Bakıdan Kəlbəcərə bir ömürlük yol var...

 

Kəlbəcərdən Bakıya 460 kilometr yol var, bunu hamı bilir. Bu yolu ən yaxşı halda 7-8 saata qət etmək olurdu. Pis halda isə qarlı-boranlı Murov yolu ilə 3-4 sutkaya. Bəli, təəccüblənməyin. Yəqin ki, sizlərdən kimsə Göygölün ayağında qərar tutan Toğanadakı yolayrıcında “KƏLBƏCƏR 80 km.” yazılmış lövhəni görüb. Yəni deyə bilərsiniz ki, “80 km.” nə böyük məsafədir ki, bu qədər vaxta gedilir? Getməyənlər bilməz, gedənlər isə yaxşı bilir: bəli, bəzən lap 5-6 sutkaya da getmək olmurdu. Bir neçə dəfə öz başıma gəlib... Xocalı soyqırımından 55, Ağdaban soyqırımından isə 15 gün sonra Kəlbəcərə silah-sursat aparırdıq. Yol yoldaşlarım–silah-sursat apardığımız üçün silahdaşlarım deyə biləcəyim şəxslər polis işçiləri rəhmətlik Şakir, Nurəddin, sürücümüz Ocaqverdi idilər. 1992-ci ilin aprel ayının 21–23-ü günləri idi. Ermənilər söz-söhbət yaymışdılar ki, aprelin 24-də, yəni qondarma “erməni soyqırımı”nın ildönümü günündə Kəlbəcəri işğal edəcəklər. Həmin vaxtlar kimin nəyə imkanı çatırdısa, öz gücündə Kəlbəcərə yardım edirdi. Hər bir Kəlbəcərli və Azərbaycanın digər qeyrətli oğulları. O dövrdə ən çox əlindən gələn köməyi əsirgəməyən Gəncənin o vaxtkı polis rəisi, hazırda ölkəmizi Avropanın dörd ölkəsində layiqincə təmsil edən Eldar Həsənov idi. Neçənci dəfə idi ki, Kəlbəcərə lazım olan silah-sursatı alıb yığmışdı və bizlər də onu Kəlbəcərdə müdafiə quran könüllülərimizə çatdırmağa gəlmişdik. Təsəvvür edin, aprel ayının 21-də səhər tezdən maşınlarla yola çıxdıq, Eldar müəllim hər bir maşına 3-4 sutkalıq yemək-içmək qoydurmuşdu. Sanki ürəyinə dammışdı ki, bu yolçuluq 1-2 günə başa çatmayacaq. Özü də bizi yola salıb sabah Murova – Qaragöldəki mövqelərə baş çəkəcəyini demişdi. Amma aprelin 23-də nəhayət ki, zülümlə Murovun başına çıxanda gözlərimə inanmadım, Eldar Gəncə polisləriylə birgə artıq Qaragöldən qayıdırdı. Sən demə, Murovun bəri üzündəki “Yol evi” deyilən yerə qədər gəlib yol bağlı olduğundan piyada Qaragölə gediblərmiş. Görüşəndə öz halımızdan çox onların halına acıdım. Nə gündə idilər... Yorğun, yuxusuz, amma bunlara rəğmən özlərini əsl hərbçi, döyüşçü kimi aparırdılar.

  Bakıya qayıdandan sonra “Azərbaycanın səsi” qəzetinin 09 may 1992-ci il tarixli nömrəsində “Dağlar dağımdır mənim” başlıqlı məqaləmdə bunları qeyd etmişdim: “ Desəm ki, Kəlbəcərin müdafiəsi elə Eldar Həsənovun kabinetindən başlayır, zənnimcə yanılmaram. Bunun şahidiyəm və Kəlbəcərdə hamı dediklərimi təsdiq edər. Çünki Eldar indiyə qədər Kəlbəcər üçün əlindən gələni əsirgəməyib. Özü də təkcə Kəlbəcər üçün yox. Çətin anlarda onun səsi Ağdamdan, Göranboydan, Tərtərdən gəlib. Vətən qarşısında ən çətin və şərəfli borcunu yerinə yetirib. Gecə-gündüz qarın-şaxtanın amansızlığına baxmayaraq sayıqlığını itirməyib (“Azərbaycanın səsi”, 09 may 1992-ci il). 

