Qalanların yaddaşında...

 

Esse-portret

 

Ulu Tanrının, Allahın gözəl adları “Əsmai-hüsna” adlanır. “Əsmai-hüsna” sırasında isə Allahın elə o gözəl adlarından biri də “həkimlikdir”...(Oxuduqlarımdan)

Bu yazımı da ucqar bir dağ rayonunda ömrünü insanların sağlamlığı keşiyində durmağa həsr etmiş bu nəcib peşə sahiblərindən biri – Əli həkimə və onun doğmalarına həsr edirəm.

Dünyada uzun ömürlülər diyarı kimi tanınan dağlar qoynundakı Lerikin tale qismətinə düşən bir nemət payı da onu öz şöhrətli əməlləri ilə tanıdan saf havası kimi təmiz, əqidəli igid övladlarıdır.

Hər eldə, hər obada elə soyadlar, şəcərələr olur ki, hələ özlərini şəxsən görüb bilmədən soraqlarını alıb elə uzaqdan-uzağa tanış olursan. Dağlar diyarı Lerikdə də belə soyadlar, şəcərələr çoxdur.

Bizim Lerikdə öz soyadları ilə tanınanlardan söz düşəndə həmyerlilərim o sırada Bədəlovların adını ilkinlərin sırasında çəkməyimə yəqin ki, etiraz etməzlər.

Bədəlovlar da elə ailələrdəndir ki, o ailənin üzvlərinin adlarını şəxsi əlaqədən, ünsiyyətdən qabaq soraqlarını uzaqdan eşidib tanıyırsan. Onu da deyim ki, adları sadalanmış belə soyları şəxsi tanışlıqdan qabaq eşidib duymaq, bəlkə də, adamların nəzərində onları bir qədər də əlçatmaz, bir az da daha mötəbər, ehtiramlı edir...

Mən də rayon mərkəzinə hələ ayağım dəyməmiş, uşaqlıq illərimdən Bədəlovlar soyadını əsgərliyə gedəndə hərbi çağırış məntəqəsində həkim komissiyasından keçən yaşca özümdən böyük oğlanlardan, sağlamlığına görə təqaüdə çıxmaq üçün müvafiq tibbi yoxlamalarından keçən əlillərdən, özümdən böyüklərə qoşulub yanına yoluxmağa getdiyim rayon xəstəxanasında müalicə olunub qayıdan həmkəndlilərimdən çox eşitmişdim.

Bu ailənin ilk həkim oğlu Əli Bədəlovu elə mən də əsgər gedəndə, rayon hərbi komissarlığında tibbi yoxlamadan keçəndə görüb şəxsən tanıdım. İlk dəfə onu görəndə qara gur saçlarını səliqə ilə arxaya daramış, ağ xalatlı bu bəstəboy yaraşıqlı insana maraqla tamaşa edib, “bəyəm, doğrudan da haqqında eşitdiyim, insanlara təmənnasız xidmət edən o xeyirxah kişi – Əli həkim bu adamdı”, – deyə heyranlıqla düşünmüşdüm.

Sonrakı illərdə Bədəlovların ömrünü kənd təsərrüfatının inkişafına, gənclərin təlim-tərbiyəsinə həsr etmiş daha bir alim oğlu Musa Bədəlovu, həkim Tofiqi, Vaqifi də tanıyıb onlarla dostlaşdım...

...Ötən əsrin 70-ci illərində rayon komsomol komitəsinin ikinci katibi vəzifəsində işləyərkən isə Bədəlov qardaşlarının atası Əbdülhüseyn kişi ilə şəxsən görüşüb tanış oldum. İxtiyarla yığcam, ancaq səliqə-səhmanlı iş otağımda görüşmüşdük. Bir xeyli söhbət etmişdik. O kişi elə ilk görüşümüzdən zəngin dünyagörüşü, mükəmməl mütaliəçiliyi, ciddi mühakimələri ilə diqqətimi cəlb etmiş, yaddaşımda iz qoymuşdu.

Havası saf, suyu təmiz, uzun ömürlülər diyarı kimi tanınsa da, o illərdə təkcə həkimləri deyil, tibb bacıları da necə deyərlər, qırx ağac uzaqdan gələn bu bölgədə öz övladlarını təbib kimi görmək bəlkə də uzun illər rayonda müxtəlif təsərrüfat işlərində rəhbər vəzifələrdə çalışmış Əbdülhüseyn kişinin insanlara canıyananlığından, sevgi və məhəbbətindən, həm də onların qayğılarına, ehtiyaclarına daha yaxşı bələd olmasından irəli gəlirmiş.

