan “Şan-Yun”dur. Bura asilərinin şüarı əski “Daysiq” sülaləsini təkrar təxtə gətirməkdən ibarətdir.

Məlum olduğu üzrə bu sülalə moğol Çinindən idi. Çin işlərinə aşina olan mühərrirlərin dediginə görə moğol asilərinin başında xüruc edən “Şen-Yun” Çin qubernatorlarından yeganə bir qubernator idi ki, vəqtilə təxtindən xəlc olunmuş əski imperator Yu Anşiqay və cümhuriyyətçilərə qarşı müdafiə etmişdi. “Şen-Yun” Yu Anşiqayə qarşı çoxdan bəri xüruc etmək niyyətində olub, bu məqsədlə Şimali – Moğolustan xanlarına dəfələrlə müraciət etmiş və bütün moqolların Çin təxmini təkrar əski sülaləyə qaytarmaq və bunun mükafatı olaraq Moğolustana vaseh bir muxtariyyat və istiqlal almayı təklif etmişsə də, Urfadakı Xutuxta hökuməti “Şen-Yun”un bu təklifini rədd edərək Moğolustan həqqində Çin-rus və Xuto Xuta arasında əmələ gələn üçlü etilaf əsasını təqdir etdi. Bu etilafa moğollar düşməncə baxdılar. Çünki bu surətlə Moğolustanın birligi pozulub, məmləkət Şimal və cənub hissələrinə bölünüyordu.

İştə, əskidən bəri təxti-tacını moqollara qaytarmaq amalı ilə yaşayan “Şen-Yun” bu Anşiqaın son xəyanətini görüncə, üsyan üçün ən münasib bir vəqt gəldiginə qane olmuş, hərəkətə başlamışdır. Şübhəsiz ki, bütün şahpərəst çinliləri də bu hərəkətdə kəndisi ilə bərabər görmüşdür.

Şimaldan əski sülalə tərəfdarları, böylə cəngavər bir qövm hərəkətə gəldigi halda, cənubda da ikinci nov bir üsyan qalxmışdır. Şimaldakılar əski sülalənin dərdi ilə qılınc sıyırmışkən, cənubdakilər cümhuriyyət əsasını müdafiəyə qalxmış və hüquqi-milləti qəsb etmiş olan “hiyləgər bir müstəbidi” devirmək üçün silaha sarılmışlardır.

Yunqan tərəfdən üsyan etmiş inqilabçılar Sinxyan əyalətinin mühüm bir şəhəri olan “can-cunu” almışlardır. Kantun general qubernatoru inqilabçılara qarşı müdara ilə rəftar ediyor. İnqilabçılara qarşı göndərilən ordu işində Yaponiyada nizami təhsil görmüş “Tozida” adında cavan bir zabit durmuşdur. Bu zabit Pekindən aldığı əmrləri ehmal ediyor. Yu Anşiqay qoşunları hər tərəfdə asilərlə üz-üzə gəlincə təslim oluyorlar. Pekinin özü də rahət degildir. Yaxında paytəxtə Yu Anşiqay əleyhinə qurulmuş bir sui-qəsd tərtibati açılmışdır. Bu tərtibatda Yu Anşiqaya yaxın olan bir çox dərbar adamlarının dəxi əlaqədar olduğu meydanə çıxmışdır.

Şübhəsiz ki, Çin cümhuriyyətçilərinin başçısı Sun-Yat-Sen cümhuriyyətə sadiq qalacağı həqqində parlaq bir surətdə söz verib də, bu sədaqəti həqqində dəfaətlə and içən əcnəbi müxbirlərə verdigi bəyanatlarda kəndisinin “Napaleon” degil, Çin Vaşinqtonu olduğunu söyləyən, imdi isə bu surətlə nə təxt və tac qapmaq fikrinə düşən bir adam da deyil. “R.Vedomosti” mühərriri demişkən mətin bir əqidə, saf və səmimi bir iman aranmaz. Böylə siyasi bir imana malik olmayan adamların isə fədakar tərəfdarları da, məsləkdaşları da olmaz. Bunlar yalnız hiylə, rüşvət və insanlar vasitəsilə tərəfdar yığa bilərlər. Bu surətlə yığılan tərəfdarlarda şübhəsiz ki, bərk gündə işə gəlməzlər.

