Böyük itki
Ömrün yarpaqtökən çağı o qədər də ürəkaçan deyilmiş. İllərlə dostluq
etdiyin, təmasda olduğun
insanların itkisi necə də
ağır olur. Qələm götürüb vida sözü yazmaq ondan da betər olur. Bəkir müəllimlə çərşənbə
günü rəhbərlik etdiyi Nizami adına Ədəbiyyat
İnstitutunda iş
otağında görüşdük, səmimi
söhbət etdik. Təzəcə siqnal sayı çapdan
çıxmış “Üzeyir Hacıbəylinin
ömürnaməsi” kitabını mətbuatda rəy yazmaq üçün mənə
verdi. Çünki
kitabın əlyazmasını redaktə edib
Bəkir müəllimə qaytaranda kitab çıxanda ona rəy
yazacağımı söyləmişdim. Sağollaşıb
ayrıldıq. Kim bilərdi ki, bu son
görüşümüz olacaq. Səhərisi gün
acı xəbər ildırım surəti ilə paytaxta yayıldı...
Məni Bəkir
müəllimlə keçən əsrin 70-ci illərində
rəhmətlik Abbas Zamanov tanış və yaxın
etmişdi. Sonralar Bəkir müəllim məni direktoru
işlədiyi Nizami adına Ədəbiyyat İnstitutuna
işə dəvət etdi... İş günləri
otağına girib hal-əhval tutmasam özü məni axtarar
və elmi kitablar da hədiyyə edərdi. Dostluğumuz təmənnasızlıq
təməli üzərində qurulmuşdu. 70 illik yubileyim ərəfəsində
“Alim haqqında dost sözü” adlı məqalə yazdı.
Çox sevindim. Ona görə yox ki, akademik öz
işçisi haqqında məqalə yazmışdı. Buna
qədər də o, mənim “Nostradamusun möcüzəli aləmi”,
“İraq türkman folkloru”, “Nəsimi haqqında
araşdırmalar” kitablarımın redaktoru olmuş, sonuncu
kitaba ön söz yazmışdı. Sevincimə səbəb
Abbas Zamanovdan sonra ağsaqqalım olan Bəkir müəllimin
dostluğumuzu əbədi ictimaiyyətə bəyan etməsi
idi. Bəkir müəllimin şəxsiyyəti və insani
keyfiyyətləri barədə professor Abbas Zamanovun bircə
cümləsini yada salmaq kifayətdir:
“Mirzə
Bəkir saflıq, paklıq, təmizlik mücəssəməsidir”.
Bəkir müəllim, eyni zamanda xeyirxahlığı, mərhəməti,
humanistliyi ilə seçilirdi. Yəqin buna görədir ki,
illər öncə ona həsr etdiyim ilk məqaləmi “Nə
yaxşı dünyada yaxşı var imiş”
adlandırmışdım. Bəkir müəllimin
xeyirxahlığı, humanistliyi onu bir şəxsiyyət kimi
ucaldırdı. Bu böyük insanın ovqatı milli ənənələr,
islami dəyərlər üzərində köklənmişdi.
O, milli idi, lakin millətçi deyildi. Bu da Bəkir müəllimi
bir çoxlarından fərqləndirirdi. Neçə illərdən
bəri Nizami adına Ədəbiyyat İnstitutunda Bəkir
müəllim Dissertasiya şurasının sədri, mən isə
müavini kimi fəaliyyət göstərirəm.
Böyük alim və böyük ziyalı, akademik Bəkir Nəbiyevin
Dissertasiya Şurasının yığıncaqlarını
aparması özü bir məktəb idi. Onun müdrikliyi, Azərbaycan
ədəbiyyatını dərindən bilməyi,
sözü məqamında deməyi hamını heyran edirdi.