Zəngin dünyagörüşlü, müdrik Əbdülhüseyn kişi bəlkə də qədim Yunanıstanda təbiblik peşəsinin mənasının “Həyat müdafiəçisi”, “Həyat keşikçisi” demək olduğunu bildiyindən oğlanlarını da məhz həkim görmək istəmişdi... Bəlkə də atanın müqəddəs istəyindən, taledən Bədəlovların da neçə-neçə övladlarına məhz bu adla, şərəfli “həkim” adı ilə çağırılmaq qisməti düşdü...

Bədəlovların hər biri haqqında yaddaşımda indiyəcən yaşayan neçə-neçə xatirəm var. İnşallah, qismət olar, bir gün onları da qələmə alaram. Ancaq sözümün bu yerində Əli həkim haqqında ayrıca söhbət açmaq istəyirəm.

Qədim Hind eposu “Ayur-Veda” da həkimlər haqqında deyilib ki, o – xəstə üçün ata, sağalmaqda olanlar üçün keşikçi, sağlamlar üçün dost olmalıdır.

Və Əli həkim də minlərlə insana beləcə “ata”, sonra “keşikçi” və “dost” olub...

“Həyat keşikçisi” olan həkimləri həm də “xilaskar” da adlandırırlar. Axı, onlar insanların təkcə həyatlarının keşiklərində dayanmaqla kifayətlənmirlər, eyni zamanda xəstələrə şəfa verib həyata qaytarmaqla ölümün pəncəsindən xilas edirlər.

Xilas etmək naminə məlumdur ki, xilaskarlar da həmişə nəyi isə qurban verirlər... Nəyi?.. Əlbəttə, bu, sadalamaqla qurtaran deyil... Buraya yuxusuz gecələri, narahat-nigaran gündüzləri, həyəcan və iztirabları, ürək ağrılarını, əsəb gərginliklərini də əlavə etmək olar.

Və xilaskarlar mükafatlanırlar da. Bəzən bu mükafat bir quruca “sağ ol” sözü olub. Hərçənd ki, xilaskarlar öz xeyirxah missiyalarını yerinə yetirərkən heç bir mükafat, təltif haqqında fikirləşməyiblər.

Əli həkim tibb elmləri namizədi, əlləri şəfalı bir cərrah idi. Elmi dərəcəsi olsa da o, digərlərindən fərqli olaraq böyük şəhərlərə, şəraitli klinikalara can atmadı. Ucqar dağ rayonunun o vaxtlar darısqal, müasirlikdən çox uzaq, tibbi avadanlıqlarla zəif təchiz edilmiş xəstəxanasında, o illərdə tək-tük alimlik dərəcəsi olan bir cərrahın çalışmasının özü elə bilirəm ki, indi çox şey deyər...

Sivilizasiya qanunların dərkindən doğur. Ona əməl etmək, riayət mühitində gerçəkləşir. İnkişaf etmiş Qərbin özündə də demokratiya təlqindən, tarixi təkamül, insanların təkmilləşdirilməsi prosesindən keçib.

Leriklilərə isə demokratik ruhu körpəlikdən onların beşiyini döyəcləyən sərt dağ rüzgarı özü cilalayıb. Burada adamlar az qala anadangəlmə “qanunpərəst” və “demokratik” doğulurlar. Bu yerlərdə adamların ürəkdən gələn sözlərinin qabağında nə sərt repressiyalar, nə “durğunluq”, nə də “yenidənqurma” sipər ola bilməyib. Hər kəs həmişə öz istədiyini deyib, heç kimdən qorxmayıb gözünü qırpmadan haqqını tələb edib...

Əli həkim də yuxarılarda kimsənin könlünü xoş etmək üçün “şüar” söyləyib, ağı-qaraya çevirən kişilərdən deyildi.

Həmyerliləri onun hörmətini uca tuturdu və elə həmin o illərdə – ötən əsrin 90-cı illərində rayon Sovetinə növbəti seçkilər zamanı rəhbər vəzifələrdə çalışan biz yaxın dostları ona təkid edib:

– Sən də deputatlığa namizədliyini ver, – dedik. – Xalq arasında xətrin-hörmətin var. Bütün seçicilər sənə yekdilliklə səs verərlər.

