TALE, HƏYAT VƏ ÖLÜM
İnsan həyatının mənası
onun hansı məqsədə xidmət etməsi ilə müəyyənləşir.
Lakin məqsədi insan
özümü seçir, yoxsa o, dünyaya müəyyən
bir məqsəd üçünmü gəlmişdir (gətirilmişdir)?
Əlbəttə, insanın öz istəkləri, məqsədləri,
yaradıcılıq planları vardır. O nələrinsə
yaradıcısı, müəllifidir. Lakin öz
varlığının, şəxsi həyatının ideya
müəllifi o özüdürmü? Özü deyilsə,
bəs kimdir?
İnsanın həyatı ona potensial
olaraq xas olan daxili imkanların realizasiya prosesidir.
İnsanın bir cismani varlıq kimi, bioloji sistem kimi ən
optimal fəaliyyəti ona genetik olaraq verilənlərin, genlərdəki
proqramın (“alın yazısının”, bioloji taleyin) həyata
keçirilməsidir. İnsan doğulur, böyüyür,
fiziki-bioloji gücün optimal həddinə çatır,
sonra qocalır, orqanizm getdikcə zəifləyir, müxtəlif
xəstəliklərin (proqramdan kənaraçıxmalar) və
təbii aşınmaların nəticəsində ruh
üçün məskən olmaq funksiyasını tədricən
itirir. (Son nəticədə bu, diskret bir proses olub,
ölüm anı adlanır).
Həyat çox mürəkkəb və
rəngarəngdir. Hər bir insanın dünyası əslində
onun şəxsi həyatıdır. Digər tərəfdən,
bu həyata bilavasitə cəlb olunmuş dünyadan fərqli
olaraq insan başqalarının – keçmişdə və
indi fərqli şəraitlərdə yaşayan insanların
qazandığı biliklərdən də istifadə edir; yəni
yaşanmamış bir dünyanın da xəritəsi çəkilir.
Biz başqalarına inanmasaq, yazılanları mənimsəməsək,
bizim dünyamız ancaq öz gördüklərimizdən,
eşitdiklərimizdən və bilavasitə
yaşadıqlarımızdan ibarət olacaqdır. Bu isə
çox azdır. Böyük dünya obrazı fərdin
deyil, bütün bəşəriyyətin hissi təcrübəsinin
və nəzəri fikrinin iştirakı ilə, ümumi səylərlə
yaradılmış bir obrazdır. Lakin başqalarına
inamın əsasında nə durur? Bu, ayrıca bir problemdir.
İstənilən halda, bizim üçün dünya
obrazı min illər boyu bəşəriyyətin yaratdığı
obrazlardan hasil olur. Və inam əsasında qəbul etdiyimiz
biliklərin, məlumatların bir qismini biz öz şəxsi
həyatımızda yoxlamış oluruq. Məhz yoxlamaq
üçün olmasa da, o biliklərdən istifadə edərkən
biz onların doğruluğuna bir daha əmin oluruq.
Bütün mənalar həyatda cəmlənir.
Dünya işıqlanmasına, mənalanmasına görə
insanlara borcludur. Dünyanın ayrı-ayrı guşələri
həyatla mənalanır, ölümlə sona çatır.
Ölümdən sonra da yaşayan mənalar
ölümsüzlüyü ifadə edir.
Bütün dövrlərdə insan
qarşısında duran ən böyük suallardan biri həyat
ilə ölümün münasibətini
aydınlaşdırmaq olmuşdur. Ölüm bir qayda olaraq
ruhun bədəndən ayrılması kimi başa
düşülür. Amma bu eyni hadisəni iki tamamilə əks
qütblərdən dəyərləndirmək olar. Əbu
Turxan soruşur: “Ömrün sonunda bədənmi onunla daha
uzlaşa bilməyən, onu hərəkətə gətirə
bilməyən, tükənmiş ruhdan ayrılır, yoxsa hələ
kifayət qədər yaradıcılıq gücü olan
ruhmu taqətdən düşmüş və onun
üçün daha vasitə, alət ola bilməyən bədəndən
imtina edir?”
