Arif Hüseynovun
“Azərbaycan nağıli”
Novruz bayramı ərəfəsində Bakı Xətaı Sənət Mərkəzi sənətsevərlərə yaddaqalan sənət töhfəsi hədiyyə etib. Buradakı miniatür sənəti qalereyasında görkəmli qrafika ustası, xalq rəssamı Arif Hüseynovun “Azərbaycan nağılı” adlı fərdi sərgisi açılıb. Burada onun xalqımızın şifahi ədəbi yaradıcılığının ayrılmaz hissəsi olan dadlı-duzlu, insan təxəyyülünü qanadlandıran nağıllarımıza cəlbedici, icra baxımından şaşırdıcı görünən bədii münasibət göstərilib. Sərginin ekspozisiyasına daxil edilmiş əlliyə yaxın qrafika nümunəsinin hər biri tamaşaçısını duyğulandırmaq gücündədir, desək, yanılmarıq.
Uzun illər ərzində kitab qrafikası sahəsində məhsuldar çalışan və hər dəfə oxucusunu ədəbi materialın mahiyyətinə varmağa kömək edən, bu nümunələrin fəlsəfi yükünü duymağa kömək edən rəssam bu dəfə də tamaşaçısını uzun müddət unuda bilməyəcəyi bədii gerçəkliklə üz-üzə, göz-gözə qoymağa nail olmuşdur...
Hələ uşaqlıq vaxtlarında rənglərə olan sevgisini görkəmli pedaqoq Nadir Axundovun rəsm dərnəyində həm də məcazlarla ifadə etməyi öyrənən Xalq rəssamı Arif Hüseynov sonralar hər sənətkara müyəssər olmayan bu yaradıcı-bədii məziyyəti məşhur “Əzimzadə məktəbi”ndə və M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda tanınmış sənətkarlardan aldığı dəyərli tövsiyələrin nəticəsində kifayət qədər cilalamaqla, ona müxtəlif məzmunlu əsərlərində cəlbedici, təsirli və düşündürücü görkəm verə bilmişdir, desək, həqiqəti ifadə etmiş olarıq. Rəssamın bizim bütün həyatımız boyu dinləməkdən və oxumaqdan doymadığımız, yaşı bilinməyən, ancaq elə eşitdiyimiz andan arzularımızın ədəbi rəmzinə çevrilən Azərbaycan nağıllarına verdiyi müasir görüntülərin XXI əsr tamaşaçısını da ovsunlaya bilməsi, onların bədii-obrazlı təqdimatında məcazi düşüncə tərzinin mövcudluğu da bunun ifadəsidir. “Azərbaycan nağılı” sərgisində nümayiş olunan əsərlər göstərir ki, uzun illər ərzində ədəbi materiala bədii münasibətində barəsində davamlı olaraq düşündüyü “Azərbaycan kitabı”nı yaratmağa çalışan Arif Hüseynov bizcə məqsədinə nail olmuş, özündə ənənə ilə müasirliyin vəhdətini yaşadan fərdi ifadə üslubunu yaratdığını sərgiləyə bilmişdir. Başqa sözlə desək, onun milli ədəbi materiala “bədii güzgü” tutan əsərləri tamaşaçısı-oxucusu ilə çox oxunanların özü qədər koloritli “nağıl dili”ndə danışır. Aqillərin “nağıl dili yüyrək olar” deyimi yəqin ki, rəssam üçün nağılların “bədii oxunuşu”nda təkanverici amil olub. Bu mənada onun bu istiqamətdə rəmz mahiyyətli bədii məzaclardan istifadəsi bəlkə də nağıllarla “ayaqlaşa” biləcək yeganə vasitə ola bilərdi və yaxşı ki, o, başqa yola yönəlməyib. Təsvirdə yorucu nəqliçilikdən qaçan rəssamın nağıl yaradıcılığında rəmz-məcaz sadəcə üslub görüntüsü olmayıb, bilsavasitə onun dünyanı obrazlı dərkidir, desək, yanılmarıq. Rəmz – məcazın bütöv – tam düşüncə daşıyıcılığı ilə yanaşı, həm də duyulası dərəcədə yığcam-qənaətcil olması da Arif Hüseynovun seçiminin məntiqliliyini təsdiqləyir. Elə düşünürük ki, bizə həyatda addımlamaqda kömək edən qiymətli atalar sözlərindəki ifadə yığcamlığı və qeyri-adi məzmun əhatəliliyi, miniatür və xalçalarımızdakı dərin məna tutumunu hifz edən şərti