Açığını deyim ki, Əli həkimin özünün deputatlığa heç bir həvəsi, marağı yox idi. O, peşəsinin vurğunuydu. Öz işini ürəkdən sevirdi. Deputatlığa isə o vaxtkı “şiddətlə” daha da demokratikləşən rayon mühitində hakimiyyətdə olanların, ehtiyacı vardı. Lazım olan səs, nüfuzlu şəxs tərəfindən deyilən söz üçün...

Qərəz, belə də oldu, xahişimizlə Əli Bədəlov da rayon Sovetinin deputatlığına namizədliyini verdi və əlbəttə ki, deputat da seçildi.

“Bizim bu deputat” ilk sessiyadan sonra ona bu seçimdə iştirak etməyi təklif etmiş biz dostlarını topa tutdu:

– Deputatlıq bu imiş!.. Mən elə bilirdim, ora yığışıb camaatın dərd-səri, rayonun qayğıları ilə bağlı nəyi isə müzakirə edib əməli bir iş görəcəyik. Əşi, ora yığışanların çoxu elə öz dərd-sərlərindən, şəxsi ambisiyalarından, öz maraqlarından danışdılar ki!

Bəli, həmişə məhz öz konkret işi – cərrah skalpeli (cərrah bıçağı) ilə insanlara xidmət edən Əli həkimi boğazdan yuxarı çıxışların səsləndiyi bir məclis – sessiya iclası açmamışdı. Xalqın gözündə özlərini ziyalı kimi tanıdan, “el-oba adamı kimi qələmə verənlərin” bir parasını bu müdrik insan elə o iclasda yaxından tanımışdı... Və elə buna görə də sonrakı sessiya iclaslarında tək-tük göründü...

O, səliqə-səhmanlı, ağayana insan idi.

... Bir gün Əli həkim bizi evinə qonaq çağırmışdı...

... Süfrə var ki, zənginliyinə, gen-bolluğuna görə yadda qalır...

Amma beş-üç yaxın dostla Əli həkimin qonağı olduğumuz o süfrəsini, halal duz-çörəyini hələ də unutmamışam. Əlbəttə, zənginliyinə, o süfrənin üstünə düzülən naz-nemətin gen-bolluğuna görə yox...

Evində açdığı o süfrə də elə Əli həkimin özü kimi yerindəcə, səliqəli, sadə idi... İsrafçılığa da yol verilməmişdi, həm də xəsislik də edilməmişdi...

Əli həkim, eləcə də qardaşı Tofiq də ara-sıra bizimlə eyni bir binada, qonşuluqda yaşayan lap yaxın qohumu (bibisi oğlanları), o vaxtlar rayon icraiyyə komitəsinin sədri işləyən Qəhrəman müəllimin evinə, adətən, uzun payız, qış axşamlarında qonaq gələrdilər.

Hərdən məni də öz məclislərinə dəvət edərdilər. Mən də məmnuniyyətlə o tədbirlərə qatılardım. Şam edər, gecədən xeyli keçənədək süfrə arxasında şirin-şirin söhbət edərdik. Söhbətimiz də qeybətdən kənar, əsasən yaşadığımız yurd yerinin keçmişindən, bu günündən, yaxşı kişilərindən, onlarla bağlı maraqlı əhvalatlardan olardı. Əli həkim hətta süfrə arxasındakı belə görüşlərdə də o qədər sakit, diqqətcil görünərdi ki, elə bilərdin sanki rəsmi bir tədbirə qatılıb. Yaşca Qəhrəman müəllimdən, məndən də böyük olmasına, bizlərə ərki çatmasına baxmayaraq, belə fərdi münasibətlərdə də hər ikimizin vəzifə sahibi – bibisi oğlunun ispalkom sədri, mənim isə rayon Partiya Komitəsinin ikinci katibi olduğumu unutmaz, daxili bir rəsmiyyəti də nəzərdən qaçırmazdı. Onunla hər hansı intellektual mövzuda söhbət aparmaq, polemikaya girmək olurdu. Yüngül və ya ağır zarafat eləmək isə həmsöhbətlərinin ağlına belə gəlməzdi. Əli həkim elə asta, sakit danışırdı ki, sanki səsinin ucalığının kiminsə xətrinə dəyəcəyindən ehtiyatlanırdı. Davranışında o qədər həssas, diqqətli, nazik adam idi ki, ətrafındakılar istər-istəməz ona hörmətlə, ehtiramla yanaşmağa məcbur olurdular. O oturuşu, duruşu ilə əsl ziyalı, rəftarı, davranışı ilə bir bəyzadə, qərblilərin anlamında isə əsl bir centlmen idi.