Fəqət tac geymək istərkən başına əngəllər çıxarmış olan Yu Anşiqay, yalnız daxili üsyanlar qabağında aciz qalmaq degil, xarici müşkülata da təhəmmül etmək məcburiyyətindədir. Şərqi-Əqsayidə çıxan qəzetələrdən məsələn, Petroqrad və Moskva qəzetələrinin xəbər verdiginə görə Yaponiya hökuməti Çin dövlətinə tazəliklə 7 maddədən ibarət bir nota vermişdir. Nota qismi-xüsusimizdə dərc edilmişdir. Oxucular orada dərc olunan 7 maddəni diqqətlə oxuduqda Yaponiya hökumətinin nə kibi bir məqsəd güdməkdə olduğunu aşkar görəcəklərdir. Bu məqsəd adətən bir məmləkəti iqtisadi və siyasicə Yaponiyaya tabe qılmaqdan ibarətdir, başqa bir şey degildir.

Məlum işdir ki, tacdar olmaq istəyən dünki cümhuriyyətini özünü iki barışmaz düşmənin müttəhid bir məcmui qarşısında aciz görürkən Yaponiyanın himayəsinə iltica edəcək “amandır bəni qurtar, müqabilini verməgə hazıram” deyəcək. İştə, Yaponiya hökuməti bu xüsusda adətən Yu Anşiqayin ağzına dil vermiş oluyor. Daha məşhur bir təbirlə hazırki Çin dövləti Daziridə qısnıyor”.

“Bu qısıntı” yalnız bir Çin ilə Yaponiya arasında həll olunub qurtaracaq bir məsələmidir?

İştə sual.

Sualın cavabını təyin edərkən “D.N.” qəzetəsi diyor ki, Amerika Cəmahiri-Müttəfiqəsi tərəfindən son günlərdə varid olan xəbərlərə baxmalıdır. Bu xəbərlər Cəmahiri-Müttəfiqənin qərib bir surət və ciddiyyətlə müharibəyə hazırlanmaqda olduğunu göstəriyorlar.

Nə qədər ki, Avropa müharibəsi ancaq Avropa səhnəyi-hərblərində münhəsir idi, Amerika öz daxmasını “kənarda” hesab ediyordu. Fəqət böyük yanğın Asiyaya, bilxassə Çin torpağına dəxi qığılcımlar alıb da bir yanğın saldı ki, o yanğın imdiki halda atəşlənməkdədir. O zaman Amerika dövləti vəqaye-tarixiyəyə bitərəf bir tamaşaçı kibi durub baxa bilməz. Çünki burada bütün Avropa dövlətlərinin mənafei biri-birinə çalpaşdığı kibi, Amerikanın ən çox həyati mənfəətləri dəxi buradadır. Bu mənfəətlər üstündə Şərq sularında yeganə bir rəqibi olan Yaponiya ilə Amerikanın bir çox hesabları vardır. Çin məsələsi xaric bir, yaxud bir neçə dövlətin müdafiəsi ilə həll olunacaq olursa, o zaman cəmahiri-Müttəfiqə meydanı rəqiblərinə buraxacaq qədər etidal göstərmək halını saxlaya bilməz. İstər-istəməz müharibə meydanına atılır. Sonki tədarükləri də bunun üçün olsa gərək.

Əvət, Yu Anşiqayın daha geyəmədigi tacı kim bilir, daha nə qədər qanların tökülməsinə səbəb olacaq. Kim bilir! Daha nə kibi məsələlər çıxaracaqdır.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 29 yanvar 1916, ¹96

Xüruc – üsyan etmə, çıxma

Müdara – zahirdə dostluq göstərmə

Dərbar – padşahın sarayı

Dövlət dumasının açılması

Dövlət dumasının iniqadı nəhayət fevralın 9-da olsun – deyə iradeyi-imperator sadir oldu.

Düşmənə qələbə çalmaq hökumətin də xəlq üzərində mənəvi böyük bir nüfuzu olan cəmaət müəssisələrinin də əməli və arzusudur. Bu qələbənin təmini üçün daxildəki əhali siniflərini doldurduqları vətənpərvərlik hissiyyatından faidələnərək vətəni müdafiə etmək işində birləşdirmək və bu birlik sayəsində basılmaz bir qüvvət vücudə gətirmək cəmaət məhfillərinin bəslədikləri böyük məqsəddir.

Bu məqsədin hüsuli üçün cəmaət müəssisələri ilə hökumət arasında hali-aşnalıq, ülfət və məhəbbət lazım idi. Halbuki dumaya qarşı (məqalənin böyük bir qismini senzura çıxarıb, yeri ağdır – Ş.H.)