 ... Biz isə 3-cü gün idi ki, Kəlbəcərə can atırdıq. Əldən-ayaqdan düşmüşdük. Murovun dəliliyi tutmuşdu, ya nəydi, qəzəb püskürürdü, tufan qoparmışdı. O müdhiş və qorxulu yolçuluğu adını çəkdiyim məqaləmdə təfərrüatı ilə təsvir etmişəm. Bir hissəni olduğu kimi bura köçürürəm ki, o dəhşəti siz də təsəvvür edə biləsiniz və indi yazdığım o “5-6 sutka” sözlərinə şübhəniz qalmasın:

  “... Kəlbəcəri heç vaxt belə görməmişdim. Aprel ayı adətən buralar yazın gəlişini xəbər verər, camaatı işə-gücə səsləyər, dağları, dərələri qış yuxusundan ayıltmağa tələsərdi. Bir sözlə, bu vədələr elə bilirsən ki, cənnətin qapısına yaxınlaşırsan. İndi isə... Deyəsən əzəmətli dağlar da, gen dərələr də qoynunda bəslədiyi insanları yağıdan qorumadığımız üçün bizdən qisas alırdı.

  Vüqarlı Murov dağı bu son 5 ildə geniş sinəsini açıb Kəlbəcər camaatına nicat yolu verib. Elə yol ki, bir elin varlığı ondan asılı olub. “Şahlara baş əyməyən dağlar” adamların dara düşdüyünü görəndə onlara təslim olub. Heç kimin ağlına gəlməzdi ki, nə vaxtsa ağır yük maşınları Murovun üstündən aşıb Kəlbəcərə gedəcək. Bəlkə ona görə bu dəfə Murovun qəzəbinə dücar olsaq da, heç kim onu qınamır, qarğamırdı. Qara, tufana düşən maşınların sürücüləri bəlkə də ilk dəfəydi ki, özlərini qınayırdılar. Çünki erməni dığalarının Ağdabanda törətdikləri vəhşiliklərin bu həddə çatmasında onların da günahı vardı. Heç birimiz qırağa çəkilə bilmərik. Oturmuşuq şəhərdə rahat mənzillərdə, sərhəddən, səngərlərdən, torpağı göz bəbəyi kimi qoruyan eloğlularımızdan, qardaş-bacılarımızdan arabir telefonla xəbər tutub arxayınlaşırıq. Bircə şeyi bilirəm ki, bu torpağın mərd, qeyrətli oğulları azğın düşməni bizli də, bizsizgeri oturdacaq, torpağımızı murdar ermənilərdən təmizləyəcəklər. Onda bizlər nə üzlə adına Vətən dediyimiz bu əzəmətli dağlara qayıdacağıq? Dağ ürəyi genişdir. Bəlkə də günahımızdan keçib bizi bağışladı. Bəs vicdanımız? Bəs bu dağlar övladının qarşısındakı suçumuz necə olsun? Bax belə ağır ittihamedici düşüncələrlə ikinci günüydü ki, Murovun başına çıxırdıq. Sən demə, əsl qəzəb seli buradan axırmış. Göz-gözü görmürdü, qar-boran maşınların qapısını açıb çölə çıxmağa imkan vermirdi. Başqalarını bilmirəm, mənə elə gəlirdi ki, bu, tufan deyil, Ağdabanda şəhid olan günahsız həmvətənlərimizin ruhuydu, xəbərdarlıq edirdi ki, əgər birbaşqa kəndlərimizin taleyinə belə biganə qalsaq, onda bizi daha dəhşətli fəlakətlər gözləyir. Gecə səhərə qədər küləyin, qasırğanın qabağında qalıb hər dəqiqə ölümü gözlədik. Amma Allah saxlayanda saxlayır. Yəqin ki, bu əzab, bu qorxu ölümdən də betərmiş...