Yeri gəlmişkən, Əli həkim qədər də ciddi və tələbkar olan onun böyük qardaşı, el ağsaqqalı kimi çox sevib hörmət etdiyim Musa müəllimin isə incə, həm də gözlənilməz yumor hissi var. Sevimli dostumuz Musa müəllim bəlkə məndən incisə də (hərçənd ki, mən onu heç vaxt incitmək istəmərəm) elə bu məqamda onlardan yadıma düşən birini danışmaq istəyirəm.

...Rayon partiya komitəsində təlimatçı işləyən dissertant Musa müəllim biologiyaya aid elmi axtarışlarının üzərində işləyir, namizədlik işini müdafiə eləməyə hazırlaşırmış. Bir gün birinci katibin yanına gəlib işdən nə az, nə azacıq, düz iyirmi günlük icazə istəyir. Birinci katib onu dinləyəndən sonra:

– Bu qədər vaxt sənin nəyinə lazımdır? – deyə soruşur.

Dissertant Musa müəllim də:

– Əsər yazıram, yoldaş katib, elmi iş, – deyə şəstlə cavab verir.

İyirmi günlük bir icazə üçün belə bir cavabdan heç də qane olmayan katib:

– Bu necə ola bilər, Musa müəllim, nə danışırsınız? Axı, siz rayon partiya komitəsində məsul bir vəzifə daşıyırsınız. Məzuniyyətdən də təzəcə qayıtmısınız. Heç iyirmi günlük də icazə olar? Olmaz! Olsa-olsa, mən sizə bir, ya da iki günlük icazə verə bilərəm...

Birbaşa olmasa da, rayon rəhbərindən dolayısı ilə “yox” cavabı alan Musa müəllim pərt olub geri dönür. Ancaq elə-belə də çıxıb getmək istəmir. Qapıya çatanda birdən geri dönüb:

– Yoldaş katib, sizin uşaqlar hansı ölçüdə ayaqqabı geyinir? – deyə yöndəmsiz bir sual verir.

Belə qəfil sualdan çaşıb qalan katib də:

– Neynirsiniz? Bu sizin nəyinizə lazımdır?deyə çaşqınlıqla xəbər alır.

Musa müəllim isə təhər-tövrünü pozmadan:

– Heç, yoldaş katib, dedim, bəlkə ayağıma uyğun gələni oldu. Köhnəsindən-küləsindən verərdiniz bizə, kəndə-kəsəyə gedəndə geyinərdik, – deyir.

Oturduğu yerdən dik qalxan katib:

– Gedin, Musa müəllim, gedin, siz Allah! Mən sizə iyirmi gün yox, bir ay icazə verirəm. Gedin, öz elmi işinizlə məşğul olun, – deyərək Musa müəllimin əlindən birtəhər yaxasını qurtarır...

Əli həkimin arzuları çox idi. Özünə layiq oğlanları Oqtayın, Cabirin, nəvələrinin həyatdakı uğurlarını görmək, o uğurlara ata kimi də sevinmək istəyirdi. Lakin nə yazıqlar ki...

Ömür əkib becərilməz, can da bağçada bitməz. Ömür Tanrı qismətidir, kimə nə qədər. Bir də var “qədər”, o da alın yazısıdır. Baxır o ilahi qisməti kim, necə yaşayır.

Bir atanın belindən gələn, cövhəri eyni qandan yoğrulub, eyni candan doğulanlar bir-birinin əzizi, doğmadan doğmasıdırlar. Belələrindən bəzilərinin fərdi münasibətlərində fikirləri üst-üstə düşməyənlər də olsa, onlar da bir-birinin qeyrətidirlər. Aqillərimiz “Qardaş düşmən kirtağasıdır” məsəlini əbəs yerə deməyiblər. Bir də var “bir candan, bir qandan” olanların bir-birinə qarşılıqlı, ilahi sevgisi. Bax, Musa və Əli Bədəlov qardaşlarının şəxsi münasibətlərində, bir-biri ilə rəftarında bir ilahi sevgisi var idi...

