Gülüşündə kədər
gəzdirən şair, yaxud
“HƏR HAVAYA OYNAMAYAN” İNSAN
Azərbaycan Yazıçılar və
Azərbaycan Jurnalistlər Birliklərinin üzvü, filologiya
elmləri namizədi, pedaqoq Sərdar Zeynal öz xarakteri, mənəvi-psixoloji
durumu, çoxtərəfli fəaliyyəti, sərlövhəyə
çıxartdığım epitetləri ilə fərqlənən
şairdir. Onun elmi və bədii yaradıcılıq yolu əlinin
və zehninin əziyyəti ilə mənəvi aləmə
açılan nurlu sabahların yoludur. Bu yolun
başlanğıcı öz məcrasını Ordubadın
Tivi kəndindən götürərək,
Bakımızın gözəl təbiəti ilə
seçilən Bilgəh qəsəbəsində, mavi
gözlü Xəzərin qucağında qərar tutmuş
olsa da, mənəviyyat axtarışlarındadır. Bu
axtarış yollarında rastlaşdığı çətinliklərdə
büdrəsə də, “yollar onu cana gətirsə” də həyatından
bezməyib, buraxdığı nöqsanları dərk edə-edə
həqiqət izinə düşdüyü üçün
özünü xoşbəxt sayır. Uğurunu da,
uğursuzluqlarını da Tanrı yazan qismətinə yozaraq
“Vətən, bağışla məni” deyir:
Neçə yol doğranmışam,
Neçə yol biçilmişəm.
Qismətim yada qismət,
Ayaqla kiçilmişəm,
Vətən, bağışla məni
Müəllifin vətənə
müraciəti sensasiya, populist xarakter daşımır. Vətən
məhəbbəti Sərdar üçün müqəddəsdir,
valideyn, övlad məhəbbətindən də əzizdir. O,
bu müqəddəslik önündə öz mənəvi
borcunu etiraf edir:
Haqqımı istəmişəm
Dilimə dağ basılıb.
Boynumun kündəsindən,
Qalmışam mən asılı
Vətən bağışla məni.
Lakin onun bu müqəddəslik
önündəki “çarəsizlik etirafı” acizlik əlamətini
ifadə etmir. Bu etirafda namuslu, dərrakəli bir yurdsevərin
xarakter bütövlüyü və aliliyi əks olunur:
İldırım yandırmayıb,
Od almışam içimdən.
Yollar cana gəlibdir,
Yurddan yurda köçümdən
Vətən, bağışla məni...
Bəli, bu təzadlı misralarda Sərdarın
gileyindən çox, nikbinliyi, acizlikdən çox
mübarizliyi, mənəvi gücü öz ifadəsini
tapıb. O, öz içindən od aldığı
üçün “cana gələn, usanan” bu çala-çuxurlu
yolları qürurla addımlayıb. Bu yol sənətinə
vurğun Azərbaycan dili və ədəbiyyatı müəlliminin,
filoloq alimin, dörd elmi monoqrafiyanın, yüzdən artıq
elmi məqalənin, “Səninlə bəxtəvər
olacağam mən”, “Üyüt, ömür dəyirmanı”,
“İnandım ki, həqiqətdi bu sevgi”, “Bir ürək
sevgiyəm”, “Mən nələr çəkirəm”, “Dəniz
ağladır məni” ünvanlı altı şeirlər
kitabının və iki qız, bir oğul... “müəllifinin”
şərəfli ömür yoludur.
O, 57 illik ömrünün yarım əsrini
gülüşündə qəm, kədərində mənalı
istehza gəzdirən bənzərsiz bir insan kimi
yaşayıb. Bir çox namuslu azərbaycanlılar kimi Sərdar
Zeynalın mənlik şüurunun formalaşmasında
soykökü ilə bərabər vətən
anlayışı müstəsna rol oynayır. Budur, Sərdar
Zeynalın 9 kitabından əksər şeirlərini təmsil
edən “Bir ürək sevgiyəm”(redaktor: filol.e.d. professor
Tofiq Hacıyev), “Mən nələr çəkirəm”(redaktor:
Filol.e.d, professor Buludxan Xəlilov) və “Dəniz
ağladır məni” adlı üç kitabı
qarşımızdadır. Bu kitablarda toplanan şeirlərinin
də çox hissəsi vətən mövzusuna köklənib.