Bu sualın birmənalı cavabı yoxdur.
Belə ki, həyatlar müxtəlif olduğu kimi,
ölümlər də müxtəlif olur. Əslində ruh
ölməzdir. Amma bəzi həyatlar ruhu o dərəcədə
alçaldır ki, hətta bədən sağ ikən də
onun öldüyünü görməmək mümkün
olmur. Ruhu sağlam olanların ölümü isə tamamilə
başqa bir hadisədir.
İnsanın daxil olduğu hər bir hadisənin
öz məntiqi, öz ideyası vardır. Lakin bu hadisələr
başqa, daha böyük hadisələrin tərkib hissələridir.
Və bu böyük hadisələrin də öz
ideyaları, məqsədləri vardır. Bu hadisələr də
bütün dünyanın, ümumbəşəri fəaliyyətin
tərkib hissələridir. Bəşəriyyət haradan gəlib,
haraya gedir? Dünya haradan gəlib, haraya gedir? Ümumi bir
istiqamət, yekun bir məqsəd varmı? Əgər varsa, hər
bir insanın məqsədi, fəaliyyət istiqaməti bu
ümumi məqsədə nə dərəcədə
uyğundur və nə dərəcədə onun əksinədir?
İnsan öz iradəsindən imtina edə
bilər və özünü bütünlüklə hadisələrin
axarına ata bilər. Və bu zaman heç bir istiqamətdə
xüsusi bir cidd-cəhd göstərməz, cəfakeşlik
etməz, nəyisə həddindən artıq istəməz,
nəyinsə aludəçisi olmaz... Bütün bunların
keçici, fani, mənasız olduğunu dərk edər, lakin
mənanın məhz nədə olduğunu da bilməz.
Dini hiss insanı bu sonsuz, mürəkkəb
hadisələr keşməkeşində öz ağlı və
iradəsi ilə olmasa da, qəlbinin hökmü ilə, Allaha
ümidlə yaşamağa sövq edir.
Ağlına güvənənlər hər
şeyi özləri ölçüb-biçmək və
(düzgün) qərar qəbul etmək iddiasındadırlar.
Lakin sən saydığını say, gör Fələk nə
sayır... Ağıl da insana məhz Allah tərəfindən
verilmişdir. Lakin insan ağlının hüdudları məhduddur.
Allah insana bilikləri məhdud dərəcədə
vermiş, xüsusən ruhla bağlı bilgiləri çox
az vermişdir.
“Qəlbin hökmü”nə qulaq asmaq nə
deməkdir? Daha dəqiq desək, qəlb hansı vəziyyətdə
olduqda onun hökmünə qulaq asmaq olar? Axı, adam gündəlik
qayğılardan, cismani dünyanın cazibələrindən
tam xilas ola bilməyibsə, onun qəlbi Haqqı göstərə
bilməz.
Əvvəlcə qəlbin təmizlənməsi
lazımdır!
Nədir qəlbin təmizlənməsi?
Daosizmdə, yoqa təlimində, sufizmin bəzi
qollarında bunun üçün insanın bütün
cismani istəklərdən azad olması, şəxsi iradənin
heçə endirilməsi, bütün kənar təsirlərin
aradan götürülməsi və s. tələb olunur. Yəni
insan nəinki var-dövlət ehtirasından, yemək-içmək
istəyindən xilas olmalı, həm də görməkdən,
eşitməkdən, isti-soyuğu, bərki-yumşağı
duymaqdan da xilas olmalıdır. Yəni duyğu ilə gələn
informasiya aldadıcıdır, ona görə də insan kar,
kor olmalıdır... Burada başqa bir sual ortaya
çıxır. Bu yolla cismani dünyadan ayrılan insan
özünü harada və necə hiss edir, onun içərisindən
açılan yeni göz – əql gözü ona nələri
göstərir?