... Keçən əsrin yetmişinci illərin sonu, səksəninci illərin əvvəllərindəki yeddi min nəfərə yaxın əhlisi olan Lerik qəsəbəsinin Şımbırdan başlanıb Şeytantəpədə bitən min iki yüz metr uzunluğunda vur-tut bir mərkəzi abad küçəsi vardı. Zövnə kəndindən gəlib rayon mərkəzinə düşdüyüm elə o vaxtlardan şənbə-bazar günlərində, axşam tərəfi o küçə ilə həmişə iki qardaşın, Musa və Əli Bədəlovların (arada Tofiq də onlarla olurdu) asta addımlarla, şirin-şirin söhbət edə-edə qoşa-qoşa gəzişdiklərini heyranlıqla, bəzən də qibtə hissi ilə o qədər seyr etmişəm ki! Həmişə də ürəyimdən keçib ki, evləri qəsəbənin müxtəlif səmtlərində, bir-birindən xeyli aralı olan bu qardaşlar qaranlıq qovuşanda, axır ki, hərə öz ailəsinin yanına dönmək üçün bir-birindən görəsən necə ayrılırlar?!.

... Əzəli və əbədi vətənimiz Azərbaycanımızın qədim Gəncəsinin məşhur hökmdarı, milli varlığımızın qeyrət qalalarından biri, qan yaddaşımızın şəhadət ünvanlarından olan Cavad xan qardaşı Uğurlu xanın farslara qarşı Vətən qazavatında şəhid olmasından ağır qəm-qüssəyə, kədərə mübtəla olur. Dövlət qayğılarından azacıq fariq olan kimi, demək olar ki, hər gün öz hücrəsinə çəkilib sevimli qardaşını yad edərək ağlayıb göz yaşı tökərmiş. Bir gün nədimi vacib işlərlə bağlı xanın yanına, otağına girəndə onu yenə də qan yaş tökərək qardaşı üçün ağlayan görür. Canını dişinə tutub cəsarətini toplayaraq, hökmdara təsəlli vermək istəyir:

– Xan, qurban olum sənə, – deyir, – o gözəl camalını göz yaşlarınla isladıb paymal etməyiniz bəs deyilmi? Bilirəm, Uğurlu xanın yoxluğuna dözə bilmirsiniz, ancaq qədərin işidir bu...

Xan:

– Nə danışdığındı, nədim? Qardaş ciyərdən ayrılır. Mən ciyərimi itirmişəm, – deyib yenə göz yaşı axıdır.

Nədim cürətlənib:

– Xan sağ olsun, şükür ki, hələ də sağlam və gümrahsınız.... İnşallah, daha bir övladınız olar, adını da elə Uğurlu qoyarsınız...

... Az sonra Cavad xanın daha bir oğlu doğulur. Adını Uğurlu qoyur. Və o, Uğurlu da sevgi ilə böyüyür, ləyaqətlə yaşayıb, şərəflə vətəninə, xalqına xidmət edir.

... Oğullar öz atalarının qardaşlarına qardaş olmasalar da, elə qardaş timsalındadırlar...

Həmişə qoşa gəzib dolaşan, bir-biri ilə nəfəs alan Əli həkimi də Ulu Tanrı Musa müəllimin ciyərindən ayırdı. Elə bu müdrik insanın təsəllisi də yəqin ki, qardaşının Oqtay, Cabir adlı oğlanlarından onun hənirini almasıdır...

Ataların ömrünü övladları yaşadır. Əli həkimin də gözəl övladları, nəvələri indi onun həyat yolunun, ömür yolunun davamçısıdırlar. Lerikdə çalışdığım vaxtlar Əli həkimin mühəndis oğlu Oqtayı rayon İcra Hakimiyyətində işə dəvət eləmişdim. O vaxtlar yanımda işləyirdi.

Eşitmişəm ki, indi ixtisası üzrə məsul bir təsərrüfat işində çalışır. Cabir isə zərif bir sənətlə məşğul olur – zərgərdir. Mənim tanıdığım Oqtay, Cabir heç şübhə etmirəm ki, öz atalarına layiq bir övlad, cəmiyyətimizə isə soylarının digər çoxsaylı üzvləri kimi gərəkli insanlardırlar.

Bu dünyanın bir əzəli-əbədi qanunu da budur ki, hamı vaxtlı-vaxtsız köç edir. Məgər bu dünyadan üzülüb qalan bir kimsə varmı?..

Böyük şairimiz Səməd Vurğunun bu misrası necə də yerində deyilib: “Biz gəldi-gedərik, sən yaşa dünya!..”

Xoşbəxtsə o adamdır ki, qalanların yaddaşında yaşayır. Əli həkim də təkcə əzizlərinin, yaxınlarının deyil, bütün onu tanıyanların, elin, obanın yaddaşında yaşayan belə insanlardandır...

12 mart, 2012-ci il

Şabran

 

Novruz Nəcəfoğlu (Novruzov)

 

Azərbaycan Yazıçılar Birliyinin üzvü

 

525-ci qəzet.- 2012.- 28 mart.- S.4.