Onun şeirlərinin çoxundan bərəkətli ana
torpağın qoxusu, gül-çiçək, qərənfil,
bənövşə ətri gəlir. “İlahi, bu yurdu yoxlama
darda”, “Torpaq”, “Yenə oyanmamışıq”, “Sərçələr”
(1, 10, 14, 19, 60-61), “Vətən qoxulu torpaq”(3, 142), “41-də
gedənlər “Vətən” dedilər”, (3, 145), “Bu kəndin
sabahı göynədir məni” (3, 148), “Bu buludlar ağ
çadıra bənzəyir” (3, 149) kimi şeirlərdə vətən
vurğunu olan şairin yurdsevərliyi çox müxtəlif
yönlərdən tərənnüm olunur. Vətənə
sonsuz məhəbbət doğma kəndinə
vurğunluğundan başlayır. “Dönəcəm o yola”
şeirində onun doğma hiss və duyğuları sanki hər
bir oxucunun istəklərini ifadə edir:
Dönəcəm o yola,
çığıra, izə,
Bu vüsal nəfsimi öldürmək
üçün.
Dönəcəm qar, dolun çıxsa da
dizə,
Bircə yol üzümü güldürmək
üçün.
Bələkdən qaldırdın
dağın başına.
Nə bəxşiş istədin, nə də
yalvarış
Göz açıb yetişdim 15
yaşına,
Geriyə çəkmədin məni bir
qarış
Bu məhəbbətlə o Böyük
yaradana – qadir Allaha tez-tez pənah aparır: “İlahi, bu yurdu
sınama darda!” nidası ilə düşmən əlinə
keçmiş Qarabağın harayını çəkir. Bu
mövzuda yazanların çoxundan fərqlənən Sərdar
ürək yanğısı ilə əsl düşməni
hədəfə alır. Doğru etiraf edir ki, Qarabağın
əldən getməsində günahkar ilk növbədə
erməni yox, erməni sifətli allahlıq iddiası ilə
yaşayan xudbin, şöhrətpərəst
insancıqlardır.
Borc yerə xərclədim
ömrümü, Allah,
Yarısı qadada, qovğada getdi.
İnsancıq “allah”lar artıb
maşallah,
Onların əlindən el bada getdi.
Göz gözə düşməndir,
çəkən çəkənə,
Doğrunu deyəni dara çəkirlər.
Bu ömür tale yox, ağır məngənə,
Günəşin üstünə qara
çəkirlər.
Ömrümüz tufanlı
qasırğalar
Sürünür,görünür belədən-belə
İlahi, bu yurdu yoxlama darda,
Düşmənə yenməkdən
özün hifz elə
“Gedirəm”, “Əzabla yaşayıram”, “Gəzdirir”,
“Ömür də qismətdi”, “Taleyim fıptına qoynunda gəmi”,
“Mənimki yazıdan, yazandan keçib”, “İnsanlar ümidi
itəndə ölür”, “Neyləməli”, “Qalır”, “Mənə
bir baharın nəfəsi bəsdir” və s. şeirlərdəki
misraların hər biri yeni-yeni məna çalarları,
ürəyi oxşayan gövrək duyğular, sərt həqiqətlər
aşkarlayır.
Sərdarın estetik tutumlu, məna
yüklü bədii obrazları məlum həqiqətləri
başdan-başa yeni anlamda çatdıra bilir. Bu tipli misralar
onun şeirlərinin özünəməxsus poetik
üslubundan xəbər verir. Budur, kitablardakı istənilən
bir səhifəni açırıq:
Kotan çəkir tükü-tükdən
seçənlər,
Qəm üyüdür göz
yaşları içənlər.
Yer şumlayıb, taxılını
biçənlər,
Tər tökənə bir qab üzsüz
aş düşüb.
Belə şeirlərinin özünəməxsus
ahəngi, intonasiyası var. Misranı öz ahənginə
uyğun “oxumasan”, duymasan bədii məna dəyişər,
ideyası təhrif olunar, anlaşılmazlıq yaranar. Odur ki,
hər bir misrada ayrı-ayrı ifadələrin bütöv mətndəki
leksik-semantik mənasını qavramaq lazımdır.
