“Səhnədən
başqa hər yerdə özüm oluram”
Pərvinin həmsöhbəti Xalq artisti
Fuad Poladovdur
Pərvin:
Fuad müəllim, son günlərdə bir neçə
müsahibənizi oxumuşam.
Tamaşaçılarınıza özünüz haqda
lazımi qədər informasiya vermisiz. Ona görə lap əvvəldən
başlamayaq.
Fuad Poladov:
Razıyam, Pərvin xanım! Doğrusu, “necə oldu ki, sənətə
gəldiz” və “Dram teatrından niyə getdiz” suallarından
yorulmuşam.
Pərvin:
Müsahibələrinizdə “köhnə şəhərli”lərin
ümumi dərdi açıq hiss edilir. Sizin Bakı
obrazının sürətlə “səhnə”dən uzaqlaşdırılıb
yenisi ilə əvəzlənməsi... Bu mövzu çox
müzakirə olunur. Mənə əvvəlki teatrla indikinin fərqi
daha maraqlıdı. Yəni şəhərimizlə birgə
teatrımız da dəyişilirmi?
Fuad Poladov: Əlbəttə!
Teatrdakı dəyişikliklər elə şəhərdəki
qədərdir. Və bunlar bir-biri ilə əlaqəlidir.
Çünki şəhərlə birgə adamlar, yəni
tamaşaçı, onun səviyyəsi, sənətə
baxışı dəyişilib. Bu da teatrın məsuliyyətini
xeyli artırır. İşi elə yöndə qurmaq
lazımdır ki, əvvəlki tamaşaçını da
küsdürməyəsən, indikini də maraqlandırasan.
Pərvin: Sizcə,
teatrlarımız bunu edə bilirlər?
Fuad Poladov:
Buna tam nail olduğumuzu deyə bilmərəm. Bakı
heç vaxt teatral şəhər olmayıb. Amma teatrın
öz tamaşaçısı, sevənləri var. Təəssüf
ki, bu sahəyə rəhbərlik edənlərin
naşılığı ucbatından bir ara
tamaşaçı teatrdan uzaqlaşdı. Bilirsiz, teatr 3-5
illik təmirə bağlana bilməz. Vaxt keçdikcə
tamaşaçını teatra gətirən yolları ot
basır.
Pərvin: Bu
da tamaşaçı-teatr münasibətlərinin
soyumasına səbəb olur...
Fuad Poladov:
Şübhəsiz! Böyük teatral şəhərlərdə
təmirə xüsusi hazırlıq gedir. Əvvəlcədən
müvəqqəti bir səhnə hazırlanır, əhaliyə
məlumat verilir və s. Amma biz tamaşaçını
çox rahat şəkildə incidib, qapıları
üzünə bağlayırıq. Teatr özü həddindən
artıq mürəkkəb bir orqanizm olduğu
üçün ona rəhbərlik edən adamlar da işlərinə
həssaslıqla yanaşmalıdırlar.
Pərvin:
Teatr klassiklərindən biri deyirdi ki, həyatda qaranlıq zal
və boş səhnənin magiyasından güclü
heç nə ola bilməz. Düzü bu fikir bir az təəccübləndirir.
Yəni bəlkə də tamaşaçı
üçün gücün göstəricisi salonu lərzəyə
gətirən gurultulu alqışlardı. Ümumiyyətlə,
sizin üçün məhz o magiya, güc nədən ibarətdir?
Fuad Poladov:
Maraqlı fikirdir. Doğrusu, ilk dəfə eşidirəm. Mən
səhnənin magiyasını, gücünü onda hiss edirəm
ki, zal ağzına kimi dolu olur, amma tamaşa zamanı elə
bir aura yaranır sanki salon bomboşdur. Yəni
tamaşaçı nəfəs dərmədən səhnəni
izləyirsə, teatrın missiyasını yerinə
yetirilmiş hesab etmək olar.
Pərvin:
Dediyiniz yeni tamaşaçı ilə bu mümkündü?
Fuad Poladov:
Mümkündü! Bu magiyanı hiss etdiyim tamaşalar olub.
