Vahid Qazinin
“Çamayra”sı
İstedadlı
publisistlərin öz mətnlərini yalnız real faktlar
üzərində qurmaları çoxdandır ki, məndə
onlara qarşı rəğbət hissi doğurur. Mən
özüm öz əsərlərimdə həmişə
uydurma “dopinq”lərdən istifadə edirəm. Bu təxminən
hündürlüyə tullanma yarışına bənzəyir
– yerin cazibə qüvvəsinin öhdəsindən gələ
bilmək üçün biri yalnız öz
ayaqlarının gücünə güvənir, bir
başqası isə dopinq həbləri qəbul edir. Vahid
Qazinin Kuba dəftərini oxuyarkən mən, müəllifin
Azadlıq adasında başına gələnləri təsvir
edə-edə, real insanlardan, onların ölkədəki
ümumi siyasi ab-hava ilə bağlı həyatları və
problemlərindən danışa-danışa çox
güclü bədii təhkiyədən istifadə etdiyini və
bu bədii təhkiyənin onun özünü hekayətin
baş qəhrəmanına çevirdiyini görüb
sevindim. Elə buna görədir ki, yazıçının
hiss və fikirlər dünyasına qərq olan oxucu onun
füsunkar Çamayranın intim xidmət təklifindən
imtinasını öz əxlaqi qələbəsi sayır.
Nümunə kimi bir çox digər emosional epizodları da
misal çəkmək olar. Amma məncə, ən əsas məsələ,
ümumilikdə bütün əsərin gözəl bədii
nəsr nümunəsi olmasıdır.
Qəribədir
ki, Azərbaycan müstəqillik qazandığı son iyirmi
ildə bizdə mövcud olan demokratik rejimin bütün
özünəməxsus xüsusiyyətlərinin olmasına
baxmayaraq totalitar-avtoritar quruluşun hər hansı
formasına qarşı açıq nifrətini bildirən
insan tipi formalaşıb. Vahid Qazinin gördüyü Kubaya bənzər
bir ölkədə böyüyən bizim nəslin nümayəndələri
isə dünyanın harasındasa elementar azadlıqların
olmamasına daha sakit yanaşır.
“Çamayra”nın müəllifinin ictimai-siyasi inancları əsərin hər cümləsində özünü büruzə verir və bu inanclar o qədər səmimidir ki, onlara qeyd-şərtsiz inanırsan. Bu yalnız kitabda təsvir olunan hadisələrin iştirakçısına çevrildiyin halda mümkün ola bilər. Mənimlə də məhz bu baş verdi. Və sonda. Kuba dəftəri həddən artıq maraqlı məlumatlarla zəngindir. Kubada olsam da, onun haqqında çox oxusam da, mən kitabdan bu ölkəylə bağlı çoxlu yeni şeylər öyrəndim. Sevindirici haldır ki, bizim publisistika artıq bu janrın ən yaxşı nümunələrini yaratmağa qadir bir səviyyəyə yüksəlib. Və Vahid Qazinin Kuba dəftəri bunun bariz nümunəsidir.
Rüstəm
İBRAHİMBƏYOV
525-ci qəzet.-
2012.- 17 mart.- S.9.