Bəkir müəllim sözün həqiqi mənasında
bir nümunə məktəbi, örnək idi. Elə adamlar
var ki, onlarla təmasda olmaqdan,
düşündürücü kəlamlarından, səmimiyyətindən,
ziyalı nəcibliyindən doymursan. Belələri ilə yol
yoldaşı olmaq özü böyük qismətdir. Onlardan
biri də akademik Bəkir Nəbiyev idi. Taledən gələn
qismətdir ki, iki dəfə Bəkir müəllimlə
İraqa, İrana və Türkiyəyə, sonuncu dəfə
isə Beynəlxalq Nəsimi konfransında məruzə etmək
üçün Suriyaya – Nəsiminin uyuduğu Hələb
şəhərinə səfər etmişəm. Yeməyə
Allahın adı ilə başlaması, dualarla bitirməsi nəinki
bizim, hətta yerlilərin belə diqqətindən
yayınmır, buna görə ona xüsusi ehtiram göstərirdilər.
Təsadüfi deyildir ki, Sovet quruluşunun süqutundan sonra,
o, həccə gedən ilk azərbaycanlılardan biri idi. Onun həcc
ziyarətinə öndərimiz Heydər Əliyevin Prezident təyyarəsində
getməsi özü də çox mətləblərdən
söz açırdı. Həm xalq, həm də dövlət
qarşısında böyük ehtiram qazanmaq Bəkir müəllim
kimi əməlisaleh, imanlı, vicdanlı adamlara qismət
olur. O, buna nəcabəti, ləyaqəti,
xeyirxahlığı, vətənpərvərliyi,
müdrikliyi ilə nail olmuşdu. Bəkir müəllim
bütün titullara, fəxri adlara, yüksək
mükafatlara, ordenlərə layiq görülmüş
nüfuzlu bir alim idi. Bununla belə, heç vaxt
yaratdıqları ilə kifayətlənmirdi. Hasil olan qənaət
budur ki, Bəkir müəllim ömrünün mənasını
yazıb-yaratmaqda, xalqa, ədəbiyyatımıza xidmətdə
görürdü. Bu isə gənclərə, lap elə biz
yaşlılara da örnək olmaq baxımından dəyər
kəsb edirdi. Başqalarına örnək, nümunə olmaq
xoşbəxtlikdir. Bu xoşbəxtliyi Bəkir müəllim
alın təri, yuxusuz gecələri, halal zəhməti ilə
qazanmışdı. Bəkir müəllimin ömür yoluna
nəzər salanda bir daha dərk edirsən ki, illəri illərə
calayıb uzun ömür sürmək, necə gəldi
yaşamaq hünər deyil, həyatı həyat kimi ləyaqətlə,
mənalı yaşamaq, özündən sonra iz qoyub getmək
hünərdir. Bəkir müəllimin peşəkar və səriştəli
qələmin, təfəkkür və məntiqi
görüşlərin məhsulu olan əsərlərini
oxuduqca insan ömrü üçün böyük bir zaman kəsiyində
ədəbiyyatşünaslıq elmimizin və tənqidimizin
keçdiyi enişli-yoxuşlu, keşməkeşli yollara nəzər
salmaq, ədəbiyyatımızı və ədəbiyyatşünaslıq
elmimizi yaradanlar haqqında geniş məlumat, nəzəri
biliklər əldə etmək olur. Ədəbiyyat elmini
özünə həyat kredosu seçən alim bir gün belə
onsuz yaşamırdı – desək, həqiqətdən kənar
olmaz. Ədəbiyyatımıza, onu yaradanlara Bəkir müəllimin
dərin məhəbbəti, bitib-tükənməyən
enerjisi və buna təkan verən arzuları cild-cild
monoqrafiyaların, saysız-hesabsız elmi məqalələrin
meydana gəlməsinə münbit şərait
yaratmışdı. Bəkir müəllimin çap etdirdiyi əsərlərini
nəzərdən keçirdikdə inanmaq olmur ki, bir
ömürdə insan bu qədər iş görə bilərmiş.