Pərvin:
Dram teatrının səhnəsi nə qədər
böyükdüsə, “İbrus” teatrının səhnəsi
o qədər balacadı. Ümumiyyətlə aktyor
üçün böyük və kiçik səhnə
anlayışı var?
Fuad Poladov:
Böyük səhnədə aktyor özünü əsl
teatr mühitində hiss edir. Amma kiçik səhnə daha
çox kino aurası, atmosferası yaradır. 600-700 nəfərlik
tamaşaçı salonunda elementlər qabarıq olur. Məsələn,
böyük teatr səhnəsində elə
danışmalı, elə hərəkət etməlisən
ki, sonuncu sırada oturan tamaşaçı da hər şeyi
aydın eşitsin, görsün. Amma kiçik səhnədə
səs, jest, baxış yığcamlaşdırılır,
kompakt hala salınır.
Pərvin:
Bunlardan hansı sizin ruhunuza daha yaxındı?
Fuad Poladov:
Böyük səhnədə müəyyən vərdişlərə
yiyələnəndən, peşəkarlığa
çatandan sonra heç biri çətin olmur.
Özümü daha çox teatr aktyoru hesab edirəm. Ona
görə yəqin ki, böyük səhnə daha
yaxındı ruhuma. Al Paçino kino ilə teatrı çox
gözəl müqayisə edir: “Teatrda oynamaq havada, kəndir
üzərində sığortasız gəzmək, kinoya
çəkilmək isə yerdə, kəndir üstündə
sığortayla addımlamaq kimidir...” Səriştəli
aktyor kəndir üzərində nəinki
sığortasız gəzir, hətta “tryuk”lar da edir.
Pərvin: Bəs
aktyorun ancaq bir sahədə püxtələşməsinə
münasibətiniz necədir? Bəzən dramatik aktyora komedik
rol tapşırılanda, obraz çox “duzsuz” alınır. Bu
dediyiniz peşəkarlığın çatışmamasından
irəli gəlir?
Fuad Poladov: Məncə,
sənətkar hərtərəfli olmalıdır. Əgər
bu sənətə tam yiyələnmək istəyirsənsə,
həm dramatik, həm də komedik rolların öhdəsindən
gəlməlisən. Mən lap əvvəldən
qarşıma məqsəd qoymuşam ki, bütün janrlarda
rollarım olsun. Çalışmışam hər profildə inkişaf edim, bir
ampluada qalmayım. Məsələn, Teatr Xadimləri
İttifaqında “Üvetok kaktusa” komediyasında da
oynamışam, “Afinalı Timon” faciəsində də. Belə
faktlar çoxdur. Aktyor həqiqətən
AKTYORdusa, istənilən rolu oynamağı bacarmalıdır.
Pərvin:
Fuad müəllim, dünya teatr səhnələrində məhz
bir aktyor üçün qurulan tamaşalar olur. Bəs bizim
rejissorlarda aktyora belə xüsusi yanaşma var?
Fuad Poladov:
Vaxtilə bizim teatrlarda da aktyorun perispektivi haqqında çox
düşünürdülər. Təəssüf ki, getdikcə
bu ənənə azaldı. Bu aktyorların inkişafı,
püxtələşməsi üçün vacib məqamdı.
Teatr rəhbərliyi bu məsələni daim nəzarət
altında saxlamalıdı. Rejissor aktyorun yaşına,
imkanlarına baxıb onu hansısa rolda görməli və o
tamaşanı hazırlamalıdı.
Pərvin: Məhz
sizin üçün hazırlanan tamaşalar olub?
Fuad Poladov: Bəli!
Azərpaşa Nemətov dəfələrlə “Hamlet”,
“Afinalı Timon” tamaşalarını, Rüstəm
İbrahimbəyov İbrus teatrında “Bunin”
tamaşasını mənim üçün
hazırladıqlarını dəfələrlə
vurğulayıblar. Rus Dram
Teatrında “Napaleon” və “Sezar” tamaşaları da mənim
üçün hazırlanıb.
Pərvin:
Mükafatlara, fəxri adlara aid fikrinizi bilmək istərdim...
