İnnovativ təşəbbüslər qəzetləri
xilas edə bilmir
Son dövrlər nəşrə
başlayan bəzi qəzetlərdə müəyyən
yeniliklərin olunduğunun şahidi olduq. Yüksək dizayn,
rəngarəng yazılar, tanınmış imzalar, bir
çox maraqlı dairələri və ümumilikdə cəmiyyəti
düşündürən, onların diqqətini cəlb edən
şərhlər, balanslaşdırılmış mövqe və
digər innovativ təşəbbüslər bu mətbu
orqanında tətbiq olunur. Yəqin ki, qəzet rəhbərinin
məqsədi çap mətbuatında modern davranış mədəniyyəti
və qəzet bazarında rəqabət, canlanma nümayiş
etdirməkdir.
Nəticədə isə bu süstlük aradan qalxmır. Deyəsən, burada heç Əlləddinin sehirli çırağı da köməyə gəlməyəcək. Ənənəvi media və bu sahənin problemləri ilə bağlı çox danışılıb, yazılıb. Çap mətbuatı haqqında səslənən bədbin proqnozlar təəssüf ki, sonda reallığa çevrilir. Dünyada olduğu kimi Azərbaycanda da qəzetlərin perspektivi gündən-günə azalır. Rentabelliyini itirən bu sahəyə sərmayə yatırmağa ehtiyac varmı?
Ancaq xəstə oturub ölümünü gözləməməlidir. Bu məsələlərin həllində praqmatik yanaşma tələb olunur. Kimin necə düşünməsindən asılı olmayaraq media özü-özlüyündə bir biznes sahəsidir. Yəni məhsul bazarın tələblərinə uyğun olmalıdır. Tələb və təklif bir-birini tənzimləməlidir. Əlqərəz, bu gün qəzet var, onun satışı isə yoxdur. Məhsul satılmırsa deməli, bu biznes sahəsi rentabelliyini itirəcək. Etiraf edək ki, qəzet alanların sayı günbəgün azalır. Təbii ki, bunun səbəbləri çoxdur. Artıq o barədə danışmağa dəyməz. Elə insanlar var ki, aparıb onlara hər gün qəzeti havayı versən də oxumayacaq. Kitab, qəzet oxumaq bir etinasızlıq sindromuna çevrilib.
Əsas mətləbə keçək. Normal iqtisadi mühitdə belədir ki, hər bir məhsul istehsal olunarkən marketoloqlar ilk öncə bazarı öyrənib tələbatı müəyyən edirlər. Hərçənd ki, bizdə marketinq-təhlil mərkəzlərinin oturuşmaması tək qəzet bazarında deyil, digər sahələrdə də özünü göstərir. Bu il kənd təsərrüfatında bol yetişdirilən məhsul növbəti ildə baxırsan ki, yoxa çıxır. Bu da sahibkarlıq subyektlərində marketinq işinin düzgün qurulmaması ilə bağlıdır.
Bu xoşagəlməz tendensiya həmçinin media sahəsində də mövcuddur. Ancaq heç qorxuya düşmək, narahat olmaq lazım deyil. Qəzetə bazar elementi kimi baxıb onun istehsalını təşkil etmək lazımdır. Normal qəzet biznesi mənəvi dəyərlərin itirilməsi deyil. Əksinə, azad rəqabət şəraitində intellektual mülkiyyət sahiblərinin öz məhsulları ilə ortaya çıxmasıdır. Əgər bu intellektual mülkiyyət anbarlarda qalıb itib-batacaqsa, sahibinə və yaxud şirkətə heç bir xeyir verməyəcəksə, bəs bu zaman onun faydası nədir? Belə məhsulu istehsal etməyə nə ehtiyac var?
Bəs onda nə etmək lazımdır?
Bu günün danılmaz reallığıdır ki, internet jurnalistikası sürətli informasiya vasitəsi kimi, digər ənənəvi KİV-i üstələməkdə davam edir. Bu elektron media sahəsi yarandığı vaxtdan, demək olar ki, bütün sahələrə nüfuz etməyə başlayıb və böyük uğur qazanıb. İnternet jurnalistikasının inkişafını tənzimləyərək bu sahədə peşəkarlığı və məsuliyyəti artırmaq olar. Ancaq bu gün tirajı 3000-4000 və satışı isə heç 500 ötməyən qəzet rəhbərləri düşünür ki, internet jurnalistikası çap mətbuatını heç vaxt sıradan çıxara bilməz.
Təbii ki, bəzi yaşlı insanlar var ki, internet resurslarından yararlana bilmədiklərinə görə, yalnız qəzet oxumaqla kifayətlənirlər. Bu kateqoriyadan olan insanların sayı elə də çox deyil. Ancaq belə tezliklə qəzetlərin tamamilə sıradan çıxması özü-özlüyündə ciddi bir itki olar. Ona görə də, çap mətbuatının perspektivi naminə bir sıra addımlar atılmalıdır.
İlk öncə marketinq-təhlil mərkəzləri mövcud bazarı araşdırıb müəyyən etməlidir ki, Azərbaycanda qəzetə tələbat və potensial qəzet alanların sayı nə qədərdir.
İkincisi, əgər kimsə bu sahəyə könüllü şəkildə maliyyə dəstəyi göstərmək istəyirsə, bu proses şəffaf həyata keçirilməlidir. Bu pullar həmin qəzetin tirajına və satışına, cəmiyyətdəki nüfuzuna görə müəyyən edilməlidir.
Üçüncüsü, cəmiyyətdə çox mənfi imici olan reket qəzetlərə qarşı aparılan mübarizənin metodologiyası dəyişməlidir. Yəni ictimai qınaq o qədərdə kara gəlmir. Həmin şəxslərə verilən pulların mənbəyini müəyyən etmək lazımdır. Bu məsələlər hüququ müstəvidə həllini tapmalıdır. Hərçənd ki, bu gün mətbuatın əsas problemi reket jurnalistikası deyil. Problemi doğuran səbəblər aradan qalxdıqca reketçilikdə öz həllini tapar.
Dördüncüsü, Azərbaycandakı ifrat qəzet bolluğundan cəmiyyəti və medianı xilas etmək naminə ideoloji cəhətdən yaxın olan qəzetlərin birləşməsi məsələsini gündəmə gətirmək olar. Ümumiyyətlə, media sistemində birləşmə, media holdinqlərinin yaradılması məsələsini ictimailəşdirmək lazımdır.
Onu da qeyd etmək istərdim ki, biz həm də QHT təmsilçisi olaraq media sahəsində səhmləşmə ilə bağlı araşdırma aparırıq. Nəticələri yekunlaşdırdıqdan sonra təkliflərimizi ictimai müzakirəyə çıxaracayıq. Müşahidələrimiz göstərir ki, indiki media quruluşlarının rəhbərləri səhmləşməyə o qədər də maraqlı görsənmirlər. Bu işin gerçəkdən baş tutması üçün cəlbedici və faydası ola biləcək mexanizmlər işləyib hazırlamaq lazımdır.
Əkrəm BƏYDƏMİRLİ
525-ci qəzet.- 2012.- 28 mart.- S.6.