Fevralın 9-da açılacaq duma müxtəsər bir zaman iclas edib də, ancaq büdcəyəmi baxacaq, yoxsa daha uzun müddət ömür edib təxiri-qabil olmayan xəlqin ittihadı, vətənpərvərlik hissiyyatınını tərbiyəsi hökumət ilə xəlq arasındaki islahın təmini üçün lazım olan qanun layihələrinədəmi baxacaq? Burası hələ qeyri-məlum. Könül arzu edirdi ki, məqamın idamiyyəti dərk olunsun. Zamanın iqtizasını əql irdirilsin, dumanın iclası uzun olsun.

Petroqrad qəzetələrində görülən bəzi fəqərələrə görə güman etmək olar ki, öylə də olsun.

O halda müsəlman fraksiyasına düşən vəzifə də böyükdür.

Müsəlman fraksiyası şübhəsiz ki, vətənin mənafei-aliyəsi iqtiza edən xüsuslarda ayrılıq göstərmiyəcək, bu kibi xüsuslarda tərəqqipərvər blokla həmrəy olub da zəmanın mənafeini dərk edənlərə yoldaş olacaq. Fəqət bununla bərabər bu yoldaşlığın təmini üçün müsəlmanların ehtiyaclarına baxmalarına da Rusiya əfkari-amməsindən, bilxassə duma tərəqqipərvər heyətlərindən istiyəcək. Müsəlmanların bu xüsusda istədikləri o qədər cüzi, o qədər bəsit şeylərdir ki, doğru və mötədil bir mühakimə ilə düşünür heç bir vətənpərvər ondan ürkməz və onların verilməsi üçün ikiəlli imza edər.

Müsəlmanların istədikləri nədir?

Müsəlman olduqları üçün hüquqları təhdid olunmasın. Müsəlman olduqları üçün idarə sıxıntılarına düçar olmasınlar.

Dilləri, dinləri hər bir təhdidat və qısıntıdan azad olsun.

Sair vətəndaşları ilə bərabər vətəni müdafiə etməkdə olub da bundan sonra dəxi hər növlə vətən müdafiəsinə hazır olan müsəlmanlardan bu kibi bəsit şeyləri müzayiqə etmək vətənpərvərligə müxalifmi?

 M.Ə.

“Açıq söz”, 28 yanvar 1916, ¹97

Gürcü məsləkdaşımızla bəhsimiz

Qafqasiyada yaşayan millətlərin biri-birilə anlaşıb da ittifaq etmələrinə və mənfəətlərinin bu birləşməkdə olduğuna şəkk və şübhə edən yoxdur.

Ümumqafqasiya millətləri barışıb-birləşməsinin bir qədəməsi olan gürcü –müsəlman barışıb-birləşməsi neçə zamandır ki, gürcülər ilə müsəlmanlar arasında danışılmaqda və bu xüsusda bir çox hissi göstərişlər vaqe olmaqdadır.

Şübhəsiz ki, hər bir ittihad və yeganəligin müəyyən bir zəminəsi olmalıdır. Bu müəyyən zəminə və aşkar şərtlər olmayınca birləşib-barışmaq, ittihad və birlik büruzə gətirmək yolunda söylənilən sözlər ancaq “gözəl bir söz” olub qalar. Hətta yalnız “gözəl sözlə qalmaqla” degil, iləridə bəzi anlaşılmamazlığa və nəticədə arzu olunmayan peşimançılığa səbəb olar.

İştə, məsələyə böylə bir nöqteyi-nəzərdən baxaraq gürcü qəzetəsi “Saxalxo purseli” gürcü-müsəlman məsələsinə aid bir məqalə nəşr elədi. Bu məqaləsində gürcü-müsəlman birləşməsi üçün gürcülər nöqteyi-nəzərindən bir məsələnin fövqəladə əhəmiyyətli olduğunu iləri sürdü. O məsələ də bundan ibarət idi ki: müsəlmanlar öz aralarında birləşərkən milliyyət əsası güdməyib din naminə ittihad ediyorlar. Tatar, türk, ləzgi, gürcü və sair müsəlman millətlərinin müsəlmanlıq adı ilə bir millət kibi birləşmələri, erməni, gürcü və sair xristian millətlərə bir nəzirə (bunu bizim mütərcimimiz qarşılıq mənasında tərcümə etmişdi ki, “S.P” qəzetəsinin etirazına səbəb olmuşdur. Fəqət kəskin nəzərli oxucular, əlbəttə, burada böyük bir fərq olmadığına, olsa da, bütün günahın yalnız “təhtülləfz” tərcümə edilmədigindən ibarət olduğuna qənaət edərlər) bir müqabil təşkil ediyor. Halbuki, böylə bir birlik, yəni islamiyyət əsası ilə birləşmək, “qeyri-təbiidir, elmi degildir”. Hətta Dağıstan millətləri kibi xırda millətlər bu gün müsəlman olduqları üçün müsəlman türklərə iltihaq ediyorlarsa da, gürcü rəfiqimizcə yarın lisan və irqcə kəndilərinə daha yaxın olan xristian millətlərlə birləşəcəkləri aşkardır.