Nobel mükafatına layiq görülmüş
yazıçı Bernard Şou deyirdi ki, Alfred Nobelə
dinamitin kəşfini bağışlamaq olar, amma Nobel
mükafatının təsisini yox. Siz də “Əməkdar
artist”, “Xalq artisti” fəxri adlarına layiq
görülmüsüz. Necə düşünürsüz,
mükafatlar sənətdən yayındırır, ya stimul
verir?
Fuad Poladov:
Mükafatların əleyhinə deyiləm. Amma bizdəki qədər
ifrat həddə çatdırılmasını da
düzgün saymıram. Adam var ki, sənətə gəlməzdən
əvvəl mükafatı düşünür və
bütün fəaliyyətini də bu istəyinə uyğun
qurur. Belələri asan yolla gedib müəyyən nailiyyətlər
əldə edirlər, amma o sənət olmur və
yaşamır. Lakin bayaq dediyimiz kimi səhnənin
magiyasını hiss edib bura gələn adam öz işiylə
məşğul olur, əziyyətlərlə, çabalarla
yaşayır və bundan zövq alır. Mükafat belə
adamı onsuz da tapır. Və əgər sənətkar,
aktyor sənəti deyib gəlibsə, heç bir mükafat
onu yolundan yayındıra, sapdıra bilməz.
Fikirləşəndə
ki, bu adı keçmişdə böyük sənətkarlar
daşıyırdı məsuliyyət artır. Amma indi
“filankəs” də daşıyır... O zaman Bernard Şou ilə
razılaşmalı oluram.
Pərvin:
“Filankəs”lərin mükafat alması, fəxri ada layiq
görülməsi bəlkə də bu adları, mükafatları
adiləşdirir. Amma onsuz da əsl sənəti dəyərləndirən
tamaşaçı bilir kim kimdir...
Fuad Poladov: Bəli,
Pərvin xanım. Tamaşaçının gözündən
heç nə yayınmır.
Pərvin:
Teatrda axırıncı rolunuz “Boy çiçəyi”ndə
Həsənzadə, filmdə isə “Aktrisa”da Vaqif
obrazlarıdı. Məncə, Həsənzadə ilə Vaqif
arasında müəyyən paralellik var...
Fuad Poladov:
(gülür) Əksinə. Buna paralellik deməzdim. Vaqif və
Həsənzadə tamam fərqli adamlardı. Həsənzadə
kimilər indiki zamanda yox dərəcəsindədir, amma Vaqifləri
nə qədər istəsəz, görmək olar. Həsənzadə
bu günki tamaşaçı üçün təəccüblüdür,
hətta inandırıcı da deyil. Amma Vaqif çox normal qəbul
olunur. Ona görə Həsənzadəni oynamaq daha çətin
idi, nəinki Vaqifi...
Pərvin:
Siz mənim sualımı qabaqladız, Fuad müəllim.
Vaqifin daha real görünməsi aydındır. Amma Vaqif XXI əsrin
adamıdı. Sizcə, İlyas Əfəndiyev “Boy
çiçəyi” pyesini bu gün yazsaydı, o cür
sonluqla bitirərdi?
Fuad Poladov: Əlbəttə,
bu zamanın adamları arasından Həsənzadənin
prototipini tapmaq çətin olar. Buna görə bəlkə
də dramaturq əsərə bu cür son verməkdən
çəkinərdi. Amma Həsənzadə kimilərinə
indiki zamanda ehtiyac çoxdur. Bu günün insanının
bir baxış bucağı var. Amma Həsənzadənin
böyüklüyü ondadır ki, hadisəyə hər tərəfdən
baxa bilir. İndi çox dəbdə olan bir söz var:
Praqmatizm. Həsənzadə heç vaxt praqmatik olub,
özünü düşünə bilməzdi. Vaqifin isə
bir meyarı var, o da puldur. Belələri pulla hər şeyin
alınmasının mümkünlüyünü
düşünür. Həsənzadə də maddi cəhətdən
təmin olunmuş adamdı, amma onun üçün pul hakimiyyət,
bacarıq demək deyil.
Pərvin:
Fuad müəllim, axı Vaqif də ruhsuz deyildi. Öz
kitabxanası vardı, mütaliə edirdi. Sevdiyi
qadının nazını da çəkirdi, hətta o
yaşında tanqo da oynayırdı xanımının
arzusuyla. Təkcə elə tanqosu ilə özünü,
ruhunu ifadə edə bilmişdi...