Hər halda əql gözü
açılana qədər insan dünyanı öz hiss
orqanlarının köməyi ilə dərk etməyə
çalışır. Hissi təcrübədən alınan
biliklərlə qəlbin hökmü, əqlin gözü ilə
alınan biliklərin uzlaşdırılması insanın mənəvi
bütövlüyü üçün ən mühüm
şərtlərdən biridir.
İnsanın dünya haqqında,
özünün dünyada tutduğu yer, həyatının məqsədi
və mənası haqqında düşüncələri,
habelə müxtəlif xüsusi biliklərin ümumiləşməsindən
irəli gələn problemlər küll halında fəlsəfənin
formalaşması üçün mənbə rolunu
oynayır. Bu biliklərin nizama düşməsi, sistemləşməsi,
kateqoriyalarla ifadəsi və müəyyən stabil struktura
malik olması fəlsəfə ilə elmin ümumi cəhətlərini
təşkil edir.
Nə qədər ki, insan özü
dünyanın bir hissəsidir, dünya haqqında əsl həqiqət
insana bəlli ola bilməz. Binanın içində oturub onun
ümumi mənzərəsini seyr etmək mümkün deyil;
bunun üçün binadan kənara çıxmaq
lazımdır.
Həyatın nə olduğunu dərk etmək
üçün də ona kənardan nəzər salmaq, həyatla
ölümün sərhəddində dayanmaq lazımdır.
Ölüm haqqında düşünməyən,
ölümünü gözü önünə gətirməyən,
onu qəlbən yaşamayan adam həyatı qiymətləndirə
bilməz, onun ali mənasını dərk edə bilməz. Həyatın
mənası ölümün hissi yaşantısı məqamında
üzə çıxır.
Ölümünü yaşamaq aqibəti!
Maddi dünyadan beşəlli
yapışanlar, dünya malını həyatın mənasına,
ali məqsədinə çevirənlər maddi dünya ilə
əkslik təşkil edə bilməzlər, çünki
onun içində əriyirlər; ona kənardan baxa bilməzlər
və deməli, fəlsəfi təfəkkür səviyyəsinə
yüksələ bilməzlər.
Maddi dünyanın tələblərinə,
“sifarişlərinə” həddindən artıq aludə olanda
insan öz ali mənasını unudur.
Ölümün mütləqləşdirilməsi
və ancaq fizioloji hadisə kimi başa düşülməsi,
həm də tədrici yaxınlaşma kimi deyil, çoxpilləli
bir proses kimi deyil, ancaq son məqam kimi anlaşılması – bəsit
və sadəlövh yanaşmadır.
Əslində bir ömür ərzində
nə qədər ölümlərlə rastlaşırıq.
İnsan həyatı çoxşaxəli, çoxistiqamətlidir.
Hər gün, hər saat neçə-neçə
hüceyrələr ölür, yeniləri yaranır.
Şikəst olmuş adam, neçə
orqanı çıxarılmış və ya iflic olmuş
adam hələ ölməmiş sayılır və ancaq
ürək dayandıqdan sonra ölüm qeydə
alınır. Əgər ölüm həyatın antitezidirsə,
həyat isə faizlərlə, nisbətlə müəyyənləşirsə,
onda ölüm də belə müəyyənləşməlidir.
Kobud formada desək, insan 60% yaşayırsa, deməli, 40%
ölüdür və s. Necə ki, neyronların ölməsi
və yaranması çox müxtəlif forma və nisbətlərdə
həyata keçir. Neyronların tədricən ölməsi,
sağlam neyronların nisbi sayının azalması, –
ölümün tədrici proses kimi anlaşılmasına
imkan verir.
Bu, – fizioloji mənada.