Bir belə nəzəri məsələyi açdıqdan sonra “S.P” mühərriri əsl mövzu olan gürcü müsəlmanlara nəqli-kəlam ediyor. Və bilxassə acaralılardan danışıyor. Müsəlmanlara, yəni Qafqasiya türkləri gürcülərlə buluşmaq istiyorlarsa, acaralılarla bütün gürcü müsəlmanların gürcü olduqlarını etiraf eləməlidir.

Müsəlmanlar deyə onları özlərinə çıxmamalıdırlar, misalında bir mətləb bəyan ediyor.

İştə, əsl ixtilaflı məsələ də burada imiş kibi böyük bir mübahisəyə zəminə hazırlanmış oluyor.

Gürcü qəzetəsinin türklərin tamamilə milliyyət əsasinə biganə olduqları ilə, acaralıların türklərlə heç bir əlaqələri olmadığı həqqindəki fikirlərini təshih etmək və iləridə heç bir anlaşılmamazlığa meydan buraxmamaq üçün mühərrirlərimizdən birinin “S.P.” qəzetəsinin məqaləsi həqqindəki yazdığı məqaləsini dərc etmişdik. Bu məqalədə acaralıların gürcü olduqları etiraf olunuyordu. Fəqət eyni zamanda acaralıların müsəlman olmaq həsəbilə müsəlman olmayan gürcülərlə mədəni və dini bir əlaqələri olduğunun dəxi nəzərdən uzaq tutulması tövsiyə olunuyordu.

Bu tövsiyə bir takım anlaşılmazlıqlara meydan verməklə “S.P.” mühərririnin ikinci məqaləsinə mövzu təşkil eləmiş və bundan başqa “Saname drovo azri” gürcü qəzetəsi ilə “Qolos Kafkaza” qəzetələrinin dəxi mübahisəyə qarışmalarını mucib olmuşdur.

Sosial-demokrat “Saname drovo azri”cə, gürcü “imperalizmi” ilə türk “nasionalizmi” qarşı-qarşıya gələrək nəticədə “dünki dostlar bu gün aranı vurmağa başlamışlardır”.

“Kavkazskoye slovo” qəzetəsinə görə də “Saxalxo purseli” gürcü millətpərvər nədirə realistlərinin nəşri-əfkarı olduğundan və “Açıq söz” dəxi türk müsəlman millətpərvərlərinin ciddi düşünür bir vasiteyi-nəşri-əfkarı şöhrətini qazandığından acara məsələsi üstündə bu iki qəzetə arasında vaqe olan münaqişə Qafqasiyadaki millətlərin münasibati nöqteyi – nəzərindən olduqca böyük bir əhəmiyyətə malikdir.

Mühərririmizin “S.P.” qəzetəsinin ilk məqaləsinə verdigi cavabı dərc edərkən, bu məsələdəki mütaliməmizə qismən tərcuman olduğunu yazaraq buna təkrar övdət edəcəgimizi qeyd etmişdik. Bu qeyd göstəriyor ki, “S.P.” qədər biz də mövzui –bəhs olan məsələyə böyük bir əhəmiyyət veriyoruz.

Təəssüf olunacaq bir hal varsa, o da ancaq burasıdır ki, bu məsələyə övdətimiz bir az arzu etmədigimiz bir hal aldı.