Yuxarıdakı bənddə folklor deyiminə əsaslanan
sözlər müəyyən dərəcədə yeniləşib.
Burada “kotan çəkir tükü-tükdən seçənlər”,
“qəm üyüdür” ifadələri
ömrü-günü əzabla keçən həssasların,
zəhmətlə yaşayan ağıllıların, təhnəsində
çörəyi, çuvalında dəni olmayanların
taleyindən soraq verir. Əgər bu ünvanlar birbaşa,
sözün müstəqim mənasında deyilmiş
olsaydı, şeirin poetikliyi, obrazlılılığı itərdi.
Lakin bu halda həmin ifadələr özünəməxsus
metaforik şəkildə verildiyi üçün oxucunun
ürəyinə asanlıqla yol tapır, onu
düşündürmək “əzabına” və
zövqünə sövq edir. Bu mənada Sərdarın
misraları poetikanın nəzəri – estetik tələblərinə
tamamilə cavab verir. Məlumdur ki, bədii ədəbiyyatı
digər humanitar sahələrdən fərqləndirən
amillərdən ən başlıcası onun əvvəlcə
ruha, hiss və duyğulara təsir etmək qüvvəsidir. Bədii
yaradıcılığın estetik funksiyası heç də
nəyisə, hər hansı bir hadisəni oxucuya
çatdırmaq, onu məlumatlandırmaq yox, həmin hadisəni
elə tərzdə təqdim etməkdir ki, onun qəlbini riqqətə
gətirsin. Odur ki, dönə-dönə toxunulan məlum-məşhur
problem məsələlər Sərdarın deyimində
yeni-yeni assosiasiyalar oyadaraq ruhu oxşayır, mənəviyyatı
cilalayır.
Bəzən mücərrəd şəkildə
fərqinə varmadan tez-tez gileylənirik: dünya yaman dəyişib,
qardaş! Ay, belə dünyanın... Klassiklərimizin
çoxu da ən qüvvətli şeirlərində
Dünyanı hədəfə alıb. Sərdar isə öz
sələflərindən fərqli olaraq, bu fikrin yeni
çalarını, bir qədər istehzalı ironik məqamını
tapır, onun istiqamətini dəyişərək, ezopvari fəlsəfi
yükünü nəzərə çarpdırır.
Yerinki yerdədi, göyünkü göydə,
Salamı salamdır, Yallahı Yallah.
Gəngisi zurnada, göz yaşı neydə,
Dünyanın harası dəyişib,
Allah?!
Şəhidi doğulur, yerə “əkilir”,
Ruhları inciyib göyə cəkilir,
Yamandan yaxşıya torba tikilir,
Dünyanın harası dəyişib,
Allah?!
...Zülümkar zülmündə,
zalım işində
Min nalə qoparır hər gedişində,
Qan içib, şirəsi qalıb
dişində
Dünyanın harası dəyişib,
Allah?!
Min ildir qurdları quzuya qənim,
Min ildir dəyişmir işinin çəmin.
Dünən də həmindi, bu gün də
həmin,
Dünyanın harası dəyişib,
Allah?
Düşündürücüdür,
deyilmi? Həm də təəsüfləndiricidir! Şeir
oxucuya deyir: avam olma, əlbəttə, dəyişən
dünya deyil, dəyişən də, dəyişməyən
də sənsən, mənəm, insanlardır!
Məlumdur ki, xeyirlə şərin,
haqlı ilə haqsızın, mərdlə namərdin, zəhmətkeşlə
müftəxorun qarşılaşdırılması, ikincilərin
real-maddi üstünlüyü ədəbiyyatın əzəli
və əbədi problem məsələlərindən
biridir. Elə istedadlı sənətkar tapılmaz ki, bu motivə
toxunmamış olsun. Füzuli və Şekspirdən, M.P.Vaqif
və M.Hadidən tutmuş Məmməd Araz və Vaqif Səmədoğluna,
Ramiz Rövşənə qədər əksər sənətkarlar
təzadlı aləmə qarşı öz müsbət
idealını çıxarmış, bu istiqamətdə təsirli
şeirlər yazmışlar. Sərdarın özünəməxsus
obrazlarının predmetində bu klassiklərin təsiri
duyulsa da, milli və regional folklora bağlılığı
predmetin təcəssümünü orijinallaşdırıb.