Bu həcmdə yaradıcılıq işini yerinə yetirmək
təbii ki, ədəbiyyatımızı və
xalqımızı dərin məhəbbətlə sevən,
tükənməz istəklə yazıb-yaradan qələm
sahiblərinin payına düşə bilər. Həqiqətən
də bu sayda elmi tədqiqat işini ömrünü
bütövlükdə ədəbiyyatşünaslıq
elmimizə həsr edən, onun patriarxı adını qazanan,
öz elm sahəsində böyük nüfuz sahibi olan bir alim
edə bilərdi. Bu, akademik Bəkir Nəbiyev,
hamımızın sevimlisi Bəkir müəllim idi. Uzun
ömür payı və istedadı sayəsində ədəbi
prosesə, klassik ədəbi irsə, ədəbi tənqidə,
ədəbi əlaqələrə, poeziyada sənətkarlıq
məsələlərinin tədqiqinə 50-dən artıq
kitab, doqquz yüzdən çox məqalə və resenziya həsr
edən alim nəinki Şimali Azərbaycanda, keçmiş
Sovetlər Birliyi ölkələrində, eləcə də
Türkiyə, İran və İraqda görkəmli ədəbiyyatşünas
kimi tanınır. Diqqət çəkən bir məsələ
də odur ki, akademikin özünün də
yaradıcılığı tədqiqatçıların,
xüsusən də indi adlı-sanlı alimlər kimi
tanınan Kamal Abdulla, Teymur Kərimli, Vilayət Quliyev,
Şirindil Alışanov, Elmira Rəhimova, Vaqif Arzumanlı,
Nizaməddin Şəmsizadə, Arif Əmrahoğlu və
başqalarının tədqiqat obyektinə çevrilmiş,
onlar müəllimləri haqqında sanballı məqalələr
və kitablar yazmışlar. Uzun illərdən bəri dostluq
münasibətində olduğum Bəkir müəllimin
yaradıcılığına dərin məhəbbət,
şəxsiyyətinə hörmət və ehtiram hissi ilə
yaşayanlardan biri də mən olmuşam. Alimin hədiyyə
etdiyi hər bir kitabını oxuduqca əsər məni
ağuşuna alıb böyük idealların bərqərar
olduğu, arzuların bitib-tükənmədiyi bir aləmə
aparıb. Bəkir müəllimdən bəhs edən bir məqaləmdə
göstərdiyim kimi, bu aləmdə usanmadan külüng
çalan, ədəbiyyatşünaslıq elmimizin
keşiyində müsəlləh əsgər kimi dayanan,
yaşamağı yazıb-yaratmaq üçün qənimət
sayan, böyük bir elmi müəssisənin görə biləcəyi
vüsətli işləri təkbaşına görən, həyatı,
yaradıcılığı, insanlara münasibəti, xeyirxahlığı,
bəlağətli nitqi, müdrikliyi ilə örnək olan Bəkir
Nəbiyev zirvəsi möhtəşəmliyi ilə diqqəti
cəlb edir. Bu zirvədən ədəbiyyatşünaslıq
elmimizin geniş üfüqləri apaydın
görünür. Məhz buna görə də Bəkir
müəllimdən, onun məhsuldar
yaradıcılığından yazmaq adama məmnunluq gətirir
və bundan sonra da, şübhəsiz bu belə olacaq. Mənə
gəlincə, deməliyəm ki, görkəmli ədəbiyyatşünas
haqqında “Ədəbiyyatşünaslıq elimimizin
patriarxı” adlı kitab buraxmışam. Eləcə də
akademikin “Nəsimi kəlamının işığında”
kitabının və “Seçilmiş əsərləri”nin
5-ci cildinin redaktoru olmuş, hər iki kitaba ön söz
yazmışam. İnkişafımda böyük xidməti
olan ustadımın, dostumun yoxluğunda təsəlli olan elə
bunlardır. Biz Bəkir müəllimlə dünən
vidalaşdıq, qəhərləndik, itkinin
böyüklüyünü vücudumuzda duyduq. Odur ki, vida
sözündə bu böyük itkidən və Bəkir
müəllimə ölməzlik gətirən məsələlərdən
söz açdım. Fəxri Xiyabanda Bəkir müəllimi
son mənzilə yola salanda ilk xalq şairimiz Səməd
Vurğunun dahi Üzeyir bəyə ithaf etdiyi, ölümə
meydan oxuyan şeiri qəlbinə hakim kəsilmişdi:
Ölüm sevinməsin qoy, ömrünü vermir bada, Xalq qədrini
canından daha əziz bilənlər. Şirin bir xatirətək
qalacaqdır dünyada, Sevərək yaşayanlar, sevilərək
ölənlər.
Bəkir
müəllim də sevərək yaşadı, sevilərək
əbədiyyətə qovuşdu.
Qəzənfər PAŞAYEV
525-ci qəzet.- 2012.- 17 mart.- S.9.