Fuad Poladov:
Kim dedi ki, Vaqif ruhsuzdu? Razıyam, onun ruhu var. Amma bu ruh da
qarışıq və maddiyyata meyillidir.
Pərvin: Nədənsə
indiki dövrdə Həsənzadə rolunu oynamaq riskli
göründü mənə. Yəni hər şeyin bu qədər
dinamikləşdiyi, sürətləndiyi zamanda belə lirik
tamaşalara maraq yaratmaq asan deyil...
Fuad Poladov:
Dediyiniz riski mən özüm də hiss edirdim. Amma risk sevən
olduğumdan bu rolu oynamaqdan çəkinmədim. Tamaşada
apardığım xətt ülgücün üzərində
gəzməyə bənzəyirdi. Fasiləsiz olaraq düşünürdüm
ki, balans pozulmasın, yıxılmayım və
yaralanmayım. Balaca bir səhv jest, mimika, söz, pafos
tamaşaçıda ironik gülüş yarada bilərdi.
Dünya Həsənzadələrin çiynində
dayanır. Onu inandırıcı etmək üçün
rola çox yüksək həssaslıqla
yanaşmışam.
Pərvin: Adətən
insan hər hansı istəyinə nail olanda həmin arzu adiləşir
onun üçün. Dramatik aktyorların çoxu müəyyən
səviyyəyə çatandan sonra Hamletə doğru yol
gedirlər. Bu rolu oynamaq istəyirlər. Siz Hamleti çox
gözəl ifa etmisiz. Sizin üçün o adiləşmədi
ki?
Fuad Poladov:
Yox, Pərvin xanım! Hamlet necə adiləşə bilər?!
Əgər aktyor üçün Hamlet adiləşirsə,
deməli o sənətdə təsadüfi adamdır. Hamlet
zirvədir. Onun məsuliyyəti də həddən
artıqdır. Çünki hər bir
tamaşaçının öz Hamleti var.
Düşünürəm ki, həmin rolu neçə dəfə
oynamışamsa, eyni məsuliyyət, eyni həyəcanla
yanaşmışam ona.
Pərvin:
Fuad müəllim poeziyaya münasibətiniz necədir? Sizin
ifanızda Məmməd Arazın, Bəxtiyar Vahabzadənin,
Vaqif Səmədoğlunun şeirlərini dinləmişik.
Gözəl də alınıb. Amma deyəsən bədii
qiraəti çox da sevmirsiz?
Fuad Poladov:
Poeziyanı çox sevirəm, oxuyuram. Amma özümü bədii
qiraətçi hesab eləmirəm. Şeiri öz qəlbimdən,
ruhumdan keçirib oxuyuram və məlum olur ki, şair də
elə belə yazıbmış... Bəxtiyar Vahabzadə, Məmməd
Araz, Vaqif Səmədoğlu haqqında çəkilən
televiziya filmləri üçün şeirlərini
oxumuşam. Bəxtiyar Vahabzadənin çəkiliş
vaxtı ifamda şeirini dinləyib kövrəlməsini,
“sanki bu şeirləri indi yazıram” – deməsini heç
unutmuram.
Dünən
Mövlud Süleymanlı ilə küçədə
rastlaşdıq, öz şeir kitabını mənə hədiyyə
edib dedi ki, mən şair deyiləm, amma bu şeirləri səni
dinləyərək, sənin səsin üçün
yazmışam.
Pərvin:
Artıq sizin üçün nəinki tamaşa
hazırlanır, hətta şeirlər də yazılır...
Fuad Poladov:
(gülür) Amma bir daha deyirəm ki, özümü bədii
qiraət ustası hesab etmirəm.
Pərvin:
Son olaraq soruşmaq istəyirəm ki, səhnədən kənarda
da aktyorluq edirsiz?
Fuad Poladov:
Xeyr! Aktyorluğu yalnız səhnədə edirəm. Səhnədən
başqa hər yerdə özüm oluram. Bu
söhbətimizdə də həmçinin.
525-ci
qəzet.- 2012.- 17 mart.- S.21.