Bunu əvvəlcə bu mövzuda məqalə yazmış olan mühərririmiz dəxi qeyd etmişdi ki, “Açıq söz” şübhəsiz bütün Qafqasiya millətləri ilə, büxassə gürcülərlə anlaşmaq, barışmaq, birləşmək tərəfdarıdır. “Saxalxo” ilə “Z.Reç” arasında yenə bu Qafqasiya millətlərinin barışıb birləşmələri üstündə vaqe olan mübahisələrdən bəhs edərək yazdığı bir məqaləsində “Açıq söz” əsasən təqib elədigi bu fikrini bəyan elədikdən sonra gürcülər ilə müsəlmanlar arasında birligi müşkilatə düçar edəcək fəna halların mövcud olmadığına işarə etmiş, yalnız bu birligin nə kibi xarici bir şəklə girə biləcək olduğunu ögrənmək arzusunda bulunmuş idi.

Biz Qafqasiya millətlərindən gürcülərlə müsəlmanların (yəni Qafqasiya türklərinin) birləşmələrinin daha asan bir şəkildə olacağına qane ikən “Saxalxo purseli” bu səhuləti biləks gürcülərlə ermənilər arasında buluyor. Çünki “gürcülər ilə ermənilər əksəriyyən bir mədəniyyət meydanında çalışıyordular, çünki gürcülər ilə ermənilərin birləşmələri və ixtilafları bilnisbə seçilmiş, bəllənmişdir. Halbuki gürcülər ilə müsəlman millətlərinin əlaqələri daha yeni bir məsələdir və hər iki tərəfə böyük bir bəsirət və mülahizə lazımdır ki, başdan doğru yolu şaşmasınlar...”

Məsələ yeni olduğundan möhtərəm müsahibimiz bunun ətrafilə açılmasına və anlaşılması lazım nə varsa, hamısının indidən təyininə lüzum görüyor. Hər şeydən əvvəl təklif ediyor Qafqasiya türkləri bilsinlər ki, xristian gürcü ilə müsəlman gürcü ayrılmaz bir vücuddur. Bu gün bu vücud zəif isə, atidə qüvvətlənərək tam bir üzviyyət hasil edəcəkdir.

İştə, məsələ böylə qəti bir surətdə vəz olunduğundan bu xüsusdaki mütaliməmizin təfsilən bəyaninə lüzum görüyoruz:

“Açıq söz” mədəniyyəti-bəşəriyyəyi milli mədəniyyətlərin yekuni təsvir edər. Mədəniyyəti-bəşəriyyə naminə milli mədəniyyətlərin hər bir təcavüz və tərzindən saxlanmasını tələb edər. Milli mədəniyyətlərin kökünü dildə, tarix və ənaətdə görər. Fəqət dinə dəxi mədəni bir rol vermək istər. Din mədəniyyətlər arasında mədəni bir beynəlmilliyyət vücudə gətirər.

Bu gün dillərini, bir çox adətlərini mühafizə eləmiş gürcü müsəlmanları acaralılar milliyyəcə gürcüdürlər. Buna görə də xristian gürcülərin onlarla birləşmək istəməsi və onların gürcülügə intisab edəcəkləri bizə narəva degildir. Biləks, nəticə etibarilə bunda bir faidə belə təfəvvüq edə bilərlər.

Fəqət müsəlman olmaq etibarilə acaralılar, türklər, iranilər, ərəblər və sair islam millətləri kibi beynəlmilliyyəti-islamiyyə daxildirlər. Beynəlmilliyyət şübhəsiz ki, bizimlə onlar arasında mədəni bir rabitəyə səbəb oluyor. Bu rabitə əsrlərin təsiri və bu əsrlərdə müştərək bir mədəniyyətin nüfuzi ilə qüvvətləniyor.

Millətlərin tərəqqisi yalnız milliyyət və irq amillərindən asılı degildir. Onların ümum bəşəriyyət aləmi ilə əlaqə peyda etmələri üçün bir dövr vardır ki, orada dinin, dini düşüncə duyğuların da böyük bir mövqei vardır. Milli intibah sahəsində iləridə gürcü müsəlmanlar xristian qardaşlarının nə qədər böyük bir köməklərini görəcək olduqları müsəlləm isə, dini intibah nöqteyi-nəzərindən dəxi müsəlman türklərdən kömək ala bilərlər.

Müsəlman türklər xristian gürcülərin dil və adətlərini saxlamaq surəti ilə gürcüliklə əlaqələrini saxlamış olan müsəlmanlar arasında milli bir intibah fikri ilə çalışdıqlarına və bu yolda bəslədikləri əməllərinə ehtiram edəcəkləri kibi, xristian gürcülər də müsəlman olan türklərin gürcü dindaşları arasında dini bir intibah fikrilə çalışdıqları ilə bu yoldaki məqsədlərində şübhəli bir şey görməməlidirlər.