Sosial və mənəvi proses kimi
götürüldükdə həyat (sosial hüceyrələr
sistemində, hər gün nə qədər hüceyrələr
ölür və onların əvəzinə yeniləri yarana
da bilər, yaranmaya da) bütövdür. Həyatı
bütövləşdirən əqidə və amal müəyyənliyidir;
bir arzu, məqsəd, plan və ona cəhdlər. Lakin haradasa
bu cəhdlərin çoxpilləli
ardıcıllığı qırılır. Əgər
paralel surətdə yüz cəhd istiqaməti varsa (müxtəlif
müstəvilərdə fəaliyyət), hər gün
bunların neçəsində qırılmalar olur, əvəzində
yeni cəhd istiqamətləri, yeni məqsədlər, yeni fəaliyyət
prosedurları yaranır.
Məqsədlərin yox olması,
amalların qırılması, əqidənin dəyişməsi,
məhəbbətin ümidsiz sonluqla bitməsi və s.
neçə-neçə ölümlər.
Və yalnız hər bir yaradıcı
istiqamətdə ölüm məqamı çatdıqdan
sonra, bütün həyat prosedurları öz ideya
sonluğuna çatdıqdan sonra tam ölümdən
danışmaq olar. Deməli, fizioloji ölüm neçə-neçə
həyat prosedurlarına vaxtından əvvəl son qoyur. Həyati
enerji torpağa gömülür və ya
yandırılır.
Həyat proqnozlaşdırılmış
və tədricən həyata keçən müntəzəm,
kəsilməz bir prosesdir. Başqa planda yanaşdıqda, həyat
ölümə aparan bir yoldur və ömür
ölümün realizasiya müddətidir.
Həyat bu sonsuz və tükənməz
dünyada iki qaranlıq arasında bir işartıdır.
Qığılcım alovlanır, yanır və nəhayət
sönür. Həmişə yanması sadəcə
mümkün deyil.
Yanma prosesi daxili enerjinin məsrəfi,
tükədilməsi prosesidir. Küləş tez
alışıb yanır və tez sönür. Hansı isə
ağaclar ağır-ağır yanır, amma
alışmır, tüstüləyir, kömürləşmiş
halda öz daxili enerjisini saxlayır, onu bir də közərdirlər
və tam yana bilməsi üçün hava ilə, oksigenlə
təmin edirlər.
Amma ağacın başqa bir həyatı
da var. Hələ canlı ikən yaşadığı bir həyat.
Kökləri yerdə və suda, budaqları və
yarpaqları havada və işıqda – dörd ünsürdən
qida alır; bu xarici enerji sayəsində öz daxili
proqramını reallaşdıran ağacın həyatı məhz
bundan ibarətdir. Amma ağac kəsildikdə (yəni proqram
tam reallaşmır, yarımçıq qalır) onun daxili
enerjisi ilə yanaşı, hələ reallaşmamış
proqram da qalır. Sosial həyata qatılma – ictimai proseslərdə
iştirak... İnsanın fizioloji olaraq öldükdən
sonra da onun sosial iyerarxik sistemdə iştirakı qalır; həyat
tarixləşir.
Aforizmlər
Yeni cümlə başlamaq
üçün əvvəl nöqtə qoymaq
lazımdır.
lll
Yaşamaq – sadəcə nəfəs almaq
deyil, həyatın nəfəsini duymaqdır.
lll
Hər bir insan ancaq öz boyuna
biçilmiş bir həyat yaşayanda xoşbəxt ola bilər.
lll
Ömür
çoxölçülüdür və hər
ölçüdə fərqli bir həyat yaşanır.
lll
Bəzən yaşamadıqlarımız
bizi yaşadığımız həyatdan daha çox
mühakimə edir.
lll
Həyat da, ölüm də eşqin təzahürləridir.