Dövrünün eybəcərliyini ifşa edən
Şekspir vaxtilə ona görə hiddətlənirdi ki,
Saxtalıq hökm verir, qəlbə,
ağla, kamala,
Bəkarət təhqir olub
düşür dərdə,
zavala”!
Böyük sələfləri kimi Sərdar
Zeynal da
müşahidə edir ki,
Haqsız yerdə sözü haqdır,
haqsızın,
Nə olsun ki, zaman sonsuz,
haqq uzun,
Oğurlayıb namərd mərdin
saqqızın,
Baş ayağa, ayaq gedib baş
düşüb
Göründüyü kimi, S. Zeynalın
bu misralarında dahi V.Şeksprin 66-cı sonetinin
saxtakarlığa və əxlaqsızlığa qarşı
qəzəbli ruhu duyulsa da, obrazlar, bənzətmələr və
ifadə tərzi tamamilə özünəməxsusdur.
Sərdar Zeynalın milli klassikaya, ənənəyə
münasibətində yaradıcı məqamlar da təbii və
poetik səslənir. Onun “Heydər baba”nın təsiri ilə
səsləndirdiyi “Görüşünə gələmməsəm”
şerində bu meyl özünü aşkar büruzə
verir.
Leysanında daş dibiniə girib itdim,
Fatma nənə hanasını toxumadı.
Dalısınca necə qaya aşıb
getdim.
Kəklikləri bircə kəlmə
oxumadı
Sərdarın müşahidə spektri
çox iti, müşahidə coğrafiyası genişdir.
Onu bir tərəfdən onun-bunun malına varına tamah salan,
özünü söz yaradıcısı kimi göstərən,
başqasının misralarına göz tikən modabaz ədalılar,
biveclər narahat edir:
Yaxşı bax bundakı duruşa, boya,
Vədəli, vədəsiz özün əzdirir.
Düşünür yeganə kişidi,
guya,
İnsanlararası soraq gəzdirir.
Bazara çıxarsan, dəyməz qəlp
pula,
Bir “sağ ol!” eşitcək
sığışmaz yola,
Ovçunun ovuna göz dikən tula,
Yanında cangüdən, yaraq gəzdirir
Sərdarın istedadı hələ 1984-cü
ildə doğulduğu Tivi kəndində müəllim
işlədiyi zaman yazdığı “Hünər yolu”
adlı poema ilə reallaşıb. Poema Böyük Vətən
müharibəsi adlanan hərb zamanı Polşada partizan dəstəsində
vuruşan azərbaycanlı qrupunun komandiri Ordubad yetirməsi
leytenant Kərimovun xatirəsinə ithaf edilib. Həcmcə
çox da böyük olmayan bu mənzumədə gənc
şairin özünəməxsus poetik deyim tərzi diqqəti
cəlb edir. İlk olaraq maraq yaradan poemanın strukturu:
quruluş- kompozisiyasıdır. Proloq və epiloq da daxil
olmaqla əsər “Yarımçıq qalmış məzuniyyət”,
“Kəndin sevinci”, “Şübhəyə cavab”, “Əzablı
günlər”, “Həyata vida” fəsillərini əhatə
edir. Əsər “Proloq əvəzi” başlığı
altında klassik poemalarımıza məxsus axıcı, həyəcanlı
intonasiya ilə başlayır:
Bir ana qolları açılı
qalıb,
Bir ana ürəyi uçulu qalıb
Bir ana hələ də yol gözləməkdə,
Dodaqlar hələ də oğul deməkdə.
Baxır bu yollara gözü toranlı.
Baxır bu yollara hələ inamlı...
Bu misralar müharibə, hərbi cəbhə
görməyən insanlar üçün mənalı
inandırıcı bir lövhə açır. Elə əslinə
baxsan müəllif özü də o qanlı-qadalı
günləri, oğullarının arxasınca boylana-boylana
anaların iztirablı baxışlarını görməyən
müəllifin də daxilən gördüyü mənzərənin
təsirli lövhəsini əks etdirir.