İştə, bizim acara maəsələsindəki nöqteyi-nəzərimiz. Bu nöqteyi-nəzər gürcü milli birliginə heç bir xələl yetirmədən, beynəlmilliyyəti –islamiyəyi də gözətmiş oluyor.

Bu nöqteyi-nəzər qəbul olunarsa, o zaman bu gün mövzui-ixtilaf kibi nəzərə gələn acara məsələsi biləks türklərlə gürcülərin daha ziyadə dostluqlarına səbəb olar. Çünki nə müsəlmanlar, “Siz buradan göz örtün, çünki bunlar müsəlmandır” derlər, nə də gürcülər: “Siz buraya gəlməyin, çünki, burası Gürcüstandır” deyərlər. Bu hal acaralıların halına müvafiq olar. Çünki imdiki bir halda ikən intibahi – dini təriqilə dindaşlarından tərəqqi edib də intibahi-milli dövrünə girdikdə dəxi qan qardaşlarından müavinət görər və o surətlə çox kolaylıqla tərəqqi edə bilər.

Müsəlman türklərlə müsəlman gürcülərin bu surətlə əlaqədar olmalarını gürcülər başqa bir nöqteyi-nəzərdən də arzu etməlidirlər. Məlum olduğu üzrə xristian gürcülərə rəğmən, müsəlman gürcülər olduqca dindardırlar. Acara kibi mədəniyyətcə ibtidai bir qədəmdə bulunub da o dərəcədə dindar olan bir xəlqin həyatında din qədər mühüm bir rolu heç bir amil oynaya bilməz.

Burası təsdiq olunursa, o zaman vaqe olan təklifımizin nə qədər müvafiq olduğu yalnız xristian gürcülər və yalnız müsəlman türklər mənafei nöqteyi-nəzərindən degil, acaralıların kəndi mənfəətləri nöqteyi-nəzərindən dəxi anlaşılmış olar.

Biliyoruz ki, gürcü millətpərvərligi müsəlman gürcüləri xristian gürcülərdən ayrı bir millət təsəvvür edə bilməz və bu xüsusda bir qədəm olsun güzəşt etməz!

Fəqət bununla bərabər ümid edilər ki, üç əsirlik bir mədəniyyətlə din birliginin acaralılar ilə türklər arasında vücuda gətirdigi mədəni və beynəlmiləl bir əlaqə və irtibat da danılmasın.

Əsl mövzu aid nöqteyi-nəzərimizi bu surətlə açdıqdan sonra ümid edəriz ki, gərək bu tərəf və gərək o tərəfdən vaqe olan yanlış tərcümə və ya yersiz təsirlər nəticəsində hasil olan anlaşmamazlıqlar kəndi kəndiligindən rəf olunar da, dogru və müvafiq surətdə həll olunması üçün mühakimə və etidalə möhtac olan bu məsələyə yanlış hissiyyat qarışmaz və bu iki qonşu arasında göstərilməkdə olan səmimi hisslər məsələyi doğru yoldan çıxmağa buraxmaz.

Biz kəndi nəfsimizlə buna inanmaq istəyiriz. Bizim bu imanımızı bir dəfə olaraq daha dünki gecə “Nicat” məarif cəmiyyəti idarəsində gürcü bəstəkar-şəhiri Pusquvaraşvili şərəfinə verilən ziyafətdə gərək türklər və gərək gürcülər tərəfindən dinlədigimiz dostanə nitqlər təyid etdi.

M.Ə.Rəsulzadə

B.T.

Dağıstan müsəlman millətlərinin iləridə hankı mili bir köməgə qatışmaq ehtimalı, acara ilə xristian gürcülərin əlaqəsi Rusiya müsəlmanları millətpərvərliklərinin nəzəryati həqqində başqa bir vəqt. Çünki məqaləmiz çox uzandı. Zatən əsl məsələ ilə əlaqədar olan fikrimiz, sırf nəzəri və tarixi bir əhəmiyyəti haiz olan bu cəhətlərsiz dəxi anlaşıldı – zənnindəyiz.

M.Ə.R.

“Açıq söz”, 31 yanvar 1916, ¹99

Təhtülləfz – sözün hərfi mənası

 

(Ardı var)

 

 

Şirməmməd Hüseynov

 

525-ci qəzet.- 2012.- 17 mart.- S.26-27.