biçimli işarə-təsvirlər nağıllarımıza onun “dilində” görüntü verməyə çalışan rəssam üçün dəqiq və düzgün istiqamətverici qaynaq olub. Bu prosesdə Arif Hüseynovun qədim miniatür sənətinin zəngin bədii ənənələrinə tapınması və bu çox tutumlu bədii irsin məna-məzmun yükünü daşıya bilən bədii-estetik məziyyətlərindən istifadə etməsi ona sözün əsl mənasında reallıqla irreallığın qovşağından ərsəyə gələn ilğım-nağıl lövhələr yaratmağa imkan vermişdir. Belə ki, həmin əsərlərdə yığcam kompozisiyaları gerçəkləşdirən ayrı-ayrı elementlərin məna-məzmun və rəmz mahiyyətli rənglərlə vəhdətindən cəlbedici və düşündürücü, bir qədər də romantik ruhlu bədii görüntülər yaranmışdır. Odur ki, bu lövhələrdə uzun əsrlərdən qan yaddaşımızda bu günə daşıdığımız ədəbi irsimiz həm oxuduğumuz kimi, həm də təxəyyülümüzdə canlandırdığımız kimi bir az real, bir az da nağılvari, həm də fantastik biçimli, ovqat daşıyıcıdırlar. Əslində həm də zəngin folklorumuzun hadisə gözlənilməzliyindən doğan bu cür təqdimat təbii olaraq birmənalı qarşılanan olmayıb, kimlər üçünsə nə qədər başadüşülən və təbii görünsə də, digərləri üçün qəribə və cəlbedici, eyni zamanda düşündürücüdür. Bütün bu baş verənlərin rəssamın bütün yaradıcılığı boyu gördüklərinə və düşündüklərinə bədii mübaliğə ilə yanaşması, onlara “bədii yalanlar” qatması ilə bağlı olması da birmənalıdır. Bu bədii şişirtmələrin – mübaliğələrin rəssam düşüncələrini gerçəkləşdirəcək həddə olması duyulası dərəcədə təfsir olunmuş hadisələrin inandırıcı qəbulunu şərtləndirmişdir. Ancaq əslində tamaşaçının kifayət qədər inandırıcı qəbul etdiyi bu görüntülər əslində rəssamın gördüklərinə “inamsızlığı” nəticəsində yaranmışdır. Elə bu “inamsızlıq” onu sözlə ifadə olunanların düşündürücü məcazi quruluşunu tapmağa kökləmişdir. Uğurlu bədii görkəm alan bu görüntülərin dərhal qavranılmayıb, insan düşüncələrini sınağa çəkməsi də çox vaxt elə oxunanlardan qaynaqlanır. Belə ki, nağıllardakı üç alma, qaranlıq-xaoitik bulud topasından “boylanan” bölünmüş ay, gözəl qızı özündə gizlədə bilən nar, sudan şaxə qalxan balıqlar, məzarlıqdakı insan kəlləsi, xilaskar ağ at, mühafizə çevrilən barmaqlar, günəşin çıxması və qüruba enməsi, eləcə də digər neçə-neçə təsvir elementləri el yaddaşında həm də konkret rəmz və məna daşıyıcısı olduqlarından onlardan rəssamın kompozisiyalarda məntiqli istifadəsi, belə görüntülərin mübaliğələrlə zəngin nağılların dadlı-duzlu məna tutumunun ona müvafiq duyğulandırıcı qəbulunu şərtləndirmişdir. Rəssamın tətbiq etdiyi üst-üstə sıralanma prinsipi, forma-biçimin duyulası stilizəsi, “dənələnmiş” yaxıları, gerçəkliyə şərti və lokal, həm də parlaq və şux boyalar prizmasından baxış əsərlərin nağıllaşmasına kifayət qədər kömək etmişdir. Bütünlükdə isə demək lazımdır ki, qədimlərdə el təfəkküründə reallığın arzulara uyğun təfsir olunduğu nağıllarımız Arif Hüseynovun təqdimatında rəmz və məcazların köməyi ilə oxucunun xəyalında canlandırdığı duyğulandırıcı və qürurdoğurucu biçimdədir. Odur ki, onlar müxtəlif yaşlı oxucuya və tamaşaçıya eyni dərəcədə maraqlı və doğmadırlar...
Ziyadxan Əliyev,
Azərbaycan Respublikasının
əməkdar incəsənət
xadimi
525-ci qəzet.- 2012.- 28 mart.- S.7.