  Ertəsi gün gəlib Kəlbəcərə çatanda qayıdıb Murova baxdım və bir neçə gün bundan qabaq Çiçəklinin başının üstünə çökən bir çəngə qara buludu hələ də orada gördüm. Ağdaban faciəsinin baş verdiyi gündən indiyədək o qara bulud parçası kəndin üstündən aralanmırdı. Deyirəm bəlkə o bir çəngə bulud da kiminsə ruhudur? Nə deyim... Bircə onu bilirəm ki, Xocalı və Ağdabandan sonra heç birimizin başımızı dik tutub gəzməyə mənəvi haqqımız yoxdur. Ana-bacılarımızın bizim üzümüzə baxıb qabağımıza bir stəkan çay qoymalarına xəcalət çəkirəm. Biz azğın düşməndən intiqamımızı almayınca bu hisslər beynimizi didib dağıdacaq, Vətən və xalq qarşısında özümüzü gözükölgəli hesab edəcəyik. Bütün Azərbaycan qəddini düzəldib ayağa qalxmalı, intiqamını almalıdır (“Azərbaycanın səsi”, 09 may 1992-ci il).

  İndi, üstündən düz iyirmi il ötəndən sonra, hətta o fəlakətli günlərə də həsəd aparırsan... Onda heç olmasa, ən çoxu 5-6 sutkaya da olsaydı belə, Kəlbəcərə getmək olurdu, indi isə... Indi heç bir ömür hesabına da gedə bilmirsən...

  Bəli, bir vaxtlar Kəlbəcərdən Bakıya 460 kilometr, Bakıdan da Kəlbəcərə eynən o qədər – 460 kilometr yol vardı. Onda biz nə qədər xoşbəxt imişik, Ilahi!.. Indi isə... Indi Kəlbəcərdən Bakıya yenə də 460 kilometr yol var, Bakıdan isə Kəlbəcərə ... bir ömürlük. Özü də təkcə bir insanın yox, bütöv bir nəslin ömrü qədər yol... Bütün bəlalarımızın başında da elə bu bir ömürlük yol dayanır. 460 kilometr yol hara, bir ömürlük yol hara! Coğrafi baxımdan da, normal məntiqi baxımdan da əslində bu yollar eyni məsafədə olmalıydı. Amma vəhşi kapitalizmin hökm sürdüyü, pulun–paranın tüğyan etdiyi bir dövrdə normal məntiqə baxan kimdi? Dünyanın başı “Yevrovızıdı, nədi, bu nəsnəyə qarışıb, millət şou-biznesdi, nədi, ona girişib. Kəlbəcərə uzanan bu bir ömürlük yolu 460 kilometrə bərabərləşdirməyə, qısaltmağa özümüzdə təpər tapa biləcəyikmi? Dağı arana vurursan, aranı dağa, bu laqeydliknən, bu arxayınçılıqnan bir yol tapa bilmirsən ki, bilmirsən... Amma çıxılmazlıq sindromu da əbədi və mütləq deyil, hər dərdin bir çarəsi olduğu kimi, bu yolu qısaltmağın da bir yolu var: Murovun dəliliyi tutandakından da dəhşətli, eyni zamanda şərəfli yol! Bu yol indiyə qədər getdiyimiz bütün yolların ən çətini, amma ən optimalı və şərəflisi! Bu yol qandan-qadadan keçir, bu yol Ağdamdan keçir, bu yol Şuşadan keçir, bu yol Xocalıdan keçir, bu yol Qubadlıdan keçir, bu yol Zəngilandan keçir, bu yol Cəbrayıldan keçir, bu yol Füzulidən keçir, bu yol Göyçədən keçir, bu yol Laçından keçir, bu yol içimdən keçir!!!

 Böyük şairimiz rəhmətlik Ənvər Rza hələ dünyanın düz vaxtlarında (heç dünyanın düz vaxtı olub ki?.. Mən də ifadə tapdım.) necə də gözəl deyibmiş:

 

Min bulaqdan içib keçir

Qayaları biçib keçir.

Ürəyimdən keçib gedir

Kəlbəcərə gedən yollar.

 

Və hamımızın içindən keçir! Bu yolu keçmək üçün hamımız həyatından keçməlidir! Mənə elə gəlir ki, çoxumuz buna hazırıq. Bunu mənə belə əminliklə deməyə sizlərlə söhbətlərim, Qarabağdan söz düşəndə içinizdəki od-alov, gözlərinizdəki qığılcım əsas verir. Hamıniz gözəl başa düşürsünüz ki, bu yolu illərdir başımızı qatan nə qısır ATƏT, nə onun vecsiz və qərəzli həmsədr ölkələri, nə də qətnamələri adi kağız parçasından fərqlənməyən BMT keçəcək. Bu yolu günü-gündən güclənən Azərbaycan ordusuyla bərabər biz keçməliyik və keçəcəyik! Özümüz keçəcəyik, qanımızdan-canımızdan, oğul-uşağımızdan keçsək belə! Ömür hesabına övlad böyüdən ata-analar Vətən uğrunda öz övladlarından da keçəcək! Bunu sizlərlə biz edəcəyik! Buna kimsənin şübhəsi olmasın!..