Bizim təbiətə sevgimiz həyat eşqidir. Təbiətin
bizə sevgisi bizi yenidən əbədiyyətə qaytarmaq əzmidir.
lll
Adam o zaman özünə yer tapa bilmir ki,
yerini başqa yerdə axtarır.
lll
Bəzən biz yolu seçirik, bəzən
də yol bizi.
lll
Özünə mühit yaratmayan insan
ömrü boyu başqa bir mühitdə – qərib kimi
yaşamağa məhkumdur.
lll
Əgər danışsaydı,
ölümlə də “dil tapmaq” olardı.
lll
Bundan sonra hara gedəcəyini bilmək
üçün, buna qədər haradan gəldiyini bilməlisən.
lll
İnsan ona bəxş edilmiş
ömrü heç vaxt tam yaşamır. Ömür qismətin
ancaq bir qismidir.
lll
Uçmaq üçün yarananları
sürünməyə, sürünmək üçün
yarananları uçmağa təhrik etmək günahdır.
lll
Ömrün ən böyük qazancı
ömürdən sonrakı həyatın
qazanılmasıdır.
lll
Ruh olan yerə ölüm girə bilməz.
lll
Ancaq eşq ölümdən qorxmur.
lll
Eşqsiz insan tək ölümdən yox,
həyatdan da qorxur.
lll
Maksima: Çayın həyatı onun
axmasındadır. Dənizə çatmaq sanki bu həyata son
qoyur, amma əslində onun həyatı öz mənasını
bu vüsal məqamında tapır.
Dua: Qoy sənin vüsalın
çayın dənizə qovuşması kimi davamlı olsun!
lll
Bəzən mənliyi yaşatmağın
yeganə yolu ölüm olur.
lll
Adətən ölənləri
ağlayırlar; doğula bilməyənlər haqqında
düşünən də yoxdur.
lll
Sağlığında tərki-dünya
olanlar öləndə heç nə itirmirlər.
lll
Bu dünyada həyat heçliklə
varlıq arasında cərəyan edir. Ölüm bu həyata
yekun vurur və kimləri isə heçliyə, kimləri isə
varlığa qovuşdurur.
lll
Həyat balonla səyahət kimidir. İp
qırılanda ruh göydə uçur, bədən yerə
düşür.
lll
Uşağın ağlaması ilə
gülüşü arasında məsafə çox
kiçikdir. İnsan böyüdükcə bu məsafə də
böyüyür və birindən o birinə keçid
çətinləşir.
lll
Yaradıcı adamın həyatı
hüdud daxilində tükənməzlikdir.
lll
İşıq hər tərəfi
bürüyəndə, onun mənbəyi diqqəti cəlb
etmir.
lll
Qaranlıqda yeganə işıq mənbəyi
olmaq qürur verir, daha güclü işığın
içərisinə düşmək – sevinc.
lll
Damlada itirdiyimiz bir dəniz qədər
önəmli ola bilər.
lll
“Bir şərdən qaçsan, başqa şərə
düşərsən”. Ona görə də şərdən
qaçmaq yox, onu dəf etmək lazımdır.
lll
Toxumun cücərməsi üçün
münbit mühit tələb olunduğu kimi, “alın
yazısı”nın da yaşanması üçün
müvafiq mühit olmalıdır.
lll
Üzməyi bilənlər gəmidə
özlərini daha rahat hiss edirlər, halbuki gəmi dənizin
ortasında batanda hamını eyni aqibət gözləyir.
lll
Sahil ümiddir; gözdən itəndə
dənizdə ancaq vahimə qalır.
lll
Səbr insana ömrü boyu dözmək
üçün yox, məqamı düzgün seçmək
üçün lazımdır.
lll
Dözümə əsaslanan səbr
tükənə bilər, ümidə əsaslanan səbr –
tükənməz.
lll
Əgər içindəki işıq ətrafı
işıqlandıra bilmirsə, o da sönmüş kimidir.
lll
Möcüzələr normaya çevriləndə,
normal həyat möcüzə kimi görünür.
Əbu Turxanın hikmət dünyası
Prof. Dr. Səlahəddin
XƏLİLOVun təqdimatında
525-ci qəzet.-
2012.- 17 mart.- S.19.