Poemanın məzmununu danışmaq
fikrindən uzağıq. Bizi cəlb edən cəbhədən
qayıtmış Məmmədin vurğunu olan Sevdanın
portretinin mükəmməl ifadəsidir.
Sevda qayıtmazdı verdiyi sözdən,
Sevda bir məhəbbət dəlisi idi.
Bəstəboy, uzunsaç, qaraydı
gözdən
Sevda kəndimizin pərisi idi...”
Sərdarın poetik misralarından boylanan
çoxlarına məlum ənənəvi ideyalar yeni, məxsusi,
ekskluziv təsir bağışlayır: Onun şeirlərinə
məxsus xüsusiyyətləri belə ümumiləşdirmək
olar: Onlar mövzu və məzmunca çeşidli və zəngindir.
Həyatımızın özü qədər rəngarəng
və bənzərsiz, mənalı və
düşündürücüdür.
Obrazlar aləmi məcazların, epitet və
təşbehlərin yeniliyi ilə oxucunu cəlb edir. Əksər
obrazları metoforikdir. Ona görə də
düşündürücü, fəlsəfidir. Müəllifin
gülüşündə kədər, istehzasında məyusluq,
hikkəsində mərdanəlik, xarakterində
bütövlük var. Əlvan misraların mübarizliyi, mərdanəliyi
ilə qəmli, düşündürücü notların
qoşalığı heç də müəllifin xarakter
ikiliyini göstərmir. Sərdar Zeynalın şeirlərində
“kiminsə acığına, nəyinsə xatirinə yazmaq”
iddiası gizlənmir. İlhamı gələndə, daha
doğrusu, hissləri oynayanda, təbii coşanda yazır.
Özü də ürəkdən yazır.
Təbii doğulan bu lirik
parçaların səsi-sorağı bəstəkar və
müğənnilərin də diqqətini cəlb edib. Ətiqə
Ələsgərovanın bəstəsində Sərdarın
6 şeiri (“Yerin ürəyimdədir”, “Qayıtma”, “Sən məni
sevməsən, sevmərəm səni”, “Barış-barış”,
“Unutdur”, “Telefonçu qız”) Flora Kərimova, Mətanət
İsgəndərli, Aygün Kazımova, Gülbəniz Rəcəbli,
Nadir Qafarzadə kimi tanınmış müğənnilər
tərəfindən ifa olunmaqdadır.
Şeirlərin hamısı, əlbəttə,
eyni səviyyədə deyil. Bəzən poetiklikliyə adilik
gətirən primitivlik də var. Qafiyə xatirinə səslənən
misralara da təsadüf etmək olur.
Məsələn “Kəndimin” şerində
olduğu kimi.
Gecə yorğun, gündüzləri
narahat,
Qayaları dayanıbdır farağat.
Dəli çayı yüyənsiz bir kəhər
at,
Zirvələri bəyaz qardı kəndimiz
Son söz əvəzi: Məlumdur ki,
çoxlarına şair deyirlər. Hətta,
titullarını xüsusi vurğulayırlar: Xalq şairi, Əməkdar
İncəsənət xadimi, Prezident təqaüdçüsü
və s. və s. Lakin Sərdar hələlik bu titullardan
azaddır. Böyük filoloq alimimiz Tofiq Hacıyev doğru
olaraq Sərdarı həqiqi şair adlandırır və
onun “Sünbüllü zəmidir, biçilməz
könül” misrasındakı orijinallılığı
nümunə gətirərək, bunu “Könülün ən
çox könüləyatan təyinatı” adlandırır.
Əlbəttə, bu qiymət S.Zeynalı daha məsuliyyyətli
olmağa çağırır. Vaxtilə M.F.Axundov hər
qafiyə tutanları şair adlandırmayıb. Filosof-estetikin
fikrincə, “...şeir əgərçi nəzm ilə olur,
amma hər nəzm şeir deyil... Şeir əlahiddə bir bəxşi-ilahidir...”.
Bu baxımdan Sərdar Zeynalın nəzm sistemi həqiqətdə
şeir adlana bilir. Çünki onun əsərlərində
məzmun və forma vəhdəti gözlənilib.
Ramin MUXTAROĞLU,
ADPU-nun dosenti,
AYB-nin
üzvü
525-ci qəzet.- 2012.-
29 mart.-
S.7.