Ən azından biz buna məhkumuq. Çünki darda qalan Vətən gözləyir bizi. Arxamızca göz yaşı tökən bulaqlar gözləyir, 20 ildir üstündə Quran oxunmayan dədə-babalarımızın qəbirləri gözləyir, hələ də yalmanını yağı düşmənə verməyən, yiyəsini axtara-axtara dağlarda-dərələrdə səyirən atlar gözləyir, 20 ildir qapısında Novruz tonqalı çatılmayan, sahibsizlikdən xarabalığa çevrilmiş evlərimiz gözləyir, yaz gələndə bala çıxarmaq üçün qapı-bacada o tərəf – bu tərəfə şığıyan qaranquşlar gözləyir. Yenəmi sadalayım, bunlar bəs deyilmi!?.

   Ailəmizin sonbeşiyi, on bir uşağın ən istəklisi Mahiri Şəhidlər Xiyabanında əbədiyyətə yola salanda 85 yaşlı atamın dözümünü, torpaq uğrunda digər dörd oğlunu da şəhid verməyə hazır olduğunu, kimsəni ağlayıb-sızlamağa qoymadığını və şəhid atası olduğundan qürur duyduğunu sidq-ürəklə deyərkən izdiham şoka düşmüş kimiydi. Dəfndə iştirak edən sevimli şairimiz Nəriman Həsənzadə az keçməmiş o törəndən duyğulanıb şeir də yazmışdı. O şeiri oxuyan hər kəsin qəlbini riqqətə gətirən bəndlərdən biri beləydi:

 

Sən onun səsini eşit, ey Vətən!

Səsini Araza, Kürə verirdi.

Ömür hesabına oğul böyüdüb

Torpağa verirdi, Yerə verirdi.

 

Mən Qarabağ müharibəsinin odlu-alovlu günlərində bu millətin övladlarının nəyə qadir olduğunu öz gözlərimlə görmüşəm. Müharibədə şir kimi döyüşən əsgər və zabitlərimizin əksəriyyəti rus ordusunda hərbi vəzifəsi və rütbəsi, babat məvacibi olan şəxslər idi. Onlar oradakı rahat həyatlarını atıb ürəklə Vətənin dadına yetişib ölüm-dirim savaşına girişən oğullar deyildimi? Onların əksəriyyəti də cəbhədə qəhrəmanlıqla şəhid olmadılarmı? Uzağa getmirəm, biri elə balaca qardaşım, bayaq haqqında danışdığım Mahir! Ali hərbi təhsilli Mahir də Bakı Ali Ümumqoşun Komandirləri məktəbini bitirəndən sonra təyinatla Kuybışevə – indiki Samaraya göndərilmişdi. Tağım komandiri idi, yaxşı da məvacib alırdı. Qarabağ müharibəsi başlayan kimi, elə oradan məzuniyyət adıyla birbaşa cəbhəyə yollandı. Məşhur “Goranboy əməliyyatı”nın başlanğıcından Kəlbəcərə qədər qəhrəmanlıqla vuruşdu və elə qəhrəmanlıqla da şəhid oldu.

Vətənə olan can borclarını kişi kimi verən belə oğulların davamçıları yüz minlərlədir! Mənə elə gəlir ki, bu xalqın dəyərli oğlan və qızları birlikdə torpaqlarımıza dönüşün başlanğıcını qoyacaq və bizlər əl-ələ verib müqəddəs torpaqlarımızı mənfur düşməndən təmizləyəcəyik.Və elə edecəyik ki, Kəlbəcərdən Bakıya 460 kilometr yol olduğu kimi, Bakıdan da Kəlbəcərə 460 kilometr yol olsun! Indi isə... İNDİ BAKIDAN KƏLBƏCƏRƏ BİR ÖMÜRLÜK YOL VAR...

 

 

Əlövsət AĞALAROV

 

525-ci qəzet.- 2012.- 17 mart.- S.8.